19 Oktyabr 2021 Çərşənbə axşamı 06:53:36

Bakı şəhəri, 30 avqust 1999-cu il

«Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 avqust 1999-cu il, № 8, maddə 538)

10 mart 2004-cü il tarixli, 27 nömrəli; 21 yanvar 2009-cu il tarixli, 12 nömrəli; 19 sentyabr 2009-cu il tarixli, 148 nömrəli Qərarlara əsasən dəyişikliklərlə


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 30 avqust tarixli
143 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma
Qaydası

1. Azərbaycan Respublikası coğrafi göstəricilərinin Dövlət reyestrinin aparılma qaydası «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə uyğun hazırlanmışdır.

2. Azərbaycan Respublikası coğrafi göstəricilərinin Dövlət reyestri (bundan sonra — reyestr) coğrafi göstəricilərin qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi üçün rəsmi sənəddir.

3. Reyestr nömrələnmiş, qaytanlanmış və möhürlə təsdiqlənmiş formada Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) saxlanılan kitabdır.

4. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq, tələb olunan göstəricilər üzrə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının müvafiq standartlaşdırılmış kodları (biblioqrafik məlumatları eyniləşdirmək üçün beynəlxalq rəqəm kodu) mötərizə içərisində ərəb rəqəmləri ilə göstərilir.

5. Qeydiyyat zamanı reyestrə aşağıdakı göstəricilər daxil edilir:

    • coğrafi göstəriciyə verilən şəhadətnamənin nömrəsi ilə eyni olan, coğrafi göstəricinin qeydiyyat nömrəsi — (111)
    • qeydiyyat tarixi — (151)
    • coğrafi göstəricinin qeydiyyatının qüvvədə olma müddətinin qurtardığı tarix — (181)
    • coğrafi göstəricini qeydə almaq üçün təqdim olunan iddia sənədinin nömrəsi — (210)
    • coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olduğu tarix — (220)

əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələri:

    • coğrafi göstəricinin şəkli — (540)
    • coğrafi göstəricinin kollektiv göstərici olduğunun göstərilməsi — (551)*
    • coğrafi göstəricini kollektiv nişan kimi istifadə etmək hüququ olan şəxslər haqqında məlumat;*
    • əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi göstəricinin hüdudları;
    • mənşə ölkəsində mühafizə olunan coğrafi göstərici haqqında məlumat;*
    • coğrafi göstəricidən istifadə hüququ alan şəxsin adı və ünvanı; fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı, ölkənin kodu — (730)
    • coğrafi göstəricinin dərc edildiyi tarix.

6. Aşağıda göstərilən məlumatlar reyestrə əlavə edilir:

    • şəhadətnamə sahibi olan hüquqi və ya fiziki şəxsin adlarının dəyişilməsi haqqında;
    • qeydiyyatın qüvvədə olma müddətinin uzadılması haqqında;
    • səbəblərini göstərməklə coğrafi göstəricinin qeydiyyatının ləğv edilməsi haqqında;
    • coğrafi göstəricinin qeydiyyatına aid olan başqa dəyişikliklər haqqında;
    • texniki səhv və mətbəə xətalarının düzəlməsi haqqında.

7. Məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər, müəyyən edilmiş rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir.

8. Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən, Qanunun 17-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 1 ay ərzində SMPDK coğrafi göstəricini reyestrdə qeydə alır.

9. İstənilən şəxs reyestrdə ona aid olan və onu maraqlandıran məlumatlarla tanış ola bilər və müəyyən edilmiş rüsumu ödəməklə reyestrdən təsdiq edilmiş çıxarış ala bilər.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 30 avqust tarixli
143 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma
Qaydası

1. Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestrinin aparılma qaydası «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə uyğun hazırlanmışdır.

2. Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestri (bundan sonra — reyestr) əmtəə nişanlarının qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi üçün rəsmi sənəddir.

3. Reyestr nömrələnmiş, qaytanlanmış və möhürlə təsdiqlənmiş formada Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) saxlanılan kitabdır.

4. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq, tələb olunan göstəricilər üzrə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının müvafiq standartlaşdırılmış kodları (biblioqrafik məlumatları eyniləşdirmək üçün beynəlxalq rəqəm kodu) mötərizə içərisində ərəb rəqəmləri ilə göstərilir.

5. Qeydiyyat zamanı reyestrə aşağıdakı göstəricilər daxil edilir:

    • əmtəə nişanına verilən şəhadətnamənin nömrəsi ilə eyni olan əmtəə nişanının qeydiyyat nömrəsi — (111)
    • qeydiyyat tarixi — (151)
    • əmtəə nişanı qeydiyyatının qüvvədə olma müddətinin qurtardığı tarix — (181)
    • əmtəə nişanını qeydə almaq üçün təqdim olunan iddia sənədinin nömrəsi — (210)
    • əmtəə nişanını qeydə almaq üçün iddia sənədinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olduğu tarix — (220)
    • sərgi ilkinliyi və ya digər ilkinliyin tarixi — (230)*
    • konvensiya ilkinliyi olan iddia sənədinin nömrəsi — (310)*
    • konvensiya ilkinliyi olan iddia sənədinin daxil olduğu tarix — (320)*
    • konvensiya ilkinliyi olan iddia sənədinin verildiyi ölkənin kodu (ÜİMT standartına uyğun olaraq) — (330)*
    • Nitsa təsnifatına uyğun siniflər — (511)
    • Disklamasiya (nişanın müstəqil mühafizə obyekti olmayan elementləri) — (526)
    • əmtəə nişanının şəkli — (540)
    • nişanın kollektiv nişan olduğunun göstərilməsi — (551)*
    • nişanın üçölçülü olduğunun göstərilməsi — (554)*
    • nişanın transliterasiyası — (561)
    • nişanın və nişanda olan sözlərin tərcüməsi — (566)
    • əmtəə nişanının rənglərinin göstərilməsi — (591)
    • əmtəə nişanının sahibi olan hüquqi şəxsin adı və ünvanı, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, ölkənin kodu — (730)
    • kollektiv nişandan istifadə etmək hüququ olan şəxslər haqqında məlumat
    • əmtəə nişanının dərc edildiyi tarix.

6. Aşağıda göstərilən məlumatlar reyestrə əlavə edilir:

    • əmtəə nişanına görə hüququn başqa şəxsə verilməsi barədə müqavilə və ya əmtəə nişanından istifadə hüququna dair lisenziya müqaviləsi haqqında;
    • əmtəə nişanının sahibi olan hüquqi və ya fiziki şəxslərin adlarının dəyişilməsi haqqında;
    • qeydiyyata alınmış əmtəə nişanına məxsus siyahının Nitsa təsnifatı üzrə həmcins əmtəə və xidmətlər əsasında genişləndirilməsi, o cümlədən əmtəələrin və ya xidmətlərin siyahısının qısaldılması haqqında;
    • əmtəə nişanının mahiyyətini dəyişməyən elementlərin dəyişilməsi haqqında;
    • əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddətinin uzadılması haqqında;
    • səbəbləri göstərməklə əmtəə nişanının qeydiyyatının ləğv edilməsi haqqında;
    • əmtəə nişanının qeydiyyatına aid olan başqa dəyişikliklər haqqında;
    • texniki səhv və mətbəə xətalarının düzəlməsi haqqında.

7. Məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər, müəyyən edilmiş rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir.

8. Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən, Qanunun 17-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 1 ay ərzində SMPDK əmtəə nişanını reyestrdə qeydə alır.

9. İstənilən şəxs reyestrdə ona aid olan və onu maraqlandıran məlumatlarla tanış ola bilər və müəyyən edilmiş rüsumu ödəməklə reyestrdən təsdiq edilmiş çıxarış ala bilər.


*Göstərilən məlumatlar iddiaçının və ya SMPDK-nin tələbi olduqda təqdim edilir.

VALYUTA ÇEVİRİCİSİ