31 May 2020 Bazar 04:05:14

Mövcud qanunvericiliyə əsasən, zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya  saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan qüsuru olan malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının aradan qaldırılmasını, malın, həmin mala uyğun digər modelli malla əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər.

Malların qaytarılması və dəyişdirilməsi ilə bağlı

istehlakçı hüquqlarınızdan istifadə edin

 

Mövcud qanunvericiliyə əsasən, zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya  saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan qüsuru olan malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının aradan qaldırılmasını, malın, həmin mala uyğun digər modelli malla əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər.

Satıcı və ya istehsalçı öz növbəsində istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və yuxarıda göstərilən istehlakçının tələblərindən hər hansı birini yerinə yetirməyə borcludur.

İstehlakçının malın dəyişdirilməsi ilə bağlı tələbi ticarət obyektində lazımi keyfiyyətli, eyni modelli, markalı, tipli mal mövcuddursa dərhal yerinə yetirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan etibarən iki ay müddətində ödənilməlidir.

Digər tərəfdən qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və s.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəməməlidir. Həmçinin, qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli, markalı, tipli və s. mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri onun alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanmalıdır.

Malların geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərər satıcı və ya istehsalçı tərəfindən tam həcmdə ödənilməlidir. İri qabaritli və ağır çəkili malların istehlakçıdan satıcıya və ya istehsalçıya qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının və ya istehsalçının hesabına həyata keçirilir.

Nəzərə alın ki, hətta lazımi keyfiyyətli qeyri-ərzaq malları da öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.

İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa bu hallarda istehlakçı 14 gün ərzində həmin malı dəyişdirə bilər.

Əgər malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı uyğun malın satışa daxil olması barədə istehlakçıya məlumat verməyə borcludur.

Bununla belə bir sıra mallar var ki, onların dəyişdirilməsi qanunla qadağan edilir. Belə ki, Nazirlər Kabinetinin 114 saylı qərarı ilə Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilmişdir. Həmin qərara əsasən qızıl və qızıl məmulatları, qymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, bütün növ parçalar və ölçü ilə satılan mallar, parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları,uşaq oyuncaqları, dəyəri ödənilmiş və mağazadan çıxarılmış ərzaq malları və s. mallar geri qaytarılmır.

Göründüyü kimi, hər bir istehlakçı aldığı malda qüsur aşkarladıqda malı geri qaytarmaq, dəyişdirmək, yenidən sifariş vermək, qiymətləri aşağı salmaq və s. hüquqlarından istifadə edə bilir. Malın (işin, xidmətin) keyfiyyətinə və təhlükəsizliyinə zəmanət vermək sahibkarın əsas vəzifələrindən biri olduğundan hər bir sahibkar ilk növbədə malın istehsalı və ya xidmətlərin göstərilməsi zamanı onların keyfiyyətini və təhlükəsizliyini, habelə malların (işlərin, xidmətlərin) keyfiyyətində qüsur aşkar edilərkən istehlakçının qanunvericilikdə müəyyən edilmiş hüquqlarını təmin etməlidir.

Qeyd olunan məsələlərlə bağlı hüquqları pozulan vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (498-15-01 və 498-15-04 nömrəli telefonlarla) müraciət edə bilər.

VALYUTA ÇEVİRİCİSİ