16 Sentyabr 2019 Bazar ertəsi 21:25:09

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətini təkmilləşdirmək və sosial-iqtisadi proseslərin idarə edilməsinin müasir tələblərə uyğun təşkilini təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin yanında aşağıdakı dövlət xidmətləri yaradılsın:

1.1. Antiinhisar Dövlət Xidməti;

1.2. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti.

2. «Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturu» təsdiq edilsin (əlavə olunur — Əlavə I).

3. «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur — Əlavə II).

4. «Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur — Əlavə III).

5. «Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin yanında Antiinhisar Dövlət Xidməti haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur — Əlavə IV).

6. «Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur — Əlavə V).

7. «Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları» təsdiq edilsin (əlavə olunur — Əlavə VI).

8. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan Elmi Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki Tədqiqatlar İnstitutu və İqtisadi İslahatlar Mərkəzi ləğv edilsinlər və onların bazasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu yaradılsın.

Ləğv edilmiş institutun və Mərkəzin funksiyaları və səlahiyyətləri, habelə balansında olan əmlak Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna verilsin.

9. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi 334 ştat vahidi, regional bölmələrin işçilərinin say həddi 86 ştat vahidi, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun işçilərinin say həddi 50 ştat vahidi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti işçilərinin say həddi 172 ştat vahidi müəyyən edilsin.

10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

10.1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və strukturuna daxil olan qurumların fəaliyyətinin maliyyələşdirilməsi və təminatı ilə bağlı məsələləri həll etsin;

10.2. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

10.3. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin;

10.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

11. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi nazirliyin mərkəzi aparatının və strukturuna daxil olan qurumların fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

12. «Azərbaycan Respublikasında iqtisadi islahatların elmi-təşkilatı bazasının gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 17 yanvar tarixli, 98 nömrəli Fərmanı, «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 495 nömrəli Fərmanı və «Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 27 avqust tarixli 779 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

13. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 28 dekabr 2006-cı il

№ 504

«Respublika» qəzetində dərc edilmişdir (30 dekabr 2006-cı il, № 294)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2006-cı il, № 12, maddə 1051)

10 aprel 2008-ci il tarixli, 741 nömrəli; 11 noyabr 2008-ci il tarixli, 14 nömrəli; 10 dekabr 2008-ci il tarixli, 36 nömrəli; 7 oktyabr 2009-cu il tarixli, 162 nömrəli; 25 dekabr 2009-cu il tarixli, 203 nömrəli; 21 dekabr 2009-cu il tarixli, 195 nömrəli; 11 mart 2010-cu il tarixli, 228 nömrəli; 20 aprel 2010-cu il tarixli, 256 nömrəli; 15 fevral 2011-ci il tarixli, 379 nömrəli; 15 fevral 2011-ci il tarixli, 381 nömrəli; 11 avqust 2011-ci il tarixli, 493 nömrəli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə


Əlavə I
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 28 dekabr tarixli, 504 nömrəli fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturu

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin mərkəzi aparatı.

2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olan qurumlar:

2.1. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu;

2.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti;

2.3. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti;

2.4. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin regional bölmələri;

2.5. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu;

2.6. Bakı Biznes Tədris Mərkəzi.


Əlavə II
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 28 dekabr tarixli,
504 nömrəli fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında

Əsasnamə

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (bundan sonra —Nazirlik) Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, xarici iqtisadi və ticarət əlaqələri, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, daxili ticarət, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, ölkə iqtisadiyyatında struktur və innovasiya sahəsində dövlət siyasətini işləyib hazırlayan və həyata keçirən, fəaliyyət dairəsinə aid olan məsələlər üzrə normativ hüquqi tənzimlənməni və müvafiq fəaliyyət sahələri üzrə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Nazirlik bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Nazirlik müstəqil balansa, qanunvericiliyə müvafiq olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Nazirlik Bakı şəhərində yerləşir.

II. Nazirliyin fəaliyyətinin istiqamətləri

2.1. Nazirliyin fəaliyyətinin istiqamətləri aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafı sahəsində, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının, digər təsisatların iştirakı ilə təmin edir;

2.1.2. Azərbaycan Respublikasının iqtisadi və sosial inkişaf proqnozlarını işləyib hazırlayır;

2.1.3. makroiqtisadi proqnozlaşdırılmasını həyata keçirir, dövlət büdcəsinin xərclərinin iqtisadi əsaslandırılmasında iştirak edir;

2.1.4. ölkə iqtisadiyyatında struktur və innovasiya siyasətini işləyib hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirir;

2.1.5. Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və sahibkarlığa kömək sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;

2.1.6. ölkədə rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;

2.1.7. daxili ticarət, istehlak bazarı və xidmət sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir, ölkədə əmtəə (mal) dövriyyəsi sisteminin səmərəli fəaliyyətini təmin edir;

2.1.8. istehlakçıların hüquqlarının qorunması, istehlak mallarının (məhsullarının) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanlarının iştirakı ilə işləyib hazırlayır və həyata keçirir;

2.1.9. ölkədə regionların sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini aidiyyəti dövlət orqanlarını cəlb etməklə hazırlayır və həyata keçirilməsini təmin edir;

2.1.10. iqtisadi inkişaf dövlət proqramlarını və konsepsiyalarını, o cümlədən öncül sahələrin inkişafı üzrə dövlət proqramlarını və konsepsiyalarını hazırlayır, aidiyyəti dövlət orqanlarının, digər təsisatların iştirakı ilə həyata keçirilməsini təmin edir, habelə onlara nəzarəti (monitorinqi) həyata keçirir;

2.1.11. Azərbaycan Respublikasında xarici iqtisadi və ticarət əlaqələri sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir, beynəlxalq maliyyə (maliyyə-kredit) və iqtisadi (ticarət) təşkilatlarla əməkdaşlığı həyata keçirir;

2.1.12. Azərbaycan Respublikasının investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanlarının iştirakı ilə işləyib hazırlayır və səlahiyyətləri daxilində həyata keçirir;

2.1.13. səlahiyyətləri daxilində investisiya qoyuluşu sahəsində, o cümlədən bütün növ kreditlərin, maliyyə və texniki yardımların (o cümlədən qrantların) və sair formada investisiyaların cəlb edlməsi və investisiya layihələrinin (təkliflərinin) dövlət ekspertizasını və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

2.1.14. dövlət investisiya proqramının layihəsini müvafiq dövlət orqanlarını cəlb etməklə işləyib hazırlayır və aidiyyəti üzrə təqdim edir, həyata keçirilməsi üçün tədbirlər görür;

2.1.15. dövlətin iqtisadi təhlükəsizliyi və davamlı inkişafı, iqtisadi maraqlarının qorunması sahəsində tədbirlərin hazırlanmasını və müəyyən edilmiş qaydada həyata keçirilməsini təmin edir;

2.1.16. dövlət idarəetməsi, maliyyə, o cümlədən sığorta, qiymətli kağızlar bazarı, büdcə, vergi, pul-kredit və valyuta, qiymət-tarif siyasəti, bank fəaliyyəti, dövlət satınalmaları və digər sahələr üzrə dövlət siyasətinin və müvafiq normativ hüquqi aktların hazırlanmasında və ekspetizasının aparılmasında iştirak edir;

2.1.17. iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, xarici iqtisadi və ticarət əlaqələri, daxili ticarət, əmtəə (mal) döriyyəsi, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı və sahibkarlığa yardım, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması və istehlak mallarının (məhsullarının) keyfiyyətinin təmin olunması sahəsində qanunvericiliklə və bu Əsasnamə ilə Nazirliyin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənməni həyata keçirir;

2.1.18. Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahəvi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir;

2.1.19. Nazirliyin fəaliyyət istiqamətləri üzrə dövlət nəzarətini həyata keçirir;

2.1.20. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Nazirliyin vəzifələri

3.1. Nazirlik bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

3.1.1. Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafının əsas istiqamətlərini işləyib hazırlamaq, aidiyyəti dövlət orqanlarının iştirakı ilə onların həyata keçirilməsini təmin etmək;

3.1.2. müvafiq dövlət orqanları ilə birlikdə dövlətin sosial-iqtisadi siyasətinin hazırlanmasını və həyata keçirilməsini təmin etmək, büdcə, vergi, pul-kredit, valyuta və digər iqtisadi və sosial sahələr üzrə prioritetlərin müəyyənləşdirilməsində iştirak etmək;

3.1.3. Azərbaycan Respublikasında sosial-iqtisadi vəziyyəti təhlil etmək, iqtisadiyyatın dövlət tənzimlənməsi, iqtisadi və sosial inkişafın öncül istiqamətləri barədə təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına təqdim etmək;

3.1.4. iqtisadiyyatın inkişaf dinamikasını təhlil etmək, proqnozlaşdırmaq və perspektiv istiqamətlərini müəyyənləşdirmək;

3.1.5. dövlət büdcəsinin formalaşdırılması üçün Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafının proqnoz göstəricilərini hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə təqdim etmək, büdcə kreditləşdirilməsi, dövlət və dövlət tərəfindən təminat verilmiş borcalmanın (borcun) planlaşdırılmasında və təhlilində iştirak etmək;

3.1.6. ölkə iqtisadiyyatında struktur siyasətinin əsas istiqamətlərini hazırlamaq, onun həyata keçirilməsi işini təşkil etmək;

3.1.7. dövlətin innovasiya və elmi-texniki siyasətinin formalaşmasını təmin etmək;

3.1.8. dövlət büdcəsi hesabına kapital qoyuluşunun istiqamətlərini müəyyənləşdirmək, dövlət investisiya proqramının layihəsini hazırlamaq və aidiyyəti dövlət orqanı tərəfindən təsdiq olunduqdan sonra onun həyata keçirilməsi üçün tədbirlərin görülməsini təmin etmək;

3.1.9. dövlətin sosial siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.10. digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə minimal sosial standartların hazırlanmasında iştirak etmək;

3.1.11. sosial sahələrin inkişafına dövlət dəstəyi mexanizmlərinin hazırlanmasında, mənzil tikintisi və mənzil kommunal təsərrüfatı sistemində islahatının istiqamətlərinin müəyyənləşdirilməsində və həyata keçirilməsində iştirak etmək, aidiyyəti dövlət orqanları ilə birlikdə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təmin etmək;

3.1.12. əmək ehtiyatları və məşğulluq sahəsində əsas istiqamətləri aidiyyəti dövlət orqanları ilə birlikdə müəyyənləşdirmək və həyata keçirilməsi üçün zəruri olan tədbirlər görmək;

3.1.13. regionların sosial-iqtisadi inkişaf istiqamətlərini işləyib hazırlamaq, bu işə aidiyyəti dövlət orqanlarını cəlb etmək və həyata keçirilməsi üçün lazım olan tədbirləri həyata keçirmək;

3.1.14. fəaliyyət istiqamətlərinin və vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi üçün məqsədli proqramların və konsepsiyaların, o cümlədən iqtisadiyyatın öncül sahələrinin, regionların sosial-iqtisadi inkişafına, yoxsulluğun azaldılmasına və davamlı insan inkişafına, sahibkarlığın və sağlam rəqabət mühitinin inkişafına dair proqramların hazırlanmasını və həyata keçirilməsini aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə təşkil etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış dövlət proqramlarının layihələri üzrə rəylər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.1.15. qiymət-tarif siyasətinin ümumi prinsiplərinə, dövlət tərəfindən qiymətləri tənzimlənən malların və xidmətlərin siyahısına təklifləri, sosial əhəmiyyətli və təbii inhisar subyektlərinin məhsullarının qiymətlərinin tənzimlənməsi qaydalarının layihəsini müvafiq dövlət orqanlarının iştirakı ilə hazırlamaq, müəyyən edilmiş qaydada onların icrasına nəzarəti həyata keçirmək, ayrı-ayrı müəssisə və təşkilatlar, investorlar üzrə güzəştlərin verilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.1.16. aidiyyəti dövlət orqanları ilə birlikdə mərkəzləşdirilmiş valyuta ehtiyatlarından istifadə istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;

