Axtarış

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

İSTEHLAKÇI HÜQUQLARININ QORUNMASI İLƏ BAĞLI İSTEHSALÇILARIN VƏZİFƏLƏRİ

istehsal“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda istehlakçıların aşağıdakı hüquqları təsbit edilmişdir: malları (işləri, xidmətləri) və onların istehsalçısını, icraçısını və satıcısını sərbəst seçmək; istehlak olunan malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq; malların (işlərin, xidmətlərin) miqdarı (çəkisi), çeşidi, mənşəyi, keyfiyyəti və qiyməti haqqında dolğun və düzgün informasiya əldə etmək; keyfiyyətsiz malları (işləri, xidmətləri) geri qaytarmaq və onların vurduğu zərərin satıcı obyekt, yaxud da onun istehsalçısı tərəfindən ödənilməsini tələb etmək;

öz hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək;

ictimai təşkilatlarda (istehlakçılar birliyi) birləşmək.

Qeyd olunan Qanunda, eləcə də “Yeyinti məhsulları haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Standartlaşdırma haqqında”, “Taxıl haqqında” və s. normativ aktlarda istehlakçıların hüquqlarının qorunması ilə bağlı sahibkarlıq subyektlərinin qarşısında bir sıra öhdəliklər qoyulmuşdur. Qanunvericilikdə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək üçün aşağıdakılara əməl edin:

Keyfiyyətli və təhlükəsiz mal istehsal edin

istehsal olunan yeyinti məhsullarının aidiyyəti dövlət orqanı tərəfindən (Səhiyyə Nazirliyinin Respublika Sanitariya və Epidemiologiya Mərkəzi) dövlət reyestrində gigiyena qeydiyyatına alınmasını və onların müvafiq qaydada sertifikatlaşdırılmasını (gigiyenik sertifikat) təmin edin. Bu məqsədlə məhsul partiyasından götürülən nümunənin keyfiyyətinin və təhlükəsizliyinin normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək üçün onu həmin təşkilatın laboratoriyasına təqdim edin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 343 nömrəli Qərarı ilə məcburi sertifikatlaşdırılan malların siyahısı təsdiq edilmişdir. İstehsal olunan mal məcburi sertifikatlaşdırılmalı olan mallar siyahısına daxil olduğu təqdirdə, onun Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlaşdırılmasını (uyğunluq sertifikatı) təmin edin.  Bu məqsədlə maldan götürülən nümunənin normativ-texniki sənədin (müvafiq standart, texniki şərt və s.) tələblərinə uyğunluğunu müəyyən etmək üçün onu həmin təşkilatın laboratoriyasına təqdim edin;

heyvan və bitki mənşəli yeyinti məhsullarının istehsalı üçün Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətlərindən müvafiq baytarlıq şəhadətnaməsinin və fitosanitar sertifikatının alınmasını təmin edin. Bu məqsədlə məhsullardan götürülən nümunənin baytarlıq və ya fitosanitar tələblərinə (standartlarına) uyğunluğunu müəyyən etmək üçün onları həmin təşkilatların laboratoriyalarına təqdim edin;

istehsal edilən məhsullardan vaxtaşırı nümunə götürərək onların keyfiyyətinin və təhlükəsizliyinin daxili istehsalat laboratoriyasında (əgər müəssisənin laboratoriyası mövcud deyilsə, müqavilə əsasında digər laboratoriyalarda) yoxlanılmasını təşkil edin və nəticələrdən asılı olaraq müvafiq tədbirlər həyata keçirin;

məhsulların istehsalında yalnız müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən vitaminlərdən və digər qatqı maddələrindən istifadə edin;

məhsulların istehsal texnologiyasında, tərkibində və s. dəyişikliklər olduqda onların sertifikatlaşdırılması (uyğunluq sertifikatı) üçün dərhal aidiyyəti dövlət orqanına məlumat verin;

yeyinti məhsullarının qablaşdırılmasında və bükülməsində yalnız uyğunluq və gigiyenik sertifikatı olan köməkçi materiallarından istifadə edin;

yeyinti sənayesində fəaliyyət göstərən müəssisələrdə çalışan və məhsullarla təmasda olan işçilərin vaxtaşırı tibbi müayinədən keçməsini təmin edin;

ölçü cihazlarını vaxtaşırı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində metroloji yoxlamadan keçirin;

müəssisədə xammalın daxil olmasından məhsulların satışına kimi bütün mərhələlərdə keyfiyyətə və təhlükəsizliyə effektiv nəzarətin həyata keçirilməsinə imkan verən beynəlxalq qida təhlükəsizliyinin idarəedilməsi sisteminin (HACCP, İSO 22000) tətbiqini təmin edin;

malların topdan satış və ya pərakəndə ticarət obyektlərinə satışını mənşəyini, eləcə də keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, uyğunluq, gigiyenik, fitosanitar, baytarlıq sertifikatları və s.) əsasında həyata keçirin.

