Malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüquqlarından biridir. Bu baxımdan mebel alarkən istehlakçı hüquqlarınızın qorunması üçün satıcıdan aşağıdakıları tələb etməyi unutmayın:
- malın adı və qiymətini;
- istehsalçının adı və ünvanını;
- malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatını;
- zəmanət müddətini;
- təminat öhdəliklərini və iddiaların irəli sürülməsi qaydalarını;
- mebelin funksional təyinatını;
- mebelin hazırlandığı və quraşdırılmasında istifadə olunan materiallar haqqında məlumatları;
- mebelin daşınma üsulu, şərtləri və istehlakçıya təhvil verilməsi qaydalarını.
Eyni zamanda alqı-satqı zamanı satıcıdan malın və satıcının adı, satılan mebelin artikulu, qarnitura daxil olan predmetin, lazımi furniturun miqdarı, üzlük materialın növü, hər bir predmetin və mebel dəstinin qiyməti yazılmış əmtəə çekini almağı unutmayın.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).
Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Meyvə-tərəvəz məhsulları alarkən onların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüquqlarından biridir. Bu baxımdan meyvə-tərəvəz məhsullarını alarkən istehlakçı hüququnuzun qorunması üçün aşağıdakılara diqqət etməyi unutmayın:
- malın adı, növü, ədədlə və ya çəki ilə satış qiymətinin göstərilməsinə;
- məhsulların fitosanitar nəzarəti orqanları tərəfindən yoxlanılmasına;
- malın yığım (tədarük) və qablaşdırma tarixinə;
- saxlanma şəraiti və müddətinə;
- normativ tələblərin məcburi şərtlərinə uyğunluğunu təsdiq edən sənədlərin olmasına;
- malın zədəsiz olmasına, ticarət zalında xüsusi ayrılmış yerlərdə (rəflərdə, piştaxtalarda) çıxdaş olanlar ayrıldıqdan sonra yerləşdirilməsinə;
- ticarət obyektinin lazımi mexaniki vasitələr və inventarlarla təmin olunmasına.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: 498-15-01 və 498-15-04).
Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüquqlarından biridir. Bu baxımdan çəki ilə və ya qablaşdırılmış qənnadı məmulatları(konfet, karamel, peçenye, vafli, keks, tort, pirojna və s.)alarkən istehlakçı hüququnuzun qorunması üçün aşağıdakılara əməl etməyi unutmayın:
- çəki ilə satışda olan qənnadı məmulatlarının adı, qiyməti, istehsalçısının adı və ünvanı, malın əsas xüsusiyyətləri və istehlak xassələri, istehsal və yararlılıq müddəti barədə məlumatları, habelə aldığınız malın görə biləcəyiniz şəkildə çəkilməsini və qablaşdırılmasını satıcıdan tələb etməyi;
- qablaşdırılmış formada satışda olan qənnadı məmulatlarının isə etiketində yuxarıda qeyd edilmiş məlumatların göstərilməsinə diqqət yetirməyi.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: 498-15-01 və 498-15-04).
Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Tütünün və tütün məmulatının istehsalı və dövriyyəsi “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Həmin qanuna görə tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağandır:
- məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;
- tütün məmulatları aksiz markası ilə markalanmadıqda;
- tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda;
- məmulatın qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq yazısı olmadıqda;
- məmulatın markalanması və qutularının tərtibatı müvafiq normativ sənədlərin tələblərinə uyğun aparılmadıqda;
- 18 yaşına çatmamış şəxslərə satıldıqda;
- avtomatlar vasitəsilə satıldıqda;
- siqaret, papiros və siqarillalar ədədlə satıldıqda.
Bilin ki, zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq edən sənədi tələb etmək hüququ vardır.
Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir.
Tütün məmulatının satışını həyata keçirən pərakəndə ticarət obyektlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən məlumatlar yerləşdirilməlidir.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).
Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şərabçılıq məhsullarının topdan və pərakəndə satışı zamanı hüquqi və fiziki şəxslər bir sıra tələblərə əməl etməyə, o cümlədən istehlakçıların məlumat alma hüquqlarını təmin etməyə borcludur. Belə ki, “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa görə şərabçılıq məhsullarının aşağıdakı hallarda pərakəndə satışı qadağandır:
- saxtalaşdırılması müəyyən olunduqda;
- aksiz markası ilə markalanmadıqda və ya saxta aksiz markaları ilə markalandıqda;
- istehsal markasına uyğun gəlmədikdə;
- məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;
- keyfiyyəti, qablaşdırılması və etiketləşdirilməsi qüvvədə olan standartların tələblərinə və gigiyenik normativlərə uyğun gəlmədikdə;
- alıcılar 18 yaşına çatmamış şəxslər olduqda;
- məhsulun süzüldüyü qab daxildən və ya xaricdən çirkli, çöküntülü, sınıq və ya zədəli olduqda.
Nəzərə alın ki, küçələrdə, əllərdə, hərbi, təhsil və tibb müəssisələrinin ərazilərində, kütləvi tədbirlər və idman yarışları keçirilən yerlərdə, yataqxanalarda, onlara bitişik ərazilərdə və bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər yerlərdə şərabçılıq məhsullarının pərakəndə satışına yol verilmir.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).