31 May 2020 Bazar 04:14:27

Mövsümü amillərlə əlaqədar təsərrüfat subyektləri sanki malların qiymətlərindəki endirimlərin reklamı sahəsində bəhsə çıxıblar. Bu endirimlərin istehlakçılara çatdırılması üçün mağazaların pəncərələrindən, vitrinlərindən və fasadlarından geniş istifadə olunur.

Mövsümü amillərlə əlaqədar təsərrüfat subyektləri sanki malların qiymətlərindəki endirimlərin reklamı sahəsində bəhsə çıxıblar. Bu endirimlərin istehlakçılara çatdırılması üçün mağazaların pəncərələrindən, vitrinlərindən və fasadlarından geniş istifadə olunur. Daha çox alıcı  cəlb etmək məqsədilə mağaza vitrinlərində hətta 80 faizə qədər endirimlərə rast gəlinir. Təəssüflər olsun ki, bəzi hallarda təsərrüfat subyektləri tərəfindən aparılan bu endirim kompaniyaları saxta xarakter daşıyır və qeyri-dəqiq reklamdan istifadə olunur. Nəticədə bu təsərrüfat subyektləri insanların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə etməklə istehlakçıları aldadırlar.

Qanunvericiliyə görə ölkə ərazisində reklama dair ümumi tələblər müəyyən edilmişdir. Belə ki,  “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən reklam qadağan edilməyən üsul və vasitələrlə istehlakçıların diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Reklam istehlakçıları aldatmamalı, onlarda çaşqınlıq hissi yaratmamalıdır.

Qanuna görə reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur. Qeyri-dəqiq reklamın yayımlanmasına isə qanunla yol verilmir.

Ona görə də istehlakçı olaraq hər kəs endirimlərlə mal təklif edən mağazalara daxil olmazdan əvvəl aldanmamaq üçün yayımlanan reklamlarda aşağıdakılara xüsusi diqqət yetirməlidir. Belə ki, birinci növbədə endirim tətbiq olunan malların əhatə dairəsinin (bütün mallara, bir qrup mala, mövsümü mala və s) dəqiq göstərilib-göstərilməməsinə və tətbiq olunan endirim faizlərinin konkret göstərilib-göstərilməməsinə fikir verilməlidir. Yayımlanan reklamlarda bu məlumatları dəqiq göstərməyən mağazalara daxil olmaqdan çəkinin.

Endirim tətbiq olunan malların əhatə dairəsi və endirim faizləri konkret göstərilmiş mağazalarda isə alış-veriş edərkən endirimlərin tətbiq dairəsinin yayımlanan reklama uyğunluğuna, malların üzərində endirimdən əvvəlki və sonrakı qiymətlərin olub-olmamasına, tətdiq edilən endirimin yayımlanan reklama uyğunluğuna xüsusi diqqət yetirmək məsləhətdir. Endirim tətbiq edilən malların əhatə dairəsi və endirim faizləri yayımlanan reklamlardan fərqli olan mağazalarda alış-veriş etməyin.

Eyni zamanda sahibkarlıq subyektləri bilməlidir ki, istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə istehlakçıların çaşdırılmasına və nəticədə haqsız rəqabətə səbəb olduqda qanunsuz reklamın yayımlandığı dövrdə əldə edilmiş ümumi gəlirin 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə isə 20 faizinədək maliyyə sanksiyası tətbiqi nəzərdə tutulur.

Ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda hüquqlarınızın qorunması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 498-15-01 və 498-15-04 saylı telefon nömrələrinə zəng edərək müraciət edə bilərsiniz.

VALYUTA ÇEVİRİCİSİ