12 Dekabr 2018 Çərşənbə 17:11:51

Bakı şəhəri, 10 sentyabr 2009-cu il

«Taxıl haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli, 370 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. «Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2009-cu il, № 9 (147), maddə 740)


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2009-cu il 10 sentyabr tarixli,
136 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında

Əsasnamə

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə «Taxıl haqqında» Azərbaycan Respublikasının Qanununa və «Taxıl haqqında» Azərbaycan Respublikasının Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli, 370 nömrəli2003-cü il 23 oktyabr tarixli, 959 nömrəli Fərmanlarına əsasən hazırlanmışdır və taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin (bundan sonra — dövlət nəzarəti) həyata keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Dövlət nəzarətinin məqsədi taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracını nizamlayan standartlara və tələblərə əməl edilməsini təmin etməkdir.

II. Dövlət nəzarətinin aparılması qaydaları

2.1. Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti monitorinqlər, araşdırmalar, yoxlamalar, ekspertizalar və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər (bundan sonra - nəzarət tədbirləri) formasında həyata keçirilir.

2.2. Taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal edilmiş və ixracı nəzərdə tutulan məhsulun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün standartlara və aşağıdakı tələblərə riayət edilməsinə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (bundan sonra — səlahiyyətli orqan) tərəfindən öz səlahiyyətləri daxilində nəzarət edilir:

2.2.1. taxıl məhsullarının insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühitin təhlükəsizliyinin qorunmasını təmin edəcək standart və tələblərə uyğunluğuna;

2.2.2. istehsal edilən, habelə ixracı nəzərdə tutulan qablaşdırılmış taxıl məhsullarının üzərindəki etiketlərin və digər yazıların müvafiq xarici dillərlə yanaşı, dövlət dilində olmasına;

2.2.3. Azərbaycan Respublikasında istehlak üçün idxal olunmuş qablaşdırılmış taxıl məhsullarının üzərindəki etiketlərin və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmasına;

2.2.4. qablaşdırılmış taxıl məhsullarının etiketinin üzərində məhsulun adının, həcminin növünün və tərkibinin, istifadə sahəsi və qaydalarının, istehsal tarixinin və yararlılıq müddətinin, saxlanma şərtlərinin, istehsalçının adının, ünvanının, əmtəə nişanının və normativ sənədlərdə tələb olunan digər məlumatların olmasına;

2.2.5. taxıl məhsullarının qablaşdırılmasında və bükülməsində istifadə olunan köməkçi materialların uyğunluq və gigiyenik sertifikatlarının olmasına;

2.2.6. taxıl məhsullarının tədarükü, saxlanması və daşınması zamanı normativ sənədlərin tələblərinin pozulması nəticəsində baş verə biləcək hər hansı bir tərkib dəyişmələrinə və çirklənmələrə səbəb olan halların (şəraitin) mövcud olub-olmamasına;

2.2.7. səlahiyyətli orqanlar tərəfindən verilmiş və ya tanınmış qüvvədə olan sertifikatın mövcudluğuna;

2.2.8. uyğunluq nişanından, müalicəvi, pəhriz, ekoloji təmiz adlarından müvafiq dövlət orqanının icazəsi əsasında istifadəsinə;

2.2.9. sertifikat və razılıq verilmiş məhsulun normativ sənədlərinə və ya istehsalın texnoloji proseslərinə edilmiş dəyişikliklər barədə sertifikat və razılıq verən səlahiyyətli orqana vaxtlı-vaxtında məlumatın verilməsinə;

2.2.10. taxıl məhsulunun istehsalının müvafiq səlahiyyətli dövlət orqanında qeydiyyatdan keçmiş normativ sənədlər (standartlar, normalar) əsasında aparılmasına, o cümlədən beynəlxalq, regional və xarici ölkələrin milli standartları əsasında istehsal olunan taxıl məhsullarının keyfiyyətinə olan tələblərə cavab verməsinə və göstərilən standartların standartlaşdırma və sertifikatlaşdırma sahəsində milli orqanda (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi) qeydiyyata alınmasına;

2.2.11. taxılçılıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilən məhsulların sınaqlarının dövri olaraq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş və müvafiq qaydada akkreditasiya olunmuş laboratoriyalarda (mərkəzlərdə) aparılmasına;

2.2.12. Azərbaycan Respublikasına idxal edilmiş taxıl məhsullarının standartlara və tələblərə uyğunluğu araşdırılarkən istehsalçı ölkənin müvafiq orqanları tərəfindən verilmiş məhsulun mənşəyini, keyfiyyətini və təhlükəsizliyini xarakterizə edən uyğunluq, gigiyenik, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda fitosanitar və baytarlıq sertifikatların rəsmi tərcüməsinin mövcudluğuna.

