22 Fevral 2018 Cümə axşamı 18:25:51

Hazırda mövsümlə əlaqədar olaraq istehlak bazarında alıcılara geniş çeşiddə müxtəlif elektrik qızdırıcıları təklif olunur. Lakin bir çox hallarda bu malların keyfiyyəti və təhlükəsizliyi mövcud standartların tələblərinə cavab vermir. Bu isə istehlakçıların aldadılmasına, hüquqlarının pozulmasına və onların ciddi təhlükə ilə üzləşməsinə səbəb olur. Ona görə də istehlakçı seçim etməzdən qabaq bu cihazların xüsusiyyətləri ilə diqqətlə tanış olmalıdır.

Elektrik məişət qızdırıçıları iş prinsipi və quruluşlarına görə əsasən yağ qızdırıçı radiatorlar, istilik ventilyatorları, konvektorlar, infraqırmızı qızdırıcılar və s. növlərə bölünürlər.
Yağ qızdırıcı radiatorlar kifayyət qədər geniş sahəni qızdıra bilir və qiymətləri yüksək olmur. Bu növ radiatorlar səssiz işləyir və təhlükəsizdir. Bunlarla yanaşı bu növ qızdırıcı cihazların bəzi çatışmazlıqları da qeyd olunmalıdır. Belə ki, yağ radiatorları kifayyət qədər gec qızır, çəkiləri ağır, ölçüləri böyük olur. Onlar otağın havasını və döşəmənin örtüyünü quruda bilərlər.
İstilik ventilyatorları isə nisbətən ucuz, kiçik ölçülü  və kifayyət qədər gücə malik olur. Bu növ cihazlarda ventilyatorun quraşdırılması isti havanın hərəkətə gətirilməsini və otağın qısa zamanda isidilməsini təmin edir. Bu cihazların çatışmayan cəhətləri isə qızdırıcı elementinin açıqda olması, oksigeni yandırması və işlədiyi zaman müəyyən qədər səsli olmasıdır.
Konvektorlar nisbətən az enerji sərfiyyatı ilə fərqlənirlər. Onlar çox baha deyil və uzun müddət istifadə oluna bilir. Yağ radiatorlarından fərqli olaraq bu cihazların ölçüsü və çəkisi kiçikdir.
İnfraqırmızı qızdırıcılardan da son zamanlar geniş istifadə olunmağa başlanılıb. Bu tip cihazlar ən mükəmməl və səmərəli qızdırıcılar hesab olunur. Onlar səssiz işləyir, istifadə üçün rahat, enerji sərfiyyati göstəricisinə görə sərfəli hesab olunur və yüksək təhlükəsizliyə malikdirlər.

Elektrik qızdırıcıları alarkən istehlakçılar tərəfindən aşağıdakı bir sıra vacib məqamlara əməl olunmalıdır. Birinci növbədə bu malları alarkən satıcı tərəfindən onların taradan çıxarılmasına, komplektliyinə, keyfiyyətinə, mal və istehsalçısı haqqında məlumatın mövcudluğuna, lazım gələrsə onun quraşdırılıb yoxlanılmasına diqqət edilməlidir. Hər bir istehlakçı bilməlidir ki, satış üçün təqdim olunan anoloji mal nümunələri ticarət zalında yerləşdirilərkən, onların üzərində malın adı, markası, modeli, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa annotasiyası olmalıdır. Satıcı istehlakçının tələbi və iştirakı ilə həmin malların iş prinsipinin, standartlara uyğunluğunun əyani nümayiş etdirilməsinə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumatların verilməsinə, mala aid sənədlərin təqdim edilməsinə borcludur. Bu malları alarkən onunla bərabər istehsalçı tərəfindən hazırlanmış texniki pasport və ya onu əvəz edən sənədlər, satış yeri və tarix göstərilməklə, istismar üzrə təlimatlar və s. sənədləri almağı unutmayın.

Elektrik qızdırıcıları alarkən cihazın texniki parametləri, təhlükəsiz istifadə şərtlərinə aid ətraflı məlumatlarla tanış olun. Kustar üsulla hazırlanmış təhlükəsizlik tələblərinə cavab verməyən elektrik istilik çihazlarını almayın. 

VALYUTA ÇEVİRİCİSİ