19 Avqust 2018 Bazar 19:33:09
Şəkərli qənnadı məmulatları qida rasionumuzda geniş istifadə olunan yüksək qidalılıq dəyərinə malik yeyinti məhsuludur. Tərkibindəki qidalı maddələr orqanizmdə tez və asan həzm olunur. Bu məmulatlar kimyəvi tərkibinə, qidalılıq dəyərinə və hazırlanma texnologiyasına görə fərqlənirlər.
Şəкərli qənnadı məmulatı istehsalında meyvə-giləmeyvədən və onların emalı məhsullarından, кaкao tozundan, qərzəkli meyvələrin ləpəsindən, peкtin maddələrindən, jele əmələgətiricilərdən, aqar, natrium-alqinatdan, modifiкasiya edilmiş (fiziкi-кimyəvi хassələri dəyişdirilmiş) nişastadan, yeyinti boyalarından, yeyinti turşularından, ətirverici maddələrdən istifadə olunur.
Şəkərli qənnadı məmulatlarına meyvə-giləmeyvə şirniyyatı, marmelad, karamel, şokolad, mürəbbə, кonfet məmulatı, halva və s. aiddir. Bu məmulatlar xüsusi resept və təsdiq edilmiş texnoloji təlimatlar əsasında hazırlanır. Hazırlanmış hər bir növ şəkərli qənnadı məmulatı dövlət standartlarının, texniki şərtlərin tələblərinə tam cavab verməli, ticarət şəbəkəsində mənşəyini, təhlükəsizliyini, saxlama şəraitini və saxlama müddətini göstərən sənədlərlə müşayiət olunmalıdır.
Şəkərli qənnadı məhsullarının qablaşdırılması məhsulun konkret çeşidi və normativ texniki sənədlərin tələblərinə uyğun olmalıdır. Bu məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta və karton yeşiklərə, qutu və sellofan paketlərə, çəki ilə satılanları isə korton qutulara və sellofan kisələrə qablaşdırırlar.
Şəkərli qənnadı məmulatları mürəbbə, cem və povidlo və s. şüşə və ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Hər bir istehsalçı və satıcı bilməlidir ki, qablaşdırılmasında nöqsan olan qənnadı məmulatlarının satışı qadağandır.
Qənnadı məhsulları qablaşdırıldıqdan sonra mütləq markalanmalıdırlar. Marкalanmada istehsalçının adı və ünvanı, məmulatın adı, xalis və tara ilə kütləsi, istehsal tariхi, saхlanılma müddəti, standartın nömrəsi və s. qeyd olunmalıdır. Qablaşdırılmayan məhsullar haqqında informasiya isə ticarət zalında məlumat vərəqində göstərilməlidir.
Tez xarab olan qənnadı məhsullarının daşınması 6 dərəcəyə qədər temperaturda və xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Bu məmulatların spesifik iyi olan məhsullarla  bir yerdə daşınması və saxlanması qadağandır.
Qənnadı məmulatlarının saxlama müddəti texnoloji prosedurlara və resepturaya uyğun olaraq istehsalçı tərəfindən müəyyən edilir.
Şəkərli qənnadı məmulatları növ və çeşidindən asılı olaraq 10-20ºC-də aşağıdakı müddətlərdə saxlanıla bilər:
♦şokoladlar 2-6 ay;
♦konfetlər 1-4 aya qədər;
♦karamel məmulatı 15 gündən 6 aya qədər, hermetik qablarda 12-18 ay;
♦irislər 2-6 ay;
♦marmelad 1,5-3 ay;
♦mürəbbə və cem pasterizə edilmiş halda 6 ay, hermetik qabda olanlar 12 ay;
♦ povidlo germetiк tarada qablaşdırılmışsa 9 ay, qalan taralarda 6 ay;
♦ pastila 14 gündən 3 aya qədər;
♦spirtləşdirilmiş meyvə gövdəli drajelər 25 gün, liкör gövdəliləri 1,5 ay, digərləri 3 ay;
♦ şoкoladla şirələnmiş кüncüt halvası 2 ay, qalan çeşidləri isə 1,5 ay.
Hər bir istehlakçı bu məhsulları alarkən onun dadına, formasına, saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirməlidir. Standartların tələblərinə cavab verməyən, zəruri sənədləri olmayan, istehlakçıda məhsulun təhlükəsizliyi ilə bağlı istehsalçının təqdim etdiyi informasiya şübhə yaradan, saxlama müddəti göstərilməyən və ya başa çatan, markalanmayan qənnadı məhsulları almaqdan çəkinmək lazımdır.
İstehlakçılar bilməlidir ki, şəkərli qənnadı məmulatının üzəri hamar və parıltılı olmalıdır. Üzərində ağ təbəqənin yaranması bu məhsulların saxlanma şəraitinə əməl olunmadığını göstərir. Bu məhsulları alarkən onların büküldüyü materiala diqqət edin. Sellofan və ya folqa ilə birlikdə ikili sarğı materialından istifadə edilərək bükülmüş məmulatlar almağınız məsləhətdir. Əllə sıxıldıqda sarğı materialında olan rənglər əlinizə və məmulata çıxmamalıdır. Sağrı materialına bükülməmiş belə məmulatlar isə üst təbəqəyə malik olmalı və yapışmamalıdır. Bu məmulatları təmiz və quru yerdə saxlayın.
Ticarət şəbəkələrində bu məmulatlarla təmasda olan şəxslər xüsusi geyimlər ilə təmin olunmalı, eyni zamanda qanunvericiliyin təyin etdiyi qaydada tibbi baxışdan keçməli və bunu təsdiqləyən sənədlərə malik olmalıdır.
Qənnadı məmulatları alarkən onun formasına, saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirin. Nəzərə alın ki, qənnadı məmulatları istehsal qüsuru olmasa belə qeyri-qənaətbəxş saxlama şəraiti nəticəsində korlana və ya keyfiyyətini itirə bilər.
Standartların tələblərinə cavab verməyən, zəruri sənədləri olmayan, istehlakçıda məhsulun təhlükəsizliyi ilə bağlı istehsalçının təqdim etdiyi informasiya şübhə yaratdıqda, saxlama müddəti göstərilməmiş və ya başa çatmış, markalanmayan qənnadı məhsullarının satışı qadağandır.
Qənnadı məmulatları təmiz və quru yerdə saxlanmalıdır.
İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş qənnadı məmulatlarını almayın. Keyfiyyətsiz məhsullar son nəticədə insanların genetik inkişafına mənfi təsir etməklə yanaşı, gələcək saglam nəsillərin yetişməsində uzun illər aradan qaldırılması mümkün olmayan bir sıra mənfi fəsadlar yarada bilir.
Eyni zamanda qablaşdırılmamış qənnadı məhsulları satan ticarət obyektləri ölçmək və çəkmək üçün xüsusi avadanlıqlara, ticarət inventarlarına malik olmalıdır. Təəssüflər olsun ki, əksər hallarda sadalanan bu tələblərə əməl olunmur və qənnadı məhsullarının satışında istehlakçıların hüquqlarının pozulması hallarına rast gəlinir. Bu kimi problemlərin aradan qaldırılması məqsədilə Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən vaxtaşırı monitorinq və yoxlamalar həyata keçirilir, mövcud olan problemləri aradan qaldırılması istiqamətində tədbirlər görülür.

VALYUTA ÇEVİRİCİSİ