ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş Forum keçirilib

Tədbirdə “yaşıl iqtisadiyyat” istiqamətində məhsul və xidmətlər bazarının inkişafı, bərpa olunan enerji, yaşıl nəqliyyat, məişət və qida tullantılarının təkrar emalı, o cümlədən bu istiqamətdə qəbul olunan normativ hüquqi aktların istehlakçı davranışlarına və istehlak bazarına mümkün təsirləri barədə müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivləri" mövzusunda Forum keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyalarının təmsilçiləri, sahibkarlar və digər maraqlı tərəflər iştirak ediblər.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, “yaşıl iqtisadiyyat”ın inkişafı məqsədilə institusional islahatlar həyata keçirilir, texnologiyaların inkişafı ilə bağlı fəaliyyət genişləndirilir. Eyni zamanda, ölkədə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasının prioritet olduğunu xatırladan nazir müavini qeyd edib ki, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli  isə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində göstərilən 5 prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsidir. Çıxış zamanı yaşıl transformasiya, onun istehlakçılara təsiri və bu istiqamətdə atılan addımlar, həmçinin standartların və metrologiyanın “yaşıl iqtisadiyyat”da rolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Dövlət Xidməti “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi üçün dövlət satınalmalarına nəzarət sahəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, “Yaşıl dövlət satınalmaları” konsepsiyası və layihələrinin ölkəmizdə tətbiq olunması məqsədilə aidiyyəti tədbirlər görür.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə öz növbəsində yaşıl iqtisadiyyata keçid üçün “yaşıl təfəkkür”ün formalaşmasının zəruriliyini qeyd edib. Bu çərçivədə təbii resurslar, xüsusilə də su və torpaq ehtiyatlarından səmərəli istifadənin təmin olunmasının əhəmiyyətindən bəhs edilib. İstehlakçıların tükənə bilən resurslara xüsusi diqqət yetirmələri və bu istiqamətdə dünyada mövcud olan praktiki təcrübələr vurğulanıb.

Forum “Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər” mövzusunda panel müzakirəsi ilə davam etdirilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırovun moderatorluq etdiyi panel müzakirələrində Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov, Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyev iştirak ediblər. Panel çıxışları zamanı yaşıl istehlak və onun ətraf mühitin mühafizəsinə təsirləri, yaşıl nəqliyyat və təmiz ekoloji mühitin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, ekoloji faydanın təqlidi təcrübəsi (“greenwashing”) və ona dair biznes nümunələri vurğulanıb. İştirakçılar həmçinin bərpa olunan enerji, məişət və qida tullantılarının təkrar emalı, o cümlədən bu istiqamətdə qəbul olunan normativ hüquqi aktların istehlak bazarına mümkün təsirlərini müzakirə ediblər.