Mal haqqında istehlakçıya dolğun və düzgün məlumat verin

malın üzərində istehlakçını maraqlandıran aşağıdakı məlumatları yerləşdirin:

-                                 malın adı;

-                                 istehsalçının adı və ünvanı;

-                                 mənşəyi və istehsal olunduğu ölkə;

-                                 tərkibi;

-                                 ticarət nişanı (əgər varsa);

-                                 istehsal tarixi;

-                                 saxlanma şəraiti və müddəti;

-                                 xalis çəkisi;

-                                 qida dəyərliliyi;

-                                 sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı;

-                                 təminat ohdəlikləri;

-                                 malın işlədilməsi və təhlükəsiz istifadə edilməsi qaydaları;

-                                 malın hazırlanmasında istinad olunan normativ-texniki sənəd (standart, texniki şərt və s.) və sertifikatlaşdırma haqqında məlumat.

malın üzərindəki məlumatların müvafiq xarici dillərlə yanaşı Azərbaycan dilində də yazılmasını təmin edin;

malın üzərində AZS milli uyğunluq nişanını, “müalicəvi”, “pəhriz”, “ekoloji təmiz” adlarını və reklam xarakterli digər məlumatları müvafiq icra hakimiyyəti orqanlarından icazə aldıqdan sonra yerləşdirin.

Malları saxlanmasında və daşınmasında qanunvericiliklə müəyyən edilmiş qaydalara və tələblərə riayət edin

hazır məhsulları anbarda saxlanma qaydalarına və temperatur rejiminə düzgün əməl etməklə çeşidlər üzrə və partiya nömrələri nəzərə alınaraq yığın;

qabı xarab olmuş, cırılmış, istehsal tarixi, partiya nömrəsi yazılmayan, etiketsiz məhsulları realizə ediləcək məhsullarla bir yerdə saxlamayın;

məhsulları ticarət obyektlərinə müvafiq temperatur rejimini tənzimləyən zəruri avadanlıqlarla təchiz olunmuş avtonəqliyyat vasitələrində daşınmasını təmin edin;

mallar anbardan alıcılara buraxılarkən onların düzgün qablaşdırıldığına və etiketləndiyinə, mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlərin olub-olmamadığına, yeyinti məhsullarında üzərində saxlanma və yararlılıq müddətlərinin göstərilib-göstərilmədiyinə və ya saxlanma və yararlılıq müddətlərinin ötmədiyinə diqqət edin.

Qüsuru olan mal satıldıqda istehlakçının hüquqlarını təmin edin

istehlakçı zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

-              lazımi keyfiyyətli mala dəyişdirməyi;

-              satış qiymətini uyğun məbləğdə azaltmağı;

-              malın qüsurlarının istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

-              malın, həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

-              müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

istehsalçı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və yuxarıda göstərilən istehlakçının tələblərindən hər hansı birini yerinə yetirməyə borcludur;

istehlakçının malı dəyişmək tələbini mal olduqda dərhal yerinə yetirin, zərurət olduqda onun keyfiyyətinin, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlamadan keçirilməsini və ya alıcı ilə razılaşdırılmış müddət ərzində dəyişdirilməsini təmin edin;

istehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməsini təmin edin. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçının digər tələblərinin yerinə yetirilməsini təmin edin;

qüsuru olan mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və s.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçıdan qiymət fərqini ödəməyi tələb etməyin;

qüsuru olan mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və s.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyərini göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablayın;

istehlakçıya keyfiyyətsiz ərzaq malı satıldıqda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, həmin malın keyfiyyətli mala dəyişdirilməsini və ya malın dəyərinin məbləğinin istehlakçıya qaytarılmasını təmin edin;

malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərərin tam həcmdə ödənilməsini təmin edin;

istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd təqdim edin.

 

Xəbərdarlıq , yeni pəncərədə açılır ! Çap

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner