03 Mart 2021 Çərşənbə 19:12:24

Fevralın 2-də İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin Vətən Müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. Videoformatda keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri və Nazirliyə tabe strukturların rəhbərləri iştirak edib.

Əvvəlcə İqtisadiyyat Nazirliyinin şəhid olmuş əməkdaşının, habelə torpaqlarımızın azad olunması uğrunda canından keçmiş bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirliyin Vətən Müharibəsində iştirak etmiş əməkdaşlarını sağ-salamat yenidən ailəsinə, işinə qayıtması münasibətilə təbrik edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Ordumuzun şücaəti nəticəsində topraqlarımız işğaldan azad olunub, Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazanıb. 44 günlük müharibədə tarix yazan rəşadətli Ordumuz, qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq mübarizəsində sarsılmazlığını, qələbə əzmini, hərb meydanında yüksək döyüş məharətini bütün dünyaya nümayiş etdirib.

Mikayıl Cabbarov Vətən Müharibəsində iştirak edərək milli tariximizə qəhrəmanlıq salnaməsi yazan rəşadətli Ordumuzla, qəhrəman əsgər və zabitlərlə bütün Azərbaycanın fəxr etdiyini, İqtisadiyyat Nazirliyinin döyüşdə xüsusi şücaət göstərən bir qrup əməkdaşının Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə medallarla təltif olunduğunu diqqətə çatdırıb.

Nazir dövlət başçısının rəhbərliyi ilə hökumətin Qarabağın işğaldan azad olunmuş ərazilərinin bərpası planları, bölgənin inkişaf strategiyası barədə danışıb. Bildirilib ki, artıq işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işləri aparılır və bu torpaqlarımıza Böyük Qayıdış başlayır. Mikayıl Cabbarov döyüş meydanında öz sözünü demiş Nazirlik əməkdaşlarının işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağın dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsinə də öz töhfəsini verəcəklərinə əminliyini ifadə edib.

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Vətən Müharibəsində iştirak etmiş nazirlik əməkdaşları barədə məlumat verib. Bildirilib ki, Vətən Müharibəsində İqtisadiyyat Nazirliyinin 131 əməkdaşı iştirak edib, onlardan biri – Asəf Nəsibov şəhid olub.

Görüşdə çıxış edən Asif Nəsibov Vətən Müharibəsində şəhid olmuş qardaşı, İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşı Asəf Nəsibov haqqında xatirələrini danışıb, şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

İqtisadiyyat Nazirliyinin döyüş əməliyyatlarında iştirak etmiş əməkdaşları - Kamran Umudov, “Cəsur döyüşçü” medalı ilə təltif edilimiş Musa Abbasov, "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə", “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş Əli Məmmədov, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş Araz Ağayev döyüş xatirələrini bölüşüblər.

Görüşün sonunda İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirakçılara işlərində uğurlar arzulayıb.

        

VALYUTA ÇEVİRİCİSİ