22 Fevral 2018 Cümə axşamı 18:11:19
“Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətini təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

  1. “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  2. “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 288; 1999, № 1, maddə 48; 2001, № 1, maddə 74; 2003, № 7, maddə 390; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32) ləğv edilsin. 
Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə 
Bakı şəhəri, 3 aprel 2014-cü il
     № 94 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət
 
QAYDALARI 
  1. Ümumi müddəa 
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətini təmin təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı hazırlanmışdır və istehlakçılarla (alıcılarla) Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər (o cümlədən, satıcılar) arasında alqı-satqı və digər xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
  1. Əsas anlayışlar
 2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti;
2.1.2 pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti;
2.1.3. ictimai iaşə - yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar sahibkarlıq fəaliyyəti;
2.1.4. ticarət (xidmət) obyekti - ticarət, ictimai iaşə, məişət və digər növ xidmət fəaliyyətini həyata keçirmək məqsədi ilə istifadə edilən, ticarət təşkilatlarına və (və ya) fərdi sahibkarlara mülkiyyət hüququ əsasında icarə hüququ, əməli idarəetmə hüququ ilə və ya digər qanuni əsaslarla məxsus olan əmlak kompleksi;
2.1.5. satış qiyməti - mal vahidinə (kəmiyyətinə) qoyulmuş son qiymət məzənnəsi;
2.1.6. satıcı (ticarətçi) - alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar;
2.1.7. istehlakçı - şəxsi tələbatlarını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs;
2.1.8. istehsalçı - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar;
2.1.9. icraçı - iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar;
2.1.10. ərzaq (yeyinti) məhsullarının qablaşdırılması - ərzaq (yeyinti) mallarına vahid əmtəə görünüşü verən və satışa təklif etmək (istehlakçıya çatdırmaq) məqsədi ilə onların tam və ya qismən örtülməsində istifadə olunan və açılmadan və ya dəyişdirilmədən malın tərkibinin (istehlak xassələrinin) təhlükəsiz saxlanılmasını təmin edən qab, tara və ya digər material;
2.1.11. markalanma - məhsula aid olan və həmin məhsulu müşayiət edən və ya ona istinad edən qab, sənəd, bildiriş, nişan, halqa, yaxud qapaqda yerləşən hər hansı bir söz, ticarət markası, əmtəə nişanı, şəkilli material, rəmz;
2.1.12. məhsulun adı - malın son istehlakçıya və ya ictimai iaşə obyektlərinə satıldığı ənənəvi ad, yaxud istehlakçıya onun əsl təbiətini bildirmək və onu digər oxşar mallardan fərqləndirmək imkanı vermək üçün kifayət qədər aydın olan ad;
2.1.13. inqrediyent - məhsulun hazırlanmasında istifadə olunan, yaxud hazır məhsulun tərkibində ilkin və ya dəyişilmiş formada mövcud olan maddələr, heyvan, bitki, mikrobioloji, mineral mənşəli məhsullar, o cümlədən qida əlavələri və bioloji aktiv maddələr;
2.1.14. ticarət fəaliyyəti - malların satışı, ictimai iaşə, məişət və digər növ xidmətlərin həyata keçirilməsinə yönəldilmiş fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti;
2.1.15. ticarət fəaliyyətinin subyektləri - qanunvericiliklə müəyyən edilmiş qaydada ticarət, ictimai iaşə, məişət və digər növ xidmətləri həyata keçirən fiziki və hüquqi şəxslər;
2.1.16. zəmanət müddəti - qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddət;
2.1.17. xidmət müddəti - istehlakçının istehlak olunmayan mallar barədə təyinatına uyğun təhlükəsiz istifadə etməsinə təminat verdiyi müddət;
2.1.18. saxlama müddəti - normativ və texniki sənədlərdə nəzərdə tutulmuş qaydada və şərtlərlə saxlandıqda, yeyinti (qida) məhsullarının keyfiyyətinin (istehlak xassələrinin) olduğu kimi saxlanılmasına təminat verən müddət;
2.1.19. idxal - Azərbaycan Respublikasının gömrük ərazisindən geriyə qaytarılmaq öhdəliyi olmadan malların ölkəyə gətirilməsi;
2.1.20. ticarət prosesi - malların satışını və hərəkətini təmin edən ticarət-texnoloji əməliyyatların məcmusu;
2.1.21. ticarət-texnoloji əməliyyat - malların daşınması, yerdəyişməsi, qəbulu, yüklənilməsi, boşaldılması, saxlanılması, bükülməsi, qablaşdırılması, satışqabağı hazırlanması, təqdim edilməsi və dövriyyəyə buraxılması;
2.1.22. ticarət-texnoloji avadanlıq - ticarət-texnoloji əməliyyatların yerinə yetirilməsi məqsədi ilə istifadə olunan avadanlıq;
2.1.23. standart - maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilatlar və ya orqanlar tərəfindən təsdiq edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəd;
2.1.24. uyğunluq sertifikatı - sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən sənəd;
2.1.25. gigiyenik sertifikat - sanitar-epidemioloji ekspertizanın nəticələri əsasında məhsulların təhlükəsizlik tələblərinə uyğunluğu barədə müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş sənəd;
2.1.26. fitosanitar sertifikatı – “Beynəlxalq Bitki Karantini və Mühafizəsi Konvensiyası”na uyğun olaraq, nümunəvi forma əsasında hazırlanmış və təsdiq edilmiş bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə rəsmi sənəd;
2.1.27. nəzarət markası - audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik və əlaqəli hüquq obyektlərinin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını (istehsal olunduğunu), həmçinin satış üçün müvafiq dövlət orqanından razılığın alınması tələb olunan malların, məmulatların və məlumat materiallarının satışına belə razılığın verilməsini təsdiq edən və həmin nüsxələri yaymaq hüququ verən, nüsxələrə yapışdırılan hərf-rəqəm kodu və holoqrafik müdafiə vasitəsi olan və birdəfəlik istifadə üçün nəzərdə tutulan vahid nümunəli xüsusi nişan;
2.1.28. daxili karantin sertifikatı - ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə rəsmi sənəd;
2.1.29. qida məhsulları - emal edilmiş, yarımemal edilmiş və ya xammal kimi insan tərəfindən istehlakı nəzərdə tutulmuş hər hansı maddə. Buraya içkilər, saqqız, yaxud ərzağın istehsalında, emalında, hazırlanmasında və ya işlənməsində istifadə olunan istənilən maddə daxildir. Bu anlayışa yem, bazarda insan istehlakı üçün hazırlanaraq yerləşdirilmədiyi təqdirdə diri heyvanlar, yığımdan öncə bitkilər, yalnız dərman kimi istifadə olunan maddələr, ətriyyat-kosmetik məhsullar, tütün və tütün məhsulları, narkotik və psixotrop maddələr, qalıq maddələr və çirkləndiricilər (kontaminant) aid deyildir;
2.1.30. minimal keyfiyyət tələbləri - qida məhsulunun insanların istifadəsi üçün yararlı olmasına zəmanət verən orqanoleptik, fiziki və (və ya) kimyəvi xüsusiyyətləri;
2.1.31. qida təhlükəsizliyi - qida hazırlanarkən, təyinatına uyğun istifadə olunarkən və ya qəbul edilərkən, onun istehlakçıya hər hansı zərər yetirməyəcəyinə dair təminat;
2.1.32. xüsusi təyinatlı qida məhsulları - öz xüsusi tərkibinə və ya emal prosesinə görə normal istehlak üçün nəzərdə tutulan qida məhsullarından fərqlənən, metabolizm və ya həzm prosesi pozulmuş və ya xüsusi fizioloji şəraitlərdə olan şəxslərin və ya sağlam körpə və azyaşlı uşaqların qidalanmada ehtiyacını ödəmək üçün müvafiq tərkibə malik olan, təyinatına uyğun formada satılan qida məhsulları;
2.1.33. qida yararlılığı - minimum keyfiyyət tələblərinə uyğunluğu əsaslandırılmaqla, istifadəyə yararlı olması barədə zəmanət;
2.1.34. qida məhsullarının yararlılıq müddəti - istehsalçı tərəfindən müəyyən edilmiş və daşınma, saxlanma, istifadə, istehlak qaydalarına əməl edilməklə, qida məhsulunun öz spesifik xüsusiyyətlərini saxladığı müddət;
2.1.35. qida təhlükəsizliyi göstəriciləri - gigiyenik normalar, maksimum qalıq miqdarı, maksimum səviyyələr, yolverilən gündəlik qəbul və digər parametrlər daxil olmaqla, insan sağlamlığının təhlükəsizliyini təmin edən, elmi cəhətdən əsaslandırılmış və qanunvericiliklə müəyyən olunmuş qaydada normalaşdırılmış göstəricilər;
2.1.36. pirat məhsul - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxələri;
2.1.37. kontrafakt məhsul - əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan mal. 
  1. Ticarət (xidmət) fəaliyyətinə olan ümumi tələblər
 3.1. Ticarət (xidmət) obyektləri fəaliyyətlərini Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Qaydalara uyğun tənzimləyirlər.
3.2. Ticarət (xidmət) obyektlərinin işçiləri bu Qaydaları bilməli və onlara riayət etməlidirlər.
3.3. Hər bir ticarət (xidmət) obyektinin giriş qapısında (ön tərəfdə) onun adını, mənsubiyyətini və iş rejimini əks etdirən lövhə asılmalıdır.
3.4. Ticarət (xidmət) obyektinin mülkiyyətçisi və ya rəhbəri (satıcısı) istehlakçının tələbi ilə dövlət qeydiyyatı və onu qeydə alan orqan haqqında, fəaliyyəti lisenziyalaşdırılan hallarda isə lisenziyanın nömrəsi, qüvvədə olma müddəti və onu verən orqan haqqında məlumat verməlidir. Daimi yerləşdiyi yerdən kənarda ticarət fəaliyyəti həyata keçirilən hallarda da analoji məlumat istehlakçının nəzərinə çatdırılmalıdır.
3.5. Daimi fəaliyyət yerindən kənarda satıcını təmsil edən nümayəndənin üzərində soyadı, adı, atasının adı və onun haqqında digər məlumatlar əks olunmuş, vəsiqəsi məsul şəxsin imzası və möhürü ilə təsdiq edilmiş olmalıdır.
3.6. Ticarət (xidmət) obyektinin iş rejimi aşağıdakı qaydada müəyyən edilir:
3.6.1. dövlət və bələdiyyə müəssisələrinin iş rejimi müvafiq icra hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının qərarı ilə;
3.6.2. müəssisə, idarə və təşkilatlarda, təhsil müəssisələrində fəaliyyət göstərən obyektlərin iş rejimi xidmət göstərilən müəssisələrin müdiriyyəti ilə razılaşdırılmaqla;
3.6.3. hüquqi və fiziki şəxslərə məxsus olan ticarət (xidmət) obyektinin iş rejimi qanunvericiliklə müəyyən olunmuş qaydada onun mülkiyyətçisi (rəhbəri) və ya fərdi sahibkar tərəfindən.
3.7. Ticarət (xidmət) obyekti istehlakçılara müəyyən edilmiş iş saatlarında xidmət göstərməlidir. Nahar fasiləsində və obyektin iş vaxtı bitdikdə, istehlakçıların ticarət və xidmət zalına daxil olmasına icazə verilmir. İş vaxtının sonunda obyektin işçiləri istehlakçılara iş vaxtının bitməsi barədə məlumat verirlər.
3.8. Ticarət (xidmət) obyekti nahar fasiləsinə bağlandıqda, yaxud iş günü bitdikdə, nəzarət-kassa aparatı da öz işini bitirir, lakin nəzarət-kassa çeki və ya əmtəə çeki olan istehlakçılara müvafiq qaydada xidmət göstərilir.
3.9. Sanitar günü, təmir və digər işlər aparılan zaman ticarət (xidmət) obyektində müvəqqəti olaraq iş dayandırıldıqda, satıcı bu barədə istehlakçıları məlumatlandırmalıdır.
3.10. Ticarət (xidmət) obyekti istehlakçılara düzgün seçim imkanını verən şəraitə, ticarət zalına (xidmət zalına), malların keyfiyyətini və təhlükəsizliyini təmin edən yardımçı binalara malik olmalı, eləcə də əməyin, sağlamlığın və ətraf mühitin qorunması, yanğından mühafizə, malların (xidmətlərin) saxlanılması, istehsalı və satışı üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər tələblərə cavab verməlidir.
3.11. Ticarət (xidmət) obyektləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqayisəli yoxlamadan keçmiş və standartlara uyğun olan müvafiq ölçmə vasitələri ilə təmin olunmalıdır.
3.12. İstehlakçının müstəqil surətdə və ya obyektin işçisinin köməkliyi ilə aldığı malın çəkisinin və ölçüsünün düzgün olduğunu müəyyən etməsi üçün obyektin ticarət zalında görünən yerdə nəzarət ölçü vasitələri yerləşdirilməlidir.
3.13. Ticarət (xidmət) obyektinin yerləşdiyi sahə və otaqlar, su və kanalizasiya təchizatı sistemi, istilik və havalandırma, istifadə edilən avadanlıqlar, cihazlar, qablar və digər təchizat vasitələri sanitariya normaları və qaydalarının, gigiyena normativlərinin tələblərinə uyğun olmalıdır.
3.14. Satıcılar və digər xidmət işçiləri fəaliyyət sahəsindən və işin xüsusiyyətlərindən asılı olaraq, təmiz iş paltarları (önlük, papaq, əlcək və s.) ilə təmin olunmalıdırlar.
3.15. Ticarət (xidmət) obyektlərində işə qəbul edilən işçilər qanunvericiliyə uyğun olaraq və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada və vaxtaşırı olaraq tibbi müayinədən (baxışdan) keçməlidirlər.
3.16. Ticarət (xidmət) obyektləri müəyyən olunmuş qaydada nəzarət kitabçaları ilə təmin edilməlidirlər.
3.17. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət (iş görülməsi) fəaliyyətinə sanitar-epidemioloji orqanlar tərəfindən rəsmi razılıq olan hallarda yol verilir.
3.18. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət (iş görülməsi) fəaliyyəti nəticəsində ətraf mühitin çirkləndirilməsinə və insanların narahatlığına səbəb olan hallara yol verilməməlidir.
3.19. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət (iş görülməsi) fəaliyyəti nəticəsində yaranan tullantıların iş günü ərzində sanitariya qaydalarına uyğun yığılıb saxlanılması, daşınması və aparılması, zəruri hallarda ixtisaslaşdırılmış idarələrlə müqavilə əsasında həşəratlara və gəmiricilərə qarşı mübarizə tədbirləri təşkil edilməlidir. 
  1. Malların qəbulu, saxlanılması və satışa hazırlanması 
4.1. Hüquqi və fiziki şəxslər malların qəbulunu müvafiq sənədlərə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirirlər.
4.2. Hüquqi və fiziki şəxslərin ticarət obyektlərinin anbarında və satışda olan mallar üzrə təchizatçının (malgöndərənin) rekvizitləri, daxil olmuş malın miqdarı, qiyməti və ümumi məbləği əks etdirilmiş müvafiq təsdiqedici sənədlər olmalıdır.
4.3. Malların mənşəyini və qiymətini təsdiq edən qaimə, uyğunluq sertifikatı (məcburi sertifikatlaşdırılmalı mallar üçün) olmadıqda, həmçinin pirat və ya kontrafakt malların ticarət şəbəkələrinə daxil edilməsi, saxlanılması və satışı qadağandır.
4.4. Tez xarab olan ərzaq malları üzrə müşayiətedici sənədlərdə mal və ya məhsulun istehsal edildiyi saat və tarix, ən son istehlak tarixi və saatı, saxlanma şərtləri mütləq göstərilməlidir.
4.5. Malların keyfiyyəti, markalanması, saxlanma rejimi və forması (temperaturu, nəmliyi, saxlanma müddətləri) normativ-texniki sənədlər, standartlar və təchizat müqavilələri ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
4.6. Saxlanma müddəti göstərilməmiş, yararlılıq müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan və müvafiq normativ-texniki sənədlərin tələblərinə cavab verməyən malların satışı qadağandır.
4.7. Malların anbarlarda saxlanılması, onların ticarət zallarında və xırda pərakəndə ticarət şəbəkələrində yerləşdirilməsi tələblərinə və satışı zamanı mal qonşuluğu prinsiplərinə, sanitariya və yanğından mühafizə qaydalarına ciddi riayət edilməlidir.
4.8. Yararlılıq müddəti ötmüş, qablaşdırılması və markalanması normativ sənədlərin tələblərinə cavab verməyən mallar satışda olan mallarla bir yerdə saxlanılmamalıdır. Belə mallar mal sahibi (satıcı) tərəfindən satış dövriyyəsindən çıxarılaraq, ticarət zalında və ya anbar sahəsində xüsusi ayrılmış yerdə saxlanılmalıdır. Yararlılıq müddəti ötmüş mallar mal sahibi (satıcı) tərəfindən xüsusi vasitələrin köməyi ilə istifadə üçün tam yararsız vəziyyətə gətirilməlidir.
4.9. Ticarət obyektinin qarşısında, ətrafında malların (işlərin, xidmətlərin) nümunələrinin nümayiş etdirilməsinə (qoyulmasına), satışına, xidmətlərin göstərilməsinə yol verilmir.
4.10. Ticarət obyektində işə başlamazdan əvvəl istehlakçılara lazımi qaydada xidmətin göstərilməsini təmin etmək üçün bütün hazırlıq işləri görülür. İstehlakçılara tez xidmət göstərmək üçün yardımçı sahədə olan mallar vitrinə tam çeşiddə və lazımi miqdarda düzülür.
4.11. Ticarət obyektində satılan sertifikatlaşdırılmalı olan mallar onların keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sertifikatlarla müşayiət olunmalıdır.
4.12. Ticarət obyekti məhsulu müvafiq qaydada hazırlayır, texniki cəhətdən mürəkkəb məhsulların saxlanılması və xırda təmiri, qablaşdırma materiallarından çıxarılması, təmizlənməsi, səliqəyə salınması, satışa hazırlanması, kəsilməsi və əvvəlcədən qablaşdırılması və s. işlərini aparır.
4.13. Qablaşdırılmamış şəkildə daxil olmuş mallar, əgər qanunvericilikdə digər hal nəzərdə tutulmayıbsa, satıcı tərəfindən malın xüsusiyyətinə uyğun olaraq qabaqcadan qablaşdırılaraq və etiketlənərək istehlakçıya təqdim edilməlidir. Qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, etiketdə məhsulun adı, növü və tərkibi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və normativ sənədlərdə tələb olunan digər məlumatlar olmalıdır.
4.14. Ticarət zalında olan mallar istehlakçıların sərbəst seçə bilmələri üçün şüşəli şkaflara, asılqanlara, taralara, səbətlərə, soyuducu avadanlıqlara, kasetlərə və digər vasitələrə yığılır.
4.15. Ticarət obyektlərinin vitrinlərində pərakəndə satış qiymətləri göstərilməklə ancaq satışda olan malların nümunələri qoyulur. Vitrinə qoyulmuş mallar istehlakçının tələbi ilə onların keyfiyyəti yoxlanıldıqdan sonra satılır.
4.16. Vitrinlərin müvafiq tərtibatı üçün istifadə olunan bəzək elementləri, mallar və ya mağazanın avadanlıqları satılmır.
4.17. Ölçmək, çəkmək, dozalara bölmək üçün standartlara uyğun olmayan qüsurlu cihazlar istifadədən götürülməli, standartlara uyğun hala gətirilməli və müqayisəli yoxlamadan keçirilməlidir.
4.18. Ticarət obyektinin işçilərinə həmin obyektə məxsus olmayan malları ticarət zalında saxlamaq qadağan edilir.
4.19. Ticarət obyektinin işçilərinin üst geyimləri və şəxsi əşyaları bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi yerlərdə saxlanılır.
4.20. Qeyri-ərzaq mallarının (paltar, ayaqqabı, trikotaj məmulatı və s.) satışı zamanı ticarət obyektində onların geyilib baxılması, texniki cəhətdən mürəkkəb olan malların isə yoxlanılması üçün müvafiq şərait yaradılmalıdır.
 