3.1.17. aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə toplu maliyyə və tədiyə balanslarını proqnozlaşdırmaq;

3.1.18. Azərbaycan Respublikasında əsas fondların təzələnməsi siyasətinin hazırlanmasında və yenidən qiymətləndirilməsində, amortizasiya normalarının hazırlanmasında və tətbiq edilməsində iştirak emək;

3.1.19. Azərbaycan Respublikasının iqtisadi və ərzaq təhlükəsizliyi ilə bağlı aidiyyəti dövlət orqanlarını cəlb etməklə tədbirlər işləyib hazırlamaq və həyata keçirmək;

3.1.20. dövlətin iqtisadi və sosial siyasətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı qanun və digər normativ hüquqi aktların layihələrini işləyib hazırlamaq, digər dövlət orqanları tərəfindən bu sahədə hazırlanmış normativ hüquqi aktların layihələrinə rəy vermək və aidiyyəti üzrə təqdim etmək;

3.1.21. dövlət idarəetməsi, maliyyə, sığorta (sığorta bazarı), büdcə, vergi, pul-kredit, valyuta, qiymət-tarif siyasəti, bank fəaliyyəti, qiymətli kağızlar bazarı, dövlət satınalmaları, ekologiya və ekoloji təhlükəsizlik və digər sahələr üzrə dövlət siyasətinin və müvafiq sahələr üzrə dövlət tənzimlənməsinin, o cümlədən normativ hüquqi aktların hazırlanmasında və ekspetizasının aparılmasında iştirak etmək;

3.1.22. dövlət material ehtiyatlarının formalaşdırılmasına və istifadə olunmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;

3.1.23. xarici iqtisadi və ticarət fəaliyyəti, investisiya fəaliyyəti, daxili ticarət, xidmət, istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət tənzimlənməsini həyata keçirmək, bu sahələrdə vəziyyəti araşdırmaq və müvafiq tədbirlər görmək;

3.1.24. Azərbaycan Respublikasında daxili bazarın qorunması üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək;

3.1.25. ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə rüsumların və vergilərin, digər məcburi ödənişlərin dərəcələri ilə bağlı (o cümlədən ticarətdə) təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.1.26. təbii, o cümlədən enerji resurslarından səmərəli istifadə mexanizminin işlənib hazırlanmasında, Azərbaycan Respublikasının yanacaq-enerji balansının hazırlanmasında və onun strukturunun təkmilləşdirilməsində iştirak etmək;

3.1.27. iqtisadiyyatın ayrı-ayrı sahələrinə maliyyə yardımlarının cəlb edilməsi üçün səlahiyyətləri daxilində tədbirlər görmək;

3.1.28. Azərbaycan Respublikasının xarici iqtisadi və ticarət siyasətini işləyib hazırlamaq və həyata keçirmək;

3.1.29. Azərbaycan Respublikasının ikitərəfli və çoxtərəfli xarici iqtisadi əlaqələrinin həyata keçirilməsi, bu sahədə danışıqlar aparılması, müvafiq müqavilələrin (sazişlərin, kontraktların) layihələrinin hazırlanması, onların qanunvericiliklə müəyyən edilmiş qaydada imzalanması və həyata keçirilməsi üçün tədbirlərin görülməsini təmin etmək, xarici ölkələrdə keçirilən forumların, konfransların, digər tədbirlərin işində iştirak etmək və bu kimi tədbirlərin ölkədə keçirilməsini təşkil etmək, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığı həyata keçirmək, həmin şəxslərlə münasibətlərdə Azərbaycan Respublikasını təmsil etmək, danışıqlar aparmaq, müqavilələr (sazişlər, kontraktlar) hazırlamaq, onları imzalamaq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

3.1.30. beynəlxalq iqtisadi (ticarət) və maliyyə (maliyyə-kredit) təşkilatları ilə, o cümlədən Azərbaycan Respublikasının üzv olduğu (iştirak etdiyi) müvafiq təşkilatlarla əməkdaşlıq etmək, onların keçirdiyi tədbirlərdə iştirak etmək, həmin təşkilatlarla münasibətlərdə müəyyən edilmiş qaydada ölkəni təmsil etmək;

3.1.31. Azərbaycan Respublikasının dünya ticarət sisteminə inteqrasiyası istiqamətində aparılan fəaliyyəti əlaqələndirmək, xarici ticarətdə Azərbaycan Respublikasının rəqabət qabiliyyətinin artırılması və ticarət rejiminin təkmilləşdirilməsi məqsədilə təhlillər aparmaq və müvafiq təkliflər hazırlamaq, onların həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsini təmin etmək;

3.1.32. xüsusi (azad) iqtisadi zonaların (rejimlərinin) tətbiq edilməsi ilə əlaqədar təkliflər hazırlamaq, bunlarla bağlı müvafiq tədbirlər həyata keçirmək;

3.1.33. beynəlxalq nəqliyyat, malların tranziti, habelə xarici ticarət daşımaları ilə bağlı beynəlxalq müqavilələrin layihələrini aidiyyəti dövlət orqanlarını cəlb etməklə hazırlamaq, onların razılaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, görülən işləri əlaqələndirmək;

3.1.34. ölkənin ixrac potensialının inkişaf etdirilməsi, Azərbaycan mallarının və xidmətlərin xarici bazarlara çıxarılması, bunun üçün əlverişli şəraitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunmasını təmin etmək üçün tədbirlər işləyib hazırlamaq və həyata keçirmək;

3.1.35. xarici iqtisadi fəaliyyət iştirakçılarını zəruri iqtisadi, hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək, xarici iqtisadi fəaliyyət məsələləri üzrə zəruri informasiya sistemlərini yaratmaq;

3.1.36. dünya mal və xidmət bazarlarının konyunkturunu təhlil etmək, bununla bağlı təkliflər vermək və bu sahədə tədbirlərin həyata keçirilməsini təmin etmək;

3.1.37. xarici ticarət fəaliyyətinin tənzimlənməsi tədbirlərini müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tətbiq etmək, Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən, zəruri olduqda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrində (sazişlərində), habelə digər qəbildən olan müqavilələrdə (sazişlərdə, kontraktlarda) və normativ hüquqi aktlarda nəzərdə tutulduqda malın mənşəyi sertifikatının (şəhadətnaməsi), keyfiyyət sertifikatlarının, hüquqmüəyyənedici sənədlərin verilməsini təmin etmək;

3.1.38. ticarət sahəsində Azərbaycan Respublikasına qarşı ayrı-seçkilik siyasətinin yürüdüldüyü halları müəyyən etmək, aidiyyəti dövlət orqanlarına müvafiq təkliflər təqdim etmək və həyata keçirilməsində iştirak etmək;

3.1.39. müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərində iqtisadi-ticarət nümayəndəsini təyin etmək, onun maliyyə təminatını təmin etmək;

3.1.40. səlahiyyətləri daxilində bütün xarici mənbələr hesabına maliyyə vəsaitlərinin iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunması üçün birbaşa məqsədyönlü iş (o cümlədən birbaşa danışıqlar) aparmaq, alınan təkliflərin ekspertizasını keçirmək, zəruri hallarda müvafiq müqavilələrin (sazişlərin, kontraktların) layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, müəyyən edilmiş qaydada onları imzalamaq, icrasına nəzarəti həyata keçirmək, kreditlərin, qrantların və maliyyə (texniki) yardımların cəlb edilməsi üçün öncül sahələri müəyyən etmək və bununla əlaqədar digər mərkəzi icra hakimiyyəti orqanlarının, dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin təkliflərini və investisiya layihələrini ekspertiza etmək;

3.1.41. ixrac nəzarəti sahəsində dövlət siyasətinin formalaşması üçün təkliflər hazırlamaq və qanunvericiliyə müvafiq olaraq digər tədbirlər görmək;

3.1.42. Azərbaycan Respublikasının xarici dövlətlərlə investisiya əməkdaşlığı sahəsində, o cümlədən investisiyaların cəlb edilməsi, təşviqi və qorunması, müştərək müəssisələrin yaradılması üzrə fəaliyyət istiqamətlərinə uyğun olaraq və vəzifələri dairəsində birbaşa danışıqlar aparmaq və lazım olan tədbirlər görmək, investisiya əməkdaşlığı sahəsində beynəlxalq müqavilələrindən (sazişlərindən, kontraktlarından) irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;

3.1.43. xaricdə keçirilən investisiya forumlarının, konfranslarının, sərgilərinin, digər tədbirlərin işində iştirak etmək və bu kimi tədbirlərin ölkədə keçirilməsini təşkil etmək, bu sahədə digər dövlət orqanlarının işini əlaqələndirmək;

3.1.44. ölkədə investisiya imkanlarını araşdırmaq və müvafiq layihələrin təşviqini həyata keçirmək;

3.1.45. ölkə iqtisadiyyatına investisiya qoyuluşu imkanları haqqında məlumat bankı yaratmaq, potensial investorlar arasında yerli müəssisələrin imkanları ilə bağlı zəruri məlumatların yayılmasını təşkil etmək;

3.1.46. Azərbaycan Respublikasında xarici investisiyalı müəssisələrin uçotunu aparmaq, onların fəaliyyəti və inkişafı ilə bağlı mövcud olan problemlərin aşkar edilməsi və aradan qaldırılması məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə zəruri tədbirlər həyata keçirmək;

3.1.47. Azərbaycan Respublikasına, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına (digər dövlət təsisatlarına) ayrılan maliyyə və texniki yardımları əlaqələndirmək, xarici yardımların məqsədli və səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək, texniki əməkdaşlıq üçün əhəmiyyət kəsb edən layihələri müəyyənləşdirmək, onların ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində maliyyələşdirilməsi üçün aidiyyəti üzrə müraciət etmək, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) müvafiq müraciətlərinə əsasən həmin maliyyə və texniki yardımların onlara ayrılması üçün tədbirlər görmək;

3.1.48. investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi üzrə tədbirlər həyata keçirmək;

3.1.49. investisiya tələbatının öyrənilməsinə, Azərbaycan Respublikasında investisiya mühitinin yaxşılaşmasına və investisiyaların stimullaşdırılmasına dair tədbirlər həyata keçirmək, səlahiyyətləri daxilində investisiya layihələrinin müsabiqə yolu ilə seçilməsini, onların səmərəliyinin qiymətləndirilməsini və ekspertizasını həyata keçirmək;

3.1.50. səlahiyyyətləri daxilində investisiyaların cəlb edilməsi və investisiya qoyuluşu ilə bağlı icra hakimiyyəti orqanlarının, dövlət müəssisələrinin və ya nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin təkliflərinin (layihələrinin), habelə investorların müraciətinə əsasən müvafiq təkliflərin (layihələrin) dövlət ekspertizasını həyata keçirmək;

3.1.51. beynəlxalq və regional iqtisadi (ticarət) və beynəlxalq maliyyə (maliyyə-kredit) təşkilatları ilə investisiya sahəsində əməkdaşlığı həyata keçirmək, öz səlahiyyətləri daxilində ölkədə onların fəaliyyətini əlaqələndirmək, həmin təşkilatlarda müəyyən edilmiş qaydada Azərbaycan Respublikasını təmsil etmək;

