26 Aprel 2018 Cümə axşamı 13:53:40

 Martın 15-də Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların, sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə “İstehlakçı-sahibkar münasibətləri: Qarşılıqlı hüquq və vəzifələr” mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Zahid İsayev istehlakçı hüquqlarının müdafiəsinin ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayıb, bu istiqamətdə görülən işləri diqqətə çatdırıb. Qeyd edilib ki, iqtisadi inkişaf istehlakçıların hüquqlarının qorunmasının, beynəlxalq təcrübənin öyrənilməsinin, aidiyyəti dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlıq subyektləri və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin önəmini artırır. Zahid İsayev istehlakçıların hüquqlarının etibarlı şəkildə təmin olunması və bu sahədə mövcud qanunvericilikdən irəli gələn vəzifələrin icrası istiqamətində aidiyyəti dövlət qurumları və ictimai təşkilatlarla birgə görülən işlər, istehlakçıların maarifləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Xidmətin rəisi istehlak bazarında istehlakçı ilə satıcı və xidmət göstərənlər arasındakı münasibətlərin qanunauyğun şəkildə tənzimlənməsi üçün təbliğat-təşviqat işlərinin əhəmiyyətini vurğulayıb. Bu məqsədlə Dövlət Xidmətinin təşkilatçılığı ilə Bakıda və regionlarda müxtəlif konfrans və seminarlar təşkil edilir, istehlakçı hüquqları ilə bağlı maarifləndirici məlumatlar yayılır, müxtəlif bukletlər, yaddaş kitabçaları hazırlanaraq istehlakçılar və satıcılar arasında paylanılır.
Tədbirdə çıxış edən yerli və beynəlxalq təşkilatların nümayəndələri istehlakçı hüquqlarının qorunması istiqamətində aidiyyəti qurumlar tərəfindən görülən işlərin nəticəsində istehlak bazarında mal və xidmətlərin keyfiyyətində əhəmiyyətli müsbət dəyişikliklərin müşahidə olunduğunu vurğulayıb, bu sahədə ictimai nəzarətin, istehlakçı fəallığının rolunu qeyd ediblər.
Tədbirdə həmçinin, istehlakçı-sahibkar münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə bağlı iştirakçıların təklifləri dinlənilib, müzakirələr aparılıb.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

VALYUTA ÇEVİRİCİSİ