19 Oktyabr 2021 Çərşənbə axşamı 05:29:06

Bakı şəhəri, 29 noyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli, 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı»nın 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. «Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. «Malın mənşə ölkəsinin təyin edilməsi Qaydasının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 noyabr tarixli, 202 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 823) qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2007-ci il, № 11 (125), maddə 1188)

23 dekabr 2010-cu il tarixli, 241 nömrəli Qərara əsasən dəyişikliklərlə


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 29 noyabr tarixli,
190 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Malın mənşə ölkəsinin təyin edilməsi
Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına, GATT (Ticarət və Tariflər üzrə Baş Saziş) Sazişinin II maddəsinə və Mənşə Qaydaları haqqında Sazişin müddəalarına əsasən hazırlanmışdır və malın mənşə ölkəsinin təyin edilməsi qaydasını müəyyən edir.

1.2. Malın mənşə ölkəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif tədbirlərinin, o cümlədən qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə müəyyən olunur.

1.3. Bu Qaydada aşağıdakı anlayışlardan istifadə olunur:

1.3.1. malın mənşə ölkəsi — malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə;

1.3.2. malın kifayət qədər emal meyarı — malın istehsalında iki və daha artıq ölkənin iştirak etdiyi halda, ona xarakterik xüsusiyyətlər verilməsi ilə sonuncu dəfə əhəmiyyətli emala məruz qaldığı ölkəni malın mənşə ölkəsi kimi müəyyən edən emal meyarı;

1.3.3. gömrük nəzarəti — Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən gömrük işi haqqında qanunvericiliyə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş milli qanunvericiliyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər toplusu;

1.3.4. mal — istənilən daşınan əmlak, o cümlədən valyuta və valyuta sərvətləri, elektrik və digər enerji növləri, bu Qaydanın 1.3.5-ci yarımbəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri;

1.3.5. nəqliyyat vasitələri — sərnişinlərin və malların beynəlxalq daşımaları üçün istifadə olunan istənilən vasitələr, o cümlədən, konteynerlər və digər nəqliyyat avadanlıqları;

1.3.6. mal nomenklaturası — malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq aparılan Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası.

2. Malın mənşə ölkəsinin təyin edilməsi

2.1. Malın mənşəyinin bəyan edilən ölkə olduğunu təyin etmək üçün «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq, aşağıdakı hallarda və beynəlxalq təcrübədə istifadə olunan formada malın mənşə sertifikatı malı bəyan edən tərəfindən gömrük orqanlarına təqdim edilir:

2.1.1. mənşəyi gömrük tarifinə görə Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara;

2.1.2. müəyyən ölkədən gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara;

2.1.3. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərdə, həmçinin, Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı, Azərbaycan istehlakçılarının hüquqlarının müdafiəsi, ictimai asayişin qorunması, dövlət təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının digər həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulduğu hallarda;

2.1.4. gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərdə malların mənşəyi haqqında məlumat olmadıqda və ya Azərbaycan Respublikasının gömrük orqanında malın mənşəyi haqqında bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.

3. Müəyyən ölkədə tam istehsal olunmuş mallar

3.1. Müəyyən bir ölkədə tam istehsal olunmuş mal üzrə, həmin ölkənin mənşə ölkəsi olması «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq, malı müşayiət edən mənşə sertifikatında olan aşağıdakı məlumatların düzgünlüyü ilə təsdiq edilə bilər:

3.1.1. faydalı qazıntıların onun ərazisində və ya məhəlli sularında, qitə şelfində və dənizin təkində (əgər bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa) çıxarılması və bu məhsullardan malların yalnız həmin ölkədə istehsalı haqqında;

3.1.2. bitkiçilik məhsullarının onun ərazisində becərilməsi və yığılması haqqında;

3.1.3. heyvanların orada doğulduğu və bəslənildiyi haqqında;

3.1.4. məhsulların həmin ölkədə bəslənilmiş heyvanlardan alınmasının təsdiqi haqqında;

3.1.5. ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsullarının onun ərazisində istehsal edildiyi barədə;