3.1.52. Azərbaycan Respublikasında xarici və yerli investorların fəaliyyətini əlaqələndirən orqan qismində çıxış etmək;

3.1.53. investisiyaların cəlb edilməsi, kreditlərin (o cümlədən dövlət zəmanəti ilə), qrantların, maliyyə (texniki) yardımlarının alınması və investisiya layihələri ilə bağlı xarici investorlarla birbaşa danışıqlar aparmaq;

3.1.54. dövlət zəmanəti ilə beynəlxalq maliyyə (maliyyə-kredit) və iqtisadi (ticarət) təşkilatları, xarici dövlətlər və kredit təşkilatları tərəfindən verilən kreditlərin, qrantların, maliyyə (texniki) yardımlarının layihələri üzrə müqavilələrin (sazişlərin, kontraktların) və ya təkliflərin ekspertizasını həyata keçirmək, həmin müqavilələr (sazişlər, kontraktlar) üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;

3.1.55. dövlət tərəfindən həyata keçirilən investisiya layihələrini hazırlamaq, dövlət investisiya layihələrinin ekspertizasını həyata keçirmək, yerinə yetirilməsi üçün müvafiq tədbirlər görmək, bu sahədə nəzarəti və monitorinqi həyata keçirmək, dövlət investisiya layihələrinin öncüllüyünü müəyyən edən meyarları müəyyənləşdirmək;

3.1.56. səlahiyyətləri daxilində dövlət kommersiya və qeyri-kommersiya təşkilatlarının (o cümlədən dövlət müəssisələrinin və ya nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin) iştirakçısı olduğu bütün kredit, qrant və maliyyə (texniki) yardım müqavilələrinin (sazişlərinin, kontraktlarının) bağlanmasına, investisiya layihələrinə dair təkliflərə baxmaq, həmin müqavilələrin (sazişlərin, kontraktların), investisiya layihələrinin ekspertizasını həyata keçirmək və müvafiq müəssisələrdən və təşkilatlardan göstərilən müqavələlərin (sazişlərin, kontraktların) bağlanmasının, investisiya layihələrinin zəruriliyini əsaslandıran və onun maliyyə-iqtisadi nəticələrini qiymətləndirən sənədləri tələb etmək;

3.1.57. səlahiyyətləri daxilində investisiyaların cəlb edilməsi sahəsində dövlət müəssisələri (təşkilatları) və ya dövlətin (dövlət müəssisələrinin) iştirak payı olan müəssisələrin onların iştirakı ilə bağlanmış müqavilələrinin (sazişlərin, kontraktların) şərtlərinin icra olunmasına nəzarəti və monitorinqi həyata keçirmək;

3.1.58. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının adından digər dövlətlərin müvafiq orqanları ilə investisiyaların təşviqi və qorunması haqqında sazişlər imzalamaq;

3.1.59. fəaliyyət istiqamətlərinə uyğun olaraq və səlahiyyətləri daxilində investisiyaların cəlb edilməsinə köməkliklə əlaqədar mərkəzi icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, onlar tərəfindən hazırlanan və onlara daxil olan təkliflərə, o cümlədən bütün növ kreditlərin, qrantların və maliyyə (texniki) yardımlarının alınmasına dair danışıqların aparılmasına və sazişlərin (müqavilələrin) bağlanmasına, investisiya layihələrinə dair təkliflərə baxmaq və onların ekspertizasını keçirmək, müvafiq orqanlardan göstərilən kreditərin, qrantların və maliyyə (texniki) yardım müqavələlərinin (sazişlərin, kontraktların) bağlanmasının, investisiya layihələrinin həyata keçirilməsinin zəruriliyini əsaslandıran və onun maliyyə-iqtisadi nəticələrini qiymətləndirən sənədləri tələb etmək, müvafiq sahələr üzrə təkliflərin uçotunu aparmaq;

3.1.60. sahibkarlığa dövlət yardımının əsas istiqamətlərinin, ümumi şərtlərinin, formalarının və mexanizmlərinin hazırlanmasında iştirak etmək, onların həyata keçirilməsini təmin etmək;

3.1.61. sahibkarlığa yardım tədbirlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsi vəsaitlərinin və xarici kreditlər (qrantlar və digər maliyyə vəsaitləri), yerli və xarici hüquqi və fiziki şəxslərin könüllü ayırmalarının cəlb edilməsi üçün tədbirlər həyata keçirmək;

3.1.62. sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığı həyata keçirmək;

3.1.63. dövlət orqanlarından və bələdiyyələrdən, digər şəxslərdən sahibkarların və istehlakçıların hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran hərəkətlərin dayandırılmasını tələb etmək;

3.1.64. sahibkarlığa kömək məqsədi ilə müəyyən edilmiş qaydada müvafiq elm, istehsalat, məsləhət, reklam-sərgi, informasiya qurumları, mətbuat orqanı və digər strukturlar yaratmaq;

3.1.65. sahibkarlıq fəaliyyətinin inkişafını, sahibkarlıq mühitinin vəziyyətini və dövlət dəstəyi tədbirlərini, özəl sektorda investisiya fəaliyyətini təhlil etmək, ölkə iqtisadiyyatının inkişaf prioritetlərini nəzərə almaqla bu sahədə zəruri olan tədbirlərin görülməsini təmin etmək;

3.1.66. sahibkarlıq fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazasının işlənib hazırlanması və təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.67. iqtisadi fəaliyyət növlərinin lisenziyalaşdırılması və xüsusi icazə sisteminin tətbiqi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak etmək və səlahiyyətləri daxilində həyata keçirmək, lisenziyalaşdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərini və normativ hüquqi aktların layihələrini işləyib hazırlamaq;

3.1.68. səlahiyyətləri daxilində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliyə müvafiq olaraq sahibkarlıq subyektlərinə sertifikat, şəhadətnamə, xüsusi razılıq və digər bu kimi sənədlər verilməsinə, habelə bütün dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalaşdırma və xüsusi icazə sahəsində qanunvericiliyə riayət edilməsinə nəzarət etmək;

3.1.69. lisenziya və xüsusi icazə verən dövlət orqanlarına metodiki rəhbərliyi və informasiya təminatını həyata keçirmək;

3.1.70. ölkədə vahid lisenziya və xüsusi icazə reyestrini aparmaq;

3.1.71. lisenziyalaşdırma və xüsusi icazə məsələləri üzrə aidiyyəti dövlət orqanlarına təklif vermək;

3.1.72. sahibkarların maarifləndirilməsi sahəsində, o cümlədən kiçik və orta müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə və onun tətbiqi sahəsində fəaliyyəti həyata keçirmək;

3.1.73. sahibkarlığın inkişafına kömək məqsədi ilə dövlət tərəfindən yaradılan qurumların, o cümlədən güzəştli maliyyə vəsaitinin ayrılması, sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin artırılması, istehsal olunan malların keyfiyyətinin artırılması, yerli və xarici bazarlara çıxarılması üçün fəaliyyət göstərən təşkilatların yaradılmasını və idarə edilməsini təşkil etmək;

3.1.74. sahibkarlığın inkişafı üçün iqtisadiyyatın müxtəlif sahələrində yaradılan şirkətlərin, fondların, o cümlədən investisiya şirkətlərinin (fondlarının), vençur fondlarının və bu sahədə digər ixtisaslaşdırılmış qurumların fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək;

3.1.75. sahibkarlıq subyektlərinin istehsal etdiyi malların və göstərdiyi xidmətlərin xarici bazarlara çıxarılması və bununla bağlı lazım olan əlverişli şəraitin yaradılması üçün tədbirlər hazırlayıb həyata keçirmək, ixracatçıların maraqlarının müdafiə olunması, onların xarici bazarlara sərbəst çıxışının təmin olunması sahəsində məqsədyönlü tədbirlər görmək;

3.1.76. sahibkarlıq fəaliyyəti subyektlərinin lazım olan iqtisadi və hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək;

3.1.77. investisiya fəaliyyəti sahəsində, o cümlədən müvafiq layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üzrə, sahibkarlıq fəaliyyətinin inkişafı və təşviqi üçün vacib əhəmiyyət kəsb edən investisiya layihələrinin reallaşdırılması üçün lazım olan tədbirlər görmək;

3.1.78. daxili ticarətin və istehlak bazarının inkişafı ilə bağlı tədbirlər görmək;

3.1.79. dövlət ehtiyaclarının və dövlət sifarişinin layihəsini işləyib hazırlamaq;

3.1.80. dövlət inhisarında olan təbii inhisar subyektlərinin fəaliyyətinin dövlətin iqtisadi siyasətinə müvafiq olaraq həyata keçirilməsinin monitorinqini aparmaq, bu məqsədlə həmin müəssisələrdən zəruri olan iqtisadi göstəriciləri və digər məlumatları əldə etmək, onların təhlilini aparmaq, zəruri hallarda qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək;

3.1.81. qanunvericiliklə müəyyən edilmiş hallarda dövlətin iqtisadi maraqlarının yerli və xarici (beynəlxalq) məhkəmələrdə (arbitrajlarda) təmsil edilməsi ilə bağlı dövləti təmsil etmək;

3.1.82. müasir korporativ idarəetmə sistemlərinin tətbiq edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək, dövlət aktivlərinin idarə edilməsinə dair siyasətin formalaşmasında və həyata keçirilməsində iştirak emək;

3.1.83. dövlət mülkiyyətinin strukturunun təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.1.84. dövlət iqtisadi idarəetmə sisteminin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanına təqdim etmək;

3.1.85. sahibkarlığın inkişafı və əhalinin işgüzar fəaliyyətinin artırılması sahəsində dövlət maliyyə yardımının göstərilməsini Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə həyata keçirmək;

3.1.86. rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətinin hazırlanmasını və həyata keçirilməsini, o cümlədən Nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vasitəsilə təmin etmək, bu sahədə normativ hüquqi tənzimlənməni həyata keçirmək;

3.1.87. istehlakçıların hüquqlarının qorunması, istehlak mallarının (məhsullarının) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə işləyib hazırlamaq, istehlakçıların hüquqlarının qorunması və ticarət qaydalarına nəzarət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, o cümlədən Nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vasitəsi ilə təmin emək, bu sahədə normativ hüquqi tənzimlənməni həyata keçirmək;

3.1.88. Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyətinin təmin olunması ilə bağlı tədbirlər görmək;

3.1.89. Nazirliyin tabeliyində (yanında və ya nəzdində) fəaliyyət göstərən qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.1.90. Nazirliyin tabeliyində (yanında) olan qurumlar tərəfindən onların səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün istifadə edilən məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadəsi proqramlarını və xərclər smetalarını təsdiq etmək;

3.1.91. Nazirliyin strukturuna daxil olan qurumlar tərəfindən onların səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadəsi üzərində nəzarətin həyata keçirilməsini təmin etmək;

3.1.92. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

3.1.93. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.1.94. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

3.1.95. Nazirliyin fəaliyyət istiqamətləri və vəzifələri dairəsində elmi tədqiqatların aparılmasını təşkil etmək;

3.1.96. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.97.qanunvericiliyə müvafiq olaraq digər vəzifələri həyata keçirmək.

