Axtarış

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə

Əlavə II
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 28 dekabr tarixli,
504 nömrəli fərmanı ilə
təsdiq edilmişdir

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (bundan sonra —Nazirlik) Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, xarici iqtisadi və ticarət əlaqələri, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, daxili ticarət, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, ölkə iqtisadiyyatında struktur və innovasiya sahəsində dövlət siyasətini işləyib hazırlayan və həyata keçirən, fəaliyyət dairəsinə aid olan məsələlər üzrə normativ hüquqi tənzimlənməni və müvafiq fəaliyyət sahələri üzrə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Nazirlik bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Nazirlik müstəqil balansa, qanunvericiliyə müvafiq olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

1.6. Nazirlik Bakı şəhərində yerləşir.

II. Nazirliyin fəaliyyətinin istiqamətləri

2.1. Nazirliyin fəaliyyətinin istiqamətləri aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafı sahəsində, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının, digər təsisatların iştirakı ilə təmin edir;

2.1.2. Azərbaycan Respublikasının iqtisadi və sosial inkişaf proqnozlarını işləyib hazırlayır;

2.1.3. makroiqtisadi proqnozlaşdırılmasını həyata keçirir, dövlət büdcəsinin xərclərinin iqtisadi əsaslandırılmasında iştirak edir;

2.1.4. ölkə iqtisadiyyatında struktur və innovasiya siyasətini işləyib hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirir;

2.1.5. Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və sahibkarlığa kömək sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;

2.1.6. ölkədə rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;

2.1.7. daxili ticarət, istehlak bazarı və xidmət sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir, ölkədə əmtəə (mal) dövriyyəsi sisteminin səmərəli fəaliyyətini təmin edir;

2.1.8. istehlakçıların hüquqlarının qorunması, istehlak mallarının (məhsullarının) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanlarının iştirakı ilə işləyib hazırlayır və həyata keçirir;

2.1.9. ölkədə regionların sosial-iqtisadi inkişafını təmin edən tədbirləri aidiyyəti dövlət orqanlarını cəlb etməklə hazırlayır və həyata keçirilməsini təmin edir;

2.1.10. iqtisadi inkişaf dövlət proqramlarını və konsepsiyalarını, o cümlədən öncül sahələrin inkişafı üzrə dövlət proqramlarını və konsepsiyalarını hazırlayır, aidiyyəti dövlət orqanlarının, digər təsisatların iştirakı ilə həyata keçirilməsini təmin edir, habelə onlara nəzarəti (monitorinqi) həyata keçirir;

2.1.11. Azərbaycan Respublikasında xarici iqtisadi və ticarət əlaqələri sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir, beynəlxalq maliyyə (maliyyə-kredit) və iqtisadi (ticarət) təşkilatlarla əməkdaşlığı həyata keçirir;

2.1.12. Azərbaycan Respublikasının investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanlarının iştirakı ilə işləyib hazırlayır və səlahiyyətləri daxilində həyata keçirir;

2.1.13. səlahiyyətləri daxilində investisiya qoyuluşu sahəsində, o cümlədən bütün növ kreditlərin, maliyyə və texniki yardımların (o cümlədən qrantların) və sair formada investisiyaların cəlb edlməsi və investisiya layihələrinin (təkliflərinin) dövlət ekspertizasını və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

2.1.14. dövlət investisiya proqramının layihəsini müvafiq dövlət orqanlarını cəlb etməklə işləyib hazırlayır və aidiyyəti üzrə təqdim edir, həyata keçirilməsi üçün tədbirlər görür;

2.1.15. dövlətin iqtisadi təhlükəsizliyi və davamlı inkişafı, iqtisadi maraqlarının qorunması sahəsində tədbirlərin hazırlanmasını və müəyyən edilmiş qaydada həyata keçirilməsini təmin edir;