3.1.6. dünya okeanında ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsullarının həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanması barədə;

3.1.7. həmin ölkə gəmilərinin bortunda alınan məhsulların yalnız bu Qaydanın 3.1.6-cı yarımbəndində göstərilən məhsullardan emal olunması haqqında;

3.1.8. həmin ölkənin ərazi sularından (dənizlərindən) kənarda dənizin dibindən və təkindən alınmış məhsul haqqında, bu şərtlə ki, həmin ölkənin bu dəniz dibini və ya bu dəniz təkini istismar etməyə müstəsna hüququ olsun;

3.1.9. təkrar xammalın və tullantıların həmin ölkədəki istehsalın və əməliyyatların nəticəsi olması barədə;

3.1.10. həmin ölkəyə məxsus və ya onun tərəfindən icarəyə götürülmüş kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya məhsulları barədə;

3.1.11. bu Qaydanın 3.1.1-3.1.10-cu yarımbəndlərində göstərilən məhsullardan istehsal edilmiş malların həmin ölkədə istehsal olunduğu barədə.

3.2. Yuxarıda göstərilənlərin gömrük orqanları tərəfindən təsdiq edilməsi mümkün olmadıqda, müəyyən bir ölkədə tam istehsal olunmuş malın mənşə ölkəsi həmin ölkə hesab edilmir.

4. İki və daha çox ölkənin iştirakı ilə istehsal edilmiş mallar üzrə

4.1. İki və daha çox ölkənin iştirakı ilə istehsal edilmiş malların mənşə ölkəsi «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq aşağıdakı kifayət qədər emal meyarları ilə müəyyən edilir:

4.1.1. malın istehsalında iştirak edən ölkələrin birində emal nəticəsində mal nomenklaturunun birinci dörd rəqəmindən ən azı birinin səviyyəsində mal mövqeyi (malın təsnifat kodu) dəyişdikdə, həmin ölkə malın mənşə ölkəsi hesab edilir. Malın istehsalında iki və ya daha artıq ölkə iştirak etdiyi halda, mala xarakterik xüsusiyyətlər verilməsi üçün kifayət edən sonuncu dəfə əhəmiyyətli emala, təkrar emala məruz qaldığı ölkə malın mənşə ölkəsi hesab edilir;

4.1.2. kifayət edən və ya kifayət etməyən istehsal texnoloji əməliyyatların yerinə yetirilməsi nəticəsində əvvəlkilərdən fərqlənən yeni göstəricilərə və standartlara uyğun mal yaratmış ölkə malın mənşə ölkəsi hesab edilir:

  • ilkin mal üzərində texnoloji əməliyyatlar nəticəsində mal tamamilə dəyişdirildikdə və yeni mal koduna məxsus mal yaradıldıqda;
  • ilkin mal üzərində texnoloji əməliyyatlar nəticəsində mal qismən dəyişdirildikdə, lakin yeni mal koduna məxsus mal yaradıldıqda;

4.1.3. malın istehsalında istifadə olunan materialların dəyəri və ya əlavə dəyəri emal üçün göndərilən malın franko-zavod qiymətinin müəyyən olunmuş hissəsini təşkil etməklə qiyməti dəyişdikdə, advaler pay qaydası tətbiq olunur.

Advaler pay qaydası tətbiq olunduğu hallarda, dəyər göstəriciləri aşağıdakı kimi hesablanır:

    • son məhsul istehsalını həyata keçirən ölkəyə idxal olunan materiallar gətirildikdə, onların gömrük dəyəri üzrə (CİF şərtilə) və yaxud idxal olunan materialların mənşəyi məlum olmadıqda, son məhsul istehsalını həyata keçirən ölkə ərazisində onların sənədlə təsdiq olunan ilkin satış qiyməti üzrə;
    • son məhsul üçün — satıcının franko-zavod (franko-anbar) şərtinin qiyməti üzrə.