  1. Malların satışına olan ümumi tələblər
 
5.1. Topdansatış ticarət obyektlərindən mallar hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müqavilələr əsasında satılır. Topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat obyektlərindən, hüquqi və fiziki şəxslər tərəfindən pərakəndə qaydada alınmış ərzaq mallarının, o cümlədən spirtli və spirtsiz içkilərin, tütün və tütün məmulatlarının sonradan pərakəndə satışı qadağandır.
5.2. Satışda yalnız buraxılması və ya satışı qadağan olunmamış məhsullar ola bilər. Dövriyyədən çıxarılmış malların alqı-satqısı qadağandır.
5.3. Dövriyyəsi məhdudlaşdırılmış mallar (mülki silah, zəhərli preparatlar və s.) onların özgəninkiləşdirilməsinə xüsusi icazə olduğu halda satıla bilər. Belə malları isə yalnız onları əldə etməyə xüsusi icazəsi (lisenziyası) olan istehlakçılar əldə edə bilərlər.
5.4. Dövriyyəsi məhdudlaşdırılmış malların satışı müvafiq qanunlarla yanaşı, bu Qaydalara ciddi riayət edilməklə həyata keçirilir.
5.5. Xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və müvafiq qanunlarla tənzimlənir.[1]
5.6. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışı qadağandır.
5.7. Satıcı istehlakçıların düzgün seçim etməsini təmin etmək üçün mallar, onların istehsalçıları haqqında zəruri və düzgün məlumat verməyə borcludur.
5.8. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır.
5.9. İstehlakçının tələbinə görə satıcı mal haqqında məlumatı ona şifahi də verə bilər. Mal haqqında məlumat hər bir halda istehlakçını çaşdırmayan, malın xüsusiyyətləri barədə birmənalı və anlaşıqlı formada verilməlidir.
5.10. Satışda olan mallar haqqında aşağıdakı məlumatlar müvafiq qaydada istehlakçıların nəzərinə çatdırılmalıdır:
5.10.1. malın adı, onun qiyməti;
5.10.2. istehsalçının yerləşdiyi yer (hüquqi ünvanı), firma adı, tələblərin (iradların) verildiyi, təmir və ya texniki xidmət göstərən təşkilatın adı, yerləşdiyi ünvan;
5.10.3. malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatın və ya digər texniki normativ sənədin işarəsi;
5.10.4. malın əsas xüsusiyyətləri və istehlak xassələri (tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı);
5.10.5. malın səmərəli və təhlükəsiz istifadəsi qaydaları və şərtləri;
5.10.6. zəmanət müddəti (əgər konkret mal üçün nəzərdə tutulmuşdursa);
5.10.7. xidmət və yararlılıq müddəti (əgər konkret mala dair belə müddətlər müəyyən edilmişdirsə və ya müəyyən olunmalıdırsa), həmçinin xidmət və yararlılıq müddəti keçmişdirsə ehtimal olunan təhlükələr, təyinatı üzrə istifadənin mümkünsüzlüyü (insan həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün);
5.10.8. təminat öhdəlikləri və iddiaların irəli sürülməsi qaydaları.
5.11. Əgər satılan mal istifadədə olmuşdursa, istehlakçıya bu barədə düzgün məlumat verilməlidir.
5.12. Malın qüsurları haqqında satıcı istehlakçını həm şifahi, həm də yazılı formada (malın yararlılığı, əmtəə çeki, etiketi və ya sair üsulla) məlumatlandırmalıdır.
5.13. Standartlarla və ya qanunvericiliklə ayrı-ayrı mal qrupları üzrə istehlakçıların nəzərinə aşağıdakı məlumatların da mütləq surətdə çatdırılması nəzərdə tutula bilər:
5.13.1. malın əsas və funksional təyinatı və ya tətbiqi dairəsi;
5.13.2. malın təhlükəsiz istifadə qaydası və şərtləri, saxlanılması, daşınması, təmiri, bərpası, malın utilləşdirilməsi, basdırılması və məhv edilməsi qaydası və şərtləri;
5.13.3. malın komplektliyi (komplektin tərkibi), kütləsi (çəkisi), əsas ölçüləri, həcmi və miqdarı;
5.13.4. saxlanma və yararlılıq müddəti;
5.13.5. tezalışan, partlayan, zəhərləyici və sair xüsusiyyətlərə malik mallar üzərində müvafiq qaydada göstərilən xəbərdaredici yazılar;
5.13.6. malın ekoloji cəhətdən, enerjiyə qənaət baxımından xüsusiyyətləri.
5.14. Satıcı satılan malların qanunvericiliklə (standartlarla) müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən məlumatların istehlakçılara çatdırılmasını (markalanma yolu ilə uyğunluq nişanının mövcudluğunu) təmin etməlidir.
5.15. İstehlakçının tələbilə satıcı aşağıdakı sənədlərdən birini tanış olması üçün ona təqdim etməyə borcludur:
5.15.1. sertifikat və ya onun surəti (müvafiq olaraq uyğunluq, gigiyenik, baytarlıq, fitosanitar, mənşə sertifikatı, o cümlədən toksikoloji rəy, karantin ekspertizası şəhadətnaməsi);
5.15.2. qaimə - faktura.
5.16. Mülki dövriyyəsi məhdudlaşdırılmış malların satışı zamanı satıcı istehlakçıya onun xahişi ilə səlahiyyətli orqanın xüsusi icazəsini təqdim etməlidir.
5.17. Malların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına təsirinə dair tələblər müvafiq normativ sənədlərlə müəyyən olunur. [2]
5.18. Standartların və digər normativ sənədlərin məcburi tələblərinə cavab verməyən malların satılması (xidmətlərin göstərilməsi, işlərin yerinə yetirilməsi) qadağandır.
5.19. Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan ticarət obyektlərində satış məqsədi ilə saxlanılması və ya satılması qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
5.20. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti və təhlükəsizliyi normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.
5.21. Azərbaycan Respublikasının ərazisinə idxal olunmuş mallar onların lazımi keyfiyyətini təsdiq edən sənədlə, milli sertifikatlaşdırma orqanı tərəfindən tanınan sertifikatla müşayiət olunmalıdır.
5.22. Standartların tələblərinə uyğunluğu könüllü bəyan edildikdə, əgər həmin standartların tələbləri ilə malların daşınması, saxlanması, buraxılışı zamanı təhlükəli xüsusiyyətlərlə (zərərli nəticələrlə) müşayiət olunarsa, satıcıya istinad edilən standartın mətni və ya ondan çıxarış təqdim olunmalıdır.
5.23. Qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması (işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi) qadağandır.
5.24. Bu Qaydaların 5.15-ci və 5.16-cı bəndlərində göstərilən sənədlər olmadan malların qəbulunun (satışının) həyata keçirilməsi nəticəsində insan həyatına, onun sağlamlığına, ətraf mühitə, fiziki və ya hüquqi şəxslərin, dövlət və ya bələdiyyələrin əmlakına dəyən ziyana (zərərə) görə satıcı standartların tələblərini bilmədiyini əsas gətirə bilməz.
5.25. Satıcıdan malların təhlükəsizliyini təsdiq edən digər sənədlər tələb oluna bilməz.
5.26. Satılan mala (onun istehsalçısına) dair zəruri (lazımi) məlumatın həcmi (malın üzərində, istehlak tarasında, qabında, yarlığında, etiketində, texniki sənədlərində göstərilən məlumatlar) normativ hüquqi aktların, müvafiq standartların məcburi tələblərinə uyğun olmaqla tam əhatə olunmalıdır.
5.27. İstehlakçıya göstərilən xidmətlər, onların qiymətləri, şərtləri, eləcə də malların satışı ilə əlaqədar tətbiq edilən xidmətlərin formaları (əvvəlcədən sifariş, malların evə və digər təyinat yerinə çatdırılması və s.) haqqında da düzgün məlumat verilməlidir.
5.28. Ticarət obyektlərində istehlakçıya müstəqil surətdə və ya satıcının köməyi ilə lazım olan mallara baxış keçirmək, pərakəndə satış qaydalarına zidd olmamaqla, malların xüsusiyyəti ilə tanış olmaq və ya işlək xüsusiyyətini nümayiş etdirmək imkanı verilməlidir.
5.29. Satıcı qanunvericiliklə, standartların məcburi tələbləri ilə və ya müqavilə şərtləri ilə nəzərdə tutulduğu hallarda satışa təqdim olunan malların keyfiyyətini və təhlükəsizliyini (baxış, sınaq, təhlil, ekspertiza yolu ilə) yoxlamağa borcludur.
5.30. Satılan malların qiyməti, həmçinin müqavilə şərtləri qanunla güzəşt və imtiyaz tətbiq edilən istehlakçılar istisna olmaqla, bütün istehlakçılar üçün eyni olmalıdır.
5.31. Satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və onun doldurulma tarixi olmalıdır.
5.32. Malın adı, çəkisi və növü qablaşdırma materialında (qutusunda) göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri (ədədin qiyməti) göstərilməlidir.
5.33. Daimi ticarət yerindən kənarda və ya səyyar formada mal satan satıcının nümayəndəsi malın adı və qiyməti göstərilməklə, məsul şəxsin imzası və satıcının möhürü ilə təsdiq edilmiş preyskuranta malik olmalıdır.
5.34. Pərakəndə alqı-satqı müqaviləsində, o cümlədən istehlakçının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqı-satqı müqaviləsi satıcının istehlakçıya kassa və ya əmtəə çekini və ya malın dəyərinin ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış hesab edilir.
5.35. Səyyar formada və ya daimi ticarət yerindən kənarda - evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və s. yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları istisna olmaqla, ərzaq mallarının, dərman vasitələrinin, qiymətli metal və daşların, onlardan hazırlanan məmulatların, silah-sursatın, audiovizual əsər və fonoqramların, elektron hesablama maşınları üçün proqramların satılmasına yol verilmir.
5.36. Bu Qaydaların 5.35-ci bəndində göstərilən ticarət yerlərində satışına icazə verilən mallara dair istehlakçıya malın adı, satıcı haqqında məlumat, malın qiyməti, miqdarı, eləcə də satıcının nümayəndəsinin imzası olan əmtəə çeki verilməlidir.
5.37. Satılan malın pulu ödənilərkən, istehlakçıya malın satıldığını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş qəbz, kassa çeki və ya digər yazılı sənəd verilməlidir.
5.38. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur və imzası ilə təsdiq edir.
5.39. Ticarət, məişət və digər xidmətlərin göstərilməsi zamanı istehlakçılarla hesablaşmalar qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.
5.40. İstehlakçının seçdiyi mal obyektdə satıcının mala yazdığı çekdə göstərilmiş ödəniş vaxtından 3 (üç) saat müddətində saxlanıla bilər.
5.41. Nağdsız hesablaşma yolu ilə alınmış mallar ödəniş sənədləri təqdim olunduğu ana qədər obyektdə saxlanıla bilər.
5.42. Kreditə alınan mallar sənədləşdirildikdən sonra, istehlakçının istəyi ilə ticarət şəbəkəsində bir gün saxlanıla bilər. Müqavilədə başqa qayda müəyyən edilmədikdə, göstərilən müddət başa çatdıqdan sonra alınmamış mallar satışa verilir.
5.43. Alınmış böyükhəcmli malları (mebel, tikinti materialları, piano, soyuducu, paltaryuyan maşın və s.) istehlakçı ticarət obyektində bir gün müddətində saxlaya bilər. Bu müddət ticarət obyektinin rəhbərinin razılığı ilə haqqı ödənilməklə artırıla bilər.
5.44. Alınmış və saxlanılmağa qoyulmuş mallara kassa çekinin və saxlanma müddəti göstərilməklə verilmiş qəbzin surəti əlavə edilir, malın üzərində “satılıb” sözü əks olunan lövhə qoyulur. Saxlanılmağa verilmiş müddətdə satıcı malın saxlanılmasına və keyfiyyətinə görə məsuliyyət daşıyır.
5.45. Malların satışı ilə əlaqədar təklif edilən xidmətlər yalnız istehlakçının razılığı ilə həyata keçirilə bilər. İstehlakçı mal satışı ilə əlaqədar təklif edilən xidmətdən imtina edə, eləcə də onun razılığı olmadan belə xidmətə görə ödənilmiş haqqı geri tələb edə bilər.
5.46. Satıcı konkret malın mütləq qaydada bu və ya digər malla birlikdə satılmasını və ya malların satışının bu və ya digər xidmətlə əlaqələndirilməsini (texniki tələblərə və xüsusiyyətlərinə görə malın yığılması və (və ya) quraşdırılması müvafiq mütəxəssis olmadan mümkün olmadığı hallar istisna olmaqla) şərtləndirə bilməz.
5.47. İrihəcmli mallar istehlakçının nəqliyyat vasitəsində daşındıqda, satıcı belə malların nəqliyyat vasitəsinə yüklənilməsini öz hesabına həyata keçirməyə borcludur.
5.48. Satıcı istehlakçıya malı lazımi keyfiyyətdə, tarada və (və ya) qabda (xarakterinə görə taralaşdırılması və (və ya) qablaşdırılması tələb olunmayan mallar istisna olmaqla), müəyyən komplektdə, yardımçı əşyalarla və mala aid sənədlərlə birlikdə verməlidir. Malın keyfiyyətinə, tara və (və ya) qabına, komplektliyinə, yardımçı əşyalara, mala dair sənədlərə, həmçinin malların çatdırılması şərtlərinə olan tələblər qanunvericiliklə müəyyən edilir.
5.49. Satıcı yararlılıq müddəti müəyyən olunmuş malları istehlakçıya ondan təyinatı üzrə istifadə edə biləcəyi müddəti (ağlabatan) nəzərə alaraq verməyə borcludur. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
5.50. İstehlakçı satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə, qeyri-ərzaq malını ona verildiyi andan 14 gün ərzində alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymət fərqi olduqda, satıcı ilə lazımi hesablaşma aparılır.
5.51. Satıcıda dəyişdirilmək üçün uyğun mal olmadıqda, istehlakçı əldə etdiyi malı satıcıya qaytara, mal üçün ödədiyi pulu geri ala və ya analoji mal ticarət obyektinə daxil olan kimi dəyişdirə bilər. Satıcı dəyişdirilməsi tələb olunan qeyri-ərzaq malının satışa daxil olması haqqında istehlakçını məlumatlandırmalıdır. Mal işlədilməmişdirsə, onun istehlak xassələri, əmtəə görünüşü, plombu, yarlığı qorunub saxlanılmışdırsa və həmin satıcıdan alındığına dair sübutlar vardırsa, istehlakçının malın dəyişdirilməsi və ya qaytarılması tələbi ödənilir.
5.52. İstehlakçıya keyfiyyətsiz mal satıldıqda, malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilmədikdə, istehlakçı öz seçimi ilə aşağıdakı tələblərdən birini irəli sürə bilər:
5.52.1. keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini;
5.52.2. satış qiymətinin uyğun məbləğdə azaldılmasını;
5.52.3. malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
5.52.4. malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) malla, dəyəri yenidən hesablanma şərtilə əvəz edilməsini;
5.52.5. müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
5.53. İstehlakçı texniki mürəkkəb və ya bahalı malların keyfiyyətində mühüm qüsurlar (məqsədli təyinatı üzrə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilinməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, yaxud aradan qaldırıldıqdan sonra qüsurları yenidən üzə çıxan mal (iş, xidmət) aşkar edərsə, onun lazımi keyfiyyətli malla əvəz edilməsi tələbini irəli sürə bilər.
5.54. Ərzaq mallarında, ətriyyat-kosmetika məmulatlarında, məişət kimyası və digər bu kimi xassəli mallarda aşkar edilən qüsurlara görə istehlakçı öz seçimilə belə malı lazımi keyfiyyətli malla əvəz etmək, yaxud alış qiymətini mütənasib surətdə azaltmaq tələbini irəli sürə bilər. İstehlakçı öz istəyilə göstərilən tələbləri irəli sürmədən maldan imtina edə və ödənilmiş məbləği geri ala bilər. Bu halda satıcının tələbi ilə istehlakçı lazımi keyfiyyətdə olmayan malı öz hesabına geri qaytarmalıdır.
5.55. Lazımi keyfiyyətdə olmayan malı geri qaytararkən, malın əmtəə görünüşünün itirildiyinə, tam və ya qismən istifadə edilməsi ilə əlaqədar dəyəri azaldığına və digər bu kimi əsaslara görə satıcı ilkin ödənilmiş məbləğdən hər hansı məbləğin çıxılmasını tələb edə bilməz.
5.56. İstehlakçı uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş malın qüsurlarının aradan qaldırılması və ya belə malın dəyişdirilməsi tələbini irəli sürdükdə, satıcı, eyni zamanda lazımi keyfiyyətdə olmayan malın təmiri və ya dəyişdirilməsi müddətində lazımi keyfiyyətdə olan analoji malı istehlakçıya verməlidir.
5.57. Satıcı lazımi keyfiyyətdə olmayan malı istehlakçıdan almağa, zəruri hallarda isə malın keyfiyyətini yoxlamağa borcludur. Malın keyfiyyəti yoxlanılarkən, istehlakçının şəxsən və ya nümayəndəsinin iştirak etmək hüququ vardır.
5.58. Malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər.
5.59. İstehlakçıda malın alınmasını və şərtlərini təsdiq edən kassa və ya əmtəə çekinin, yaxud digər sənədin olmaması istehlakçının tələblərindən imtina üçün əsas ola bilməz və bu onu müqavilənin bağlanması şərtlərini təsdiq edə biləcək şahid ifadələrinə istinad etmək imkanından məhrum etmir.
5.60. İstehlakçının tələblərinin satıcı tərəfindən təmin edilməsi müddətləri, həmçinin müddətlərin pozulması ilə əlaqədar təqsirli şəxslərin məsuliyyəti qanunvericiliklə müəyyən olunur.
5.61. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddətdə dəyişdirilməlidir.
5.62. İstehlakçının malı dəyişdirmək tələbi mal olmadıqda, müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddətdə malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu Qaydaların 5.52.1-ci - 5.52.5-ci yarımbəndlərində nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər.
5.63. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və s.) malla dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətli, lakin başqa modelli (markalı, tipli və s.) malla dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır.
5.64. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablaşmalar qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır.
5.65. İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddətində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli malla dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır. Belə hallarda istehlakçı ilə hesablaşma bu Qaydaların 5.63-cü bəndində göstərilən qaydada aparılır.
5.66. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır.
5.67. İstehlakçı bu Qaydaların 5.52-ci bəndində nəzərdə tutulmuş tələbləri yalnız həmin qüsurların malın zəmanət və ya yararlılıq müddətində aşkar edildiyi halda irəli sürə bilər.
5.68. Zəmanət müddəti, eləcə də xidmət müddəti istehlakçıya malın satıldığı andan hesablanır. Əgər malın satış tarixini müəyyən etmək mümkün deyildirsə, bu müddət malın istehsal edildiyi tarixdən hesablanır. Malın yararlılıq müddəti onun hazırlandığı gündən hesablanan, istifadəyə yararlılığını göstərən vaxt dövrü ilə və ya onun yararlılığının bitdiyi tarixlə müəyyənləşdirilir.
5.69. Alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, zəmanət müddəti əşyanın istehlakçıya verildiyi məqamdan başlanır. Əgər istehlakçı zəmanət müddəti müqavilə ilə müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, zəmanət müddəti satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır.
5.70. Müqavilədə digər qayda nəzərdə tutulmayıbsa, zəmanət müddəti malda aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır, bu şərtlə ki, malın qüsurlarının aradan qaldırılmasına dair satıcıya ağlabatan müddətdə bildiriş verilsin.
5.71. Əgər alqı-satqı müqaviləsində digər qayda nəzərdə tutulmayıbsa, komplektləşdirici məmulat üçün zəmanət müddəti əsas məmulat üçün zəmanət müddətinə bərabər olur və əsas məmulat üçün zəmanət müddəti ilə eyni vaxtda başlanır.
5.72. Satıcının zəmanət müddətində qüsurları aşkar edilmiş malın (komplektləşdirici məmulatın) əvəzinə verdiyi mal (komplektləşdirici məmulat) üçün, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici məmulat) ilə eyni zəmanət müddəti müəyyənləşdirilir.
5.73. Mövsümi mallar (paltar, xəz məmulatı, ayaqqabı və s.) üçün zəmanət müddəti müvafiq mövsümün başlandığı vaxtdan hesablanır.
5.74. Əgər mal üçün zəmanət və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, istehlakçı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın istehlakçıya verildiyi gündən 2 il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər.
5.75. Daşınmalı və ya poçtla göndərilməli malın qüsurlarının aşkar edilməsi müddəti malın təyinat yerinə çatdırıldığı gündən hesablanır.
5.76. Əgər əşya üçün zəmanət müddəti müəyyənləşdirilibsə, istehlakçı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları zəmanət müddətində aşkara çıxardığı halda irəli sürə bilər.
5.77. Müqavilədə nəzərdə tutulan zəmanət müddəti 2 ildən az olduqda və istehlakçı malın qüsurlarını zəmanət müddəti bitəndən sonra, lakin malın ona verildiyi gündən 2 il ərzində aşkar etdikdə, istehlakçı malın qüsurlarının mal istehlakçıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirdiyi halda satıcı məsuliyyət daşıyır.
 