2.1.16. dövlət idarəetməsi, maliyyə, o cümlədən sığorta, qiymətli kağızlar bazarı, büdcə, vergi, pul-kredit və valyuta, qiymət-tarif siyasəti, bank fəaliyyəti, dövlət satınalmaları və digər sahələr üzrə dövlət siyasətinin və müvafiq normativ hüquqi aktların hazırlanmasında və ekspetizasının aparılmasında iştirak edir;

2.1.17. iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, xarici iqtisadi və ticarət əlaqələri, daxili ticarət, əmtəə (mal) döriyyəsi, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı və sahibkarlığa yardım, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması və istehlak mallarının (məhsullarının) keyfiyyətinin təmin olunması sahəsində qanunvericiliklə və bu Əsasnamə ilə Nazirliyin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənməni həyata keçirir;

2.1.18. Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahəvi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir;

2.1.19. Nazirliyin fəaliyyət istiqamətləri üzrə dövlət nəzarətini həyata keçirir;

2.1.20. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Nazirliyin vəzifələri

3.1. Nazirlik bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

3.1.1. Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafının əsas istiqamətlərini işləyib hazırlamaq, aidiyyəti dövlət orqanlarının iştirakı ilə onların həyata keçirilməsini təmin etmək;

3.1.2. müvafiq dövlət orqanları ilə birlikdə dövlətin sosial-iqtisadi siyasətinin hazırlanmasını və həyata keçirilməsini təmin etmək, büdcə, vergi, pul-kredit, valyuta və digər iqtisadi və sosial sahələr üzrə prioritetlərin müəyyənləşdirilməsində iştirak etmək;

3.1.3. Azərbaycan Respublikasında sosial-iqtisadi vəziyyəti təhlil etmək, iqtisadiyyatın dövlət tənzimlənməsi, iqtisadi və sosial inkişafın öncül istiqamətləri barədə təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına təqdim etmək;

3.1.4. iqtisadiyyatın inkişaf dinamikasını təhlil etmək, proqnozlaşdırmaq və perspektiv istiqamətlərini müəyyənləşdirmək;

3.1.5. dövlət büdcəsinin formalaşdırılması üçün Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafının proqnoz göstəricilərini hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə təqdim etmək, büdcə kreditləşdirilməsi, dövlət və dövlət tərəfindən təminat verilmiş borcalmanın (borcun) planlaşdırılmasında və təhlilində iştirak etmək;

3.1.6. ölkə iqtisadiyyatında struktur siyasətinin əsas istiqamətlərini hazırlamaq, onun həyata keçirilməsi işini təşkil etmək;

3.1.7. dövlətin innovasiya və elmi-texniki siyasətinin formalaşmasını təmin etmək;

3.1.8. dövlət büdcəsi hesabına kapital qoyuluşunun istiqamətlərini müəyyənləşdirmək, dövlət investisiya proqramının layihəsini hazırlamaq və aidiyyəti dövlət orqanı tərəfindən təsdiq olunduqdan sonra onun həyata keçirilməsi üçün tədbirlərin görülməsini təmin etmək;

3.1.9. dövlətin sosial siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.10. digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə minimal sosial standartların hazırlanmasında iştirak etmək;

3.1.11. sosial sahələrin inkişafına dövlət dəstəyi mexanizmlərinin hazırlanmasında, mənzil tikintisi və mənzil kommunal təsərrüfatı sistemində islahatının istiqamətlərinin müəyyənləşdirilməsində və həyata keçirilməsində iştirak etmək;

3.1.12. əmək ehtiyatları və məşğulluq sahəsində əsas istiqamətləri aidiyyəti dövlət orqanları ilə birlikdə müəyyənləşdirmək və həyata keçirilməsi üçün zəruri olan tədbirlər görmək;

3.1.13. regionların sosial-iqtisadi inkişaf istiqamətlərini işləyib hazırlamaq, bu işə aidiyyəti dövlət orqanlarını cəlb etmək və həyata keçirilməsi üçün lazım olan tədbirləri həyata keçirmək;