4.2. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən malın mənşə ölkəsini müəyyən etmək üçün kifayət qədər emal meyarı aşağıdakı hallar üzrə tətbiq edilə bilməz:

4.2.1. saxlanma və nəqletmə zamanı malların mühafizəsinin təmin edilməsi ilə bağlı əməliyyatlar;

4.2.2. malların satışa və daşınmaya hazırlanması əməliyyatları (mal partiyasının bölünməsi, malların göndərilməsi üçün formalaşdırılması, çeşidlənməsi və yenidən qablaşdırılması);

4.2.3. sadə yığma əməliyyatları;

4.2.4. alınmış məhsula onu əvvəlki xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndirən yeni əlamətlər vermədən malların (tərkib hissələrinin) qarışdırılması.

4.3. Bəyannamələrdə konkret malların ölkə üzrə mənşəyi xüsusi olaraq qeyd olunmadığı təqdirdə, mal nomenklaturası üzrə mal mövqeyində ilk dörd rəqəm səviyyəsində dəyişmə baş vermişsə, bu zaman malın mənşə ölkəsi, bu Qaydanın 4.1.2-ci yarımbəndinin birinci abzasında göstərilən qaydada müəyyən edilir.

5. Malların mənşə ölkəsinin müəyyən edilmə xüsusiyyətləri

5.1. Avadanlıqlar, aparatlar və ya nəqliyyat vasitələri onlara məxsus, onların texniki sənədlərində göstərilən və onların istifadəsi üçün nəzərdə tutulan ləvazimat, ehtiyat hissələri və alətlərlə bir komplektdə gətirilirsə və satılırsa, onda həmin ləvazimat, ehtiyat hissələri və alətlərin mənşə ölkələri göstərilən avadanlıqlar, aparatlar və ya nəqliyyat vasitələrinin mənşə ölkələri hesab olunur.

5.2. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malın mənşə ölkəsi hansı ölkədirsə, malın qabının mənşə ölkəsi də həmin ölkə sayılır. İstisna hallarda, qablaşdırma xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq ayrıca mal kimi bəyan olunduğu halda, malın qabının mənşə ölkəsi ayrıca olaraq müəyyən edilir.

5.3. Malların mənşə ölkəsi müəyyən edilərkən, advalor pay qaydası tətbiq olunan mallar da daxil olmaqla, həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən, malların qablaşdırılmasının mənşə ölkəsi o zaman malın mənşə ölkəsi hesab olunur ki, pərakəndə satışda malın qablaşdırma ilə birlikdə satışı nəzərdə tutulsun.

6. Sökülmüş və yaxud yığılmamış şəkildə göndərilən mal üzrə

6.1. Mallar istehsal və nəqliyyat şərtlərinə görə bir neçə partiyalarla göndərildikdə, habelə, bir partiya mal səhvən bir neçə partiyaya bölünmüşsə, «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq, aşağıdakı şərtlərə riayət edildikdə, bəyan edən şəxsin istəyi ilə həmin mallar vahid bir mal kimi götürülür və malın mənşə ölkəsi aşağıdakılar nəzərə alınmaqla, müəyyən edilir:

6.1.1. Azərbaycan Respublikasının gömrük orqanına sökülmüş və yaxud yığılmamış malın bir neçə partiyaya bölünməsi səbəbləri haqqında mal nomenklaturasına görə kodlar göstərilməklə, hər partiyanın özünəməxsus cəhətləri, bu partiyaya daxil olan malların dəyəri və mənşə ölkəsi haqqında əvvəlcədən xəbərdarlıq edilməsi;

6.1.2. malın bir neçə partiyaya bölünməsinin səhv olduğunu təsdiq edən sənədlərin təqdim edilməsi;

6.1.3. malın bütün partiyalarının bir ölkədən bir malgöndərən tərəfindən göndərilməsini təsdiq edən sənədin təqdim edilməsi;

6.1.4. bütün partiyaların eyni gömrük orqanından gətirilməsi;

6.1.5. malın bütün partiyalarının gömrük bəyannaməsinin qəbul olunduğu tarixdən altı aydan gec olmayaraq və ya birinci partiyaya görə gömrük bəyannaməsinin verilməsi müddəti keçənə qədər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi.

