22 İyul 2018 Bazar 22:34:51

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən ölkə ərazisində istehlakçıların malları və xidmətləri, onların istehsalçısını, satıcısını, icraçısını sərbəst seçmək, istehlak etdikləri malların və xidmətlərin keyfiyyətli və təhlükəsiz olması, mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və s. hüquqları vardır.

Qanunvericiliyinə əsasən məişət və digər növ xidmət obyektlərində xidmətlərin göstərilməsi zamanı sahibkarlıq subyektləri bir sira  tələblərə əməl etməyə, istehlakçıya göstərilən xidmətlərin (yerinə yetirilən işlərin) icra yerini və şəraitini nəzərə almaqla, onların dəyərinin ödəniş forması və qaydası haqqında məlumat verməyə borcludur.

Sifarişlərin qəbul edildiyi xidmət obyektlərində bu məlumatlar istehlakçı üçün rahat və görünən yerdə yerləşdirilməklə aşağıdakıları əhatə etməlidir:

- göstərilən əsas və əlavə xidmətlərin (işlərin) siyahısını;

- təklif olunan xidmətlərin (işlərin) və onların icrası zamanı istifadə olunan materialların, ehtiyat hissələrinin qiymətlərini;

- istehlakçıya təklif olunan hazırlanacaq məmulatların (yerinə yetirilən işlərin) nümunələrini;

- xidmət göstərilməsində (işin yerinə yetirilməsində) istifadə edilən əsas və köməkçi materialların istehlakçıya təklif olunan nümunələrini;

- istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar haqqında məlumatları;

- icraçının iş rejimi, hüquqi ünvanı və telefon nömrəsi haqqında məlumatları.

Göstərilən xidmət və icraçı haqqında istehlakçıya düzgün olmayan məlumatların verilməsi istehlakçının həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulması ilə nəticələnərsə, istehlakçı müqaviləni pozmaqla, ona dəymiş ziyanın tam həcmdə ödənilməsini tələb edə bilər.

Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: 498-15-01 və 498-15-04).            

                                                       Antiinhisar Siyasəti və İstehlakçıların

                                                       Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

VALYUTA ÇEVİRİCİSİ