3.1.14. fəaliyyət istiqamətlərinin və vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi üçün məqsədli proqramların və konsepsiyaların, o cümlədən iqtisadiyyatın öncül sahələrinin, regionların sosial-iqtisadi inkişafına, yoxsulluğun azaldılmasına və davamlı insan inkişafına, sahibkarlığın və sağlam rəqabət mühitinin inkişafına dair proqramların hazırlanmasını və həyata keçirilməsini aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə təşkil etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış dövlət proqramlarının layihələri üzrə rəylər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.1.15. qiymət-tarif siyasətinin ümumi prinsiplərinə, dövlət tərəfindən qiymətləri tənzimlənən malların və xidmətlərin siyahısına təklifləri, sosial əhəmiyyətli və təbii inhisar subyektlərinin məhsullarının qiymətlərinin tənzimlənməsi qaydalarının layihəsini müvafiq dövlət orqanlarının iştirakı ilə hazırlamaq, müəyyən edilmiş qaydada onların icrasına nəzarəti həyata keçirmək, ayrı-ayrı müəssisə və təşkilatlar, investorlar üzrə güzəştlərin verilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.1.16. aidiyyəti dövlət orqanları ilə birlikdə mərkəzləşdirilmiş valyuta ehtiyatlarından istifadə istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;

3.1.17. aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə toplu maliyyə və tədiyə balanslarını proqnozlaşdırmaq;

3.1.18. Azərbaycan Respublikasında əsas fondların təzələnməsi siyasətinin hazırlanmasında və yenidən qiymətləndirilməsində, amortizasiya normalarının hazırlanmasında və tətbiq edilməsində iştirak emək;

3.1.19. Azərbaycan Respublikasının iqtisadi və ərzaq təhlükəsizliyi ilə bağlı aidiyyəti dövlət orqanlarını cəlb etməklə tədbirlər işləyib hazırlamaq və həyata keçirmək;

3.1.20. dövlətin iqtisadi və sosial siyasətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı qanun və digər normativ hüquqi aktların layihələrini işləyib hazırlamaq, digər dövlət orqanları tərəfindən bu sahədə hazırlanmış normativ hüquqi aktların layihələrinə rəy vermək və aidiyyəti üzrə təqdim etmək;

3.1.21. dövlət idarəetməsi, maliyyə, sığorta (sığorta bazarı), büdcə, vergi, pul-kredit, valyuta, qiymət-tarif siyasəti, bank fəaliyyəti, qiymətli kağızlar bazarı, dövlət satınalmaları, ekologiya və ekoloji təhlükəsizlik və digər sahələr üzrə dövlət siyasətinin və müvafiq sahələr üzrə dövlət tənzimlənməsinin, o cümlədən normativ hüquqi aktların hazırlanmasında və ekspetizasının aparılmasında iştirak etmək;

3.1.22. dövlət material ehtiyatlarının formalaşdırılmasına və istifadə olunmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;

3.1.23. xarici iqtisadi və ticarət fəaliyyəti, investisiya fəaliyyəti, daxili ticarət, xidmət, istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət tənzimlənməsini həyata keçirmək, bu sahələrdə vəziyyəti araşdırmaq və müvafiq tədbirlər görmək;

3.1.24. Azərbaycan Respublikasında daxili bazarın qorunması üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək;

3.1.25. ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə rüsumların və vergilərin, digər məcburi ödənişlərin dərəcələri ilə bağlı (o cümlədən ticarətdə) təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.1.26. təbii, o cümlədən enerji resurslarından səmərəli istifadə mexanizminin işlənib hazırlanmasında, Azərbaycan Respublikasının yanacaq-enerji balansının hazırlanmasında və onun strukturunun təkmilləşdirilməsində iştirak etmək;

3.1.27. iqtisadiyyatın ayrı-ayrı sahələrinə maliyyə yardımlarının cəlb edilməsi üçün səlahiyyətləri daxilində tədbirlər görmək;

