16 Sentyabr 2019 Bazar ertəsi 21:23:24

Ölkə iqtisadiyyatında inhisarçılığın qarşısının alınması və haqsız rəqabətlə mübarizənin gücləndirilməsi, habelə Azərbaycan Respublikasında istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin bazasında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılsın.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti işçilərinin say həddi 172 ştat vahidi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 24 iyun 2009-cu il

№ 113

«Respublika» qəzetində dərc edilmişdir (26 iyun 2009-cu il, № 137)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2009-cu il, № 6 (144), maddə 425)

 

VALYUTA ÇEVİRİCİSİ