19 Noyabr 2018 Bazar ertəsi 01:46:45

 “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda hər bir istehlakçının istehlak olunan malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq hüququ təsbit edilmişdir. Qanunun 6-cı maddəsinə əsasən  zəmanət müddəti, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi andan başlanır.

 Zəmanət müddəti-müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. Zəmanət müddəti malın (işin, xidmətin) zəmanət talonunda, pasportunda, nişanlanma kağızında və yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur.

 Tez xarab olan və insanların sağlamlığına, həyatına, əmlakına, habeləətraf mühitə təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların üzərində və ya onlara əlavə edilən müvafiq sənədlərdə isə yararlılıq müddəti göstərilir.

İstehsalçı malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini  təmin etməlidir. Komplektləşdirici məmulatların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın özünün zəmanət müddətindən az olmamalıdır.

 İstehlakçı satıcı qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədəAzərbaycan Respublikasının Mülki Məcəlləsindəmüəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.

 Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).                                                              

                                                               Antiinhisar Siyasəti və İstehlakçıların 

                                                               Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

VALYUTA ÇEVİRİCİSİ