6.2. Malı alandan asılı olmayan səbəblərə görə malların çatdırılması mümkün olmadığı hallarda, bəyannaməsinin əsaslandırılmış ərizəsinə əsasən qalan mal partiyasının gətirilmə müddəti gömrük orqanları tərəfindən uzadıla bilər.

Bu zaman göstərilən uzadılma müddəti birinci mal partiyasının gətirildiyi tarixdən başlayaraq, bir ildən çox olmamalıdır.

7. Malın mənşə ölkəsinin müəyyən edilməsi üçün istifadə olunmayan meyarlar

Malın mənşə ölkəsi müəyyən olunarkən, onun istehsalı üçün istifadə olunan istilik və elektrik enerjisinin, avadanlığın və alətlərin mənşəyi nəzərə alınmır.

8. Birbaşa alınan mal üzrə

8.1. Birbaşa alınan malın mənşə ölkəsi malı ixrac edən ölkə tərəfindən yuxarıda göstərilən mənşə meyarları üzrə bu Qaydaya əməl edilməklə, aşağıdakı hallarda müəyyən edilir:

8.1.1. mal birbaşa ixracatçı ölkədə qeydiyyatdan keçmiş müəssisələrdən, firmalardan alındıqda və bu ölkədən birbaşa gətirildikdə;

8.1.2. coğrafi, nəqliyyat, texniki və yaxud iqtisadi səbəblərdən bir və ya bir neçə ölkənin ərazisindən nəql edilən, habelə, onların həmin ölkələrin ərazisinə müvəqqəti və ya anbarlaşdırılması üçün tranzit ölkələrdə gömrük nəzarəti altında qalması şərtilə gətirilən mallar;

8.1.3. sərgilərdən və ya yarmarkalardan birbaşa alınan, onların fəaliyyətinin bütün dövrü ərzində gömrük nəzarəti altında olmuş və nümayiş etdirilməsi məqsədlərindən başqa, digər məqsədlər üçün istifadə edilməmiş mallar.

9. Sərbəst ticarət haqqında Saziş iştirakçıları olan dövlətlərin ərazisindən idxal olunan malların mənşə ölkəsinin təyin edilməsi

9.1. «Sərbəst ticarət haqqında» sazişlərin iştirakçıları olan dövlətlərdən idxal olunan malların mənşə ölkəsi Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Hökumət Başçıları Şurasının 2000-ci il 30 noyabr tarixli Qərarına əsasən təsdiq edilmiş «Malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları»nın müddəalarına əsasən təyin edilir.

9.2. Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Hökumət Başçıları Şurasının 1996-cı il 18 oktyabr tarixli qərarına əsasən «Sərbəst ticarət zonasının yaradılması haqqında» 1994-cü il 15 aprel tarixli Sazişin iştirakçıları olan dövlətlərin birinin rezidenti tərəfindən bu ölkənin gömrük ərazisindən Azərbaycan Respublikasının gömrük ərazisinə ixrac və həmin Sazişin iştirakçısı olan Azərbaycan Respublikasının rezidenti tərəfindən idxal olunduğu hallarda, malın mənşə ölkəsi Saziş iştirakçısı olan həmin ölkənin gömrük ərazisi hesab olunur.

10. Malın mənşəyinin təsdiqi

Malın mənşə ölkəsini təsdiq edən sənəd malın mənşə sertifikatı və ya malın mənşəyi haqqında bəyannamədir.

11. Malın mənşəyi haqqında sertifikat

11.1. Malın mənşə ölkəsinin təsdiq edilməsi üçün malın gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına beynəlxalq təcrübədə istifadə edilən mənşə sertifikatı təqdim edilir.

11.2. Azərbaycan Respublikasının gömrük orqanları təqdim olunan mənşə sertifikatlarının həqiqiliyini onlarda olan müvafiq ölkələrin mənşə sertifikatlarının nümunələrinə əsasən yoxlayır. Gömrük orqanlarında bu nümunələr olmadıqda, ticarət rejimləri haqqında sazişlərdə nəzərdə tutulmuş güzəştlər (preferensiyalar) tətbiq edilmir.