3.1.28. Azərbaycan Respublikasının xarici iqtisadi və ticarət siyasətini işləyib hazırlamaq və həyata keçirmək;

3.1.29. Azərbaycan Respublikasının ikitərəfli və çoxtərəfli xarici iqtisadi əlaqələrinin həyata keçirilməsi, bu sahədə danışıqlar aparılması, müvafiq müqavilələrin (sazişlərin, kontraktların) layihələrinin hazırlanması, onların qanunvericiliklə müəyyən edilmiş qaydada imzalanması və həyata keçirilməsi üçün tədbirlərin görülməsini təmin etmək, xarici ölkələrdə keçirilən forumların, konfransların, digər tədbirlərin işində iştirak etmək və bu kimi tədbirlərin ölkədə keçirilməsini təşkil etmək, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığı həyata keçirmək, həmin şəxslərlə münasibətlərdə Azərbaycan Respublikasını təmsil etmək, danışıqlar aparmaq, müqavilələr (sazişlər, kontraktlar) hazırlamaq, onları imzalamaq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

3.1.30. beynəlxalq iqtisadi (ticarət) və maliyyə (maliyyə-kredit) təşkilatları ilə, o cümlədən Azərbaycan Respublikasının üzv olduğu (iştirak etdiyi) müvafiq təşkilatlarla əməkdaşlıq etmək, onların keçirdiyi tədbirlərdə iştirak etmək, həmin təşkilatlarla münasibətlərdə müəyyən edilmiş qaydada ölkəni təmsil etmək;

3.1.31. Azərbaycan Respublikasının dünya ticarət sisteminə inteqrasiyası istiqamətində aparılan fəaliyyəti əlaqələndirmək, xarici ticarətdə Azərbaycan Respublikasının rəqabət qabiliyyətinin artırılması və ticarət rejiminin təkmilləşdirilməsi məqsədilə təhlillər aparmaq və müvafiq təkliflər hazırlamaq, onların həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsini təmin etmək;

3.1.32. xüsusi (azad) iqtisadi zonaların (rejimlərinin) tətbiq edilməsi ilə əlaqədar təkliflər hazırlamaq, bunlarla bağlı müvafiq tədbirlər həyata keçirmək;

3.1.33. beynəlxalq nəqliyyat, malların tranziti, habelə xarici ticarət daşımaları ilə bağlı beynəlxalq müqavilələrin layihələrini aidiyyəti dövlət orqanlarını cəlb etməklə hazırlamaq, onların razılaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, görülən işləri əlaqələndirmək;

3.1.34. ölkənin ixrac potensialının inkişaf etdirilməsi, Azərbaycan mallarının və xidmətlərin xarici bazarlara çıxarılması, bunun üçün əlverişli şəraitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunmasını təmin etmək üçün tədbirlər işləyib hazırlamaq və həyata keçirmək;

3.1.35. xarici iqtisadi fəaliyyət iştirakçılarını zəruri iqtisadi, hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək, xarici iqtisadi fəaliyyət məsələləri üzrə zəruri informasiya sistemlərini yaratmaq;

3.1.36. dünya mal və xidmət bazarlarının konyunkturunu təhlil etmək, bununla bağlı təkliflər vermək və bu sahədə tədbirlərin həyata keçirilməsini təmin etmək;

3.1.37. xarici ticarət fəaliyyətinin tənzimlənməsi tədbirlərini müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tətbiq etmək, Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən, zəruri olduqda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrində (sazişlərində), habelə digər qəbildən olan müqavilələrdə (sazişlərdə, kontraktlarda) və normativ hüquqi aktlarda nəzərdə tutulduqda malın mənşəyi sertifikatının (şəhadətnaməsi), keyfiyyət sertifikatlarının, hüquqmüəyyənedici sənədlərin verilməsini təmin etmək;

3.1.38. ticarət sahəsində Azərbaycan Respublikasına qarşı ayrı-seçkilik siyasətinin yürüdüldüyü halları müəyyən etmək, aidiyyəti dövlət orqanlarına müvafiq təkliflər təqdim etmək və həyata keçirilməsində iştirak etmək;

