26 Fevral 2018 Bazar ertəsi 05:25:07
Bu Qanunun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur.
Qanun Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün bazar subyektlərinə şamil edilir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunun un məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
    • rəqabət — bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır;
    • haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri;
    • qanunsuz ödənişlər — rəqabət mübarizəsində əsassız (haqsız) üstünlüklər əldə etmək məqsədi ilə dövlət orqanlarının vəzifəli şəxslərini, siyasi partiyalarda rəhbər vəzifə tutan şəxsləri, kütləvi informasiya vasitələri işçilərini, bazar subyektlərinin rəhbərliyini və əməkdaşlarını öz tərəfinə çəkmək üçün nəzərdə tutulan maddi və ya qeyri-maddi xarakterli ödənişlər;
    • rəqib — müəyyən bir əmtəənin (qarşılıqlı əvəz oluna bilən əmtəələrin) bazarına əmtəə çıxara bilən bazar subyektidir.
Bu Qanunda istifadə olunan digər anlayışlar «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edildiyi kimi tətbiq edilir.
Maddə 2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar
Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər.
II fəsil. Haqsız rəqabət
Maddə 3. Haqsız rəqabətin formaları
Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir:
    • rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
    • rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
    • rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
    • haqsız sahibkarlıq fəaliyyəti;
    • haqsız işgüzarlıq davranışı;
    • istehlakçıların çaşdırılması.
Maddə 4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir:
    • rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi;
    • digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması;
    • eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi.
Maddə 5. Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması
Rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağa gətirib çıxaran aşağıdakı hərəkətlərə yol verilmir:
    • digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması;
    • rəqibin elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması.
Maddə 6. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdən aşağıdakı hərəkətlərə yol verilmir:
    • rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması;
    • rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi.
Maddə 7. Haqsız sahibkarlıq fəaliyyəti
Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:
    • bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması;
    • rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi;
    • əmtəələrin məcburi əlavə çeşidlə satışı;
    • müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması;
    • qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması.
Maddə 8. Haqsız işgüzarlıq davranışı
İşgüzarlıq davranışı sahəsində aşğıdakı hərəkətlərə yol verilmir:
    • müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması;
    • rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədilməsi.
Maddə 9. İstehlakçıların çaşdırılması
Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir:
    • əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi;
    • əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
    • əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması;
    • əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi:
    • əmtəənin öz təyinatına, ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
Maddə 10. Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişlərin yolverilməzliyi
Rəqabətdə birtərəfli üstünlük qazanmaq məqsədilə həmçinin aşağıdakı hərəkətlərə görə qanunsuz ödənişlərə yol verilmir:
    • bu və ya digər təsərrüfat subyektinə sün`i surətdə əlverişli mühit yaradılmasına, o cümlədən əlverişli sazişlərin, kreditlərin, subsidiyaların verilməsi, güzəştli gömrük rüsumunun və vergi rejiminin müəyyən edilməsi;
    • müəyyən sifarişlər əldə olunmasında fərdi güzəştlər edilməsi və ya onların verilməsinin ümumi şəraitinin sün`i surətdə yaxşılaşdırılması;
    • rəqiblə müqayisədə müqavilənin bağlanmasının sün`i surətdə sürətləndirilməsi.
III fəsil. Qanunun pozulmasına görə məsuliyyət
Maddə 11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə:
    • müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər;
    • qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları və cərimələr tətbiq edə bilər;
    • haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər;
    • bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər.
2. Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri:
    • qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə;
    • qanunsuz əldə olunan mənfəəti qaznunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə;
    • vurulmuş zərəri ödəməyə;
    • tətbiq edilmiş maliyyə sanksiyaları və cərimələri ödəməyə borcludurlar.
Maddə 12. Maliyyə sanksiyaları və cərimələr
1. Bu Qanunun un tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
    • bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları;
    • bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — 20 faizinədək maliyyə sanksiyası;
    • Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları;
    • Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları.
2. Bu Qanunun tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının, hamçinin bazar subyektlərinin vəzifəli şəxslərinə aşağıdakı cərimələr tətbiq edilir:
    • bu Qanunun 4, 5, 6, 7, 8, 9-cı maddələrində qadağan olunmuş hərəkətlərə yol verildikdə — aylıq əmək haqqının 3 mislinədək;
    • Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumatlar verdikdə və ya lazımi məlumatı vermədikdə—aylıq əmək haqqının 3 mislinədək;
    • Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının bu Qanuna uyğun olaraq verdiyi göstərişləri yerinə yetirmədikdə və ya bu Qanunun tələblərinin pozulmasına 1 il ərzində təkrar yol verdikdə—aylıq əmək haqqının 5 mislinədək.
3. Maliyyə sanksiyaları və cərimələr bazar subyektləri və vəzifəli şəxslər tərəfindən 30 gün ərzində qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir. Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.
Maddə 13. Qanunsuz əldə olunan mənfəətin geri alınması və vurulmuş zərərin ödənilməsi
Haqsız rəqabət fəaliyyəti nəticəsində təsərrüfat subyektlərinin qanunsuz əldə etdiyi mənfəət məhkəmənin qərarı ilə dövlət büdcəsinə alınır.
Haqsız rəqabət fəaliyyəti nəticəsində vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll edilir.
Maddə 14. Haqsız rəqabətə görə məsuliyyət
Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Maddə 15. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının göstərişlərindən və qərarlarından şikayət verilməsi
Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının göstərişlərindən və qərarlarından Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 2 iyun 1995-ci il
№ 1049
«Azərbaycan» qəzetində dərc edilmişdir (01 fevral 1996-cı il, № 22).
«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1995-ci il, № 23-24, maddə 366 («VneshExpertService»).
5 oktyabr 2001-ci il tarixli, 190-IIQD nömrəli; 12 oktyabr 2001-ci il tarixli, 193-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli ; 3 aprel 2015-ci il tarixli, 1251-IVQD nömrəli Qanunlara əsasən əlavələrlə .

VALYUTA ÇEVİRİCİSİ