19 Oktyabr 2021 Çərşənbə axşamı 05:57:50

Bakı şəhəri, 25 dekabr 2001-ci il

«Təbii inhisarlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli Fərmanının 2-ci abzasının 1-ci hissəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. «Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2001-ci il, № 12, maddə 811)

22 may 2006-cı il tarixli, 129 nömrəli; 5 oktyabr 2009-cu il tarixli, 163 nömrəli qərarlara əsasən əlavə və dəyişikliklərlə


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 25 dekabr tarixli
201 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması
Qaydası

I. Ümumi müddəalar

1.1. Təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətləri ilə bağlı müraciətlərinə baxılması Qaydası (bundan sonra – Qayda) «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının Qanununa, «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikası qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli Fərmanına və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətləri ilə bağlı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə (bundan sonra İqtisadi İnkişaf Nazirliyi) razılıq almaq üçün müraciətini, bununla əlaqədar lazımi sənəd və məlumatın təqdim olunmasını, İqtisadi İnkişaf Nazirliyində müraciətə baxılması ardıcıllığını müəyyən edir.

1.3. Qaydanın tətbiq edilməsində məqsəd istehlakçıların mənafeyinə xələl gətirə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərin qarşısının alınmasını, təbii inhisar subyektləri ilə istehlakçıların mənafelərinin tarazlaşdırılmasını təmin etməkdir.

II. Təbii inhisar subyektlərinin İqtisadi İnkişaf Nazirliyindən razılıq almaqla həyata keçirilən hərəkətləri

2.1. Təbii inhisar subyektləri aşağıdakı hərəkətlərə görə İqtisadi İnkişaf Nazirliyinin razılığını almalıdırlar:

2.1.1. barəsində «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət tənzimlənməsi tətbiq edilməyən əmtəənin istehsalı (satışı) üçün əsas vəsaitlərə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi;

2.1.2. əsas vəsaitlərin lizinq əsasında istehlakçılara verilməsi;

2.1.3. təbii inhisar subyektləri tərəfindən «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməyən fəaliyyət sahələrinə investisiyaların ayrılması.

2.2. Barəsində «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət tənzimlənməsi tətbiq edilən əmtəənin istehsalı (satışı) üçün əsas vəsaitlərin satışı, icarəyə verilməsi və ya digər hərəkətlər qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.

III. Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün İqtisadi İnkişaf Nazirliyinə təqdim olunan materiallar

3.1. Təbii inhisar subyektləri bu Qaydanın 2-ci bölməsində göstərilən hərəkətlərlə bağlı razılıq almaq üçün İqtisadi İnkişaf Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

3.1.1. İqtisadi İnkişaf Nazirliyinin adına müraciət məktubu;

3.1.2. tənzimləmə tətbiq edilməyən əmtəələrin istehsalı (satışı) ilə əlaqədar təsərrüfat müqavilələri;

3.1.3. əsas vəsaitlərə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi ilə əlaqədar təsərrüfat müqavilələri;

3.1.4. əsas vəsaitlərin satışı, icarəyə verilməsi nəticəsində mülkiyyət və ya istifadə hüququnun digər təsərrüfat subyektlərinə keçməsi ilə əlaqədar təsərrüfat müqavilələri;

3.1.5. dövlət mülkiyyətində olan əmlakın icarə müqavilələri;

3.1.6. investisiya layihələri.

IV. Təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətləri ilə bağlı müraciətlərinə İqtisadi İnkişaf Nazirliyində baxılması

4.1. Daxil olmuş sənədlər iqtisadi inkişaf naziri (o olmadıqda nazirin müavini) tərəfindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (bundan sonra — Xidmət) göndərilir.

4.2. Xidmətində razılıq almaq haqqında daxil olmuş sənədlərə baxılan zaman aşağıdakı məsələlər aydınlaşdırılır:

4.2.1. son iki il ərzində müəssisəyə məxsus əsas vəsaitlərin, nizamnamə kapitalının hərəkəti;

4.2.2. mütləq xidmət edilməli olan istehlakçı qrupların tələbatının tam ödənilməsi mümkün olmadıqda, təminatın minimum həddinin müəyyən edilməsi üçün zəruri olan mövcud istehsal güclərinin və istehsal sahələrinin vəziyyəti;

4.2.3. təbii inhisar qanunvericiliyi ilə tənzimlənən fəaliyyət sahələri üçün nəzərdə tutulmuş investisiya layihələrinin əsaslandırılması;

4.2.4. təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlərinin həyata keçirilməsinin həmin təsərrüfat subyekti tərəfindən istehsal olunan məhsulların (işlərin, xidmətlərin) qiymətlərinə təsiri.