2.3. Səlahiyyətli orqanın taxıl məhsullarına dövlət nəzarəti sahəsində aşağıdakı səlahiyyətləri vardır:

2.3.1. taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının keyfiyyətinə dair müəyyən olunmuş standartlara və tələblərə riayət edilməsini yoxlamaq;

2.3.2. taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxalı və ixracı ilə məşğul olan taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq;

2.3.3. müəyyən edilmiş qaydada keyfiyyətinin təmin edilməsi üçün taxıl məhsullarından nümunələr götürmək, taxılçılıq fəaliyyətinin subyektlərindən taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatlar tələb etmək;

2.3.4. taxılçılıq fəaliyyətinin subyektlərinə taxıl haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması haqqında icrası məcburi olan göstərişlər vermək;

2.3.5. keyfiyyət göstəriciləri standartlara və tələblərə uyğun gəlməyən taxıl məhsullarının istifadəsini qadağan etmək, onların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə müvafiq qərarlar qəbul etmək və təkliflər vermək;

2.3.6. hüquqi və fiziki şəxslərin müraciəti əsasında taxıl məhsullarının keyfiyyətinin ekspertizasını aparmaq;

2.3.7. qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

2.4. Taxılçılıq fəaliyyəti subyektlərində nəzarət tədbirlərinin keçirilməsi barədə səlahiyyətli orqanın rəhbərinin imzası və orqanın möhürü ilə təsdiq olunmuş sərəncam verilir.

2.5. Sərəncamdakı məlumatlar aşağıdakılardır:

2.5.1. nəzarət tədbirlərini aparacaq əməkdaşın soyadı, adı və vəzifəsi;

2.5.2. nəzarət tədbirlərinin aparılmasının əsası;

2.5.3. nəzarət tədbirlərinin aparılacağı taxılçılıq fəaliyyəti subyektinin rekvizitləri;

2.5.4. nəzarət tədbirlərinin məqsədi;

2.5.5. nəzarət tədbirlərinin müddəti.

2.6. Dövlət nəzarəti qaydasında planlı yoxlamalar ildə iki dəfədən çox olmamaq şərtilə səlahiyyətli orqan tərəfindən hər ilin əvvəlində təsdiq olunan plan üzrə qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

2.7. Taxılçılıq subyektinin fəaliyyətində insanların sağlamlığı və həyatı, ətraf mühitin çirklənməsi, taxıl məhsullarının zədələnməsi (korlanması) üçün təhlükə yarandıqda, səlahiyyətli orqanın qərarına əsasən aidiyyəti dövlət orqanlarının iştirakı ilə təkrar yoxlamalar aparıla bilər. Yoxlama 10 gündən artıq davam edə bilməz. Yoxlama həyata keçirən şəxsdən asılı olmayan səbəblərdən yoxlamanı başa çatdırmaq mümkün olmadıqda, yoxlama müddəti səlahiyyətli orqanın rəhbərinin qərarı ilə 30 günə qədər artırıla bilər.Yoxlama zamanı götürülmüş nümunələrin ekspertizasını (sınaqları, müayinəsini) keçirmək zərurəti yaranarsa, ekspertiza keçirilən dövrdə yoxlama müddətinin axını dayandırılır.

2.8.Taxıl məhsullarının tərkibi kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərinə görə dövlət nəzarəti aparan səlahiyyətli şəxs tərəfindən, təsərrüfat subyektinin nümayəndələrinin iştirakı ilə, seçilmiş nümunələrin ekspertizası (sınaqları, müayinəsi) akkreditasiya olunmuş müvafiq laboratoriyalarda (mərkəzlərdə) təsərrüfat subyektinin vəsaiti hesabına vahid metodika üzrə aparılır və müvafiq qaydada sənədləşdirilir. Ekspertizanın (müayinə və sınaqların) nəticələri nümunələrin seçildiyi məhsulun partiyasına şamil edilir və ekspertizanı (müayinə və sınağı) aparmış məsul şəxslərin imzaları ilə müvafiq sənədlərlə rəsmiləşdirilir.

