24 Aprel 2018 Çərşənbə axşamı 13:01:57

Bakı şəhəri, 12 fevral 2005-ci il

«Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 969 nömrəli Fərmanının 2-ci bəndinin beşinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. «İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur

).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2005-ci il, № 2, maddə 128) 

21 yanvar 2009-cu il tarixli, 12 nömrəli Qərara əsasən dəyişikliklə

 


 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 12 fevral tarixli,
27 nömrəli qərarı ilə
təsdiq edilmişdir

İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi
Qaydaları

1. Bu Qaydalar «Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 969 nömrəli Fərmanının icrası olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətlərini həyata keçirən zaman müvafiq müayinə və ekspertizanın nəticələrinə görə standartlara və tələblərə cavab verməyən, yararlılıq müddəti qurtarmış yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsini müəyyən edir.

2. Standartlara və tələblərə cavab verməyən, yararlılıq müddəti qurtarmış yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar məhsulun müvafiq müayinəsi və ekspertizasından sonra verilə bilər.

3. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar bu sahədə dövlət nəzarəti funksiyalarını həyata keçirən orqanlar tərəfindən qəbul edilir.

4. Dövlət nəzarəti orqanları tərəfindən yeyinti məhsullarının müayinəsi və ekspertizası aşağıdakı hallarda aparılır:

4.1. dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin əsaslandırılmış müraciətinə əsasən;

4.2. əhali arasında qida zəhərlənmələri və ya müxtəlif infeksiyalar baş verdikdə;

4.3. dövlət nəzarəti orqanlarının nəzarəti zamanı.

5. Dövlət nəzarətini aparan səlahiyyətli şəxs tərəfindən seçilmiş yeyinti məhsulları nümunələrinin müayinəsi və ekspertizası dövlət orqanlarının akkreditasiya olunmuş müvafiq laboratoriyalarında aparılır.

6. Müayinənin və ekspertizanın aparılması zamanı yeyinti məhsullarının istehsalını, saxlanmasını, daşınmasını və satış şəraitini reqlamentləşdirən standartlar və tələblər rəhbər tutulur.

7. Yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyinin qiymətləndirilməsi üçün müayinələr və ekspertizalar müəyyən olunmuş qaydada təsdiq edilmiş metodikalar və müvafiq təlimatlar üzrə aparılır.

8. Müayinəyə və ekspertizaya cəlb olunan yeyinti məhsulunun keyfiyyəti və təhlükəsizlik göstəriciləri haqqında qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədlər olmadığı hallarda, yeyinti məhsullarına dair standart və tələblər rəhbər tutulur.

9. Yeyinti məhsullarının müayinə və ekspertizalarının nəticələri dövlət nəzarəti orqanları tərəfindən sənədləşdirilir.

10. Müayinə və ekspertiza zamanı yeyinti məhsullarının aşağıdakı vəziyyətləri təyin edilir:

10.1. insanların qidalanması üçün yararlılığı;

10.2. şərti yararlılığı; insanların qidası üçün bilavasitə istifadəyə yararsızlığı; bu məhsullar müəyyən müəssisələrdə xammal kimi təkrar emala yönəldilə bilər;

10.3. insanların qidalanması üçün yararsızlığı; bu məhsullar məhv olunur, yaxud heyvanların yemlənməsi üçün istifadə oluna bilər.

11. Müayinənin və ekspertizanın nəticəsinə görə istifadəyə yararsız və ya şərti yararsız sayılmış yeyinti məhsulu müvafiq dövlət nəzarət orqanının qərarına əsasən dövriyyədən çıxarılaraq götürülür.

12. Götürülmüş yeyinti məhsulları heyvanların yemlənməsinə, təkrar sənaye emalına göndərilənə və ya məhv olunana qədər dəqiq çəkisi göstərilməklə, xüsusi uçota alınaraq, ayrıca yerdə saxlanılır.

Bu məhsulun saxlanmasına və nəzərdə tutulmuş qaydada istifadəsinə məsuliyyəti məhsul sahibi daşıyır.

13. Götürülmüş yeyinti məhsullarının təkrar emala yönəldilməsi və ya heyvanlara yemlənməsi müvafiq dövlət nəzarət orqanlarının razılığı və iştirakı ilə məhsul sahibləri və ya müqavilə ilə onların vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.

14. Götürülmüş malın sonrakı aqibəti barədə sənəd məhsul sahibi tərəfindən qərar çıxarmış dövlət nəzarət orqanına təqdim edilir.

15. İnsan qidalanması üçün yararsız sayılmış yeyinti məhsulunun və ya xammalının təkrar sənaye emalı mümkün olmazsa və heyvanların yemlənməsi üçün istifadə olunmazsa, onlar məhv edilir.

15.1. Gömrük nəzarətində olan və yararsız sayılan yeyinti məhsulunun və ya xammalın məhv edilməsi gömrük qanunvericiliyinin tələblərinə əsasən gömrük orqanlarının razılığı və nəzarəti altında müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

16. Mikrobioloji cəhətdən təhlükə törədən məhsullar məhv edilməzdən əvvəl zərərsizləşdirilir.

17. Yeyinti məhsullarının məhv edilməsi barədə qəbul olunmuş qərardan 5 gün ərzində şikayət verildiyi halda, məhsul və ya xammal sanitariya-epidemioloji və epizootoloji cəhətdən təhlükə törətmirsə, onların məhv edilməsi dayandırılır. Şikayətə baxılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

18. Məhsulun məhv edilməsi (yandırılma, basdırılma) məhvedilmə barədə qərar qəbul etmiş dövlət nəzarəti orqanları mütəxəssislərinin iştirakı ilə məhsul sahibi və ya onun vəkil etdiyi digər şəxs tərəfindən həyata keçirilərək aktlaşdırılır.

19. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi, saxlanması və daşınması ilə bağlı çəkilən xərclər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, məhsul sahibinin hesabına ödənilir.

VALYUTA ÇEVİRİCİSİ