23 Sentyabr 2018 Bazar 11:25:15

  Məlum olduğu kimi istehlakçıların hüquqlarının təmin olunması çoxsaylı amillərdən asılıdır. Təkmil qanunvericilik bazası ilə yanaşı istehlakçının tələbatının yüksək səviyyədə təmin olunması istehsalın inkişaf səviyyəsindən, bazara çıxarılan istehlak mallarının və xidmətlərin miqdarının onlara olan tələbə uyğun olmasından, mal, iş və xidmətlərin keyfiyyətindən, azad rəqabətin inkişafından, keyfiyyətin idarəedilməsi sistemlərinin inkişaf səviyyəsindən, keyfiyyət və təhlükəsizliklə bağlı standartların və tələblərin mövcudluğundan, bu məsələlərə nəzarət mexanizminin çevikliyindən və səmərəliliyindən, həmçinin istehsal, xidmət və istehlakçı mədəniyyətinin inkişafından asılıdır.

  Bu gün adı çəkilən istiqamətlərin hər birindəəhəmiyyətli irəliləyişlərin və keyfiyyət dəyişikliklərinin baş verdiyini qeyd etmək olar. Belə ki, hazırda istehlakçının tədiyyə qabiliyyəti artmış, onun tələbatı və zövqü dəyişmiş, mallara və xidmətlərə olan tələbləri keyfiyyətcə daha yüksək səviyyəyə qalxmışdır. İstehlak olunan malların və xidmətlərin növləri və çeşidləri əsaslı surətdə dəyişmişdir. Misal üçün bu gün istehlakda ərzaq və gündəlik tələbat mallarının keyfiyyət və təhlükəsizliyinə olan tələblər tamamilə yeni səviyyəyə qalxmışdır. Məhz bu baxımdan ticarət şəbəkəsində malların satışa hazırlanması mövcud tələblərə əməl edilməsini zəruri edir.

  Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” təsdiq edilmişdir. Həmin qaydalara əsasən hüquqi və fiziki şəxslər ticarət şəbəkəsində malların satışa hazırlanmasını təşkil etməli və bu zaman bir sıra tələblərəəməl etməyə borcludur. Belə ki, ticarət obyekti işə başlamazdan əvvəl istehlakçılara lazımi qaydada xidmət göstərilməsini təmin etmək üçün bütün hazırlıq işlərinin görülməsinə, yardımçı sahədə olan malların vitrinə tam çeşiddə və lazımi miqdarda düzülməsinə, malların müvafiq qaydada hazırlanmasına, qablaşdırma materiallarından çıxarılması, təmizlənməsi, səliqəyə salınması, satışa hazırlanması, kəsilməsi vəəvvəlcədən qablaşdırılması və s. işlərin aparılmasınaəməl etməlidir.

  Ticarət  obyektlərinin vitrinlərində pərakəndə satış qiymətləri göstərilməklə ancaq satışda olan malların nümunələri qoyulmalı, qablaşdırılmamış şəkildə daxil olmuş malların xüsusiyyətinə uyğun olaraq qablaşdırılaraq və etiketlənərək istehlakçıya təqdim edilməlidir.

   Ticarət obyektində satılan qeyri-ərzaq mallarının (paltar, ayaqqabı, trikotaj məmulatı və s.) satışı zamanı ticarət obyektində onların geyilib baxılması, texniki cəhətdən mürəkkəb olan malların isə yoxlanılması üçün müvafiq şərait yaradılmalı, sertifikatlaşdırılmalı olan malların onların keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sertifikatlarla müşayiət olunmalıdır.

   Sahibkarlıq  subyektləri bilməlidir ki, ticarət obyektinin qarşısında, ətrafında malların (işlərin, xidmətlərin) nümunələrinin nümayiş etdirilməsinə (qoyulmasına), satışına, xidmətlərin göstərilməsinə yol verilmir. Satışda yalnız buraxılması və ya satışı qadağan olunmamış məhsullar ola bilər. Dövriyyədən çıxarılmış malların alqı-satqısı qadağandır.

   Eyni zamanda satıcı istehlakçıların düzgün seçim etməsini təmin etmək üçün mallar, onların istehsalçıları haqqında zəruri və düzgün məlumat verməyə borcludur. İstehlakçının tələbinə görə satıcı mal haqqında məlumatı ona şifahi də verə bilər. Mal haqqında məlumat hər bir halda istehlakçını çaşdırmayan, malın xüsusiyyətləri barədə birmənalı və anlaşıqlı formada verilməlidir.

   Azərbaycan  Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.

 Bu tələblərə əməl olunmaması istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. İstehlakçıların hüquqlarının və qüvvədə olan ticarət qaydalarının pozulması isə mülki, əmlak, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və Mülki Məcəllədə hüquqi məsuliyyət tədbirləri (sanksiyalar) nəzərdə tutulmuşdur.

VALYUTA ÇEVİRİCİSİ