3.1.39. müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərində iqtisadi-ticarət nümayəndəsini təyin etmək, onun maliyyə təminatını təmin etmək;

3.1.40. səlahiyyətləri daxilində bütün xarici mənbələr hesabına maliyyə vəsaitlərinin iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunması üçün birbaşa məqsədyönlü iş (o cümlədən birbaşa danışıqlar) aparmaq, alınan təkliflərin ekspertizasını keçirmək, zəruri hallarda müvafiq müqavilələrin (sazişlərin, kontraktların) layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, müəyyən edilmiş qaydada onları imzalamaq, icrasına nəzarəti həyata keçirmək, kreditlərin, qrantların və maliyyə (texniki) yardımların cəlb edilməsi üçün öncül sahələri müəyyən etmək və bununla əlaqədar digər mərkəzi icra hakimiyyəti orqanlarının, dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin təkliflərini və investisiya layihələrini ekspertiza etmək;

3.1.41. ixrac nəzarəti sahəsində dövlət siyasətinin formalaşması üçün təkliflər hazırlamaq və qanunvericiliyə müvafiq olaraq digər tədbirlər görmək;

3.1.42. Azərbaycan Respublikasının xarici dövlətlərlə investisiya əməkdaşlığı sahəsində, o cümlədən investisiyaların cəlb edilməsi, təşviqi və qorunması, müştərək müəssisələrin yaradılması üzrə fəaliyyət istiqamətlərinə uyğun olaraq və vəzifələri dairəsində birbaşa danışıqlar aparmaq və lazım olan tədbirlər görmək, investisiya əməkdaşlığı sahəsində beynəlxalq müqavilələrindən (sazişlərindən, kontraktlarından) irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;

3.1.43. xaricdə keçirilən investisiya forumlarının, konfranslarının, sərgilərinin, digər tədbirlərin işində iştirak etmək və bu kimi tədbirlərin ölkədə keçirilməsini təşkil etmək, bu sahədə digər dövlət orqanlarının işini əlaqələndirmək;

3.1.44. ölkədə investisiya imkanlarını araşdırmaq və müvafiq layihələrin təşviqini həyata keçirmək;

3.1.45. ölkə iqtisadiyyatına investisiya qoyuluşu imkanları haqqında məlumat bankı yaratmaq, potensial investorlar arasında yerli müəssisələrin imkanları ilə bağlı zəruri məlumatların yayılmasını təşkil etmək;

3.1.46. Azərbaycan Respublikasında xarici investisiyalı müəssisələrin uçotunu aparmaq, onların fəaliyyəti və inkişafı ilə bağlı mövcud olan problemlərin aşkar edilməsi və aradan qaldırılması məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə zəruri tədbirlər həyata keçirmək;

3.1.47. Azərbaycan Respublikasına, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına (digər dövlət təsisatlarına) ayrılan maliyyə və texniki yardımları əlaqələndirmək, xarici yardımların məqsədli və səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək, texniki əməkdaşlıq üçün əhəmiyyət kəsb edən layihələri müəyyənləşdirmək, onların ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində maliyyələşdirilməsi üçün aidiyyəti üzrə müraciət etmək, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) müvafiq müraciətlərinə əsasən həmin maliyyə və texniki yardımların onlara ayrılması üçün tədbirlər görmək;

3.1.48. investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi üzrə tədbirlər həyata keçirmək;

3.1.49. investisiya tələbatının öyrənilməsinə, Azərbaycan Respublikasında investisiya mühitinin yaxşılaşmasına və investisiyaların stimullaşdırılmasına dair tədbirlər həyata keçirmək, səlahiyyətləri daxilində investisiya layihələrinin müsabiqə yolu ilə seçilməsini, onların səmərəliyinin qiymətləndirilməsini və ekspertizasını həyata keçirmək;