2.9. Dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin müraciəti (şikayətləri) əsasında və yoxlamanın nəticəsi üzrə taxılçılıq fəaliyyəti subyekti barəsində görülən tədbirlərin icrasını yoxlamaq məqsədi ilə növbədən kənar yoxlamalar aparıla bilər.

2.10. İstehsal, tədarük, saxlanma, daşınma, satış, idxal və ixrac zamanı, həmçinin ayrı-ayrı ərazilərin (şəhər, rayon, kənd, sahə və s.) təminatında taxıl məhsullarının lazımi keyfiyyətdə olmasının ümumi vəziyyətini müəyyən etmək və qanun pozuntusu əlamətləri barəsində daxil omuş məlumatları dəqiqləşdirmək məqsədi ilə monitorinqlər aparılır.

2.11. Daxil olmuş müraciətlərdə göstərilən halların və sübutların dəqiqləşdirilməsi, qanun pozuntusu əlamətlərinin əhatə etdiyi subyektlərin və konkret pozuntuların səbəblərinin müəyyən edilməsi məqsədi ilə səlahiyyətli orqan tərəfindən araşdırmalar (ilkin araşdırmalar) aparıla bilər.

2.12. Səlahiyyətli orqanın dövlət nəzarəti aparılmasına səlahiyyətli əməkdaşları aşağıdakı hüquqlara malikdir:

2.12.1. zəruri hallarda taxılçılıq fəaliyyəti subyektlərinin rəhbərliyini məlumatlandırmaqla istehsal, saxlanma və satış sahələrinə sərbəst daxil olmaq;

2.12.2. taxılçılıq fəaliyyətinin subyektlərindən zəruri məlumatları və sənədləri almaq;

2.12.3. taxılçılıq fəaliyyəti subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən, yoxlamanın məqsədləri üçün əvəzsiz istifadə etmək;

2.12.4. normativ sənədlərə müvafiq olaraq məhsulun standartlara və tələblərə uyğunluğunu təyin etmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada sınaq nümunələri götürmək;

2.12.5. normativ sənədlərin və qanunvericilik aktlarının tələblərinin pozulduğu aşkar edildikdə, qanun pozuntusunun dayandırılması barədə və onların aradan qaldırılması məqsədi ilə icrası məcburi olan göstərişlərin verilməsi, inzibati cərimələr tətbiq edilməsi, sertifikat və şəhadətnamələrin ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün vəsatət qaldırmaq;

2.12.6. keyfiyyət göstəriciləri standartlara və tələblərə uyğun gəlməyən taxıl məhsullarının istifadəsinin və satışının qadağan edilməsi, onların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə müvafiq qərarlar qəbul edilməsi üçün rəhbərliyə təkliflər vermək.

2.13. Taxılçılıq fəaliyyəti subyektlərinin rəhbərləri və digər vəzifəli şəxsləri səlahiyyətli orqanın əməkdaşlarına taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatları və sənədləri təqdim etməli, nəzarət tədbirlərinin aparılması üçün şərait yaratmalıdırlar.

2.14. Nəzarət tədbirlərinin nəticələri iki nüsxədə tərtib olunur və aktla rəsmləşdirilir. Aktın bir nüsxəsi taxılçılıq fəaliyyəti subyektinin rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir, digəri isə səlahiyyətli orqanda saxlanılır. Taxılçılıq fəaliyyəti subyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi aktı imzalayarkən öz rəyini əlavə etmək hüququna malikdir. Taxılçılıq fəaliyyəti subyektinin rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda nəzarət tədbirini həyata keçirən səlahiyyətli orqanın əməkdaşları tərəfindən xüsusi qeydlər aparılır.

2.15. Tərtib olunan aktda məlumatlar aşağıdakılardır:

2.15.1. nəzarət tədbiri aparılan hüquqi və fiziki şəxs haqqında məlumatlar (ünvanı, rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı, VÖEN);

2.15.2. nəzarət tədbirini aparan səlahiyyətli şəxslər haqqında məlumatlar (vəzifəsi, soyadı, adı, atasının adı);

2.15.3. nəzarət tədbirinin adı, aparılmasının hüquqi əsası, səbəbləri və müddəti;

2.15.4. nəzarət tədbiri zamanı araşdırılan hallar, sınaq üçün götürülən nümunələr, onların qiyməti və məhsul partiyası haqqında məlumatlar;

2.15.5. nəzarət tədbirinin nəticələri.