IV.Nazirliyin hüquqları

4. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1. öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, digər bazar subyektlərinə və onların vəzifəli şəxslərinə, o cümlədən qanun pozuntularının dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan qərarlar qəbul etmək;

4.2. Nazirliyin fəaliyyət dairəsinə daxil olan məsələlər üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada zəruri məlumatlar (sənədlər) və arayışlar sorğu etmək və almaq;

4.3. Nazirliyin fəaliyyət istiqamətlərinə daxil olan məsələlər üzrə layihələr hazırlamaq, ekspertizalar keçirmək, rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.4. tabeliyində (yanında) olan qurumlar tərəfindən onların fəaliyyəti üzrə ayrılmış məqsədli büdcə vəsaitinin istifadəsinə nəzarəti həyata keçirmək və lazım olan tədbirlər görmək;

4.5. qanunvericiliyə və bu Əsasnaməyə müvafiq olaraq səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün xarici və yerli ekspertləri və məsləhətçiləri (mütəxəssisləri), məsləhətçi şirkətləri, elmi təşkilatları cəlb etmək, onlarla müqavilələr bağlamaq;

4.6. fəaliyyət sahəsində mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

4.7. qanunvericiliyə və bu Əsasnaməyə müvafiq olaraq Nazirliyin fəaliyyət istiqamətləri, vəzifə və səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada fəaliyyət dairəsinə aid olan bütün sahələr üzrə normativ hüquqi aktlar hazırlamaq və qəbul (təsdiq) etmək, onların icrasını təşkil etmək və yerinə yetirilməsinə nəzarət etmək;

4.8. xarici iqtisadi və ticarət əlaqələrini həyata keçirmək və bununla əlaqədar lazım olan tədbirlər görmək;

4.9. səlahiyyətləri daxilində investisiya fəaliyyətinin, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi ilə bağlı tədbirlər həyata keçirmək;

4.10. rəqabətin inkişafı və təşviqi, haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində nəzarətin həyata keçirməsi ilə bağlı zəruri olan tədbirlər görmək;

4.11. istehlakçıların hüquqlarının qorunmasını və ticarət qaydalarına nəzarətin həyata keçirilməsi ilə bağlı zəruri olan tədbirlər həyata keçirmək;

4.12. daxili ticarət, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması ilə bağlı zəruri olan tədbirlər görmək;

4.13. öz adından məhkəmələrdə (arbitrajlarda) çıxış etmək;

4.14. beynəlxalq əməkdaşlığı həyata keçirmək, xarici ölkələrin dövlət orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, birbaşa danışıqlar aparmaq və danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin (sazişlərin, kontraktların) layihələrini hazırlamaq və hazırlanmasında iştirak etmək, müəyyən edilmiş qaydada onları imzalamaq;

4.15. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin (sazişlərin, konvensiyaların) icrasına səlahiyyətləri daxilində nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün səlahiyyətləri daxilində lazım olan tədbirləri görmək;

4.16. öz səlahiyyətlərinin icrası ilə bağlı müəyyən olunmuş qaydada tabeliyində olan qurumlar yaratmaq, onları yenidən təşkil etmək və ləğv etmək;

4.17. qanunvericiliyə uyğun olaraq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və xüsusi icazə vermək, onları ləğv etmək, yaxud fəaliyyətini dayandırmaq, mənşə sertifikatı (şəhadətnaməsi) və keyfiyyət sertifikatları, hüquqmüəyyənedici sənədlər vemək;

4.18. yeyinti məhsullarının ticarəti, tədarükü, saxlanması, idxalı, ixracı və daşınması zamanı onların keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirmək, Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizalar keçirmək, müəssisələrə təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizaların nəticələrini təsdiq edən sənədləri vermək, həmin məhsulların keyfiyyətinə nəzarət sistemini tətbiq etmək, istehsal və emal müəssisələrinin reyestrini aparmaq və Avropa İttifaqının göstərilən sahələrdə tələblərinin icrasını təmin etmək;

4.19. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.20. Nazirliyin strukturuna daxil olan bütün qurumlara səlahiyyətləri daxilində əmr və göstərişlər vermək, onların icrasına nəzarət etmək, qanunvericiliyə zidd qəbul edilmiş qərarların icrasını dayandırmaq və ya ləğv etmək;

4.21. məşvərət, məsləhət və digər orqanlar, o cümlədən idarələrarası orqanlar yaratmaq;

4.22. fəaliyyət istiqamətlərinə, vəzifələrinə və səlahiyyətlərinə aid olan məsələlər üzrə dövlət nəzarətini həyata keçirmək;

4.23. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti dövlət orqanlarına təkliflər vermək, o cümlədən iqtisadi, sosial, dövlət idarəetməsi, maliyyə, sığorta, büdcə, vergi, pul-kredit və valyuta, qiymət-tarif, bank fəaliyyəti, qiymətli kağızlar bazarı, dövlət satınalmaları, ekologiya və ekoloji təhlükəsizlik və digər sahələr üzrə məsələlərin (o cümlədən layihələrin) hazırlanmasında və dövlət tənzimlənməsində iştirak etmək, təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, müvafiq normativ hüquqi aktların ekspertizasını keçirmək;

4.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq və vəzifələri dairəsində müvafiq icra hakimiyyəti orqanlarının, dövlət və ya nizamnamə kapitalında dövlətin payı olan müəssisə və təşkilatlarının bütün növ kredit, qrant, maliyyə (texniki) yardımı müqavilələrin (sazişlərin, kontraktların) bağlanmasına, onların investisiya layihələrinə dair təkliflərinə baxmaq, aidiyyəti üzrə dövlət ekspertizasını keçirmək, müvafiq müqavilələrin (sazişlərin, kontraktların), investisiya layihələrinin zəruriliyini əsaslandıran və onların maliyyə-iqtisadi nəticələrini qiymətləndirən sənədləri almaq;

4.25. dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada keçirilən yoxlamalarda iştirak etmək;

4.26. fəaliyyət dairəsinə aid edilən məsələlər üzrə konqres, müşavirə, sərgi və digər tədbirlər keçirmək;

4.27. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Nazirliyin fəaliyyətinin təşkili

5.1. Nazirliyin mərkəzi aparatı və Nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti, Sahibkarlığa Kömək Milli Fondu, regional bölmələri və digər qurumları Nazirliyin vahid sistemini təşkil edir.

5.2. Nazirlik öz fəaliyyətini bilavasitə və onun tabeliyində (yanında) olan bu Əsasnamənin 5.1-ci bəndində göstərilən qurumlar vasitəsilə həyata keçirir. Nazirlik Azərbaycan Respublikasının xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərində fəaliyyət göstərən iqtisadi-ticarət nümayəndələrinin işinə rəhbərliyi, onların kadr və maliyyə təminatını həyata keçirir.

5.3. Nazirliyin strukturu və işçilərinin ümumi say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.4. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən, Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan nazir rəhbərlik edir.

5.5. İqtisadi inkişaf nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad olunan üç müavini vardır.

5.6. Nazir müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.7. Nazirliyin yanında yaradılmış və onun tabeliyində olan dövlət xidmətləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar və öz səlahiyyətləri daxilində müstəqil sərəncam vermək hüququna malikdirlər.

5.8. İqtisadi inkişaf naziri aşağıdakı səlahiyyətlərə malikdir:

5.8.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.8.2. əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin mərkəzi aparatının və tabeliyində (yanında) olan dövlət xidmətlərinin, Fondun və digər qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

5.8.3. Nazirliyin tabeliyində (yanında) olan dövlət xidmətlərinin və Fondun büdcə vəsaitinə tələbatına dair təkliflər hazırlayır və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edir;

5.8.4. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində (yanında) olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) əsasnamələrini təsdiq edir, tabeliyində (yanında) olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

5.8.5. Nazirliyin mərkəzi aparatının işçilərini, tabeliyində (yanında) olan qurumların rəhbərlərini, müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndələrini vəzifəyə təyin edir və vəzifədən azad edir. Nazirliyin bütün struktur bölmələrində çalışan işçilər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.8.6. Nazirliyin mərkəzi aparatının, tabeliyində (yanında) olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, habelə normativ hüquqi aktları imzalayır (təsdiq edir), onların icrasını təşkil edir və yoxlayır;

5.8.7. Nazirliyin mərkəzi aparatının və tabeliyində (yanında) olan qurumların funksional təyinatını və işçilərin say həddi daxilində say tərkibini müəyyən edir, zərurət olduqda onlarda dəyişikliklər aparır;

5.8.8. xarici dövlətlərlə, beynəlxalq maliyyə (maliyyə-kredit), iqtisadi (ticarət) və digər təşkilatları ilə, xarici hüquqi və fiziki şəxslərlə münasibətləri və əməkdaşlığı təşkil edir və həyata keçirir, müvafiq dövlətlərlə (onların dövlət orqanları və digər qurumları), beynəlxalq təşkilatlarla, şəxslərlə birbaşa danışıqlar aparır, habelə beynəlxalq, dövlətlərarası və hökumətlərarası danışıqlarda iştirak edir, müqavilələri (sazişləri, kontraktları) müəyyən edilmiş qaydada imzalayır, həmin təşkilatların, şəxslərin və dövlətlərin (onların dövlət orqanlarının və digər qurumlarının) keçirdiyi tədbirlərdə və onlarla münasibətlərdə Azərbaycan Respublikasını təmsil edir;

5.8.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlardan istifadə edir və funksiyaları həyata keçirir.

5.9. Nazirlikdə nazirdən (kollegiya sədri), vəzifəsinə görə kollegiyanın tərkibinə daxil olan nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının müvafiq orqanının rəhbərindən, Nazirliyin mərkəzi aparatının və tabeliyində (yanında) olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır.

5.10. Nazirliyin kollegiya üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.11. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

5.12. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

5.13. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, nazirin əmrləri ilə həyata keçirilir.

5.14. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Nazirliyin rəhbəri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.15. Zəruri hallarda Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkilatların nümayəndələri, mütəxəssislər dəvət edilə bilərlər.

5.16. Naxçıvan Muxtar Respublikasının müvafiq iqtisadi orqanı Nazirliyin sisteminə daxildir.

5.17. Müəyyən edilmiş əmək haqqı və işçilərin say həddi daxilində Nazirliyin Azərbaycan Respublikasının regionlarında ona birbaşa tabe olan regional orqanları bilavasitə Nazirlik tərəfindən yaradılır və ləğv edilir, onların rəhbərləri Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri tərəfindən birbaşa vəzifəyə təyin edilir və vəzifədən azad edilir.


Əlavə III
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 28 dekabr tarixli, 504 nömrəli
fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu (bundan sonra-Fond) Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (bundan sonra-Nazirlik) nəzdində fəaliyyət göstərir.

1.2. Fond dövlət təsisatıdır, sərəncamında dövlət əmlakı vardır, müstəqil balansa, bank və xəzinə hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin əksi və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.

1.3. Fond öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın ictimai birlikləri ilə əlaqəli şəkildə həyata keçirir.

1.4. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və sərəncamlarını, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əsasnaməsini, habelə bu Əsasnaməni rəhbər tutur.

1.5. Fond Azərbaycan Respublikasının dövlət büdcəsindən Fondun saxlanılması üçün ayrılan vəsait hesabına maliyyələşdirilir.