3.1.50. səlahiyyyətləri daxilində investisiyaların cəlb edilməsi və investisiya qoyuluşu ilə bağlı icra hakimiyyəti orqanlarının, dövlət müəssisələrinin və ya nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin təkliflərinin (layihələrinin), habelə investorların müraciətinə əsasən müvafiq təkliflərin (layihələrin) dövlət ekspertizasını həyata keçirmək;

3.1.51. beynəlxalq və regional iqtisadi (ticarət) və beynəlxalq maliyyə (maliyyə-kredit) təşkilatları ilə investisiya sahəsində əməkdaşlığı həyata keçirmək, öz səlahiyyətləri daxilində ölkədə onların fəaliyyətini əlaqələndirmək, həmin təşkilatlarda müəyyən edilmiş qaydada Azərbaycan Respublikasını təmsil etmək;

3.1.52. Azərbaycan Respublikasında xarici və yerli investorların fəaliyyətini əlaqələndirən orqan qismində çıxış etmək;

3.1.53. investisiyaların cəlb edilməsi, kreditlərin (o cümlədən dövlət zəmanəti ilə), qrantların, maliyyə (texniki) yardımlarının alınması və investisiya layihələri ilə bağlı xarici investorlarla birbaşa danışıqlar aparmaq;

3.1.54. dövlət zəmanəti ilə beynəlxalq maliyyə (maliyyə-kredit) və iqtisadi (ticarət) təşkilatları, xarici dövlətlər və kredit təşkilatları tərəfindən verilən kreditlərin, qrantların, maliyyə (texniki) yardımlarının layihələri üzrə müqavilələrin (sazişlərin, kontraktların) və ya təkliflərin ekspertizasını həyata keçirmək, həmin müqavilələr (sazişlər, kontraktlar) üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;

3.1.55. dövlət tərəfindən həyata keçirilən investisiya layihələrini hazırlamaq, dövlət investisiya layihələrinin ekspertizasını həyata keçirmək, yerinə yetirilməsi üçün müvafiq tədbirlər görmək, bu sahədə nəzarəti və monitorinqi həyata keçirmək, dövlət investisiya layihələrinin öncüllüyünü müəyyən edən meyarları müəyyənləşdirmək;

3.1.56. səlahiyyətləri daxilində dövlət kommersiya və qeyri-kommersiya təşkilatlarının (o cümlədən dövlət müəssisələrinin və ya nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin) iştirakçısı olduğu bütün kredit, qrant və maliyyə (texniki) yardım müqavilələrinin (sazişlərinin, kontraktlarının) bağlanmasına, investisiya layihələrinə dair təkliflərə baxmaq, həmin müqavilələrin (sazişlərin, kontraktların), investisiya layihələrinin ekspertizasını həyata keçirmək və müvafiq müəssisələrdən və təşkilatlardan göstərilən müqavələlərin (sazişlərin, kontraktların) bağlanmasının, investisiya layihələrinin zəruriliyini əsaslandıran və onun maliyyə-iqtisadi nəticələrini qiymətləndirən sənədləri tələb etmək;

3.1.57. səlahiyyətləri daxilində investisiyaların cəlb edilməsi sahəsində dövlət müəssisələri (təşkilatları) və ya dövlətin (dövlət müəssisələrinin) iştirak payı olan müəssisələrin onların iştirakı ilə bağlanmış müqavilələrinin (sazişlərin, kontraktların) şərtlərinin icra olunmasına nəzarəti və monitorinqi həyata keçirmək;

3.1.58. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının adından digər dövlətlərin müvafiq orqanları ilə investisiyaların təşviqi və qorunması haqqında sazişlər imzalamaq;

