31 May 2020 Bazar 05:49:44

Qanunvericiliyə görə bu kimi mallar normativ-texniki sənədlərin, o cümlədən müvafiq standartların, texniki şərtlərin, eləcə də alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq hazırlanmalı və satışa çıxarılmalıdır

Elektrik və elektron əşyalar alarkən istifadə qaydaları ilə tanış olun

 

Qanunvericiliyə görə bu kimi mallar normativ-texniki sənədlərin, o cümlədən müvafiq standartların, texniki şərtlərin, eləcə də alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq hazırlanmalı və satışa çıxarılmalıdır

 

İnsanların həyat səviyyəsinin sürətlə yaxşılaşdığı ölkəmizdə müxtəlif tipli elektrik və elektron ev əşyalarının satışı durmadan artmaqdadır və hazırda bütün mənzillərdə onlardan geniş istifadə olunur. Lakin istehlakçılar heç də bu əşyaların keyfiyyətindən həmişə razı qalmır. Səbəb isə ticarət şəbəkəsində üzərində istehsalçı müəssisə, standartlara uyğunluğu barədə heç bir məlumat göstərilməmiş, mənşəyi bəlli olmayan müxtəlif çeşidli elektrik və elektron ev əşyalarının olmasıdır. Bu kimi malların satışı və istifadəsi isə istehlakçıların həyatı və təhlükəsizliyi baxımından yolverilməzdir. İstehlakçıların bu malların alınması zamanı fikir verilməli olan məsələlər barədə kifayyət qədər məlumatlı olmaması satıcılar tərəfindən onların aldadılmasına şərait yaradır. Ona görə də bu əşyaları alarkən nəyə diqqət edilməsi ilə bağlı bəzi məlumatların istehlakçıların nəzərinə çatdırılmasını zəruridir.

Məlum olduğu kimi elmi-texnoloji inkişafla əlaqədar olaraq elektrik və elektron ev əşyaları sürətlə yeniləşməkdə və hər gün bazara yeni texnologiyalara əsaslanaraq istehsal edilmiş məhsullar təqdim edilməkdədir. Məhz bu amil istehlakçıların seçim etməsini kifayyət qədər çətinləşdirir. Lakin bütün bunlara baxmayaraq mövcud qanunvericilikdə istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı zəruri məsələlər əksini tapmışdır.

Belə ki, qanunvericiliyə görə hər bir mal normativ-texniki sənədlərin, o cümlədən müvafiq standartların, texniki şərtlərin, eləcə də alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq hazırlanmalı və satışa çıxarılmalıdır. Əgər malların keyfiyyət xüsusiyyətləri və digər əlamətləri onun hazırlanmasında istinad olunan müvafiq standartın və digər normativ-texniki sənədlərin tələblərinə, alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə, habelə istehsalçının və ya satıcının mal haqqında verdiyi məlumata uyğun gəlmirsə, onda həmin malda qüsur olduğunu və ya onun saxtalaşdırıldığını iddia etmək mümkündür. 

İstehlakçı olaraq ticarət oibyektinə daxil olarkən birinci növbədə eyni profilli ev əşyalarını marka və çeşidinə görə müqayisə edin. Apardığınız müqayisələrdən sonra ehtiyacınıza ən uyğun olanları seçin.

Seçim etdikdən sonra bu əşyaların istifadə qaydalarını, lazım olan işi görməkdə sizə verəcəyi faydanı, qüsurlu olub-olmadığını, texniki servis xidmətləri, qiyməti, evə çatdırılması və quraşdırılması barədə məlumatları satıcıdan öyrənin. Bilin ki bu mövcud qanunvericiliklə istehlakçının əsas hüquqlarından biri mal haqqında informasiya əldə etməkdən ibarətdir və satıcı həmin məlumatları sizə verməyə borcludur. İnformasiya zəruri və düzgün olmalıdır. Zəruri informasiya dedikdə malın istehlak xassələri və istifadə qaydalarını ifadə edən məlumat başa düşülür. Məlumat alıcıya elə həcmdə və məzmunda verilməlidir ki, bu, malın xüsusiyyətləri, ondan istifadə qaydaları və s. barədə alıcıda dəqiq təsəvvür yarada bilsin.  Düzgün informasiya dedikdə, onda ifadə olunan məlumatların mal haqqında həqiqətə uyğun gələn, yanlış olmayan məlumatlar başa düşülür.

Bundan əlavə zəmanətlə satılan elektrik ev əşyaları alarkən onların zəmanət talonunu tələb edin və orda göstərilmiş şərtlərə diqqət yetirməklə bütün vacib məqamların aydınlaşdırılmsına çalışın. Nəzərə alın ki, bu malların texniki pasportu və istifadə qaydalarında istifadə və qulluq haqqında kifayət qədər dolğun məlumat olmalı, istifadəsi, qulluğu və təmizlənməsi asan olmalıdır. Bu malların daha sərfəli olmasını aydınlaşdırmaq üçün onların enerji sərfiyyatı normasını öyrənin,  sərfiyyata qənaət edən ev əşyalarına ustünlük verin. Nəzərə alın ki, satışa çıxarılmış bu növ mallar mövcud standartların tələblərinə cavab verməli, etibarlı və davamlı olmalıdır. Komplektləşdirici məmulatların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın özünün zəmanət müddətindən az olmamalıdır.

Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilir. Bundan əlavə həmin sənəddə malın istehsalçısı və satıcısı haqqında dolğun məlumat olmalı, ehtiyat hissə təchizatı kifayət qədər, satışdan sonrakı texniki servis xidməti əhatəli və yetərli olmalıdır. İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə, texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir.

Sonda bir daha istehlakçıların nəzərinə çatdırmaq istəyirik ki, bu malları alarkən diqqətli olun, alqı-satqını müqavilə əsasında həyata keçirin, eyni zamanda zəmanət müddəti daha çox olan mallara üstünlük verin. Bu məsələlər nəzərə alındığı təqdirdə pozulmuş hüquqlarınızın təmin olunması mümkündür və bu məqsədlə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

VALYUTA ÇEVİRİCİSİ