1.6. Fond Bakı şəhərində yerləşir.

II. Fondun məqsədi, əsas vəzifələri və funksiyaları

2.1. Fondun məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.

2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:

2.2.1. Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə təminatı yaratmaq üçün tədbirlər görmək;

2.2.2. sahibkarlığın inkişafına kömək məqsədi ilə maliyyə ehtiyatlarının cəlb olunması və səmərəli istifadəsi əsasında dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə kömək etmək;

2.2.3. sahibkarlığın inkişafına yönəldilmiş proqramları maliyyələşdirmək;

2.2.4. iqtisadiyyatın öncül inkişaf istiqamətləri ilə bağlı investisiya layihələrinin və proqramlarının həyata keçirilməsinə maliyyə köməyi göstərmək;

2.2.5. sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.2.6. qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

2.3. Fond ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

2.3.1. sahibkarlıq subyektlərinə bərabər şərait və imkanlar yaranmasını təmin edən bazar infrastrukturunun formalaşmasında iştirak edir;

2.3.2. sahibkarlıq subyektlərinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasında, bazar konyunkturasının öyrənilməsində sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında məsləhətlər verir və metodiki kömək göstərir;

2.3.3. sahibkarlar tərəfindən yeni məhsul növlərinin istehsalı layihələrinin işlənib hazırlanmasına, yeni texnologiyaların, ixtiraların və «nou-hau»-ların mənimsənilməsinə kömək edir;

2.3.4. sahibkarlıq subyekti üçün idarəetmə kadrların hazırlanmasına kömək edir;

2.3.5. sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin formalaşmasına yardım edir;

2.3.6. sahibkarlığın inkişafı sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada reklam və nəşriyyat fəaliyyəti ilə məşğul olur;

2.3.7. qanunvericiliyə uyğun digər funksiyaları həyata keçirir.

III. Fondun hüquqları

3.1. Fondun öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

3.1.1. Fonda vəsaitlər cəlb etmək və bu məqsədlə qanunvericiliyə uyğun əqdlər bağlamaq;

3.1.2. Fondun fəaliyyətinin məqsədinə uyğun olaraq və hüquqları daxilində Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə sövdələşmələr aparmaq və münasibətlər yaratmaq;

3.1.3. sərəncamında olan dövlət əmlakından qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;

3.1.4. təcrübə mübadiləsi və hazırlıq keçmək üçün köməklik etmək;

3.1.5. sahibkarlıq fəaliyyəti ilə bağlı beynəlxalq konfranslar, simpoziumlar və digər tədbirlər təşkil etmək, Azərbaycan Respublikasında və xaricdə keçirilən bu qəbildən olan tədbirlərdə iştirak etmək;

3.1.6. qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətli kağızlar əldə etmək və onlarla bağlı əməliyyatlar aparılmasında iştirak etmək;

3.1.7. daxili və xarici investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər keçirmək, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərgilər və yarmarkalar təşkil etmək;

3.1.8. öz vəzifələrini həyata keçirmək məqsədi ilə ekspertlər cəlb etmək;

3.1.9. Fond tərəfindən sahibkarlıq subyektlərinə verilən vəsaitin təyinatı üzrə istifadəsinə və qaytarılmasına nəzarət etmək, bu vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə maliyyələşdirmənin dayandırılması və verilən vəsaitin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görmək;

3.1.10. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

IV.Fondun vəsaitinin formalaşması və istifadəsi

4.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:

4.1.1. Azərbaycan Respublikasının dövlət büdcəsinin təxsisatları;

4.1.2. Fondun fəaliyyətindən əldə olunan daxilolmalar;

4.1.3. Fondun əldə etdiyi qiymətli kağızlardan daxil olan dividendlər;

4.1.4. yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən ianələr;

4.1.5. xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən yardımlar, qrantlar və kreditlər;

4.1.6. qanunvericilikdə qadağan olunmayan digər mənbələr.

4.2. Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.

V. Fondun idarə edilməsi

5.1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Fondun idarə edilməsi ilə bağlı aşağıdakıları həyata keçirir:

5.1.1. Fondun Müşahidə Şurasını (bundan sonra — Müşahidə Şurası) yaradır;

5.1.2. Fondun maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatları təsdiq edir;

5.1.3. Fondun strukturunu, müəyyən edilmiş ştat sayı və əməyin ödənişi fondu dairəsində ştat cədvəlini, xərclər smetasını təsdiq edir;

5.1.4. Fondun icraçı direktorunu, onun müavinini və baş mühasibini vəzifəyə təyin edir və vəzifədən azad edir.

5.2. Müşahidə Şurası aşağıdakıları həyata keçirir:

5.2.1. Fondun fəaliyyətinə nəzarəti həyata keçirir.

5.2.2. səlahiyyətləri çərçivəsində Fondun fəaliyyəti ilə bağlı zəruri olan normativ sənədləri təsdiq edir;

5.2.3. Fond ilə müvəkkil banklar və bank olmayan kredit təşkilatları arasında Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında bağlanılan müqavilələrin nümunəvi layihələrini təsdiq edir;

5.2.4. vəsaitlərin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının öncül istiqamətlərinə uyğun şəkildə yerləşdirilməsini təmin edir. Bu məqsədlə vəsaitlərin iqtisadiyyatın sahələri, ölkənin iqtisadi rayonları, müvəkkil kredit təşkilatları üzrə bölgüsünü həyata keçirir. Bununla bağlı digər zəruri tədbirlər görür;

5.2.5. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təkliflər verir;

5.2.6. Fondun fəaliyyətinin auditor yoxlamalarını təşkil edir, nəticələri təhlil edərək müvafiq qərar qəbul edilmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edir;

5.2.7. Fondun cari fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edir və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə müvafiq təkliflər verir;

5.2.8. maliyyə ili başa çatdıqdan sonra bir ay müddətində Fondun illik hesabatını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edir.

5.3. Müşahidə Şurasının işinin təşkili:

5.3.1. Müşahidə Şurasının sədri, say və tərkibi Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri tərəfindən (bundan sonra — Nazir) təsdiq edilir;

5.3.2. Müşahidə Şurasının sədr müavini və katibi Şuranın ilk iclasında açıq səsvermə və iştirakçıların adi səs çoxluğu ilə seçilir. Şura üzvləri ictimai əsaslarla fəaliyyət göstərir;

5.3.3. Müşahidə Şurasının iclasları üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə, səlahiyyətli sayılır. Şuranın qərarları açıq səsvermə və iştirakçıların adi səs çoxluğu ilə qəbul edilir;

5.3.4. Müşahidə Şurasının iclasları müvafiq qaydada protokollaşdırılır, sədr və katib tərəfindən imzalanır;

5.3.5. Müşahidə Şurasının iclaslarında qəbul olunmuş qərarlar aidiyyəti üzrə göndərilir, bir nüsxəsi isə Fondda saxlanılır.

VI. Fondun işinin təşkili

6.1. Fondun cari fəaliyyətinə Nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Fonda həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsi məsuliyyət daşıyan icraçı direktor rəhbərlik edir;

6.2. Fondun icraçı direktorunun aşağıdakı hüquqları vardır:

6.2.1. Fondun cari işini təşkil edir, hesablaşma və xəzinə hesablarını açır;

6.2.2. Fondun struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

6.2.3. Fondun işçilərini (icraçı direktorun müavini və baş mühasib istisna olmaqla) vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;

6.2.4. Fondun fəaliyyətinin yaxşılaşdırılmasına dair təkliflər verir;

6.2.5. hüquqları çərçivəsində Fondun işçiləri üçün icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir və onların icrasına nəzarəti təşkil edir;

6.2.6. Azərbaycan Respublikasında və xarici ölkələrdə dövlət və bələdiyyə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Fondu etibarnaməsiz təmsil edir;

6.2.7. Fondun vəzifələrinin həyata keçirilməsi məqsədi ilə Fondun səlahiyyətləri çərçivəsində hüquqi və fiziki şəxslərlə sövdələşmələr aparır və Fondun adından etibarnaməsiz çıxış edir;

6.2.8. maliyyə ili başa çatdıqdan sonra bir ay müddətinədək Fondun illik hesabatını və illik balansını baxılmaq üçün Müşahidə Şurasına təqdim edir

VII. Uçot və hesabat

7.1. Fond qanunvericiliyə müvafiq olaraq öz fəaliyyəti üzrə mühasibat və statistika uçotunu aparır və müəyyən olunmuş qaydada maliyyə və digər hesabatları aidiyyəti üzrə təqdim edir.

VIII. Fondun yenidən təşkili və ləğv olunması

8.1. Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

8.2. Fond ləğv edildikdə onun qalan əmlakı dövlətin sərəncamına keçir.


Əlavə IV
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 28 dekabr tarixli 504 nömrəli
fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Yanında Antiinhisar Dövlət Xidməti haqqında Əsasnamə

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti (bundan sonra — Dövlət Xidməti) kommersiya və qeyri-kommersiya təşkilatları, mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları, habelə yerli özünüidarəetmə orqanları tərəfindən antiinhisar, o cümlədən rəqabət, təbii inhisarlar və reklam haqqında qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini, inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, əmtəə və xidmət (o cümlədən, maliyyə xidmətləri) bazarlarında rəqabətin qorunması, bu sahələrdə qanun pozuntularının aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır

1.2. Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikasının iqtisadi inkisaf nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Dövlət Xidməti bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Dövlət Xidməti müstəqil balansa, qanunvericiliyə müvafiq olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və öz adı əks olunmuş möhürə, ştamplara və blanklara malikdir.

1.5. Dövlət Xidmətinin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliyə müvafiq olaraq digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Dövlət Xidməti Bakı şəhərində yerləşir.

II. Dövlət Xidmətinin fəaliyyətinin istiqamətləri

2.1. Dövlət Xidmətinin fəaliyyətinin istiqamətləri aşağıdakılardır:

2.2. kommersiya və qeyri-kommersiya təşkilatları, mərkəzi, yerli icra hakimiyyəti, digər dövlət orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən antiinhisar (o cümlədən rəqabət və təbii inhisarlar haqqında) və reklam haqqında qanunvericiliyə riayət edilməsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət nəzarətini həyata keçirir;

2.3. Azərbaycan Respublikasında rəqabətin qorunması və onun inkişafına kömək sahəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edir;

2.4. mərkəzi, yerli icra hakimiyyəti, digər dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən antiinhisar (o cümlədən rəqabət və təbii inhisarlar haqqında) və reklam haqqında qanunvericiliyin tələbləri pozulduqda qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür;

2.5. kommersiya və qeyri-kommersiya təşkilatlarının inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması sahəsində tədbirlər görür;

2.6. antiinhisar qanunvericiliyinə uyğun təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsinə dair Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təkliflər verir;

2.7. reklam haqqında qanunvericiliyə nəzarət edən dövlət orqanlarının işini əlaqələndirir;

2.8. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Dövlət Xidmətinin vəzifələri

3.1. Dövlət Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

3.2. inhisarsızlaşdırma və rəqabət mühitinin yaradılması sahəsində proqramlara (tədbirlərə) və normativ hüquqi aktlara dair təklifləri (layihələri) hazırlamaq və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etmək, qəbul (təsdiq) olunduqdan sonra onların həyata keçirilməsini səlahiyyətləri daxilində təmin etmək;

3.3. haqsız rəqabət hallarının müəyyən edilməsi üzrə iş aparmaq, onların qarşısının alınması və sağlam rəqabət qaydalarına əməl edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

3.4. rəqabət mühiti yaradan iqtisadi strukturların, kiçik və orta müəssisələrin inkişaf etdirilməsi üzrə səlahiyyətləri daxilində tədbirlər həyata keçirmək;

3.5. bazarda kommersiya və qeyri-kommersiya təşkilatlarının inhisar mövqeyinin yaranması ilə nəticələnə bilən səhm və payların alqı-satqısı üzrə iri sövdələşmələrə nəzarət etmək;

3.6. antiinhisar qanunvericiliyinin pozulması faktlarını araşdırmaq, onların aradan qaldırılması və pozuntulara yol vermiş şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.7. təbii inhisar subyektlərinin, maliyyə-sənaye qruplarının və inhisarçı müəssisələrin dövlət reyestrini aparmaq;