3.1.59. fəaliyyət istiqamətlərinə uyğun olaraq və səlahiyyətləri daxilində investisiyaların cəlb edilməsinə köməkliklə əlaqədar mərkəzi icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, onlar tərəfindən hazırlanan və onlara daxil olan təkliflərə, o cümlədən bütün növ kreditlərin, qrantların və maliyyə (texniki) yardımlarının alınmasına dair danışıqların aparılmasına və sazişlərin (müqavilələrin) bağlanmasına, investisiya layihələrinə dair təkliflərə baxmaq və onların ekspertizasını keçirmək, müvafiq orqanlardan göstərilən kreditərin, qrantların və maliyyə (texniki) yardım müqavələlərinin (sazişlərin, kontraktların) bağlanmasının, investisiya layihələrinin həyata keçirilməsinin zəruriliyini əsaslandıran və onun maliyyə-iqtisadi nəticələrini qiymətləndirən sənədləri tələb etmək, müvafiq sahələr üzrə təkliflərin uçotunu aparmaq;

3.1.60. sahibkarlığa dövlət yardımının əsas istiqamətlərinin, ümumi şərtlərinin, formalarının və mexanizmlərinin hazırlanmasında iştirak etmək, onların həyata keçirilməsini təmin etmək;

3.1.61. sahibkarlığa yardım tədbirlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsi vəsaitlərinin və xarici kreditlər (qrantlar və digər maliyyə vəsaitləri), yerli və xarici hüquqi və fiziki şəxslərin könüllü ayırmalarının cəlb edilməsi üçün tədbirlər həyata keçirmək;

3.1.62. sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığı həyata keçirmək;

3.1.63. dövlət orqanlarından və bələdiyyələrdən, digər şəxslərdən sahibkarların və istehlakçıların hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran hərəkətlərin dayandırılmasını tələb etmək;

3.1.64. sahibkarlığa kömək məqsədi ilə müəyyən edilmiş qaydada müvafiq elm, istehsalat, məsləhət, reklam-sərgi, informasiya qurumları, mətbuat orqanı və digər strukturlar yaratmaq;

3.1.65. sahibkarlıq fəaliyyətinin inkişafını, sahibkarlıq mühitinin vəziyyətini və dövlət dəstəyi tədbirlərini, özəl sektorda investisiya fəaliyyətini təhlil etmək, ölkə iqtisadiyyatının inkişaf prioritetlərini nəzərə almaqla bu sahədə zəruri olan tədbirlərin görülməsini təmin etmək;

3.1.66. sahibkarlıq fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazasının işlənib hazırlanması və təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.67. iqtisadi fəaliyyət növlərinin lisenziyalaşdırılması və xüsusi icazə sisteminin tətbiqi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak etmək və səlahiyyətləri daxilində həyata keçirmək, lisenziyalaşdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərini və normativ hüquqi aktların layihələrini işləyib hazırlamaq;

3.1.68. səlahiyyətləri daxilində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliyə müvafiq olaraq sahibkarlıq subyektlərinə sertifikat, şəhadətnamə, xüsusi razılıq və digər bu kimi sənədlər verilməsinə, habelə bütün dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalaşdırma və xüsusi icazə sahəsində qanunvericiliyə riayət edilməsinə nəzarət etmək;

3.1.69. lisenziya və xüsusi icazə verən dövlət orqanlarına metodiki rəhbərliyi və informasiya təminatını həyata keçirmək;

3.1.70. ölkədə vahid lisenziya və xüsusi icazə reyestrini aparmaq;

3.1.71. lisenziyalaşdırma və xüsusi icazə məsələləri üzrə aidiyyəti dövlət orqanlarına təklif vermək;

3.1.72. sahibkarların maarifləndirilməsi sahəsində, o cümlədən kiçik və orta müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə və onun tətbiqi sahəsində fəaliyyəti həyata keçirmək;

3.1.73. sahibkarlığın inkişafına kömək məqsədi ilə dövlət tərəfindən yaradılan qurumların, o cümlədən güzəştli maliyyə vəsaitinin ayrılması, sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin artırılması, istehsal olunan malların keyfiyyətinin artırılması, yerli və xarici bazarlara çıxarılması üçün fəaliyyət göstərən təşkilatların yaradılmasını və idarə edilməsini təşkil etmək;