  1. Ərzaq mallarının satış xüsusiyyətləri
 
6.1. Bu Qaydaların 5.10-cu bəndində nəzərdə tutulmuş məlumatlardan başqa, ərzaq (yeyinti) malları haqqında istehlakçılara aşağıdakı məlumatlar da verilməlidir:
6.1.1. qida məhsullarının tərkibinə daxil olan inqrediyentlər, qida əlavələri;
6.1.2. qida dəyərliliyi (kaloriliyi, zülalın, yağın, karbohidratların, vitaminlərin, makro və mikro elementlərin miqdarı) çəkisi, yaxud həcmi;
6.1.3. təyinatı və tətbiqi sahəsi (uşaq yeməkləri, diyetik yeməklər və bioloji aktiv maddələr);
6.1.4. hazırlanma üsulu (konsentratlar və yarımfabrikatlar üçün) və təyinatı (uşaq qidaları və diyetik qida);
6.1.5. saxlanma şərtləri (saxlanma şəraitinə məcburi tələblər müəyyən edilən mallar üçün);
6.1.6. istehsal tarixi və qablaşdırılma tarixi;
6.1.7. əks göstərişlər (müxtəlif növ xəstəliklərlə əlaqədar qidanın qəbulu mənfi təsirlərlə nəticələnə bilərsə, bu haqda məlumat);
6.1.8. dövlət qeydiyyatı.
6.2. İstehlakçının tələbi ilə satıcı onu satışda olan yeyinti məhsulları (qida) partiyasının keyfiyyəti ilə və təhlükəsizliyinə dair müvafiq sənədlə (sertifikat, şəhadətnamə və s.) və ya onun surəti ilə tanış etməyə borcludur.
6.3. Ərzaq bazarlarında qeyri-sənaye üsulu ilə hazırlanmış yeyinti məhsulları müəyyən olunmuş qaydada və nümunədə baytarlıq-sanitariya ekspertizasından keçirilməsi haqqında şəhadətnamə, uyğunluq sertifikatı, həmçinin topdan və pərakəndə satış ticarət şəbəkələrində bitki və bitkiçilik məhsullarının müəyyən olunmuş qaydada və nümunədə karantin ekspertizasından və toksikoloji müayinədən keçirilməsi haqqında şəhadətnamə və rəy alındıqdan sonra satıla bilər.
6.4. İstehlakçının tələbilə satıcı müvafiq şəhadətnaməni ona təqdim etməyə borcludur.
6.5. Çəki ilə satılan yeyinti (qida) məhsulları satıcı tərəfindən satışqabağı qablaşdırılarkən, yararlılıq müddəti qısa olan qablaşdırılan malların həcmi onların birgünlük satış həcmindən çox olmamalıdır.
6.6. Qablaşdırılmış malın üzərində malın adı, çəkisi, bir kiloqramın (litrin) qiyməti, çəkilmiş (qablaşdırılmış, bükülmüş) malın bütünlükdə qiyməti, qablaşdırılmanın tarixi, yararlılıq müddəti, çəkicinin soyadı, adı və ya nömrəsi göstərilməlidir.
6.7. Qanunvericiliklə müəyyən edilmiş mallar istisna olmaqla, qablaşdırılmamış (bükülməmiş) ərzaq mallarının satışına yol verilmir.
6.8. Çəki ilə satılan ərzaq mallarının qablaşdırılması (bükülməsi) bunun üçün heç bir əlavə məbləğ ödənilmədən həyata keçirilməlidir.
6.9. Yeyinti məhsullarının qablaşdırılmasında (bükülməsində) istifadə olunan materiallar uyğunluq sertifikatına malik olmalıdır.
6.10. Çəki ilə satılan yeyinti məhsullarının qiyməti xalis (netto) çəki ilə müəyyən edilir.
6.11. İstehlakçının xahişi ilə satıcı baqqaliyyə mallarını kəsilmiş (doğranmış) şəkildə verməyə borcludur. Çörək-bulka məmulatları müvəqqəti (səyyar), həmçinin xüsusi saxlanma şərtləri tələb olunmayan ticarət obyektlərində (köşk, avtodükan və ədədi malların satışını həyata keçirən digər ticarət-texnoloji avadanlıqlar) yalnız qablaşdırılmış vəziyyətdə satılır.
6.12. Ərzaq mallarının satışı yerlərində qeyri-ərzaq mallarının satılmasına və ictimai iaşə xidmətlərinin göstərilməsinə ərzaq mallarının müvafiq standartların məcburi tələbləri ilə müəyyənləşdirilmiş keyfiyyətinə və təhlükəsizliyinə xələl gəlmədiyi halda yol verilir.
6.13. Aşağıdakı hallarda ərzaq mallarının satışı qadağandır:
6.13.1. sanitariya cəhətdən zay ərzaq mallarının (təsadüfən yerə düşmüş və ya sair yolla çirklənmiş);
6.13.2. istehlakçının tarasında verilən maye halında olan ərzaq mallarının;
6.13.3. identifikasiya etmək mümkün olmayan ərzaq mallarının;
6.13.4. aşkar keyfiyyətsiz (istehlak xüsusiyyətlərini itirmiş və təhlükəli xassələrə malik) ərzaq mallarının;
6.13.5. barəsində zəruri məlumat olmayan ərzaq mallarının;
6.13.6. yararlılıq müddəti ötmüş ərzaq mallarının;
6.13.7. yararlılıq müddəti məcburi müəyyən edilməli olan, lakin müəyyən edilməmiş ərzaq mallarının;
6.13.8. təkrarən dondurulmuş yeyinti mallarının;
6.13.9. sağlamlığını təsdiq edən baytarlıq sənədi və üzərində baytarlıq nəzarətindən keçməsini təsdiq edən nişanı (damğası) olmayan iribuynuzlu və xırdabuynuzlu heyvan cəmdəyinin;
6.13.10. uyğunluq sertifikatı olmayan ərzaq mallarının.
6.14. İribuynuzlu və xırdabuynuzlu heyvan cəmdəyi ictimai iaşə obyektinə müvafiq baytarlıq şəhadətnamələri ilə müəyyən edilən hallar istisna olmaqla, cəmdək, yarımcəmdək və cəmdəyin dörddə bir hissəsi (şaqqaları) formasında qəbul edilir. Kəsilmiş heyvan cəmdəklərinin sümükdən ayrılmış formada ətinin qəbul edilməsi qadağandır.
6.15. Qüsurlu (qismən keyfiyyətsiz) və qiyməti ucuzlaşdırılmış ərzaq malları haqqında satıcı onların təhlükəsizliyinə təsir etməyən, lakin əmtəə görünüşünün dəyişilməsinə səbəb olan hallar və s. xüsusiyyətləri barədə istehlakçılara məlumat verməyə borcludur.
 