3.8. təbii inhisarlar haqqında qanunvericiliyin icrasına nəzarəti həyata keçirmək və səlahiyyətləri daxilində təbii inhisar subyektlərinin hər biri üçün tətbiq edilməli olan tənzimləmə üsullarını Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmək və onların tətbiqini təmin etmək;

3.9. kommersiya və qeyri-kommersiya təşkilatlarına, təbii inhisar subyektlərinə qanunvericiliyinin pozulması nəticəsində əldə edilmiş mənfəətin dövlət büdcəsinə ödənilməsi üçün tədbirlər görmək;

3.10. kommersiya və qeyri-kommersiya təşkilatlarının yaradılması, yenidən təşkili, birləşdirilməsi, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrin ləğv edilməsi zamanı antiinhisar tələblərinə əməl olunmasını yoxlamaq və bu sahədə nəzarəti həyata keçirmək;

3.11. ixrac-idxal əməliyyatları formalaşarkən və həyata keçirilərkən antiinhisar tələblərinə əməl olunmasını qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq və bu işə nəzarəti həyata keçirmək;

3.12. əmtəə və maliyyə bazarlarında fəaliyyət göstərən subyektlər haqqında və idxal-ixrac əməliyyatları ilə bağlı olan məlumatlar əsasında rəqabətin vəziyyətini araşdırmaq, əmtəə və maliyyə xidməti bazarlarında təsərrüfat subyektlərinin və maliyyə təsisatlarının hökmran mövqeyini müəyyən etmək;

3.13. antiinhisar (o cümlədən rəqabət və təbii inhisarlar haqqında) və reklam qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədi ilə əlaqəli (sahəvi) müvafiq təşkilatların fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmasını və səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini təmin etmək;

3.14. qiymətlərin süni şəkildə təsbit edilməsinə, qiymət ayrı-seçkiliyinə və qiymətlərin dempinqinə qarşı qanunvericiliyə müvafiq olaraq zəruri tədbirlər görmək;

3.15. antiinhisar (o cümlədən rəqabət və təbii inhisarlar) və reklam qanunvericiliyinin pozulmasına son qoyulması, inhisarçı qurumların yenidən təşkili, bazarda inhisar mövqeyi tutan kommersiya və qeyri-kommersiya təşkilatlarının bölünməsi (ayrılması), antiinhisar qanunvericiliyini pozan normativ hüquqi aktların ləğv edilməsi və ya dəyişdirilməsi, bazarda ilkin (qeyri-inhisar) vəziyyətin bərpa edilməsini, antiinhisar qanunvericiliyinə zidd bağlanmış sazişlərin ləğvi və ya dəyişdirilməsi haqqında mərkəzi və yerli icra hakimiyyəti, digər dövlət orqanlarına (təsisatlarına), yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə və maliyyə təsisatlarına münasibətdə müəyyən edilmiş tədbirlərin görülməsini təmin etmək;

3.16. antiinhisar (o cümlədən rəqabət və təbii inhisarlar haqqında) və reklam qanunvericiliyinin pozulması üzrə işlərə baxılmasının nəticələri əsasında qanunvericiliyin pozulmasının yolverilməzliyi haqqında xəbərdarlıq etmək, qanun pozuntularını dayandırmaq müddətini müəyyən etmək, antiinhisar qanunvericiliyinin pozulması və (və ya) icrası məcburi olan göstərişlərin yerinə yetirilməməsinə görə təsərrüfat subyektlərinə və onların vəzifəli şəxslərinə qarşı qanunda nəzərdə tutulmuş tədbirlər görmək;

3.17. Azərbaycan Respublikasında reklam haqqında qanunvericiliyin pozulması hallarını araşdırmaq və öz səlahiyyətləri daxilində onların aradan qaldırılması ilə əlaqədar tədbirlər görmək;

3.18. qanunvericiliyə müvafiq olaraq digər vəzifələri həyata keçirmək.

IV. Dövlət Xidmətinin hüquqları

4.1. Dövlət Xidməti öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. qanunvericiliklə müəyyən edilmiş qaydada antiinhisar, haqsız rəqabət, təbii inhisarlar və reklam haqqında qanunvericiliyə riayət edilməsinə nəzarət etmək, bu sahədə yol verilmiş qanun pozuntuları haqqında işlərə, o cümlədən inzibati xətalar haqqında işlərə baxmaq;

4.1.2. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz səlahiyyətləri daxilində yoxlamalar keçirmək;

4.1.3. tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq kommersiya və qeyri-kommersiya təşkilatlarında və onların vəzifəli şəxslərindən arayış və məlumatlar, o cümlədən yazılı (şifahi) izahatlar almaq;

4.1.4. antiinhisar qanunvericiliyinin pozulması faktlarını araşdırmaq, onların aradan qaldırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə müvafiq olaraq zəruri tədbirlər görmək;

4.1.5. haqsız rəqabət faktlarının aşkara çıxarılması üzrə iş aparmaq, onların qarşısının alınması və sağlam rəqabət normalarına əməl edilməsi üçün tədbirlər görmək;

4.1.6. səlahiyyətləri daxilində təbii inhisar subyektlərinin hər biri üçün tətbiq edilməli olan tənzimləmə üsullarını Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmək və onların tətbiqi haqqında inhisar subyektləri tərəfindən yerinə yetirilməsi məcburi olan qərarlar qəbul etmək;

4.1.7. təbii inhisar və ya dövlət inhisarı subyekti qanunvericiliklə müəyyən edilmiş müstəqil tənzimləmə rejiminə tabe olmadıqda, rəqabətin pozulması hallarının qarşısını almaq və aradan qaldırmaq məqsədi ilə qiymət, istehsalın həcmi və xidmət şərtləri ilə əlaqədar olaraq təbii inhisar və ya dövlət inhisar subyektinə icrası məcburi olan göstərişlər (qərar) vermək və bununla bağlı antiinhisar qanunvericiliyində nəzərdə tutulan məsuliyyət tədbirlərini həyata keçirmək;

4.1.8. kommersiya və qeyri-kommersiya təşkilatlarına antiinhisar qanunvericiliyinin tələblərinin pozulması yolu ilə əldə edilmiş mənfəətin dövlət büdcəsinə ödənilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icrası məcburi olan göstərişlər vermək;

4.1.9. dövlət orqanlarına, digər təsisatlarına və özünüidarəetmə orqanlarına onlar tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulmasına son qoyulması, inhisarçı təsisatların yenidən təşkili, antiinhisar qanunvericiliyini pozan hüquqi aktların ləğv edilməsi və ya dəyişdirilməsi haqqında təqdimatlar vermək, tənzimləyici orqanlara, təsərrüfat subyektlərinə, yerli icra və özünüidarə orqanlarına antiinhisar qanunvericiliyinin pozuntusu hallarının aradan qaldırılması, bazarda inhisar mövqeyi tutan təsərrüfat subyektlərinin və maliyyə təsisatlarının bölünməsi, antiinhisar qanunvericiliyinə zidd əqdlərin ləğvi və ya dəyişdirilməsi haqqında icrası məcburi olan göstərişlər vermək;

4.1.10. kommersiya və qeyri-kommersiya təşkilatlarına antiinhisar və reklam haqqında qanunvericiliyin pozulmasına son qoyulması, bazarda ilkin (qeyri-inhisar) vəziyyətin bərpa edilməsi, onların məcburi surətdə ayrılması, antiinhisar qanunvericiliyinə zidd olan müqavilələrin ləğvi və ya dəyişdirilməsi haqqında icrası məcburi olan göstərişlər vermək;

4.1.11. antiinhisar qanunvericiliyinin pozulmasının dayandırılması müddətini müəyyən etməklə tədbirlər görmək, yaxud bu işlərdən çəkindirmək məqsədi ilə onlara təqdimat verməklə rəsmi xəbərdarlıq etmək;

4.1.12. antiinhisar qanunvericiliyinin pozulması ilə əlaqədar məhkəmələrə iddialarla (ərizələrlə) müraciət etmək, öz adından məhkəmələrdə iştirak etmək, qanun pozuntusu ilə əlaqədar tərkibində cinayət əlamətləri olan işlərin materiallarını aidiyyəti dövlət orqanlarına göndərmək;

4.1.13. antiinhisar qanunvericiliyinin pozulması ilə əlaqədar lisenziya verən icra hakimiyyəti orqanlarına bazar subyektlərinin lisenziyalarının ləğv edilməsi və digər tədbirlərin görülməsi haqqında təqdimatlar vermək;

4.1.14. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq antiinhisar qanunvericiliyini pozan kommersiya və qeyri-kommersiya təşkilatlarına qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə sanksiyaları və inzibati tənbeh tədbirləri tətbiq etmək;

4.1.15. antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə maliyyə sanksiyalarını və inzibati cərimələri dövlət büdcəsinə ödənilməsini təmin etmək;

4.1.16. antiinhisar (rəqabət) qanunvericiliyini pozan şəxslərin müəyyən edilmiş qaydada və müddətdə ödənilməyən maliyyə sanksiyalarının və inzibati cərimələrin dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına qanunvericiliklə müəyyən edilmiş qaydada icra sənədi olan göstərişlər vermək;

4.1.17. antiinhisar qanunvericiliyini pozan şəxslərin hesablaşma, valyuta və ya digər hesablarına həbs qoyulması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırmaq;

4.1.18. kommersiya və qeyri-kommersiya təşkilatlarının nizamnamə kapitalındakı qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş payların (səhm zərflərinin) alınmasına razılıq vermək və ya imtina etmək;

4.1.19. qanunvericiliklə müəyyən edilmiş qaydada xarici və yerli mütəxəssisləri, ekspertləri, məsləhətçiləri, tərcüməçiləri işə cəlb etmək, onlarla müqavilələr bağlamaq;

4.1.20. araşdırma və yoxlamalarla bağlı öz vəzifələrini icra edərkən hüquq-mühafizə və digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

4.1.21. öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada digər dövlət orqanlarının xidmətindən istifadə etmək;

4.1.22. antiinhisar qanunvericiliyinə əməl olunmasının vəziyyəti haqqında kütləvi informasiya vasitələrində vaxtaşırı məlumatlar dərc etdirmək;

4.1.23. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Dövlət Xidmətinin fəaliyyətinin təşkili

5.1. Dövlət Xidmətinə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.2. Rəis Dövlət Xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və funksiyalarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Rəisin Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki müavini vardır.

5.4. Dövlət Xidmətinin rəisi:

5.4.1. Dövlət Xidmətinin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Dövlət Xidməti aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edir;

5.4.3. Dövlət Xidməti aparatının və səlahiyyətləri daxilində tabeliyində olan qurumların işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, barələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.4. Dövlət Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatları Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edir;

5.4.5. tabeliyində olan qurumlara səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər və göstərişlər verir;

5.4.6. Dövlət Xidmətini bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə kommersiya və qeyri-kommersiya təşkilatları, fiziki şəxslərlə münasibətlərdə və məhkəmələrdə vəkalətnaməsiz təmsil edir;

5.4.7. Dövlət Xidmətinin fəaliyyəti barədə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə mütəmadi olaraq hesabat verir;

5.4.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

5.5. Dövlət Xidmətinin əməkdaşlarına onların xidməti vəzifələrinin icrası zamanı maneçilik törədən və ya hər hansı şəkildə qanunsuz təsir göstərən və müdaxilə edən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.


Əlavə V
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 28 dekabr tarixli 504 nömrəli
fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti haqqında Əsasnamə

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti (bundan sonra — Dövlət Xidməti) istehlakçıların hüquqlarının dövlət tərəfindən qorunmasını təmin edən, istehlak bazarında, o cümlədən ticarət, məişət və xidmət sahələrində mövcud norma və qaydalara, malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Dövlət Xidməti bu Əsasnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və öz struktur bölmələri vasitəsilə həyata keçirir.