III. Tətbiq olunan hüquqi tədbirlər

3.1. Müəyyən edilmiş pozuntuların təyin olunmuş müddətdə aradan qaldırılması məqsədi ilə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsi taxılçılıq fəaliyyətinin subyektinin rəhbərinə icrası məcburi olan göstəriş vermək, standartlara və tələblərə uyğun olmayan məhsul partiyasının istifadəsinin və realizə edilməsinin qadağan olunması, dövriyyədən (satışdan) çıxarılması haqqında qərar qəbul etmək hüququna malikdir. Nəzarət tədbirlərinin nəticələri üzrə verilən göstəriş və qərarların icrası taxılçılıq fəaliyyətinin subyektləri üçün məcburidir.

3.2. Aşağıdakı hallarda taxıl məhsullarının Azərbaycan Respublikasında istifadəsinin (satışının) qadağan edilməsi, həmçinin istehsal, ixrac, satış və idxal zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması barədə göstəriş verilir:

3.2.1. yoxlanılan taxıl məhsulları standartlara və tələblərə uyğun gəlmədikdə;

3.2.2. yoxlanılan taxıl və taxıl məhsullarının standartlara və tələblərə uyğun sabit istehsalına şərait olmadıqda;

3.2.3. taxıl məhsulları dövlət nəzarətindən gizlədildikdə;

3.2.4. qanunvericilikdə nəzərdə tutulmuş qaydada sertifikat və ya digər normativ sənədsiz, yaxud qüvvədə olma müddəti bitmiş normativ sənədlə və ya müəyyən olunmuş qaydada tanınmamış sənədlə məhsul istehsal edildikdə və saxlandıqda;

3.2.5. saxta və müvafiq icazə alınmadan başqasının əmtəə nişanı ilə məhsullar istehsal edildikdə və satıldıqda;

3.2.6. istehsalçı (idxalçı, ixracatçı, satıcı) tərəfindən məhsulların sertifikatlaşdırma qaydaları pozulduqda və məhsul istehlak keyfiyyətlərinə uyğun olmayan qaydada etiketləndikdə və ya qablaşdırıldıqda;

3.2.7. taxıl məhsullarının saxlanılması və ya satışı zamanı mövcud norma və qaydalar pozulduqda.

3.3. Sertifikat və şəhadətnamə alınmış taxıl məhsullarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkar edildikdə, sertifikatın fəaliyyəti qanunvericiliyə uyğun dayandırılır.

3.4. Standartlara və tələblərə uyğun olmayan taxıl məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanın və ya məhkəmənin qərarına əsasən həyata keçirilir.

3.5. Taxıl məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarəti aparılarkən, inzibati məsuliyyətə səbəb olan pozuntular aşkar edildikdə, inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati tənbeh tətbiq edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

3.6. Səlahiyyətli orqanın əməkdaşları tərəfindən dövlət nəzarətinin həyata keçirilməsi zamanı nümunələr götürülərkən 2 (iki) nüsxədə «Nümunə götürmə aktı» tərtib olunur. Həmin akt səlahiyyətli orqanın əməkdaşı və taxılçılıq fəaliyyəti subyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır, bir nüsxəsi səlahiyyətli orqanda saxlanılır, digər nüsxəsi isə taxılçılıq fəaliyyəti subyektinin rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir.

3.7. Nümunə götürmə aktında aşağıdakı məlumatlar olmalıdır:

3.7.1. nümunə götürülməsində iştirak edən əməkdaşların soyadı, adı, vəzifəsi;

3.7.2. nümunənin adı, çəkisi;

3.7.3. nümunələrin sayı və miqdarı;

3.7.4. nümunənin götürülməsinin hüquqi əsası;

3.7.5. nümunələrin götürülmə tarixi və saatı;

3.7.6. nümunənin götürüldüyü yer, taxılçılıq fəaliyyəti subyektinin adı, ünvanı;

3.7.7. qablaşdırmanın forması;

3.7.8. aparılacaq analizlər dəqiq göstərilməklə tədqiqat və ya ekspertizanın məqsədi;

3.7.9. nümunə götürülən məhsul partiyasının həcmi və s.

3.8. Qiymətləndirmənin nəticələri əsasında qanunvericiliklə müəyyən edilmiş sənədlərin verilməsi təmin edilir.

3.9. Nəzarət tədbirləri keçirilməsi zamanı tərtib olunan «Sərəncam», «Akt», «İnzibati Xəta Haqqında Protokol» və «Nümunə götürmə Aktı»nın formaları səlahiyyətli orqan tərəfindən təsdiq edilir.

VALYUTA ÇEVİRİCİSİ