  1. Çörək-bulka məmulatlarının satışının xüsusiyyətləri
 
7.1. Çörək-bulka məmulatlarının (bundan sonra - məmulatlar) ticarət obyektlərinə daşınması istehsalçı ilə bağlanmış müqavilə əsasında və razılaşdırılmış qrafik üzrə həyata keçirilməlidir. İstehsalçı qrafikdə nəzərdə tutulan müddətdə və çeşiddə məmulatların ünvanlara çatdırılmasını təmin etməlidir.
7.2. Ticarət obyektində məmulatların qəbulu zamanı normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq, onların bişirilib sobadan çıxarıldıqdan sonra müəssisədə maksimum saxlanma müddətinə riayət edilməsinə xüsusi nəzarət olmalıdır.
7.3. Məmulatların ticarət obyektlərində qəbulu zamanı keyfiyyətinə görə yararsız olanlar geri qaytarılmalıdır.
7.4. Məmulatlar bu Qaydalara riayət edilməklə, ixtisaslaşmış çörək-qənnadı mağazalarında, universal və ərzaq mağazalarının çörək satışı şöbələrində, kənd yerlərində gündəlik tələbat malları satışı mağazalarında, çörək və ərzaq çadırlarında, köşklərdə, avtodükanlarda satıla bilər. İxtisaslaşmış çörək-qənnadı mağazalarında, habelə universal və ərzaq mağazalarının çörək satışı şöbələrində bu məmulatlardan başqa, şəkər, mürəbbə, cem, bal, çay, qəhvə, kakao və s. analoji qablaşdırılmış ərzaq mallarının satışına da icazə verilir.
7.5. Satıcı ticarət zalında (vitrinlərdə) istehlakçı üçün görünən yerdə təchizatçı (istehsalçı təsərrüfat subyekti) haqqında məlumatları (adı, ünvanı, telefon nömrəsi) əks etdirən xüsusi lövhə yerləşdirməlidir.
7.6. Ticarət obyektləri ayda 1 dəfədən az olmayaraq, istehsalçı müəssisədən daxil olan məmulatların nümunələrinin keyfiyyətini və təhlükəsizliyini təsdiq edən akkreditasiya olunmuş laboratoriyalarda keçirilmiş sınaqların nəticələrini tələb etməlidir.
7.7. Məmulatlar otaqda bağlı şkaflarda və ya hərəkət edən stellajlarda, yeşiklərdə saxlanılmalıdır. Məmulatların yaxşı və təzə qalması üçün onlar istifadəsinə səlahiyyətli orqanlar tərəfindən icazə verilmiş polimer plyonka və digər örtüklərlə örtülməlidir.
7.8. Suxarı və baranka məhsulları çörək-bulka məmulatlarından ayrı, xüsusi yeşiklərdə və ya kisələrdə, şkaflarda və ya stellajlarda, həmçinin bükülmüş vəziyyətdə yeşiklərdə saxlanılmalıdır.
7.9. Məmulatların qalaq halda, otağın divarlarına və döşəməyə təmas edəcək şəkildə yığılmasına yol verilmir. Məmulatlar köməkçi otaqlarda döşəmədən 35 sm, ticarət zalında isə 60 sm yuxarı məsafədə yerləşdirilmiş xüsusi rəflərdə və ya stellajlarda saxlanılmalıdır.
7.10. Məmulatlar ticarət obyektində onların əmtəə görünüşünün pozulmaması şərtilə və normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq yığılmalıdır.
7.11. Məmulatların spesifik qoxulu mallarla (balıq və balıq məhsulları, tütün məmulatları, təsərrüfat malları və s.) birlikdə saxlanılması qəti qadağandır.
7.12. Məmulatların arabalara, yeşiklərə açıq şəkildə və əlcəksiz boşaldılması yolverilməzdir.
7.13. Polimer materiallardan olan örtüklər hər gün havaya verilməli və qurudulmalıdır. Onların təmiz şəkildə saxlanılmasına riayət olunmalıdır.
7.14. Məmulatlar sobadan çıxdıqdan sonra ticarət şəbəkələrində yalnız normativ-texniki sənədlərdə göstərilən müddətdə satılmalıdır. Bu müddət başa çatdıqdan sonra məmulatlar dərhal satışdan götürülməlidir.
7.15. Yararlılıq (saxlama) müddəti ötmüş, eləcə də mövcud standartların və texniki şərtlərin tələblərinə uyğun olmayan, habelə qaydaların pozulması nəticəsində xarab olmuş məmulatların obyektə qəbuluna və satışına yol verilmir. Məmulatların ticarət şəbəkələrinə daşınması, qəbulu və satışı sanitariya qaydalarına və normalarına, gigiyena normativlərinə əməl edilməklə həyata keçirilməlidir. Sanitariya nəzarət orqanları tərəfindən verilmiş sanitariya pasportu olmayan avtonəqliyyat vasitələrində məmulatların daşınmasına yol verilmir.
7.16. Özünəxidmət ticarət obyektlərində istehlakçılar tərəfindən məmulatların seçilməsi üçün (əllə təmas olmadan) xüsusi köməkçi alətlər (metal maqqaşlar, xüsusi qablarda yerləşdirilmiş ağ kağızlar və s.) olmalıdır.
7.17. İstehlakçıların istəyi ilə çəkisi 0,5 kq və ya ondan yuxarı olan ədədi məmulatların (qablaşdırılmış məmulatlar istisna olmaqla) 2-4 hissəyə bölməklə, çəkmədən satışına icazə verilir.
7.18. Məmulatların kəsilməsi üçün itilənmiş və bərabər kəsən xüsusi mətbəx bıçaqlarından istifadə olunmalıdır.
 
  1. Parça, xəz, trikotaj, tikiş mallarının və ayaqqabıların satışının xüsusiyyətləri
 
8.1. İstehlakçının seçim imkanlarını genişləndirmək məqsədi ilə satışa təqdim olunan parça, xəz, trikotaj, tikiş malları və ayaqqabılar növlər, modellər, ölçülər üzrə qruplaşdırılmalı və ticarət zalında ayrı-ayrı yerləşdirilməlidir. Satış xüsusiyyətlərini nəzərə alaraq, satışa çıxarılan malların nümunələri ticarət zalında yerləşdirilə bilər.
8.2. Parçalar hazırlandığı liflərin növ və cinsləri, xəz malları isə xəz növləri üzrə qruplaşdırılmalıdır.
8.3. Satışda olan mallar haqqında istehlakçılara bu Qaydaların 5.10-cu bəndində nəzərdə tutulan məlumatlar verilməklə yanaşı, hər bir parçanın və xəz məmulatlarının tərkibi (istifadə olunan liflərin xarakteristikası, faizi, növü, ölçüsü) barədə məlumatlar malların üzərindəki etiketlərdə aydın şəkildə göstərilməlidir.
8.4. Kişi, qadın və uşaqlar üçün nəzərdə tutulmuş trikotaj, xəz, tikiş malları və ayaqqabılar ticarət zalında ayrıca yerləşdirilməlidir.
8.5. Satıcı istehlakçılara tikiş, üst trikotaj məmulatları, baş geyimi, xəzdən olan mallar və ayaqqabıların alınması zamanı onların geyilib baxılması üçün müvafiq şərait yaratmalıdır. Bu məqsədlə ticarət zalında güzgü, oturacaq və paltarların asılması üçün xüsusi ləvazimatlarla təmin olunmuş geyinib soyunma yerləri (kabinələr) quraşdırılmalıdır.
8.6. Yun, vatin və digər parçaların satışı zamanı kalibrləmə haqqında sertifikat almış standart metrlərdən (taxta və s. bərk materialdan olan) istifadə edilməlidir. Ölçünü aparmaq üçün parçanı stolun (piştaxtanın) üzərinə sərbəst sərmək lazımdır. Alınmış parçaya qırıq (kəsik) parçanın əlavə edilməsi, eyni zamanda, qüsuru olan qırıq (kəsik) parçaların satışı qadağandır.
8.7. Satıcı parçanı, paltarı, xəz mallarını və ayaqqabıları satarkən, istehlakçının iştirakı ilə onların keyfiyyətini (vizual müşahidə), ölçünün dəqiqliyini (miqdarını) və alış dəyərinin düzgün hesablanmasını yoxlamalıdır.
8.8. Satıcı istehlakçıya satdığı malla birlikdə malın və satıcının adını, satış tarixini, artikulunu, qiymətini, həmçinin satışı bilavasitə həyata keçirən satıcının imzası olan əmtəə çekini verməlidir.
8.9. Satılmış parça, paltar, xəz malları və ayaqqabılar istehlakçılara qablaşdırılmış şəkildə verilməlidir. Qablaşdırılmaya görə əlavə haqq alınmamalıdır.
 
  1. Ətriyyat-kosmetika mallarının satış xüsusiyyətləri
 
9.1. Ətriyyat-kosmetika mallarının satışı zamanı istehlakçılara tez xidmət göstərmək məqsədi ilə satışda olan bütün mallar tam çeşiddə və lazımi miqdarda vitrinlərə düzülməlidir. İstehlakçıya bu Qaydaların 5.10-cu bəndində göstərilən məlumatlarla yanaşı, malların təyinatı, tərkibinə daxil olan inqrediyentlər, təsiri və səmərəliliyi, tətbiqi üçün məhdudiyyətlər, mənfi təsir xüsusiyyətləri, tətbiqi üsulları və şərtləri, saxlama şəraiti (saxlama şərtlərinə dair məcburi tələblər nəzərdə tutulmuşsa), həmçinin dövlət qeydiyyatı (dövlət qeydiyyatının zəruri olduğu hallarda) barədə məlumatlar verilməlidir.
9.2. Satıcı, həmçinin istehlakçının tələbi ilə onu satışda olan ətriyyat - kosmetika malları partiyasının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə tanış etməyə borcludur.
9.3. Mallar ticarət zalına buraxılmazdan əvvəl açılmalı, baxışdan keçirilməli və hər bir malın keyfiyyəti (zahiri əlamətlərinə görə), digər zəruri məlumatların mövcud olması yoxlanılmalıdır.
9.4. İstehlakçıya lakmus kağızlarından, ətirli məhlul hopdurulmuş kağızdan, istehsalçı tərəfindən təqdim edilən və iyləmək üçün istifadə olunan nümunədən, eyni zamanda, satışa təqdim edilən malların başqa xarakterik tərkibindən istifadə etməklə, ətriyyatın, odekolonun, ətirli suların qoxusu ilə tanış olmaq üçün şərait yaradılmalıdır.
9.5. Malın qablaşdırılmış və ya xüsusi lentlə bağlı vəziyyətdə buraxıldığı hallarda istehlakçıya bağlamanın və ya lentin açılması yolu ilə mövcud malın yoxlanılması təklif edilməlidir.
9.6. Təhlükəsizliyi barədə dövlət sanitariya nəzarəti orqanları tərəfindən verilmiş xüsusi rəyi (sertifikatı) olmayan ətriyyat-kosmetika mallarının satışı qadağandır.
 
  1. Məişət kimyası mallarının satışının xüsusiyyətləri
 
10.1. Məişət kimyası mallarının (otaq, mebel, qab-qacaq, məişət avadanlıqları, ev əşyaları, yataq ləvazimatları, paltar, ayaqqabı və avtomobillərə xidmət üzrə yuyucu, təmizləyici və digər vasitələr, yapışqanlar, laklar, boyalar, lak məhsulları, dezinfeksiya vasitələri və ev həşəratları, gəmiricilər ilə mübarizə üçün məişətdə istifadə edilən vasitələr, məişət şəraitində xırda təmir işlərində istifadə olunan kimyəvi vasitələr, onların birləşmələri və digər mallar) satışı zamanı istehlakçıya bu Qaydaların 5.10-cu bəndində qeyd olunanlarla yanaşı aşağıdakılar haqqında da məlumat verilməlidir:
10.1.1. məişət kimyası mallarının tərkibinə daxil olan elementlər (inqrediyentlər);
10.1.2. dezinfeksiyaedici vasitələr, ev həşəratları və gəmiricilərə qarşı istifadə olunan vasitələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin tarixi və nömrəsi;
10.1.3. tikintidə istifadə üçün nəzərdə tutulmuş malların məcburi tələblərə uyğunluğunu təsdiq edən texniki şəhadətnamənin tarixi və nömrəsi;
10.1.4. saxlanma şərtləri (saxlanma şəraitinə dair məcburi tələblər olduqda).
10.2. Məişət kimyası malları ticarət zalına verilməzdən əvvəl taradan azad edilməli, çeşidlənməli, dəstin (sarğının) bütövlüyü (o cümlədən, aerozollu dəstlərin işlək vəziyyəti), malların keyfiyyəti və istehsalçısı barədə zəruri məlumatların və istifadə qaydalarının olub-olmaması yoxlanılmalıdır.
10.3. Satışa çıxarılan məişət kimyası malları əlverişli seçim imkanını təmin etmək üçün təyinatına və növlərinə görə qruplaşdırılmalıdır.
10.4. Aerozollu qabda yerləşdirilmiş məişət kimyası malları istehlakçılara verilərkən, onların işlək vəziyyətinin yoxlanılması ticarət zalından kənarda aparılmalıdır.
10.5. Təhlükəsizliyi barədə dövlət sanitariya nəzarəti orqanları tərəfindən verilmiş xüsusi rəyi (sertifikatı) olmayan məişət kimyası mallarının satışı qadağandır.
 