1.4. Dövlət Xidməti bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Dövlət Xidməti istehlakçıların hüquqlarının müdafiəsi, ticarət, ictimai iaşə, məişət və xidmət sahələri üzrə yerli icra hakimiyyəti orqanlarının və qanunvericiliklə müəyyən edilmiş hallarda bu sahələrdə səlahiyyətləri həyata keçirən digər qurumların işini əlaqələndirir, ona nəzarəti və onların qaldırdığı məsələlərə dair müvafiq tədbirləri həyata keçirir.

1.6. Dövlət Xidməti müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.7. Dövlət Xidmətinin saxlanması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə qadağan edilməmiş digər mənbələr hesabına maliyyələşdirilir.

1.8. Dövlət Xidməti Bakı şəhərində yerləşir.

II. Dövlət Xidmətinin fəaliyyətinin istiqamətləri

2.1. Dövlət Xidmətinin fəaliyyətinin istiqamətləri aşağıdakılardır:

2.1.1. istehlakçıların hüquqlarının qorunması sahəsində və istehlak bazarında, o cümlədən ticarət, məişət, ictimai iaşə və xidmət sahələrində mövcud norma və qaydalara, malların (xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirir, bu sahədə qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına yönəldilmiş tədbirlər görür;

2.1.2. yeyinti məhsullarının idxalı və ixracı zamanı onların keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirir;

2.1.3. fəaliyyətinə aid edilmiş sahələr üzrə proqramların (tədbirlərin) və normativ hüquqi aktların layihələrini hazırlayır;

2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Dövlət Xidmətinin vəzifələri

3.1. Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

3.1.1. istehlakçıların hüquqlarını müdafiə etmək, istehlak bazarında, o cümlədən ticarət, məişət, ictimai iaşə və xidmət sahələrində (obyektlərdə) dövlət nəzarətini həyata keçirmək, istehlak bazarını keyfiyyətsiz və təhlükəli mallardan qorumaq, bu sahədə müəyyən edilmiş tədbirlər görmək;

3.1.2. Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizalar keçirmək, müəssisələrə təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizaların nəticələrini təsdiq edən sənədləri (o cümlədən keyfiyyət sertifikatlarını) vermək, həmin məhsulların kefiyyətinə nəzarət sistemini tətbiq etmək, istehsal və emal müəssisələrinin reyestrini aparmaq və Avropa İttifaqının göstərilən sahələrdə tələblərinin icrasını həyata keçirilməsini təmin etmək;

3.1.3. ticarətdə istehlakçıların aldadılmasının qarşısının alınması ilə əlaqədar tədbirlər görmək, haqsız reklamların qarşısını almaq;

3.1.4. istehlakçı bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması məqsədi ilə saxtalaşdırmaya qarşı zəruri tədbirlər görmək;

3.1.5. istehlakçıların hüquqlarının təmin olunması üçün televiziya, radio, elektron vasitələrlə və məsafədən digər növ satış üsullarına nəzarət etmək;

3.1.6. satılan mallar üzrə qanunvericiliklə müəyyən edilmiş tələblərin gözlənilməsinə, istehlakçıların dürüst və tam məlumatla təmin olunmasına və müvafiq zəmanət verilməsinə, müddətli satış şərtlərinin müəyyən olunmuş tələblərə uyğunluğuna nəzarət etmək, bununla əlaqədar müəyyən edilmiş tədbirlər görmək, pozuntuya yol vermiş şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirlərinin tətbiq edilməsini təmin etmək;

3.1.7. ticarət, məişət və xidmət qaydalarına riayət edilməsinə nəzarət etmək, o cümlədən müvafiq obyektlərdə ticarət və əmtəə nişanlarından, markalarından istifadə qaydalarının pozulması halları ilə əlaqədar aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək;

3.1.8. istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai təşkilatlarla əlaqələri qurmaq, onlardan daxil olan rəy və təklifləri ümumiləşdirmək və müvafiq tədbirlər görmək;

3.1.9. obyektlərdə ticarət, ictimai iaşə və xidmət qaydalarının, istehlak mallarının (xidmətlərin) keyfiyyəti və təhlükəsizliyi üzrə tələblərin pozulması haqqında istehlakçıların rəy, şikayət və təkliflərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxmaq, müvafiq ekspertizalar aparmaq və müvafiq orqanlara və təşkilatlara, hüquqi və fiziki şəxslərə icrası məcburi olan göstərişlər vermək;

3.1.10. aparılmış ekspertizaların və görülmüş işlərin nəticələrinə dair məlumatları toplamaq, təhlil etmək və informasiya sistemlərinin, məlumat bazasının yaradılması üzrə işlər görmək;

3.1.11. ticarət sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlərin işlənib hazırlanması, bu sahədə qanunvericiliyə, normativ hüquqi aktlara riayət edilməsi və digər orqanlarla fəaliyyəti əlaqələndirmək məqsədi ilə müvafiq təkliflər hazırlamaq;

3.1.12. sərhədyanı ərazilər və sərhədyanı ticarət qaydaları işləyib hazırlamaq və müvafiq təklifləri Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etmək, sərhədyanı bazarların yaradılması işinin təşkilində iştirak etmək;

3.1.13. səlahiyyətləri çərçivəsində ticarət fəaliyyətinin tənzimlənməsi sahəsində normativ hüquqi aktların layihələrini (təkliflərini) hazırlamaq və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etmək;

3.1.14. malların, işlərin və xidmətlərin idxalı və daxili ticarətin tənzimlənməsi sahəsində tələblərin (standartların, təhlükəsizlik normalarının, keyfiyyətin idarə edilməsi sistemlərinin, malların qablaşdırılması qaydalarının, yeyinti məhsullarının daşınması və saxlanması qaydalarının, ekoloji, baytarlıq, sanitar və fitosanitar normalarının, malların, işlərin və xidmətlərin göstərilən normalara uyğunluğunun təmin edilməsi metodlarının) tətbiqi məqsədi ilə müvafiq orqanlarla qarşılıqlı fəaliyyət göstərmək;

3.1.15. daxili istehlak bazarı üçün ictimai iaşə məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına və pərakəndə ticarət xidmətlərinin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər görmək;

3.1.16. ticarət təşkilatlarının və ictimai iaşə müəssisələrinin modernləşdirilməsi və texniki cəhətdən yenidən qurulmasına zəruri metodiki yardım göstərmək;

3.1.17. istehlakçıların maarifləndirilməsi üzrə zəruri tədbirlər görmək, ticarət sahəsində mütəxəssislərin hazırlanması, işçilərin ixtisasının artırılması üçün tədbirlər görmək;

3.1.18. mənşə ekspertizalarını həyata keçirmək və nəticələrini təsdiq edən dövlət şəhadətnaməsini (mənşə sertifikatı) vermək;

3.1.19. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ekspertizalar həyata keçirmək, laboratoriya xidmətləri göstərmək və nəticələrini təsdiq edən mənşə və keyfiyyət sertifikatları (şəhadətnamələri) vermək, onların şərtlərinə riayət edilməsinə nəzarət etmək, pozuntulara yol verildikdə, onların qarşısının alınması üçün tədbirlər görmək;

3.1.20. idxal və ixrac olunan yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət etmək və qanunvericiliklə müəyyən edilmiş qaydada keyfiyyət sertifikatlarını vermək, digər tədbirlər görmək;

3.1.21. aşkar olunmuş çatışmazlıqların və pozuntuların aradan qaldırılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;

3.1.22. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər vəzifələri həyata keçirmək.

IV. Dövlət Xidmətinin hüquqları

4.1. Dövlət Xidməti öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. istehlakçıların hüquqlarını təmin etmək məqsədi ilə mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq obyektlərdə ticarət, ictimai iaşə, məişət və xidmət norma və qaydalarına riayət olunması və istehlak mallarının (xidmətlərin) keyfiyyəti və təhlükəsizliyi ilə əlaqədar dövlət nəzarəti tədbirləri həyata keçirmək;

4.1.2. qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmalar, monitorinq və yoxlamalar keçirmək, ticarət, ictimai iaşə, məişət və xidmət obyektlərinə daxil olmaq və zəruri sənədləri tələb etmək, ekspertizalar keçirmək, arayışlar almaq, istehlakçıların aldadılmasının qarşısının alınması, müvafiq norma və qaydalara riayət edilməsini təmin etmək üçün istehlak mallarının alışını həyata keçirmək;

4.1.3. zərurət yarandıqda laboratoriyalarda istehlak mallarının keyfiyyətini müəyyən etmək üçün ticarət, ictimai iaşə, məişət və xidmət sahələrində (obyektlərində) qanunvericilikdə nəzərdə tutulan qaydada nümunələr götürmək (normalara uyğun götürülmüş mal nümunələrinin dəyəri və ekspertiza xərcləri nümunələrdə keyfiyyətsizlik aşkar edildikdə, yoxlanılan təsərrüfat obyektlərinin hesabına ödənilir);

4.1.4. ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarının pozulduğu aşkar edildikdə müvafiq aktlar tərtib etmək və icrası məcburi olan göstərişlər vermək, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar müvafiq məhkəmələr qarşısında iddia qaldırmaq;

4.1.5. ticarət, ictimai iaşə, məişət və xidmət sahələrində (obyektlərində), habelə bu Əsasnamənin 3.1.2-ci bəndində göstərilən müəssisələrində müəyyən olunmuş qaydaların pozulduğu hallarda pozuntular təsərrüfat subyektləri tərəfindən aradan qaldırılanadək müvafiq tələblərə cavab verməyən istehlak mallarının (xidmətlərin) satışının (istehsalının) və icrasının dayandırılması, lisenziyaların dayandırılması və ya ləğv edilməsi və qanunvericiliyə müvafiq olaraq digər tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına təqdimat vermək;

4.1.6. fəaliyyəti müəyyən edilmiş qaydada yoxlanılan obyektlərin rəhbərlərindən aşkar olunmuş pozuntuların aradan qaldırılması məqsədi ilə görülən tədbirlər haqqında məlumatlar almaq, müəyyən edilmiş qaydada aparılmış yoxlamanın nəticələri ilə bağlı müvafiq aktlar tərtib etmək, zərurət olduqda məsul şəxslərdən izahatlar almaq;

4.1.7. ticarət, ictimai iaşə, məişət və xidmət obyektlərində satılan mallar və göstərilən xidmətlər üzrə norma və qaydalarına, istehlak mallarının (xidmətlərin) keyfiyyəti və təhlükəsizliyi tələblərinə cavab verməsini müəyyən etmək üçün ekspertizalar keçirmək, habelə müəyyən edilmiş qaydada istehsalçı tərəfindən istehlak bazarına təqim olunan məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsini müəyyən etmək;

4.1.8. səlahiyyətləri daxilində zəruri hallarda ekspertlər və məsləhətçilər cəlb etməklə müvafiq təşkilatlarla müqavilələr bağlamaq;

4.1.9. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

V. Dövlət Xidmətinin fəaliyyətinin təşkili

5.1. Dövlət Xidmətinə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.2. Rəis Dövlət Xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Dövlət Xidmətinin rəisinin Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.

