04 Aprel 2020 Şənbə 01:20:10

Əhalinin sağlamlığının qorunması və daxili bazarın müdafiəsi ilə bağlı məsələlərin həllinə yönəlmiş «Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli fərmanı bu sahədə dövlət nəzarətinin gücləndirilməsində, həmin məhsulların istehsalında və idxalında lisenziya qaydalarının, satışında aksiz markalarının tətbiqi istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsində böyük rol oynamışdır.

 

Eyni zamanda alkoqollu içkilərin və tütün məmulatının istehsalında, idxalında və satışında yaranmış vəziyyətin təhlili bu sahədə nöqsanların tam aradan qaldırılmadığını, o cümlədən qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınma, keyfiyyətsiz məhsul satışı hallarının hələ də davam etdiyini və onlarla mübarizənin lazımi səviyyədə təşkil olunmadığını göstərir.

Ona görə də, Azərbaycan Respublikasında bazara aşağı keyfiyyətli alkoqollu içkilərin və tütün məmulatlarının daxil olmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, habelə bu sahədə vergidən yayınma hallarına, qanunsuz istehsala və qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək və dövlət büdcəsinin gəlirlərini artırmaq məqsədi ilə qərara alıram:

1. Ölkədə bütün növ etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (tərkibində 28 faizdən çox alkoqol olan) istehsalına, keyfiyyətinə və satış həcmlərinə, habelə bu məhsulları istehsal edən müəssisələrdə avadanlığın növbələrarası və daha uzun müddət ərzində dayanması zamanı istehsal güclərinin qapanmasına nəzarəti həyata keçirmək məqsədi ilə həmin müəssisələrdə 1999-cu il mart ayının 1-dən gec olmayaraq dövlət nəzarəti tətbiq edilsin. Dövlət nəzarətinin aparılması Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunsun.

2. Alkoqollu içkilərin və tütün məmulatının pərakəndə satışı yalnız kassa-nəzarət aparatları ilə təchiz olunmuş stasionar ticarət şəbəkələri vasitəsilə həyata keçirilsin.

Bu məhsulların səyyar köşk və piştaxtalardan, avtomobil və digər özüyeriyən texniki vasitələrdən satışı qadağan edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    • ölkədə istehlak olunan alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının keyfiyyətini yaxşılaşdırmaq və uçotdan yayınmanın qarşısını almaq məqsədi ilə bu məhsulların istehsalı və idxalı üçün lisenziyaların verilməsi qaydalarına bir ay müddətində yenidən baxsın və onların şərtlərini müəyyənləşdirsin;
    • etil (yeyinti) spirti və alkoqollu içkilər istehsal edən müəssisələrdə gündəlik dövlət nəzarətinin aparılması qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin;
    • bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının idxalı zamanı invoys qiymətlərinin qəsdən aşağı salınmasının qarşısını almaq məqsədi ilə 1999-cu il mart ayının 1-dən bu malların idxalına onların gətirildiyi ölkədən asılı olmayaraq mütləq məbləğlə təsbit olunmuş gömrük idxal rüsumları tətbiq edilməsi barədə qərar qəbul etsin;
    • alkoqollu içkilərin və tütün məmulatının satışı ilə məşğul olan stasionar ticarət şəbəkələrinə tələbləri müəyyənləşdirsin və onların satışı üçün lisenziya verilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin;
    • aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, onların satışı və uçotunun aparılması qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin;
    • bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, idxalı və satışı sahəsində qanun pozuntusuna görə «İnzibati hüquqpozmalar haqqında» Azərbaycan Respublikasının Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, «Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş məsuliyyət növlərinin sərtləşdirilməsi məqsədi ilə həmin qanunlara müvafiq dəyişiklik və əlavələr edilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, rayon və şəhər icra hakimiyyəti orqanları alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalına, idxalına və satışına verilən lisenziyalarda nəzərdə tutulan tələblərə riayət olunmasına nəzarəti gücləndirsinlər.

5. Müəyyən edilsin ki, bütün növ etil (yeyinti) spirtin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı və idxalı üzərində dövlət nəzarətinin aparılması üçün şərait yaratmayan, habelə lisenziyalarda göstərilən istehsal və idxal həcmlərini tam yerinə yetirməyənlərə verilən lisenziyalar ləğv edilir.

6. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları alkoqollu içkilərin və tütün məmulatının ticarət qaydalarını, bu məhsulları satan ticarət obyektləri üçün müəyyən olunmuş tələbləri pozanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri həyata keçirsin.

7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, şəhər və rayon icra hakimiyyəti orqanları ilə birlikdə alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı, idxalı və satışı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq üçün qəti tədbirlər həyata keçirsinlər.

8. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ölkə ərazisindən hər cür nəqliyyat vasitələri ilə spirtin, alkoqollu içkilərin və tütün məmulatının tranzit daşımalarına nəzarəti gücləndirsinlər.

9. «Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında» Azərbaycan Respublikası prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanının 2-ci bəndinin 2-ci abzası aşağıdakı redaksiyada verilsin:

«Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilsin.

Aksiz markalarının dövriyyəsinə nəzarəti Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.»

10. «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 10-cu və 11-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

«10. Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin:

a) istehsalı — Kənd Təsərrüfatı Nazirliyi;

b) idxalı — İqtisadi İnkişaf Nazirliyi;

v) satışı — şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları.

11. Tütün məmulatının:

a) istehsalı — Kənd Təsərrüfatı Nazirliyi;

b) idxalı — İqtisadi İnkişaf Nazirliyi;

v) satışı — şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları.»

11. Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin satışının lisenziyalaşdırılması 1999-cu il aprelin 1-dən tətbiq edilsin.

12. Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə tapşırılsın və digər kütləvi informasiya vasitələrinə tövsiyyə olunsun ki, alkoqollu içkiləri, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı, idxalı və satışı sahəsində qanun pozuntusu halları barədə məlumatları geniş işıqlandırsınlar.

13. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrasını təmin edən tədbirlər həyata keçirsin.

14. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 5 fevral 1999-cu il

№ 90

«Azərbaycan» qəzetində dərc edilmişdir (06 fevral 1999-cu il, № 28)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1999-ci il, № 2, maddə 74)

11 oktyabr 2001-ci il tarixli, 587 nömrəli; 24 avqust 2002-ci il tarixli, 767 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 966 və 980 nömrəli; 28 fevral 2007-ci il tarixli, 534 nömrəli; 12 sentyabr 2008-ci il tarixli, 826 nömrəli; 14 aprel 2009-cu il tarixli, 81 nömrəli; 22 iyul 2009-cu il tarixli, 134 nömrəli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə

 

VALYUTA ÇEVİRİCİSİ