  1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışının təşkili
 
11.1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı mövcud qanunvericiliyə və bu Qaydalara uyğun olaraq həyata keçirilməlidir.
11.2. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı zamanı istehlakçıya bu Qaydaların 5.10-cu bəndində nəzərdə tutulanlardan əlavə aşağıdakı məlumatlar da çatdırılmalıdır:
11.2.1. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatından keçməsi, qeydiyyat şəhadətnaməsinin və toksikoloji rəyin verilməsi tarixi;
11.2.2. onların təhlükəlilik dərəcəsi;
11.2.3. tərkibi;
11.2.4. çəki vahidi, yaxud həcmi;
11.2.5. hazırlanma tarixi;
11.2.6. tətbiqi qaydaları;
11.2.7. zəhərlənmə zamanı ilkin yardımın göstərilməsi haqqında;
11.2.8. istehsalçının adı;
11.2.9. preparatın satış adı;
11.2.10. təsiredici maddənin adı.
11.3. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı yalnız istehsalçının qablaşdırdığı vəziyyətdə (tarada) həyata keçirilməlidir.
11.4. Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr qablaşdırılmış şəkildə satışa çıxarılmalıdır. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qablaşdırılmasında müvafiq icra hakimiyyəti orqanlarının icazə verdiyi qablaşdırma materiallarından istifadə olunmalıdır.
11.5. Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr ticarət zalında təyinatı üzrə (bitki, heyvan mühafizəsi, mineral və üzvi gübrələr və s.) qruplaşdırılmalı və ətraf mühitin çirklənməsinə yol verilməməlidir. Satıcı onların saxlanılması, ticarət zalında yerləşdirilməsi və satışı zamanı təhlükəsizliyin təmin edilməsi qaydalarına riayət etməlidir.
11.6. Dövlət sınağından keçməmiş, dövlət qeydiyyatına alınmamış, standartlara və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan saxta və keyfiyyətsiz pestisidlərin və aqrokimyəvi vasitələrin satılması qadağandır.
11.7. Satıcı istehlakçının tələbi ilə onu pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamənin surəti ilə tanış etməyə borcludur.
11.8. Dövlət sanitariya və fitosanitar nəzarəti orqanlarının icazə verdiyi yerlərdən kənarda pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı qadağandır.
11.9. Pestisidlər və aqrokimyəvi vasitələr sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə cavab verən satış zallarında və anbarlarda saxlanılmalıdır.
 
  1. Audiovizual əsərlərin, fonoqramların nüsxələrinin və elektron-hesablayıcı maşınları üçün proqramların satışının xüsusiyyətləri
 
12.1. Kasetlərə, disklərə və digər videodaşıyıcılara köçürülmüş əsərlərin, fonoqramların nüsxələrinin və elektron-hesablayıcı maşınları üçün proqramların satışı zamanı satıcı istehlakçıya bu Qaydaların 5.10-cu bəndində nəzərdə tutulan məlumatlardan əlavə satışa təqdim olunan belə malların hər biri üzrə aşağıdakı məlumatları da çatdırmalıdır:
12.1.1. audiovizual əsərlərin, fonoqramların, elektron-hesablayıcı maşınları üçün proqramların (onların nüsxələrinin) istehsalçısının adı, ünvanı, həmçinin belə malların nüsxələrinin hazırlanması, çoxaldılması üçün lisenziyası və onun nömrəsi;
12.1.2. videodaşıyıcıların texniki xarakteristikası (videokasetin, diskin növü, videosiqnal sistemi, səsin yazılma sistemi);
12.1.3. müəlliflik hüququ və (və ya) əlaqəli hüquqlar əldə edən haqqında məlumatlar;
12.1.4. elektron-hesablayıcı maşınları üçün proqramların qeydə alınma nömrəsi (əgər qeydə alınmışdırsa).
12.2. Bu Qaydaların 12.1-ci bəndində göstərilən məlumatlarla yanaşı film nüsxələrinin satışı zamanı satıcı istehlakçıya aşağıdakı məlumatları da çatdırmağa borcludur:
12.2.1. filmin, çəkildiyi ölkənin və studiyanın adı;
12.2.2. filmin buraxıldığı il;
12.2.3. film haqqında əsas məlumatlar (hansı janrda olması, müəllifi, rejissoru, bəstəkarı, baş rolların ifaçıları və başqaları haqqında qeydlər);
12.2.4. filmin həcmi (dəqiqə ilə);
12.2.5. filmin nüsxələrini hazırlayanların, videodaşıyıcılara köçürənlərin (filmin tirajını həyata keçirən təşkilatın) adı və hüquqi ünvanı;
12.2.6. prokat şəhadətnaməsinin verilməsi tarixi və nömrəsi;
12.2.7. yaşa görə tamaşaçı auditoriyasına olan məhdudiyyət haqqında tövsiyə (əgər varsa).
12.3. Videodaşıyıcılara köçürülmüş filmlərin nüsxələri ticarət zalına verilməzdən əvvəl yoxlanılmalıdır (qablaşdırma tamlığı və üzərində onu hazırlayan haqqında məlumatların olması).
12.4. Haqqı ödənilmiş malın istehlakçıya verilməsi zamanı satışı həyata keçirən şəxs onun üzlüyünün (qabının) bütövlüyünü yoxlamalı, lazım gəldikdə isə istehlakçının tələbi ilə filmdən fraqmentlərə baxmağa şərait yaratmalıdır.
12.5. Videodaşıyıcılara köçürülmüş filmlərin nüsxələrinin satışı onun istehsalçısı tərəfindən hazırlanmış üzlükdə (qabda) həyata keçirilməlidir.
 
  1. Məişət təyinatlı mürəkkəb texniki malların satışı
 
13.1. Məişət radioelektron cihazları, rabitə vasitələri, hesablama və çoxaltma texnikası, foto və kino aparatları, saatlar, musiqi alətləri, məişət-elektrik cihazları, maşın və alətlər, məişət qaz avadanlığı və qurğuları, digər məişət təyinatlı mürəkkəb texniki mallar ticarət zalına və ya istehlakçıya buraxılma yerinə verilənədək satışqabağı yoxlanılmalıdır. Satışqabağı hazırlıq hərəkətləri malı taradan çıxarmaqdan, zavod yağlamasını, tozunu, yonqarını təmizləməkdən, mala baxış keçirməkdən, komplektliyini, keyfiyyətini, mal və istehsalçı haqqında məlumatın mövcudluğunu yoxlamaqdan, lazım gələrsə məmulatı yığıb quraşdırmaqdan ibarətdir.
13.2. Bu Qaydaların 5.10-cu bəndində göstərilən tələblərdən əlavə, satış üçün təqdim olunan malların nümunələri ticarət zalında yerləşdirilərkən, onların üzərində malın adı, markası, modeli, artikulu, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa annotasiyası olmalıdır.
13.3. Satıcı istehlakçının tələbi və iştirakı ilə məişət təyinatlı mürəkkəb texniki malların quruluşunu, iş prinsipini, standartlara uyğunluğunu əyani nümayiş etdirməyə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumat verməyə, mala aid sənədləri təqdim etməyə borcludur.
13.4. Məişət təyinatlı mürəkkəb texniki mallarla bərabər, istehsalçı tərəfindən hazırlanmış ehtiyat hissələri və sənədlər də (texniki pasport və ya onu əvəz edən sənədlər, satış yeri və tarix göstərilməklə, istismar üzrə təlimatlar və s. sənədlər) istehlakçıya verilməlidir.
13.5. Satıcı məişət təyinatlı mürəkkəb texniki malla birlikdə istehlakçıya malın və satıcının adı, satış tarixi, artikulu, qiymətini əks etdirən və bilavasitə satışı həyata keçirən şəxsin imzası olan əmtəə çekini də verməlidir.
13.6. Satıcı, yaxud satıcı ilə bağladığı müqaviləyə əsasən bu funksiyanı icra edən təşkilat standartların tələblərinə və mala aid texniki sənədlərə (texniki pasporta, istismar təlimatına) əsasən, istehlakçının müstəqil olaraq yığmasına və quraşdırmasına yol verilməyən texniki mürəkkəb malı onun evində yığmağa və (və ya) quraşdırmağa borcludur.
13.7. Satıcı qeyd olunan xidmətləri göstərən təşkilatlar barədə məlumatı malların satışı zamanı istehlakçının nəzərinə çatdırmalıdır.
13.8. Əgər malın yığılması və quraşdırılması xərcləri malın dəyərinə daxil edilmişdirsə, bu halda qeyd olunan işlər satıcı, yaxud müvafiq təşkilat tərəfindən pulsuz yerinə yetirilməlidir.
 
  1. Tikinti materialları və məmulatlarının satışı
 
14.1. Meşə materialları və taxta-şalban (dəyirmi meşə materialları, tir, taxta, emal üçün yararlı şalban yanı və s.), ağacdan hazırlanan məmulatlar və ya ağac materialları (taxta hissələr, qapı və pəncərə blokları, bağ evlərinin, təsərrüfat tikililərində istifadə olunan dəstlər və s.), tikinti materialları (kərpic, sement, çınqıl, qum, özül və səki blokları, dəmir-beton sütunları, dam örtüyü materialları, su və istilik keçirməyən materiallar, şüşə və s.), metal məmulatları (borular, bərkidici məmulatlar, yayma profil materialları, məftil, metal tor və s.), alətlər (metal və ağac emalı üçün əl alətləri, ölçü alətləri, rəngsazlıq işləri üçün alətlər və s.), tikinti məmulatları (sanitar-texniki avadanlıqlar, qıfıl-pərçim (dəmirbənd) məmulatları, divar kağızları, linoleum, süni bəzək materialları və s.) satışqabağı hazırlıq əməliyyatlarından (komplektliyinin, malın keyfiyyəti və onun istehsalçısı barədə zəruri məlumatların mövcudluğunun yoxlanılması, çeşidlərə ayrılması və s.) keçirilməlidir.
14.2. Tikinti materialları və məmulatları ölçülərinə, markasına, növlərinə, istifadə təyinatına, istehlak xüsusiyyətlərinə və s. əlamətlərinə görə qruplaşdırılaraq yığılmalıdır.
14.3. Tikinti materiallarının və məmulatlarının istehlakçı tərəfindən seçilməsi və götürülməsi ticarət zalında və ya anbar məntəqələrində həyata keçirilə bilər.
14.4. Təbəqəli şüşə bütöv şəkildə, yaxud istehlakçının göstərdiyi ölçülərdə kəsilib satılır. Eni 20 sm-ə qədər olan şüşə qalıqları dəyəri ödənilmək şərtilə, istehlakçıya əsas malla birlikdə verilir.
14.5. Çəkisinə görə satılan qablaşdırılmamış bərkidici məmulatlar xüsusi avadanlıqlarla və ölçü cihazları ilə təchiz edilmiş yerlərdə satılmalıdır.
14.6. Satıcı tikinti materialları və məmulatlarının satışı zamanı bu Qaydaların 5.10-cu bəndində göstərilən məlumatlardan əlavə, istehlakçıya hər bir malın xüsusiyyətlərini nəzərə alaraq onun materialı, markası, tipi, ölçüsü və digər əsas göstəriciləri haqqında məlumat verməlidir.
14.7. Satıcı istehlakçıya aldığı malın çəkisini, ölçüsünü və növünü yoxlamaq üçün hər cür şərait yaratmalıdır. Bu məqsədlə dəyirmi ağac materiallarının və taxta-şalbanın sıx kub kütləsinə çevrilməsi əmsallarını, taxta-şalbanların kubaturalarını və onların ölçmə qaydalarını əks etdirən məlumat istehlakçının görə biləcəyi yerdə yerləşdirilməlidir.
14.8. İstehlakçının tələbinə əsasən satıcı onu standartlarla müəyyən edilən tikinti materiallarının və məmulatlarının ölçülməsi qaydası ilə tanış etməlidir.
14.9. Müəyyən komplektdə olan tikinti materialları və məmulatları istehlakçıya təhvil verilərkən, tərəflərin iştirakı ilə komplektə daxil olan məmulatların, həmçinin bu mala aid olan sənədlərin, o cümlədən komplektə daxil olan tikinti materiallarının siyahısının, quraşdırma təlimatının mövcud olması yoxlanılmalıdır.
14.10. Tikinti materiallarının satışı zamanı ətrafdakı obyektlərə, insanların və nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneçilik yaradılmamalı, ətraf mühitin çirklənməsinə və əhalinin narahatlığına səbəb olan (səs-küy, toz və s.) hallara yol verilməməlidir.
 
  1. Mebel satışı
 
15.1. Bu Qaydaların 5.10-cu bəndində göstərilən məlumatlarla yanaşı, təqdim edilən mebel haqqında istehlakçıya aşağıdakı məlumatlar da verilməlidir:
15.1.1. mebelin funksional təyinatı;
15.1.2. mebelin hazırlandığı və quraşdırılmasında istifadə olunan materiallar;
15.1.3. mebelin daşınma üsulu, şərtləri və istehlakçıya təhvil verilməsi.
15.2. Satışa çıxarılan mebel nümunələri ticarət zalında elə yerləşdirilməlidir ki, istehlakçılar onlarla sərbəst tanış olmaqla əlverişli seçim imkanlarından yararlana bilsinlər.
15.3. Satıcı satışa çıxarmazdan əvvəl mebelin komplektliyini, yığılma (quraşdırılma) sxeminin və mebel qarnituruna daxil olan bütün predmetlərin mövcudluğunu yoxlamalıdır.
15.4. Alqı-satqı zamanı satıcı mebellə yanaşı malın və satıcının adı, satılan mebelin artikulu, qarnitura daxil olan predmetin, lazımi furniturun miqdarı, üzlük materialın növü, hər bir predmetin və mebel dəstinin qiyməti yazılmış əmtəə çekini istehlakçıya verməyə borcludur.
15.5. Alqı-satqı müqaviləsində digər qayda nəzərdə tutulmayıbsa, mebelin çatdırılması və yığılmasının dəyəri istehlakçı tərəfindən ödənilir.
 
  1. Qənnadı məmulatlarının satışının xüsusiyyətləri
 
16.1. Qənnadı məmulatlarının pərakəndə ticarətinə ixtisaslaşdırılmış xüsusi mağazalarda, şöbələrdə, seksiyalarda və kofeteriyalarda, ərzaq və çörək-bulka məmulatlarının satışı mağazalarında, gündəlik tələbat mallarının satışı mağazalarında, kiçik pərakəndə ticarət şəbəkələrində (çadırlar, pavilyonlar və s.), ictimai iaşə obyektlərində icazə verilir. İxtisaslaşmış qənnadı və çörək-bulka məmulatlarının ticarəti ilə məşğul olan obyektlərin xüsusi şöbələrində (seksiyalarında) qəhvə, çay, qəhvədən hazırlanmış içkilər, bal, mürəbbə, cem, qənd və digər məhsullar da satıla bilər.
16.2. Qənnadı məmulatlarının satışı zamanı satıcı malın xüsusiyyətlərini nəzərə alaraq, istehlakçılara bu Qaydaların 5.10-cu bəndində göstərilən məlumatları verməyə borcludur.
16.3. Ticarət obyektlərinə həmin obyektin həcmindən asılı olaraq, yalnız müvafiq normativ-texniki sənədlərin tələblərinə uyğun məhsullar qəbul edilməlidir. Bütün qablaşdırılmış qənnadı məhsullarının qablarının üzərində müvafiq standartların və ya texniki şərtlərin işarəsi, hazırlanma tarixi (saatı), ən son istehlak tarixi, tez xarab olan məhsullar üçün saatı mütləq qeyd olunmalıdır.
16.4. Qənnadı məmulatları yükləmə-boşaltma, daşınma zamanı atmosfer yağıntılarından qorunmalıdır.
16.5. Ədədi qənnadı məmulatlarının faktiki çəkiləri yoxlanılaraq qəbul edilməlidir.
16.6. Aşağıdakı hallarda qənnadı məmulatlarının satışı qadağandır:
16.6.1. uyğunluq və gigiyenik sertifikatları olmadıqda;
16.6.2. saxlanma müddəti bitdikdə;
16.6.3. tez xarab olan məmulatlar üçün xüsusi soyuducu avadanlıqları olmadıqda;
16.6.4. üzərində istehsal tarixi və vaxtı, son istifadə müddəti və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar olmadıqda.
16.7. Qənnadı məmulatları normativ-texniki sənədlərin tələblərinə uyğun şəraitdə və temperatur rejimində saxlanılmalıdır.
16.8. Qənnadı məmulatlarının saxlanıldığı yerlərdə nəmliyi özünə hopduran (qənd, duz və s.) və spesifik iyli məhsulların saxlanılması qəti qadağandır.
16.9. Qənnadı məmulatları ticarət obyektlərində, şöbələrdə (seksiyalarda), özünəxidmət mağazalarında polietilen və ya başqa bükmə materiallarına qabaqcadan bükülmüş vəziyyətdə satışa təqdim oluna bilər.
16.10. Ticarət zalına qənnadı məmulatları növlərə və çeşidlərə ayrıldıqdan və sortlaşdırıldıqdan sonra yerləşdirilməlidir. Bu halda aşağıdakılara əməl olunmalıdır:
16.10.1. çəki ilə satılan konfet, karamel, peçenye, vafli, meyvəli, giləmeyvəli və şokoladlı məmulatlar piştaxtalardakı yeşiklərdə yerləşdirilməli;
16.10.2. pirojnalar, bükmələr, kekslər listlərdə və ya istehsalçı tərəfindən xüsusi qablaşdırılmış formada satışa verilməli;
16.10.3. tort və pirojnalar soyuducu vitrinlərdə və ya soyuducu sistemli şkaflarda yerləşdirilməli;
16.10.4. bağlamalardan açılmış qənnadı məmulatları piştaxtalarda, rəflərdə yerləşdirilməlidir.
16.11. Satış vitrinlərində satışda olan qənnadı məhsullarının bütün çeşidləri və sortlarının nümunələri xüsusi səbətlərdə, vazalarda, polietilen torbalarda və digər münasib qablarda yerləşdirilməlidir.
16.12. Çeşidlənmiş ədədi və ya çəki ilə satılan qənnadı məmulatları istehlakçının görə bildiyi şəkildə çəkilməli və satılmalıdır.
16.13. Ədədi konfetlər bükülmüş vəziyyətdə satılmalıdır. Ədədi satılan konfetin qiyməti qiymət preyskurantında göstərilməlidir.
16.14. Qənnadı məmulatlarının kəsilməsi, qablaşdırılması üçün xüsusi kəsici alətlərdən, belçələrdən, birdəfəlik qablardan istifadə olunmalıdır. Bu belçələrdən digər ərzaq mallarının (duz, qarabaşaq yarması və s.) satışı zamanı istifadə etmək qadağandır.
 