5.4. Dövlət Xidmətinin rəisi:

5.4.1. Dövlət Xidmətinin işini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Dövlət Xidməti aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edir;

5.4.3. Dövlət Xidməti aparatının və səlahiyyətləri daxilində tabeliyində olan təşkilatların işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, barələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.4. Dövlət Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatları Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edir;

5.4.5. tabeliyində olan təşkilatlara səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər və göstərişlər verir;

5.4.6. Dövlət Xidmətini bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə kommersiya və qeyri-kommersiya təşkilatları, fiziki şəxslərlə münasibətlərdə və məhkəmələrdə vəkalətnaməsiz təmsil edir;

5.4.7. Dövlət Xidmətinin fəaliyyəti barədə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə mütəmadi olaraq hesabat verir;

5.4.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

5.5. Dövlət Xidmətinin əməkdaşlarına onların xidməti vəzifələrinin icrası zamanı maneçilik törədən və ya hər hansı şəkildə qanunsuz təsir göstərən və müdaxilə edən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.


Əlavə VI
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 28 dekabr tarixli 504 nömrəli
fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun (bundan sonra — Fond) vəsaitlərinin istifadəsi mexanizmini və şərtlərini müəyyən edir.

1.2. Fondun vəsaitləri Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının öncül istiqamətləri üzrə sahibkarlıq subyektlərinin (bundan sonra — son istifadəçilər) layihələrinin maliyyələşdirilməsinə yönəldilir.

1.3. Fondun vəsaitlərinin son istifadəçilərə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra — müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adına və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatları Fond qarşısında son istifadəçilərin öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq məsuliyyət daşıyırlar.

1.4. Fondun Müşahidə Şurası tərəfindən müəyyən olunmuş meyarlara uyğun olaraq Azərbaycan Respublikasının Milli Bankı tərəfindən lisenziya verilmiş bütün banklar və bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatı qismində kreditlərin verilməsində iştirak edə bilər.

1.5. Vəsaitlərin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünün təmin edilməsi məqsədilə yeni maliyyə ilinin başlanmasına ən geci 10 gün qalmış Azərbaycan Respublikasının Milli Bankı layihədə iştirak edən müvəkkil kredit təşkilatlarının maliyyə-iqtisadi və reytinq göstəriciləri barədə Fondun Müşahidə Şurasına müvafiq məlumat təqdim edir.

1.6. Maliyyə ili ərzində Azərbaycan Respublikasının Milli Bankı Fondun vəsaitlərinin yerləşdirilməsinə cəlb edilmiş müvəkkil kredit təşkilatlarının maliyyə iqtisadi və reytinq göstəricilərində baş verən dəyişikliklər barədə məlumatı müvafiq qərar qəbul edilmək üçün Fondun Müşahidə Şurasına təqdim edir.

1.7. Qaytarılan kredit vəsaitləri, habelə digər daxilolmalar Fondun hesabında saxlanılır və yenidən bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərə yönəldilir.

II. Fondun vəsaitinin istifadəsi istiqamətləri

2.1. Fondun vəsaitləri ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilmiş sahələrdə layihələrin maliyyələşdirilməsinə yönəldilir.

2.2. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında iqtisadiyyatın bu və ya digər sahəsinin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin Fondun vəsaiti hesabına həyata keçirilməsi məqsədilə sahibkarlıq subyektləri arasında müsabiqə keçirilə bilər. Bu məqsədlə ilin əvvəlində Müşahidə Şurası tərəfindən müəyyən edilmiş həcmdə vəsait nəzərdə tutulur. Müsabiqələrin keçirilməsi Qaydaları Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən edilir.

III. Müvəkkil kredit təşkilatlarına kredit xəttinin açılması, onlara xidmət edilməsi

3.1. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitlərin istifadə ediləcək istiqamətlərini, müddətlərini və sair şərtləri nəzərdə tutan müqavilə imzalanır. Hər bir müvəkkil kredit təşkilatı üçün ilin əvvəlində Müşahidə Şurası tərəfindən müəyyən edilmiş limit çərçivəsində kredit xətti açılır.

3.2. Müvəkkil bankların layihə çərçivəsində cəlb etdikləri vəsaitlər onların məcmu kapitallarının 150%-ə qədər təşkil edə bilər. Böyük və iri həcmli layihələrin maliyyələşdirilməsi zamanı bu məhdudiyyət müvəkkil kredit təşkilatlarının məcmu kapitallarının 200%-dək artırıla bilər. Kredit ittifaqlarının cəlb etdiyi vəsaitin həddi Azərbaycan Respublikasının Milli Bankı tərəfindən təsdiq edilmiş kredit ittifaqlarının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında qaydalarına uyğun müəyyən edilir.

3.3. Kredit xətti açıldıqdan sonra 6 (altı) ay müddətində vəsait istifadə olunmazsa, kredit xətti üzrə vəsaitin istifadə olunmayan hissəsinə müvəkkil kredit təşkilatları tərəfindən komissiyon haqqı ödənilir və kredit xəttinin istifadə olunmamış hissəsi Müşahidə Şurasının qərarı ilə digər müvəkkil kredit təşkilatlarına yönəldilir. Komissiyon haqqının məbləği bu Qaydaların 3.1-ci bəndində göstərilən müqavilədə müəyyən edilir.

3.4. Müvəkkil kredit təşkilatları istifadə etdikləri məbləğlər üzrə faiz borclarını hər rübün son bank gününədək ödəyirlər.

3.5. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların son istifadəçilərlə olan münasibətlərindən asılı deyil. Son istifadəçilər tərəfindən kreditlərin qaytarılıb-qaytarılmamasından asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1%, lakin kreditin istifadə olunmuş hissəsinin 10%-dən çox olmamaqla cərimə ödəyirlər.

3.6. Fond müvəkkil kredit təşkilatlarının öhdəliklərinə (o cümlədən son istifadəçilər qarşısında) görə cavabdeh deyil və kreditlər bu məqsədlərə istifadə edilə bilməz.

IV. Kreditlərin son istifadəçilərə ayrılması və onların istifadə edilməsi

4.1. Müvəkkil kredit təşkilatları bu Qaydalara uyğun olaraq Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər.

4.2. Sahibkarlar kreditlərin ayrılması üçün (mikrokreditlər istisna olmaqla) iqtisadi rayon üzrə yerlərdə Fondun nümayəndəsinə müraciət edirlər. Qəbul edilmiş müraciətlər Fondun nümayəndəsi tərəfindən araşdırılmaq üçün Fonda təqdim edilir. Təqdim olunmuş müraciətlərin bu Qaydalara və Fondun Müşahidə Şurası tərəfindən qəbul edilmiş qərar və meyarlara uyğunluğu Fond tərəfindən 15 (on beş) gün müddətində araşdırılır və baxılmaq üçün Müşahidə Şurasına təqdim edilir. Müşahidə Şurası 5 (beş) gün müddətində sahibkarlara müvəkkil kredit təşkilatlarına müraciət etmək hüququnun və yaxud imtina məktubunun verilməsi barədə müvafiq qərar qəbul edir. Müvəkkil kredit təşkilatlarına müraciət etmək hüququnu təsdiq edən sənəd əsasında sahibkarlar müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətlərə baxılır, zəruri sənədlərin tərtib olunması və digər tələblərin müraciətçi tərəfindən icrası araşdırılır və kredit təşkilatları tərəfindən 15 (on beş) gündən gec olmayaraq kredit verilməsi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu verilir.

4.3. Sahibkarlarla kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən Fonda kredit vəsaitinin ayrılması barədə sifariş göndərilir. Fond 2 (iki) bank günü ərzində kredit xətti çərçivəsində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 1 (bir) bank günü ərzində vəsaiti istifadəçinin hesabına köçürür və bu barədə Fonda və istifadəçiyə məlumat verir.

4.4. Mikrokreditlərin əldə edilməsi məqsədi ilə sahibkarlar müvəkkil kredit təşkilatlarına müraciət edirlər. İlin əvvəlində açılmış kredit xətti çərçivəsində Müşahidə Şurasının qərarına əsasən mikrokreditlərin verilməsi məqsədi ilə müvəkkil kredit təşkilatlarına limit müəyyən edilir. Bu vəsait müvəkkil kredit təşkilatlarının sifarişi əsasında hər biri limitin 30%-dən çox olmamaq şərtilə hissə-hissə onların hesabına köçürülür. Həmin vəsait 3 (üç) ay müddətində istifadə edilməli və bu barədə müvəkkil kredit təşkilatları tərəfindən hər ay Fonda hesabat təqdim edilməlidir.

V. Kreditlərin hədləri

5.1. Müvəkkil kredit təşkilatları Fondun vəsaitlərindən aşağıdakı həcmdə kredit kimi istifadə edirlər:

5.1.1. 1.000 manat — mikrokreditlər;

5.1.2. 1.000 manatdan 30.000 min manatadək — kiçik həcmli kreditlər;

5.1.3. 30.000 manatdan 100.000 manatadək — orta həcmli kreditlər;

5.1.4. 100.000 manatdan 1.000.000 manatadək — böyük həcmli kreditlər;

5.1.5. 1.000.000 manatdan 3.000.000 manatadək — iri həcmli kreditlər.

VI. Kreditlərin müddəti və faizləri

6.1. Fondun kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

6.1.1. mikrokredit və kiçik həcmli kreditlər üçün - 2 (iki) ilədək;

6.1.2. orta həcmli kreditlər üçün - 3 (üç) ilədək;

6.1.3. böyük həcmli kreditlər üçün - 5 (beş) ilədək;

6.1.4. iri həcmli kreditlər üçün -7 (yeddi) ilədək.

6.2. İstifadə olunacaq istiqamətlərdən asılı olaraq Fondun kreditlərinin müddətləri Müşahidə Şurasının qərarı ilə artırıla bilər.

6.3. Fondun kreditlərinin illik faiz dərəcələri aşağıdakı kimi müəyyən edilir:

6.3.1. kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi üçün - 0,5 faiz;

6.3.2. digər layihələrin maliyyələşdirilməsi üçün - 1 faiz.

6.4. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi bu Qaydaların 6.3-cü bəndində nəzərdə tutulmuş faizlər də daxil olmaqla, cəmi kredit məbləğinin 7%-indən (kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə kredit məbləğinin 5 faizindən) artıq olmamalıdır

VII. Güzəşt müddəti

7.1. Kreditlərin istifadə müddətlərinin ilk 2/3 dövrünədək güzəşt müddəti müəyyən edilir. Güzəşt müddətində son istifadəçilər yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər.

VIII. Kreditlərə xidmət olunması

8.1. Son istifadəçilər alınmış kreditlər üzrə faiz borclarını hər rübün son iş gününədək ödəyirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın son iş gününədək bərabər hissələrlə ödənilir.

IX. Layihənin monitorinqi

9.1. Müvəkkil kredit təşkilatları tərəfindən son istifadəçilərin mütəmadi olaraq monitorinqi aparılır və Fonda hesabatlar verilir. Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədi ilə Fond tərəfindən müvəkkil kredit təşkilatları ilə birlikdə kredit almış sahibkarlıq subyektlərində monitorinqlər aparıla bilər.

9.2. Monitorinq zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, Müvəkkil kredit təşkilatı sahibkarlara kredit və faiz borcunun vaxtından əvvəl qaytarılması barədə göstəriş verir. Belə sahibkarlara gələcəkdə layihə çərçivəsində kreditlərin verilməsi qadağan edilir.

9.3. Əgər layihə üzrə müəyyən edilmiş şərtlərin müvəkkil kredit təşkilatları tərəfindən pozulması aşkar edilərsə, bu müvəkkil kredit təşkilatları layihədən kənarlaşdırılır və onların son istifadəçilər tərəfindən öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq, Fond qarşısında əsas borc və kredit faizləri təxirə salınmadan ödənilir.

VALYUTA ÇEVİRİCİSİ