04 Aprel 2020 Şənbə 00:16:27

«Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

    • Qüvvədə olan qanunvericilik aktlarının «Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq yeyinti məhsullarına verilən sertifikatların növləri, sertifakatlaşdırma sistemi və qaydalarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • həmin Qanunun 7-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydalarını təsdiq etsin;
    • həmin Qanunun 6-cı maddəsinin birinci və ikinci hissələrində, 7-ci maddəsinin ikinci hissəsində, 8-ci maddəsinin birinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin beşinci hissəsində, 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin beşinci hissəsində, 20-ci maddəsinin birinci hissəsində və 21-ci maddəsinin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Müəyyən edilsin ki, həmin Qanunun 7-ci maddəsinin altıncı hissəsində, 8-ci maddəsinin dördüncü hissəsində, 16-cı maddəsinin yeddinci hissəsində və 19-cu maddəsinin üçüncü, altıncı və yeddinci hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 26 yanvar 2000-ci il

№ 267

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2000-ci il, № 1, maddə 46)

VALYUTA ÇEVİRİCİSİ