31 May 2020 Bazar 04:29:11

Kimyavi təmizləmə məntəqələrinin xidmətlərindən hər birimiz zaman-zaman istifadə edirik. İstehlakçıların hüquqlarının pozulması ilə  bağlı daxil olan müraciətlərin təhlili göstərir ki, bu sahədə də müəyyən problemlər qalmaqdadır. Belə olduqda nə etməli və hüquqlarımızın  müdafiəsi üçün hansı addımları atmalıyıq?

Kimyavi təmizləmə məntəqələrinin xidmətlərindən hər birimiz zaman-zaman istifadə edirik. İstehlakçıların hüquqlarının pozulması ilə  bağlı daxil olan müraciətlərin təhlili göstərir ki, bu sahədə də müəyyən problemlər qalmaqdadır. Belə olduqda nə etməli və hüquqlarımızın  müdafiəsi üçün hansı addımları atmalıyıq?

Qanunvericiliyə görə sifarişlərin qəbul edildiyi bu tip xidmət obyektlərində  istehlakçı üçün rahat və görünən yerdə yerləşdirilməklə göstərilən əsas və əlavə xidmətlərin siyahısı, təklif olunan xidmətlərin qiymətləri, xidmət göstərilməsində istifadə edilən əsas və köməkçi materialların istehlakçıya təklif olunan nümunələri, icraçının iş rejimi, hüquqi ünvanı və telefon nömrəsi haqqında məlumatlar verilməlidir. Xidmət göstərilməsi üçün sifariş müqavilə ilə, habelə nəqd pul hesablaşmaları aparılan zaman çek, qəbz və digər ciddi hesabat blankları tərtib edilməklə rəsmiləşdirilir.

Göstərilən xidmət və icraçı haqqında istehlakçıya düzgün olmayan məlumatların verilməsi istehlakçının həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulması ilə nəticələnərsə, istehlakçı müqaviləni pozmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə daha yüksək məsuliyyət nəzərdə tutulmamışdırsa, ona dəymiş ziyanın tam həcmdə ödənilməsini tələb edə bilər.

Bu kimi problemlərlə rastlaşmamaq üçün hər kəs bu xidmətlərdən istifadə edərkən ilk öncə əşyanın kimyavi təmizləmə məntəqəsinə verilməsi zamanı bəzi məsələlərə diqqət etməlidir. Belə ki, təmizləmək üçün verdiyiniz paltarı nəzərdən keçirərək qəbul edən məntəqə işçisi qanunvericiliyə görə sizi bütün mümkün olan neqativ nəticələr barəsində xəbərdar etməlidir. Paltardakı xırda zədələrin böyüyə bilməsi, yaxud mövcud ləkənin təmizlənməsinin mümkün olmaması əvvəlcədən istehlakçının nəzərinə çatdırılmalıdır. Əgər bu kimi xəbərdarlıqlar edilmədən paltar qəbul edilib, sonradan problem yaranarsa məntəqə məsuliyyət daşıyır.

Əgər siz bu xəbərdarlıqları dinləyəndən sonra paltarınızı kimyavi təmizləmə məntəqəsinə etibar etmək qərarına gəlsəniz bütün məlumatların qəbzdə qeyd olunmasına diqqət edin. Qəbz sizim müəssisə ilə bağladığınız müqaviləni əvəz edir. Nəzərə alın ki, müqavilədə icraçının hüquqi ünvanı, sifarişçinin adı və soy adı, telefon nömrəsi, sifarişin qəbul olunması tarixi, yerinə yetirməsi müddəti və avans məbləğı, xidmətin qarşılıqlı razılaşdırılmış dəyəri, tərəflərin məsuliyyəti, sifarişçinin və qəbul edənin imzaları, tərəflərin razılığı ilə digər məlumatlar göstərilməlidir. Həmin məlumatlarla diqqətlə tanış olandan sonra müqaviləni imzalayın. Bəzi hallarda icraçı qəbul etdiyi sifarişə aid müqavilə tərtib etmir və yaxud tərtib etdiyi müqavilədə tələb olunan məlumatlar tam əks olunmur. Belə halda istehlakçının pozulmuş hüquqlarının müdafiəsi və kimyavi təmizləmə məntəqəsinin günahını subut etmək xeyli çətinləşir.

Bilin ki, kimyəvi təmizlənmədən sonra paltarınızda ləkə qalıbsa və ya öz əmtəə görkəmini itiribsə müəssisə rəhbərinə müraciət edərək onun yenidən təmizlənməsini, yaxud maddi və mənəvi zərərin ödənilməsini tələb etmək hüququnuz var. Bu tələblər yerinə yetirilmiş sifarişin qəbulu zamanı və ya zəmanət müddətində, icra olunmuş sifarişin qəbul edildiyi tarixdən qanunvericiliklə müəyyən edilmiş müddətdə və sifarişin icrası zamanı çatışmazlıqlar aşkar edildikdə irəli sürülə bilər.

Kimyəvi təmizləmə xidmətindən istifadə etdikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilənin və yaxud onu əvəz edən sənədlərin verilməsini icraçıdan tələb edin. Bu ona görə vacibdir ki, yaranan mübahisəni yerində həll etmək mümkün olmadıqda aidiyyəti üzrə dövlət qurumlarına və məhkəməyə müraciət edərək hüquqlarınızın bərpasına nail olasınız.

VALYUTA ÇEVİRİCİSİ