  1. Malların nümunələr üzrə satışının xüsusiyyətləri
 
17.1. Pərakəndə alqı-satqı müqaviləsi istehlakçının satıcı tərəfindən təklif edilmiş mal nümunəsi (onun təsviri, bukleti, malların kataloqu və s.) ilə tanış olması əsasında bağlanıla bilər.
17.2. Müqavilədə digər qayda nəzərdə tutulmadıqda, satıcı malın daşınması, çatdırılması, mürəkkəb texniki malların quraşdırılması, istismara hazırlanması və saxlanılması xidmətlərini də həyata keçirməlidir.
17.3. Nümunələr üzrə satılan malların və göstərilən xidmətlərin siyahısını satıcı müəyyən edir.
17.4. Müqavilə bağlanılarkən, istehlakçı təklif edilən xidmətlərdən imtina edə bilər.
17.5. Satıcı qanunvericiliyin tələblərinə uyğun olaraq, müəyyən edilmiş iş rejimi, satılan mallar və göstərilən xidmətlər haqqında bu Qaydaların 5.10-cu bəndində nəzərdə tutulan məlumatları istehlakçılara çatdırmağa borcludur.
17.6. Satılan mal aşkar edilən qüsura görə əvvəllər təmir (bərpa) olunmuşdursa, satıcı bu barədə istehlakçını məlumatlandırmalıdır.
17.7. İstehlakçıların tanışlığı üçün nümunə üzrə malların satışında onların nümunələri, kataloqları, markaları, artikulları, müxtəlif görünüşlü komplektləri, cihazları və s. təklif olunmalıdır.
17.8. Nümunə üzrə malların satışı zamanı istehlakçıların təqdim olunan mallarla yaxşı tanış olması və seçimi üçün vitrinlər, piştaxtalar, stendlər, avadanlıqlar kifayət sayda olmalı və uyğun yerlərdə yerləşdirilməlidir.
17.9. Nümunə üzrə mal satışının nümunələrinin yerləşdirilməsi və yayımı “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilməlidir.
17.10. Mebellərin satışı nəzərdə tutulan yerlərdə (ticarət zallarında) komplektlərin nümayişi, yaşayış ərazisi kimi interyer forması, məişət otaqları, mətbəx və mətbəx ləvazimatları, avadanlıqlar stend şəklində sərgilənməlidir.
17.11. Nümayiş olunan malların quraşdırılması və istismarı prosesi satıcı tərəfindən nümayiş etdirilməlidir.
17.12. Satışa təqdim olunan audio-video texnikası, musiqi alətləri, kinomatoqrafiya avadanlıqları, saatlar, məişət texnikası və xüsusi qoşulması tələb olunmayan digər malların nümunələri yığılmış halda, texniki cəhətdən standartlara uyğun və xarici görünüşü qüsursuz vəziyyətdə nümayiş etdirilməlidir.
17.13. Malların poçt rabitəsi, nəqliyyat və digər vasitələrlə müvafiq ünvanlara çatdırılması satıcı ilə bu qurumlar arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir.
17.14. Malın qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış reklamda, kataloqlarda və malların təsvirlərində təklif edilməsi, əgər bu, pərakəndə alqı-satqı müqaviləsinin bütün mühüm şərtlərini əhatə edirsə, ümumi oferta sayılır.
17.15. Satış yerində (piştaxtalarda, vitrinlərdə və s.) malların qoyulması, onların nümunələrinin nümayiş etdirilməsi və ya satılan mallara dair məlumatların (malların təsvirlərinin, kataloqlarının, fotoşəkillərinin və s.) təqdim edilməsi qiymətin və pərakəndə alqı-satqı müqaviləsinin digər mühüm şərtlərinin göstərilib-göstərilməməsindən asılı olmayaraq ümumi oferta sayılır, lakin satıcının müəyyən malların satış üçün nəzərdə tutulmadığını aşkar müəyyənləşdirdiyi hal istisna təşkil edir.
17.16. Malların nümunələr üzrə alqı-satqı müqaviləsi hər iki tərəfin qarşılıqlı razılığı ilə tərtib edilmiş sənədlə (müqavilə) rəsmiləşdirilə və ya mal almaq haqqında poçt, teleqraf, teletayp, telefon, elektron və s. üsullarla bilavasitə tərəflərin iradəsilə bağlanıla bilər.
17.17. Malların nümunələr üzrə alqı-satqı müqaviləsində (hansı formada bağlanılmasından asılı olmayaraq) aşağıdakılar göstərilməlidir:
17.17.1. satıcının adı və hüquqi ünvanı;
17.17.2. istehlakçının və ya onu təmsil edənin soyadı, adı, atasının adı, ünvanı;
17.17.3. malın çatdırılma ünvanı və tarixi;
17.17.4. malın adı, artikulu, komplektə daxil olan predmetlər, malın qiyməti;
17.17.5. göstərilən xidmətin növü, yerinə yetirilmə müddəti və qiyməti;
17.17.6. satıcı və istehlakçının öhdəlikləri.
17.18. Malların nümunələr üzrə alqı-satqı müqaviləsi bilavasitə satış yerində malın dəyərinin ödənilməsi barədə istehlakçıya kassa, əmtəə çeki (digər sənəd) verildiyi andan və ya satıcının təklif etdiyi şərtlərlə istehlakçının mal almaq niyyətini bu və ya digər rabitə vasitəsilə çatdırdığı vaxtdan bağlanılmış hesab edilir.
17.19. Satıcı malların texniki xidməti haqqında istehlakçı ilə xüsusi müqavilə bağlamalı və mürəkkəb texniki malların quraşdırılması, standartlara uyğunlaşdırılması, istismara qoşulması barədə texniki sənədlərdə qeyd olunmuş xüsusi təlimatı ona təqdim etməlidir.
17.20. İstehlakçının təqsiri üzündən mallar təyinat yerinə çatdırılmadan geri qaytarıldıqda, istehlakçı tərəfindən əlavə haqq ödənilməklə, mallar təkrar müvafiq yerə çatdırıla bilər.
17.21. Əgər istehlakçıya müqavilə şərtlərinə uyğun olmayan qüsurlu mal göndərilərsə, istehlakçı 14 gündən gec olmayaraq, satıcıya malda aşkarlanmış qüsurlar barədə məlumat verməlidir. Bu halda satıcı qüsurlu malı yenisi ilə əvəz etməlidir. Əgər qeydə alınan qüsur istehlakçı tərəfindən aradan qaldırılarsa, çəkilmiş xərc satıcı tərəfindən istehlakçıya ödənilməlidir.
17.22. Əvvəlcədən haqqı ödənilmiş malın çatdırılması müqavilədə göstərilən müddətdə yerinə yetirilmədikdə, istehlakçı malın çatdırılmasını və ya əvvəlcədən ödənilmiş məbləğin geri qaytarılmasını satıcıdan tələb edə bilər.
17.23. Müqavilədə malın verilməsi (çatdırılması) istehlakçının bilavasitə satış yerində malın dəyərinin ödənilməsi ilə şərtləndirilə bilər.
17.24. Əgər müqavilədə malın çatdırılması müddəti nəzərdə tutulmayıbsa, istehlakçı malı ağlabatan müddətdə təyinat yerinə çatdırmağa borcludur.
17.25. Nümunələr üzrə alqı-satqı müqaviləsi əgər müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, malın müqavilədə göstərilən təyinat yerinə çatdırıldığı andan, təyinat yeri göstərilmədikdə isə istehlakçının və ya onu təmsil edənin yaşayış yerinə çatdırıldığı vaxtdan icra edilmiş hesab olunur.
17.26. Müqavilədə həmçinin bu və ya digər xidmət göstərilməsi ilə əlaqədar şərtlər olduqda, belə müqavilə şərtləşdirilmiş xidmətin yerinə yetirildiyi vaxtdan icra edilmiş hesab olunur.
17.27. Qanunla və digər normativ aktlarla malların keyfiyyətinə dair məcburi şərtlər müəyyən edildikdə, satıcı keyfiyyəti məcburi tələblərə uyğun gələn malı istehlakçıya verməyə borcludur.
17.28. Müqavilədə keyfiyyətlə bağlı şərtlər olmadıqda, satıcı malın məqsədli təyinatına uyğun və adətən istifadə edilən malı istehlakçıya verməyə borcludur.
17.29. Satıcı malla birlikdə istehlakçıya mala aid sənədləri də (texniki pasport, istifadə təlimatı və s.) verməlidir.
17.30. Lazımi keyfiyyətdə olmayan malı əldə edən istehlakçı bu Qaydaların 5.52-ci - 5.59-cu bəndlərində göstərilən tələblərdən birini irəli sürə bilər.
17.31. Müqavilə ləğv edildikdə, satıcının tələbilə və onun hesabına istehlakçı qüsurlu malı geri qaytarmağa borcludur.
17.32. Satıcıya (istehsalçıya) qarşı bu Qaydaların 5.52-ci -5.59-cu bəndlərindəki tələblər istehlakçı tərəfindən müvafiq sənədlər əlavə edilməklə yazılı şəkildə irəli sürülməlidir.
 
  1. İstifadədə olmuş qeyri-ərzaq mallarının satışının xüsusiyyətləri
 
18.1. Bu Qaydaların 5.10-cu bəndində göstərilən məlumatlarla yanaşı, istifadədə olmuş qeyri-ərzaq mallarına dair istehlakçılara aşağıdakılar barədə də məlumat verilməlidir:
18.1.1 malın vəziyyəti və qüsurları (çatışmazlıqları);
18.1.2. mala dair görülmüş sanitariya-epidemioloji tədbirlər;
18.1.3. texniki xüsusiyyətləri (mürəkkəb texniki mallar üçün);
18.1.4. malın təyinatı və onun təyinatı üzrə və ya digər məqsədlər üçün istifadə imkanları.
18.2. İstifadədə olmuş qeyri-ərzaq mallarının vəziyyəti, xüsusiyyətləri, o cümlədən qüsurları (çatışmazlıqları) haqqında məlumatlar əmtəənin yarlığında göstərilməlidir.
18.3. Müəyyən olunmuş tələblərə uyğunluğun təsdiq edilməsi, yararlılıq və ya xidmət müddəti haqqında məlumat verilməsi tələb olunan istifadədə olmuş qeyri-ərzaq malları satışa təqdim edildikdə, lakin belə məlumatların verilməsi mümkün olmadıqda, satıcı bu haqda istehlakçını xəbərdar etməlidir.
18.4. İstifadədə olmuş tibbi təyinatlı mallar, dərman preparatları, şəxsi gigiyena əşyaları, ətriyyat-kosmetika malları, məişət kimyası malları, corablar, alt paltarları, körpə uşaqlar üçün paltarlar və müvafiq sanitariya işlənməsindən keçməyən və bu barədə müvafiq təsdiqedici sənədləri (sertifikatı) olmayan paltarların, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qabların satışı qadağandır.
18.5. İstifadədə olmuş mallara satışqabağı baxış keçirilməli, növlərinə və istehlak xüsusiyyətlərinin itirilməsi əlamətlərinə görə ayrılmalı, xarici əlamətlərinə görə keyfiyyəti, malın işə yararlılığı, komplektliyi və lazımi sənədlərin mövcudluğu yoxlanılmalıdır.
18.6. Əgər istifadədə olmuş malın üzərində təmizləmə, yuma, dezinfeksiya, dezinseksiya aparılmayıbsa və ya bu barədə müvafiq təsdiqedici sənədlər mövcud deyildirsə, satıcı malı satışqabağı bu əməliyyatlardan keçirməlidir.
18.7. İstifadədə olmuş texniki mürəkkəb məişət əşyaları satılan zaman istehlakçıya əmtəə çeki ilə yanaşı (satıcıda mövcud olduğu zaman), müvafiq texniki sənədlər (texniki pasport və ya onu əvəz edən sənədlər, istifadə qaydaları barədə təlimat), həmçinin zəmanət talonu verilməlidir.
18.8. İstifadədə olmuş lazımi keyfiyyətdə olmayan qeyri-ərzaq malı satıldıqda, malda mövcud olan qüsurlar, çatışmazlıqlar barədə istehlakçıya məlumat verilmədikdə, istehlakçı öz seçimi ilə bu Qaydaların 5.52-5.59-cu bəndlərində nəzərdə tutulan tələbləri irəli sürə bilər.
18.9. Bu Qaydaların 5.52.3-cü və 5.52.4-cü yarımbəndlərində göstərilən tələblər əmtəənin xarakterindən və ya öhdəliyin mahiyyətindən başqa digər hal yaratmadığı halda irəli sürülə bilər.
 