4.3. Təbii inhisar subyektlərinin bu Qaydanın 2-ci bölməsində göstərilən hərəkətlərinə aşağıdakı hallarda razılıq verilmir:

4.3.1. müraciətdə göstərilən hərəkətlər istehsalçıların mənafelərinə xələl gətirirsə;

4.3.2. müraciətdə göstərilən hərəkətlər antiinhisar və digər qanunvericilik normaları ilə ziddiyyət təşkil edirsə;

4.3.3. müraciət edən tərəfdən zəruri olan sənədlər təqdim edilməyibsə;

4.3.4. həmin sənədlərdə göstərilən məlumat həqiqətə uyğun gəlmirsə.

4.4. Xidmət təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlər ilə bağlı müraciətlərinə razılıq verib-verməmək barəsində 10 gün müddətində təklif hazırlayıb iqtisadi inkişaf nazirinə (nazir müavininə) təqdim etməlidir.

4.5. Xidmət müraciət edəndən məsələni araşdırmaq üçün əlavə sənədlərin təqdim edilməsini tələb etmək və yalnız bu halda müraciətə baxılma müddətini uzatmaq hüququna malikdir. Belə bir tələb 10 gün müddətində müraciət edənə göndərilməlidir.

4.6. Xidmət bütün hallarda müraciətin daxil olduğu və ya əlavə sənədlərin təqdim edildiyi vaxtdan 15 gündən gec olmamaq şərti ilə müraciət edənə qəbul olunmuş qərar barədə məlumat verməlidir (1 və 2 nömrəli əlavələr).

V. Yekun müddəalar

5.1. Təbii inhisar subyektlərinin müvafiq razılıq olmadan bu Qaydanın 2-ci bölməsində göstərilən hərəkətləri həyata keçirməsi yolverilməzdir.

5.2. Təbii inhisar subyektlərinin müvafiq razılıq olmadan bu Qaydanın 2-ci bölməsində göstərilən hərəkətləri həyata keçirməsi sübut olunduqda, Xidməti həmin hərəkətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün qanunvericiliyə uyğun olaraq tədbirlər görür.

5.3. Xidmət müraciətdə göstərilən hərəkətlərə razılıq verməkdən imtina etdikdə və ya ona baxılma müddəti bitdikdən sonra heç bir cavab vermədikdə müraciət edən inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.


Təbii inhisar subyektləri tərəfindən
dövlət nəzarətində olan hərəkətlərlə bağlı
razılıq almaq üçün müraciətə baxılma və
bununla əlaqədar müvafiq sənəd və məlumatın
təqdim olunması Qaydasına
1 nömrəli əlavə

(Xidmətin blankında)

_____________________________________________________________________________________

(müraciət edən təbii inhisar subyektinin adı və vəzifəli şəxsin adı, soyadı)

_____________________________________________________________________________________

(təbii inhisar subyektinin adı)

______________________________________________________________________________________

(müraciətin məzmunu)

ilə əlaqədar müraciətinə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində baxılmışdır.

«Təbii inhisarlar haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri baxımından Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ________________________________________________________________________

(təbii inhisar subyektinin adı)

tərəfindən ___________________________________________________________________________ _________________________________________________________________________ etiraz etmir.

(hərəkətlərin məzmunu)

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin rəisi

(imza)


Təbii inhisar subyektləri tərəfindən
dövlət nəzarətində olan hərəkətlərlə bağlı
razılıq almaq üçün müraciətə baxılma və
bununla əlaqədar müvafiq sənəd və məlumatın
təqdim olunması Qaydasına
2 nömrəli əlavə

(Xidmətin blankında)

_____________________________________________________________________________________

(müraciət edən təbii inhisar subyektinin adı və vəzifəli şəxsin adı, soyadı)

______________________________________________________________________________________

(təbii inhisar subyektinin adı)

______________________________________________________________________________________

(müraciətin məzmunu)

ilə əlaqədar müraciətinə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində baxılmışdır.

«Təbii inhisarlar haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri baxımından Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ________________________________________________________________________

(təbii inhisar subyektinin adı)

tərəfindən ___________________________________________________________________________ ______________________________________________________________________________________

(hərəkətlərin məzmunu)

___________________________________________________________________________ etiraz edir.

(etirazın səbəbi)

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin rəisi

(imza)

VALYUTA ÇEVİRİCİSİ