11.3. Konkret mal üzrə verilmiş sertifikatda aşağıdakı məlumatlar olmalıdır:

11.3.1. ixracatçının adı və ünvanı;

11.3.2. idxalatçının adı və ünvanı;

11.3.3. nəql edilmə vasitələri və hərəkətin marşrutu (məlum olduğu qədər);

11.3.4. yerlərin sayı, qablaşdırmanın növü, malın eyniləşdirilməsi (identifikasiyası) üçün lazım olan bütün məlumatların təsviri;

11.3.5. malın harmonik sistemə uyğun kodu ;

11.3.6. malın kifayət qədər emal/təkrar emal meyarları;

11.3.7. brutto və netto çəkisi (bu göstəricilər daşınma (nəql edilmə) zamanı malın çəkisi əhəmiyyətli dərəcədə dəyişdirildikdə, bu mala standart olaraq tətbiq edilən vahidlərin sayı və ya həcm ilə əvəz edilə bilər).

11.4. Malın mənşəyi haqqında sertifikat itdiyi halda, onun rəsmi olaraq təsdiq olunmuş surəti (dublikatı) təqdim edilir.

11.5. Malın mənşəyi haqqında sertifikatın və ya onda şərh olunan məlumatların düzgünlüyünə şübhə yarandıqda, Azərbaycan Respublikasının gömrük orqanları mənşə ölkəsi kimi göstərilmiş ölkənin müvəkkil təşkilatlarına və ya digər səlahiyyətli orqanlarına əlavə və dəqiqləşdirici məlumatların verilməsi barədə əsaslandırılmış xahişlə müraciət edə bilərlər.

11.6. Malın mənşəyi haqqında lazımi təsdiqedici və ya tələb olunan məlumatlar təqdim edilməyənədək, göstərilən ölkə malın mənşə ölkəsi hesab edilmir.

11.7. Gömrük orqanları malın buraxılmasından o vaxt imtina edə bilər ki, həmin malın Azərbaycan Respublikasının qanunvericiliyinə və yaxud qüvvədə olan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən malları Azərbaycan Respublikasının ərazisinə buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsaslar olsun.

Lazımi qaydada rəsmiləşdirilmiş malın mənşəyi haqqında sertifikatın və ya müvafiq məlumatların təqdim edilməməsi yükün buraxılmaması üçün əsas deyildir.

Bu bəndin ikinci abzasının müddəaları nəzərə alınmaqla, mənşəyi dəqiq müəyyən edilməmiş mallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş idxal rüsumlarının maksimum dərəcələri tətbiq edilməklə, Azərbaycan Respublikasının ərazisinə buraxılır.

11.8. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən gömrük rəsmiləşdirilməsi həyata keçirildiyi vaxtdan bir ildən gec olmayaraq, malların mənşəyinin tələb olunan qaydada təsdiq olunması şərti ilə, həmin mallara ən əlverişli şərait rejimi və ya imtiyazlı rejim tətbiq (bərpa) edilə bilər.

11.9. Malın mənşəyi haqqında qəbul olunan hər hansı bir hərəkət barədə 1 (bir) ay müddətində məhkəmə orqanlarına şikayət edilə bilər.

11.10. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilir.

12. Malların mənşəyi haqqında bəyannamə

12.1. Malların mənşəyi haqqında bəyannamə — istehsalçı, malgöndərən və satıcı tərəfindən mallara dair müşayiət sənədlərində malların mənşəyini təsdiq edən bildirişdir.

12.2. Malın mənşəyi haqqında bəyannamədə olan malın mənşəyinə dair məlumatlar Azərbaycan Respublikasında tətbiq olunan digər fərqli, kifayət qədər emala məruzqalma meyarına əsaslanmışdırsa, onda malın mənşə ölkəsi Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq müqavilələrlə müəyyən olunan meyarlar əsasında yenidən emala məruzqalma tələblərinə uyğun olaraq müəyyən edilir.

VALYUTA ÇEVİRİCİSİ