16 Sentyabr 2019 Bazar ertəsi 21:22:13

Azərbaycan Respublikasından yeyinti məhsullarının Avropa İttifaqı ölkələri bazarlarına ixracının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

 

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların keçirilməsi, müəssisələrə təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, həmin məhsulların keyfiyyətinə nəzarət sisteminin tətbiq edilməsi, istehsal və emal müəssisələrinin reyestrinin aparılması sahəsində və Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını həyata keçirmək üçün vahid səlahiyyətli orqandır.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən keyfiyyət sertifikatlarının verilməsi qaydasını və sertifikatların nümunəsini təsdiq etsin;

2.2. Azərbaycan Respublikasının qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi digər yeyinti məhsullarının Avropa İttifaqı ölkələrinə ixracının stimullaşdırılması məqsədi ilə keyfiyyət sertifikatlarının verilməsi qaydasına və sertifikatların nümunələrinə dair təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin yeyinti məhsullarının Avropa İttifaqı ölkələrinə ixracının tənzimlənməsi sahəsində vahid səlahiyyətli orqan müəyyən edilməsi barədə Avropa İttifaqına müvafiq bildiriş göndərsin.

4. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 1 aprel 2005-ci il.

№ 218.

«Azərbaycan» qəzetində dərc edilmişdir (2 aprel 2005-ci il, № 73)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2005-ci il, № 4, maddə 293)

12 may 2006-cı il tarixli, 403 nömrəli Fərmana əsasən dəyişikliklərlə

VALYUTA ÇEVİRİCİSİ