ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Rəqabət Məcəlləsinin tətbiqi barədə Dövlət Xidməti və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə seminar keçirilib

Məcəllədə təsbit edilmiş yeni anlayışlar, ümumilikdə rəqabət qanunvericiliyi çərçivəsində haqsız rəqabət halları, eləcə də reklam fəaliyyətinin tənzimlənməsi istiqamətində iki qurum arasında birgə fəaliyyətin həyata keçirilməsi məsələləri müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə “Rəqabət Məcəlləsində yer alan yeni anlayışlara və onun çərçivəsində haqsız rəqabət hallarına qarşı dövlət nəzarəti” mövzusunda seminar keçirilib.

50-yə yaxın audiovizual media subyekti və reklam agentliyi nümayəndələrinin qatıldığı tədbir audiovizual media sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinin təşviqi və bu sahədə qarşılıqlı birgə fəaliyyətin müzakirəsi məqsədilə təşkil edilib.

Dövlət Xidmətinin rəisi müavini Cəfər Babayev və Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun da iştirak etdiyi görüşdə sözügedən sahədə təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, rəqabət və reklam qanunvericiliyinin pozulması hallarına yol vermiş media subyektləri barəsində nəzərdə tutulmuş pozuntu hallarının aradan qaldırılması ilə bağlı qarşılıqlı birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra 01 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin hazırlanması zərurəti, Məcəllənin strukturu, üstünlükləri, eləcə də Azərbaycan Respublikasında rəqabət siyasətinin əsas prinsipləri haqqında izahlar verilib.

Bundan əlavə, tədbir çərçivəsində haqsız rəqabət və onun formaları, haqsız rəqabətə səbəb olan hərəkətlər, xüsusilə haqsız reklam, qeyri-dəqiq və gizli reklam haqqında qanunvericiliyin tələbləri və bu istiqamətdə dövlət nəzarətinin həyata keçirilməsi məsələləri haqqında geniş müzakirə aparılıb.

Qeyd: Audiovizual mediada reklam sahəsində qanunvericiliyin tələblərinə əməl olunması, habelə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində birgə və effektiv fəaliyyətin təmin edilməsi, audiovizual media subyektlərinin maarifləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Respublikası Audiovizual Şurası arasında 04 noyabr 2022-ci il tarixdə Birgə Fəaliyyət Planı imzalanmışdır.