  1. Meyvə-tərəvəz məhsullarının satışı
 
19.1. Meyvə-tərəvəzlərin, meyvə-tərəvəz yarımfabrikatlarının, yabanı meyvələrin və giləmeyvələrin təzə, qurudulmuş, emal edilmiş, konservləşdirilmiş şəkildə pərakəndə satışı meyvə-tərəvəz mağazalarında, pavilyonlarda və digər ticarət obyektlərində həyata keçirilir.
19.2. Ticarət obyektlərində, eləcə də mövsümi və səyyar ticarət obyektlərində, arabalarda, açıq tərəvəz bazarlarında təzə meyvə-tərəvəz məhsullarının qəbuluna və satışına həmin məhsullar fitosanitar nəzarəti orqanları tərəfindən yoxlanıldıqdan sonra icazə verilir.
19.3. Meyvə-tərəvəz satışını həyata keçirən obyektlər texniki normalara uyğun lazımi mexaniki vasitələrlə və inventarlarla təmin edilməlidir.
19.4. Dövlət sanitariya nəzarəti orqanlarının rəsmi icazəsi olmayan yerlərdə, həmçinin qanunvericiliklə müəyyən edilmiş hallarda fitosanitar tələblərə uyğunluğu sertifikatlaşdırılmamış meyvə-tərəvəz məhsullarının satışı qadağandır.
19.5. Qablaşdırılmış meyvə-tərəvəz məhsulları haqqında istehlakçılara onların xüsusiyyətləri nəzərə alınmaqla, bu Qaydaların 5.10-cu bəndində göstərilən məlumatlarla yanaşı, məhsulun emalının xüsusi üsulları, reklam xarakterli məlumatlar, yığım (tədarük) tarixi, qablaşdırma tarixi, saxlanma şərtləri, malların normativ tələblərin məcburi şərtlərinə uyğunluğunu təsdiq edən sənəd barədə də məlumat verilməlidir.
19.6. Meyvə-tərəvəz məhsulları ticarət zalında xüsusi ayrılmış yerlərdə çıxdaş olanlar ayrıldıqdan sonra satışa çıxarılmalıdır.
19.7. Meyvə-tərəvəz məhsulları rəflərdə, piştaxtalarda, kasetlərdə, zənbillərdə, yeşiklərdə yerləşdirilməlidir.
19.8. Piştaxtada, şüşə rəflərdə və vitrində malın adı, növü, ədədlə və ya çəki ilə satış qiyməti göstərilməlidir.
19.9. Satış prosesində keyfiyyəti aşağı düşən meyvə-tərəvəz məhsulları müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək satışa təqdim oluna bilər.
 
  1. Malların səyyar (mövsümi) satışının xüsusiyyətləri və xidmətlərin göstərilməsi
 
20.1. Səyyar (mövsümi) ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, dövlət müəssisə və təşkilatların binalarına, tarixi və mədəniyyət abidələrinə, təhsil müəssisələrinə bitişik ərazilərdə həyata keçirilə bilməz.
20.2. Müəyyən edilmiş sahələrdən kənarda səyyar (mövsümi) ticarət və xidmət fəaliyyəti qadağandır.
20.3. Səyyar (mövsümi) ticarət və xidmət zamanı icazə verilməyən yerlərdə aşağıdakı malların satılması (xidmətin göstərilməsi) qadağandır:
20.3.1. qiymətli metallardan və qiymətli daşlardan olan məmulatların;
20.3.2. ancaq elektrik şəbəkəsindən qidalanan mürəkkəb texniki malların (radio, televizor, elektrik məişət cihazları və digər elektrik mallarının);
20.3.3. səsgücləndirici cihazlardan istifadə etməklə audiokasetlər və audiovizual əsər və fonoqramların, elektron-hesablayıcı maşınlar üçün proqramların (onların nüsxələrinin);
20.3.4. dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları istisna olmaqla, bütün növ qida məhsullarının;
20.3.5. insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına digər məhsulların. [3]
20.4. Malların və məhsulların bilavasitə səkilərə, torpağın, yaşıllıqların, ağacların, yeşiklərin və s üzərinə qoyularaq satışı qadağandır.
20.5. Səyyar (mövsümi) ticarət və xidmət fəaliyyətinin həyata keçirildiyi yerdə verilmiş icazənin surəti asılmalıdır.
20.6. Səyyar (mövsümi) ticarət və xidmət fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər aşağıdakıları yerinə yetirməyə borcludurlar:
20.6.1. fəaliyyət növünün aparılması üçün müəyyən edilmiş tələblərə və qaydalara əməl etməyə;
20.6.2. ayrılmış ərazidən kənarda fəaliyyətə yol verməməyə;
20.6.3. icazə verilmiş fəaliyyət növündən başqa digər fəaliyyəti həyata keçirməməyə;
20.6.4. ətrafda yaşayan və istirahət edən əhalinin narahatçılığına səbəb olan hərəkətlərə yol verməməyə;
20.6.5. ictimai asayişi pozmamağa;
20.6.6. sanitariya normalarına əməl etməyə;
20.6.7. səyyar (mövsümi) ticarət və xidmət fəaliyyəti başa çatdıqdan sonra ayrılmış ərazinin əvvəlki vəziyyətini bərpa etməyə;
20.6.8. səlahiyyətli dövlət orqanlarının mütəxəssisləri tərəfindən icazə verilmiş sahələrdə müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydalarına, istismar şərtlərinə və əhaliyə xidmətin təşkilinə nəzarət edilməsinə şərait yaratmağa.
20.7. Səyyar (mövsümi) ticarət və xidmət zamanı sanitariya norma və qaydalarının tələblərinə riayət olunmalıdır.
20.8. Dövlət sanitariya nəzarət orqanları tərəfindən rəsmi icazə verilməyən yerlərdə və satışına icazə verilmiş çeşiddən kənara çıxmaqla ərzaq məhsullarının səyyar satışı qadağandır.
 
  1. Kredit müqaviləsi üzrə malların satışının xüsusiyyətləri
 
21.1. Malların kredit müqaviləsi üzrə satışı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, pərakəndə ticarət obyektləri tərəfindən həyata keçirilir. Bu zaman ödəniş mal istehlakçıya verildikdən sonra hissə-hissə ödənilir.
21.2. Malların kreditlə satışında ödənişin müddəti alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Müqavilədə müddət müəyyən edilmədikdə, istehlakçı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətdə öhdəliyi yerinə yetirməlidir.
21.3. Malı təhvil almış istehlakçı müqavilədə nəzərdə tutulan müddətdə ödənişi həyata keçirmədikdə, satıcı malın qiymətinin ödənilməsini və ya malın qaytarılmasını tələb edə bilər.
21.4. Satıcı müqavilədə göstərilmiş malı verməkdən imtina edərsə, istehlakçı öhdəliyin icrasını dayandırmaqla və ya icrasından imtina etməklə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
 
  1. Bazarlarda ticarətin təşkili
 
22.1. Mülkiyyətçinin razılığı ilə bazarın ərazisində qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, pərakəndə ticarət (xidmət) obyektləri yerləşdirilə bilər.
22.1-1. Ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir.[4]
22.2. Bazarların ərazisində satışı qadağan edilən malların siyahısı, göstərilən xidmətlərin növü və dəyəri, bazarın idarəetmə, dövlət baytarlıq, fitosanitar xidmətlərinin yerləşdikləri məntəqə, mal qrupları üzrə ixtisaslaşmış ticarət zonaları haqqında məlumatlar görünən yerdə (girişdə) yerləşdirilməlidir.
22.3. Bazarın fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bazarın rəhbəri (mülkiyyətçisi) və onun ərazisində daimi fəaliyyət göstərən pərakəndə ticarət, ictimai iaşə, məişət və digər xidmət obyektləri arasındakı münasibətlər müqavilələr əsasında tənzimlənir.
22.4. Bazarın fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bazarın rəhbəri (mülkiyyətçisi) tərəfindən aşağıdakılar təşkil edilməlidir:
22.4.1. sanitariya-gigiyena və yanğından mühafizə qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət etməklə masaların, arabaların və digər ləvazimatların ticarət cərgələrində (zonalarında) yerləşdirilməsi, həmçinin istehlakçıların və satıcıların müstəqil hərəkəti üçün şəraitin yaradılması;
22.4.2. qeyri-ərzaq mallarının satışı üçün xüsusi yerlərin ayrılması;
22.4.3. müxtəlif mal qruplarının satışı üçün xüsusi şərait yaradılmış yerlərin ayrılması;
22.4.4. ticarət obyektlərinin və digər tikililərin qüvvədə olan sanitariya, əməyin mühafizəsi, əhalinin sağlamlığının və ətraf mühitin qorunması, yanğından mühafizəsi, habelə malların istehsalı, saxlanılması və satışı üzrə tələblərə uyğun olaraq müvafiq avadanlıqlarla (tərəzilərin, sanitar geyimlərinin və digər ticarət inventarlarının kirayəyə verilməsi şərtilə) təmin edilməsi;
22.4.5. lokal rabitə vasitəsilə elan və reklamların verilməsi;
22.4.6. satıcılara qiymət kağızlarının verilməsi;
22.4.7. ət və ət məhsullarının doğranması üçün satıcıların xüsusi avadanlıqlarla, cihazlarla, alətlərlə təmin edilməsi;
22.4.8. satıcıların malların saxlanılması üçün xüsusi şəraitli soyuducularla, digər kamera və anbarlarla təmin edilməsi;
22.4.9. bazarın rəhbəri (mülkiyyətçisi) ilə mal satan arasında bağlanılan müqaviləyə uyğun olaraq, bazarlarda piştaxtadan, masadan, arabadan, maşından və digər vasitələrdən istifadə üçün ödənilmiş pula görə ödəmə qəbzinin (və ya kassa mədaxil orderinin) verilməsi;
22.4.10. qida üçün yararsız olan ərzaq məhsullarının zərərsizləşdirilərək məhv edilməsi üçün util peçinin təşkil edilməsi;
22.4.11. qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət nəzarəti orqanlarının müvafiq göstərişlərinin icra edilməsi.
22.5. Bazarda aşağıdakılara yol verilmir:
22.5.1. qanunvericiliklə müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların satışına;
22.5.2. satış üçün xüsusi şəraiti olmayan yerlərdə (obyektlərdə) tez xarab olan ərzaq məhsullarının satışına;
22.5.3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən damğalanmamış tərəzidən və digər ölçü cihazlarından istifadəyə.
 
  1. İctimai iaşə xidmətlərinin göstərilməsi
 
23.1. İcraçı istehlakçılar üçün qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək (siqaret çəkilməsinin məhdudlaşdırılması, salona daxil olarkən üst geyiminin girişdə qarderoba təhvil verilməsi və s.) hüququna malikdir.
23.2. İctimai iaşə obyektlərində göstərilən xidmətlərin siyahısı icraçı tərəfindən sərbəst olaraq müəyyən edilir.
23.3. İctimai iaşə obyektlərində kənardan alınmış məhsulların satışı və əlavə xidmətlərin göstərilməsi zamanı yaranmış münasibətlər müvafiq satış və ya xidmət qaydaları ilə tənzimlənir.
23.4. İctimai iaşə obyektlərində hazırlanan məhsulların hər birinin kalkulyasiyası olmalıdır. Menyu və çeşid siyahısı hər bir yemək və məhsul üzrə tərtib edilmiş kalkulyasiya vərəqlərinə əsaslanmalıdır. İctimai iaşə obyektlərində istehlakçılarla hesablaşmalar zamanı nəzarət-kassa aparatının çeki ilə yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin dəyərini (çekdəki məbləği) təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərilmiş hesab təqdim edilməlidir.
23.5. İcraçı öz təşkilatının adı, yerləşdiyi ünvanı, tipi (növü), dərəcəsi (kateqoriyası), iş rejimi, təklif olunan kulinariya məhsulları və göstərilən xidmətlər barədə zəruri informasiyanı istehlakçılara çatdırmalıdır.
23.6. Göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə icraçı ona aşağıdakılar barədə məlumatları verməlidir:
23.6.1. xidmətlərin siyahısı və icra şərtləri;
23.6.2. xidmətlərin qiymətləri və ödəniş şərtləri;
23.6.3. təklif olunan iaşə məhsullarının firma adı və tərkibi;
23.6.4. təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri;
23.6.5. istehsal olunan iaşə məhsullarının və göstərilən xidmətlərin istinad edildiyi normativ sənədlər.
23.7. İstehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla çatdırılmalıdır.
23.8. İstehlakçıya məlumatlar Azərbaycan dilində, zəruri hallarda isə digər dillərdə də verilməlidir. İstehlakçı ona təklif olunan iaşə məhsullarının əsas istehlak xassələri, keyfiyyəti, həmçinin xörəklərin hazırlanma texnologiyası barədə əlavə məlumatlar (kommersiya sirri təşkil edən məlumatlardan başqa) almaq hüququna malikdir.
23.9. İcraçı qarşılıqlı razılıq və şərtlər əsasında hər bir istehlakçıya xidmət göstərməyə borcludur. Xidmət şərtləri, o cümlədən qiymətlər (qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı istehlakçı kateqoriyalarına güzəştli xidmətlərin göstərilməsi halları istisna olmaqla) bütün istehlakçılar üçün eyni (bərabər) müəyyən edilməlidir.
23.10. Əvvəlcədən sifariş əsasında göstəriləcək xidmətlər müqavilələrin, sifariş qəbzlərinin və ya digər sənədlərin tərtib edilməsi ilə rəsmiləşdirilir. Həmin sənədlərdə icraçı və istehlakçıların adı, soyadı, xidmət növü və onun qiyməti, ödəniş şərtləri, sifarişin qəbulu və icra tarixi, sifarişi qəbul edən şəxsin imzası və digər məlumatlar öz əksini tapmalıdır. Rəsmiləşdirilmiş sənədin bir nüsxəsi sifarişçiyə (istehlakçıya) təqdim olunmalıdır.
23.11. Sifarişlər telefon və digər rabitə vasitələri ilə qəbul edilə bilər.
23.12. İcraçı istehlakçıya onunla razılaşdırılmış müddətdə xidmət göstərməyə borcludur.
23.13. İcraçı istehlakçıya normativ sənədlərin məcburi tələblərinə və sifariş şərtlərinə uyğun olan keyfiyyətli xidmət göstərməlidir. Təqdim edilən malların (məhsulların) keyfiyyəti və təhlükəsizliyi müvafiq normativ-texniki sənədlərin tələblərinə cavab verməlidir.
23.14. İstehlakçı ona təklif olunan iaşə məhsullarının həcmini (çəkisini) yoxlamaq hüququna malikdir. İcraçı istehlakçıya iaşə məhsulunun həcminin (çəkisinin) yoxlanılması üçün müvafiq şərait yaratmalıdır.
23.15. İcraçı göstərilən xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
23.16. İctimai iaşə məhsullarının istehsalı və istehlakının təşkili (xidmət göstərilməsi) normativ sənədlərin məcburi tələblərinə uyğun olaraq, xüsusi hazırlıq və profilaktiki tibbi müayinədən keçmiş işçilər tərəfindən həyata keçirilməlidir.
23.17. İctimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən asılı olaraq, istehlakçılara əlavə (ödənişli) xidmətlər də göstərə bilərlər. Əlavə xidmətlərin dəyəri menyu və ya preyskurantda əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir.
23.18. İcraçı əvvəlcədən sifarişin qarşılıqlı öhdəliklərlə müəyyən edilmiş müddətdə yerinə yetirilməsinə təminat verməlidir.
23.19. Əvvəlcədən sifariş üzrə göstəriləcək xidmətin icra müddətinin pozulduğu və ya keyfiyyətsiz yerinə yetirildiyi hallarda istehlakçı aşağıdakıları tələb edə bilər:
23.19.1. sifarişin icrası üçün yeni müddətin müəyyən edilməsini;
23.19.2. göstərilən xidmətin qiymətinin aşağı salınmasını;
23.19.3. icraçının hesabına (istehlakçını qane edən müddətdə) nöqsanların aradan qaldırılmasını və ya müvafiq keyfiyyətdə oxşar iaşə məhsulunun hazırlanmasını, yaxud onun digər məhsulla əvəz olunmasını;
23.19.4. xidmətdən imtina edilməsini.
23.20. Sifariş üzrə göstəriləcək xidmətin icra müddətinin pozulmasına görə istehlakçı ona dəymiş ziyanın tam həcmdə ödənilməsini tələb edə bilər. Zərərin ödənilməsi qanunvericiliklə müəyyən olunmuş müddətlərdə həyata keçirilir. Əgər icraçı xidmət müddətinin pozulmasının ondan asılı olmayan səbəblərdən və ya sifarişçinin təqsiri üzündən baş verməsini sübuta yetirərsə, istehlakçının tələbi ödənilmir.
23.21. İctimai iaşə obyektlərində məhsulun hazırlanması zamanı istifadə olunan suyun keyfiyyəti normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq aşağıdakı şərtlərə cavab verməlidir:
23.21.1. ictimai iaşə obyektində içməli, təmizləmə və digər məqsədlər üçün kifayət qədər və uyğun təzyiqdə isti və soyuq su olmalıdır;
23.21.2. su anbarları, qablar üstüörtülü, təmiz olmalı və asanlıqla yoxlanıla biləcək yerdə yerləşdirilməlidir;
23.21.3. istifadə olunan su qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və gigiyena normalarına cavab verməlidir.
23.22. İctimai iaşə xidmətinin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş sanitariya qaydalarının və gigiyenik normativlərin tələblərinə ciddi riayət olunmalıdır.
 
  1. Məişət və digər növ xidmət obyektlərində xidmətlərin göstərilməsi
 
24.1. İcraçı istehlakçıya göstərilən xidmətlərin (yerinə yetirilən işlərin) icra yerini (səyyar qəbul məntəqələri və digər yerlər) və şəraitini nəzərə almaqla, onların dəyərinin ödəniş forması və qaydası haqqında məlumat verməlidir.
24.2. Sifarişlərin qəbul edildiyi xidmət obyektlərində bu məlumatlar istehlakçı üçün rahat və görünən yerdə yerləşdirilməklə, aşağıdakıları əhatə etməlidir:
24.2.1. istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət və ictimai qurumlar haqqında məlumatları;
24.2.2. göstərilən əsas və əlavə xidmətlərin (işlərin) siyahısını;
24.2.3. təklif olunan xidmətlərin (işlərin) və onların icrası zamanı istifadə olunan materialların, ehtiyat hissələrinin qiymətlərini;
24.2.4. istehlakçıya təklif olunan hazırlanacaq məmulatların (yerinə yetirilən işlərin) nümunələrini (modelini) nümayiş etdirən vitrinləri (moda jurnallarını, albomları və s.);
24.2.5. xidmət göstərilməsində (işin yerinə yetirilməsində) istifadə edilən əsas və köməkçi materialların istehlakçıya təklif olunan nümunələrini;
24.2.6. icraçının iş rejimi, hüquqi ünvanı və telefon nömrəsi haqqında məlumatları.
24.3. Göstərilən xidmət və icraçı haqqında istehlakçıya düzgün olmayan məlumatların verilməsi onun (istehlakçının) həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulması ilə nəticələnərsə, sonuncu müqaviləni pozmaqla (Azərbaycan Respublikasının qanunvericiliyi ilə daha yüksək məsuliyyət nəzərdə tutulmamışdırsa), ona dəymiş ziyanın tam həcmdə ödənilməsini tələb edə bilər.
24.4. İcraçı öz fəaliyyət növünə uyğun olan xidmətlər (işlər) üzrə sifarişləri qəbul edir. Xidmət göstərilməsi (işlərin yerinə yetirilməsi) üçün sifarişlər bilavasitə xidmət obyektlərində, onların filiallarında, iş, təhsil, yaşayış və istirahət yerlərində qəbul edilə bilər. Xidmət göstərilməsi (işin yerinə yetirilməsi) üçün sifariş aşağıdakı məlumatları əks etdirən müqavilə ilə, habelə nağd pul hesablaşmaları aparılan zaman çek, qəbz və digər ciddi hesabat blankları tərtib edilməklə rəsmiləşdirilir:
24.4.1. icraçının hüquqi ünvanı, sifarişçinin adı və soyadı, ünvanı və telefonu;
24.4.2. sifarişin qəbul olunması tarixi, yerinə yetirilməsi müddəti və avans məbləği;
24.4.3. xidmətin (işin) növü, onun yerinə yetirilməsi üçün icraçı və istehlakçı tərəfindən təqdim olunan materialların (əşyaların) tam adı;
24.4.4. xidmətin qarşılıqlı razılaşdırılmış dəyəri və miqdarı;
24.4.5. təmirə verilən məmulatın zavod nömrəsi;
24.4.6. tərəflərin məsuliyyəti;
24.4.7. sifarişçinin və qəbul edənin imzaları;
24.4.8. tərəflərin razılığı ilə digər məlumatlar.
24.5. Məmulatların hazırlanması üçün sifarişlər nümunələr, moda jurnalları və ya sifarişçinin təqdim etdiyi eskizlər üzrə qəbul edilir. İcraçı istehlakçının razılığı əsasında məmulatın nümunə və hazırlanma texnologiyasından kənarlaşmalara (əgər kənarlaşma istehlakçının həyatı, sağlamlığı, mülkiyyəti və ətraf mühit üçün təhlükə yaratmırsa) yol verə bilər.
24.6. İcraçı normativ sənəddə nəzərdə tutulmuş və ya istehlakçı ilə müqavilədə müəyyən edilmiş müddətdə malın (göstərilən xidmətin nəticələrinin) təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir.
24.7. Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi istehlakçıların həyatına, sağlamlığına, onların əmlakına və ya ətraf mühitə təhlükə yarada və ya zərər vura bilən mallara (işlərə, xidmətlərə) xidmət müddəti (yararlılıq müddəti) müəyyən edilməlidir.
24.8. İstehlakçı müqavilə üzrə nəzərdə tutulmuş iş (xidmət) üçün çəkilmiş xərclərin dəyərini ödəməklə, istənilən vaxt xidmət göstərilməsi (iş görülməsi) haqqında müqaviləni poza bilər.
24.9. Sifariş yerinə yetirildikdən sonra, icraçı dəyəri istehlakçı tərəfindən ödənilmiş ehtiyat hissələri və onların qalıqları barədə ona (istehlakçıya) məlumat verməli, dəyişdirilmiş hissələri və detalları sifarişçiyə qaytarmalıdır.
24.10. İcraçı xidmət göstərilməsində (işin yerinə yetirilməsində) istifadə məqsədi ilə istehlakçı tərəfindən təqdim edilən materialların, ehtiyat hissələrinin və digər əşyaların düzgün istifadəsi üçün məsuliyyət daşıyır. İstehlakçıdan qəbul edilmiş materiallar, ehtiyat hissələri və digər əşyalar yararsız hala salındıqda və ya itirildikdə, icraçı 1 ay müddətində onu istehlakçının razılığı ilə eynitipli və keyfiyyətli malla (əşya ilə) əvəz etməlidir. Müəyyən səbəblərə görə əvəz edilməsi mümkün olmadıqda, istehlakçıya həmin materialın (əşyanın) dəyəri və vurulmuş ziyanın məbləği icraçı tərəfindən ödənilməlidir.
24.11. İcraçı istehlakçıya aşağıdakılar barədə məlumat verməlidir:
24.11.1. istehlakçının təqdim etdiyi materialların və ehtiyat hissələrinin keyfiyyəti və yararlılığı;
24.11.2. hazırlanmış məhsullardan və yerinə yetirilmiş işlərin (göstərilən xidmətlərin) nəticələrindən təhlükəsiz və səmərəli istifadə;
24.11.3. icraçıdan asılı olmadan yerinə yetirilən işin (göstərilən xidmətin) keyfiyyətinə xələl gətirə biləcək amillər;
24.11.4. qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar.
24.12. İcraçı aşağıdakıları təmin etməlidir:
24.12.1. təyin edilmiş iş rejiminə riayət edilməsini;
24.12.2. göstərilən xidmətlər (yerinə yetirilən işlər) haqqında məlumatlar verilməsini;
24.12.3. göstərilən xidmətin (yerinə yetirilən işin) lazımi keyfiyyətə, standartların tələblərinə və müqavilənin şərtlərinə uyğun olmasını;
24.12.4. hazırlanmış (təmir edilmiş) məhsulların təyin edilmiş müddətlərdə təhvil verilməsini;
24.12.5. göstərilən xidmətin (yerinə yetirilən işin) təhlükəsizliyini;
24.12.6. hazırlanmış (təmir edilmiş) məhsullar üzrə müəyyən edilmiş müddətlərdə zəmanət öhdəliklərinin yerinə yetirilməsini.
24.13. İcraçı sifarişi müqavilə ilə və ya digər sənədlərlə müəyyən edilmiş müddətlərdə yerinə yetirməlidir. Sifarişin icra müddəti, başlanğıc və son müddəti qeyri-iş gününə təsadüf etdikdə, icra müddəti növbəti iş günündən hesablanır.
24.14. Qarşılıqlı razılıq əsasında xidmətin (işin) istehlakçının evində və ya digər yerdə (məsələn, bağ sahəsində) icrası zamanı, icraçı müəyyən edilmiş müddətdə (vaxtda) işçilərin xidmət obyektinə gətirilməsini təmin etməli, istehlakçı isə öz növbəsində xidmət göstərilməsi (işin yerinə yetirilməsi) üçün lazımi şərait yaratmalıdır.
24.15. Qəbul edilmiş sifarişin icrasına başlanılmadığı və ya xidmətin (işin) gedişatı zamanı sifarişin müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi, habelə sifarişin icra müddəti pozulduğu hallarda istehlakçı icraçıdan aşağıdakıları tələb edə bilər:
24.15.1. sifarişin icrasına başlanılması və ya onun tam yerinə yetirilməsi üçün yeni müddətin müəyyən edilməsini;
24.15.2. sifarişin yerinə yetirilməsinin digər şəxsə tapşırılmasını (icraçının hesabına);
24.15.3. xidmətə (işə) görə haqqın müvafiq məbləğdə azaldılmasını;
24.15.4. müqaviləni pozmağı və vurulmuş ziyanın ödənilməsini.
24.16. Sifarişin icrasına başlamaq (və ya onu tam yerinə yetirmək) üçün müəyyən edilmiş yeni müddət müqavilədə və ya digər sənəddə öz əksini tapmalıdır.
24.17. Yeni müəyyən edilmiş müddətlərin pozulduğu hallarda, istehlakçı müqavilənin pozulmasını və vurulmuş ziyanın ödənilməsini tələb edə bilər.
24.18. Sifarişin icrasına vaxtında başlanılmaması və ya xidmətin (işin) ləng gedişatı sifarişin müəyyən edilmiş müddətə icrasının qeyri-mümkünlüyünə səbəb olarsa, bu zaman icraçı istehlakçıya dəyən zərəri ödəməyə borcludur.
24.19. Yerinə yetirilmiş sifarişin müqavilə və ya digər sənəd üzrə müəyyən edilmiş qəbul müddətinin pozulması halları üçün müqavilə sənədlərində müxtəlif cərimə şərtləri nəzərdə tutula bilər.
24.20. Qanunda və ya müqavilədə digər hal müəyyən edilməmişdirsə, icraçı müqavilə üzrə şərtləşdirilmiş işi öz materialı və vəsaitləri ilə yerinə yetirməyə borcludur və materialın keyfiyyəti üçün məsuliyyət daşıyır.
24.21. Əgər icraçı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
24.22. Sifariş üzrə icra olunmuş işlər və ya göstərilmiş xidmətlər tam şəkildə istehlakçılara çatdırılmalıdır.
24.23. İcra olunmuş işlərdə və ya göstərilmiş xidmətlərdə çatışmazlıqlar aşkar edildikdə, istehlakçı aşağıdakılardan birini tələb edə bilər:
24.23.1. göstərilmiş xidmətdə (yerinə yetirilmiş işdə) mövcud olan çatışmazlıqların əvəzsiz olaraq aradan qaldırılmasını;
24.23.2. göstərilmiş xidmətin (yerinə yetirilmiş işin) dəyərinin müvafiq məbləğdə azaldılmasını;
24.23.3. əvəzi ödənilməməklə, eyni növlü materialdan müvafiq keyfiyyətdə digər məmulatın hazırlanmasını və ya işin təkrar yerinə yetirilməsini (paltarların yuyulması və ya kimyəvi təmizlənməsi, təmir işləri və s.), yaxud öz vəsaitləri və ya üçüncü şəxsin hesabına çatışmazlıqların aradan qaldırılmasına çəkilmiş xərclərin ödənilməsini.
24.24. Göstərilən xidmətdə (yerinə yetirilən işdə) mövcud olan çatışmazlıqlar müəyyən olunmuş müddətdə aradan qaldırılmazsa, istehlakçı müqaviləni ləğv etməklə, vurulmuş ziyanın ödənilməsini tələb edə bilər. İstehlakçı həmçinin göstərilən xidmətdə (yerinə yetirilən işdə) çatışmazlıqlar və yaxud müqavilə şərtlərindən kənarlaşmalar aşkar etdikdə, həmin müqaviləni ləğv edə bilər. Müqavilənin ləğvi istehlakçının yazılı ərizəsinə (ləğv edilmə səbəbləri göstərilməklə) əsasən həyata keçirilir. Ərizəyə müqavilə əlavə olunur. Pulun, həmçinin xammal və materialların istehlakçıya qaytarılması ilə bağlı xərclər icraçının hesabına ödənilir.
24.25. Bu Qaydaların 24.15-ci bəndində nəzərdə tutulan tələblər aşağıdakı hallarda istehlakçı tərəfindən irəli sürülə bilər:
24.25.1. yerinə yetirilmiş sifarişin qəbulu zamanı və ya zəmanət müddətində;
24.25.2. icra olunmuş sifarişin qəbul edildiyi tarixdən qanunvericiliklə müəyyən edilmiş müddətdə (sifariş üzrə zəmanət müddəti müəyyən edilmədikdə);
24.25.3. sifarişin icrası zamanı çatışmazlıqlar aşkar edildikdə.
24.26. Xidmət göstərilməsi (işin yerinə yetirilməsi) zamanı aşkar edilmiş çatışmazlıqlar istehlakçının təyin etdiyi müvafiq müddətdə icraçı tərəfindən aradan qaldırılmalıdır.
24.27. Yerinə yetirilmiş sifarişin qəbulu zamanı istehlakçı tərəfindən aşkar edilmiş çatışmazlıqlar tərəflər arasında razılaşdırılmış müddətdə (əgər müqavilə üzrə daha az müddət müəyyən edilməmişdirsə) aradan qaldırılmalıdır. Çatışmazlıqların aradan qaldırılması üçün istehlakçı tərəfindən müəyyən edilmiş (və ya tərəflərlə razılaşdırılmış) müddət, tərəflərin imzaladıqları müqavilədə və ya digər sənəddə öz əksini tapmalıdır. Çatışmazlıqların aradan qaldırılması ilə bağlı müəyyən edilmiş müddətlərin pozulmasına görə icraçı qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
24.28. Xidmətin (işin) və onun yerinə yetirilməsi üçün istifadə edilən materialların, ehtiyat hissələrinin dəyəri və ödəniş forması tərəflər arasında qarşılıqlı razılıq əsasında müəyyənləşdirilir.
24.29. İstehlakçı öz istəyindən asılı olaraq, müqavilə bağlanılan (sifariş qəbul edilən) zaman ona göstəriləcək hər hansı xidmətin (işin) tam və ya qismən dəyərini əvvəlcədən ödəyə bilər.
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 
  1. 19 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1513)
  2. 12 may 2015-ci il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 665)
  3. 25 fevral 2016-cı il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66) 
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 25 fevral 2016-cı il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66) ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.5-ci bəndindən “, dövlət özəlləşdirmə çekləri” sözləri çıxarılmışdır.
 
[2] 12 may 2015-ci il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 665) ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.17-ci bənddə “insanların həyatına, sağlamlığına və əmlakına, həmçinin ətraf mühitə” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına” sözləri ilə əvəz edilmişdir.
 
[3] 12 may 2015-ci il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 665) ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 20.3.5-ci yarımbənddə “insanların sağlamlığına və ətraf mühitə mənfi təsir göstərə bilən” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına” sözləri ilə əvəz edilmişdir.
 
[4] 19 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1513) ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na 22.1-1-ci bənd əlavə edilmişdir.

VALYUTA ÇEVİRİCİSİ