3.1.74. sahibkarlığın inkişafı üçün iqtisadiyyatın müxtəlif sahələrində yaradılan şirkətlərin, fondların, o cümlədən investisiya şirkətlərinin (fondlarının), vençur fondlarının və bu sahədə digər ixtisaslaşdırılmış qurumların fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək;

3.1.75. sahibkarlıq subyektlərinin istehsal etdiyi malların və göstərdiyi xidmətlərin xarici bazarlara çıxarılması və bununla bağlı lazım olan əlverişli şəraitin yaradılması üçün tədbirlər hazırlayıb həyata keçirmək, ixracatçıların maraqlarının müdafiə olunması, onların xarici bazarlara sərbəst çıxışının təmin olunması sahəsində məqsədyönlü tədbirlər görmək;

3.1.76. sahibkarlıq fəaliyyəti subyektlərinin lazım olan iqtisadi və hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək;

3.1.77. investisiya fəaliyyəti sahəsində, o cümlədən müvafiq layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üzrə, sahibkarlıq fəaliyyətinin inkişafı və təşviqi üçün vacib əhəmiyyət kəsb edən investisiya layihələrinin reallaşdırılması üçün lazım olan tədbirlər görmək;

3.1.78. daxili ticarətin və istehlak bazarının inkişafı ilə bağlı tədbirlər görmək;

3.1.79. dövlət ehtiyaclarının və dövlət sifarişinin layihəsini işləyib hazırlamaq;

3.1.80. dövlət inhisarında olan təbii inhisar subyektlərinin fəaliyyətinin dövlətin iqtisadi siyasətinə müvafiq olaraq həyata keçirilməsinin monitorinqini aparmaq, bu məqsədlə həmin müəssisələrdən zəruri olan iqtisadi göstəriciləri və digər məlumatları əldə etmək, onların təhlilini aparmaq, zəruri hallarda qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək;

3.1.81. qanunvericiliklə müəyyən edilmiş hallarda dövlətin iqtisadi maraqlarının yerli və xarici (beynəlxalq) məhkəmələrdə (arbitrajlarda) təmsil edilməsi ilə bağlı dövləti təmsil etmək;

3.1.82. müasir korporativ idarəetmə sistemlərinin tətbiq edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək, dövlət aktivlərinin idarə edilməsinə dair siyasətin formalaşmasında və həyata keçirilməsində iştirak emək;

3.1.83. dövlət mülkiyyətinin strukturunun təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.1.84. dövlət iqtisadi idarəetmə sisteminin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanına təqdim etmək;

3.1.85. sahibkarlığın inkişafı və əhalinin işgüzar fəaliyyətinin artırılması sahəsində dövlət maliyyə yardımının göstərilməsini Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə həyata keçirmək;

3.1.86. rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətinin hazırlanmasını və həyata keçirilməsini, o cümlədən tabeliyində olan Antiinhisar Dövlət Xidməti vasitəsilə təmin etmək, bu sahədə normativ hüquqi tənzimlənməni həyata keçirmək;

3.1.87. istehlakçıların hüquqlarının qorunması, istehlak mallarının (məhsullarının) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə işləyib hazırlamaq, istehlakçıların hüquqlarının qorunması və ticarət qaydalarına nəzarət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, o cümlədən tabeliyində olan İstehlak Bazarı üzrə Dövlət Xidməti vasitəsi ilə təmin emək, bu sahədə normativ hüquqi tənzimlənməni həyata keçirmək;

3.1.88. Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyətinin təmin olunması ilə bağlı tədbirlər görmək;

3.1.89. Nazirliyin tabeliyində (yanında və ya nəzdində) fəaliyyət göstərən qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.1.90. Nazirliyin tabeliyində olan qurumlar tərəfindən onların səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün istifadə edilən məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadəsi proqramlarını və xərclər smetalarını təsdiq etmək;

3.1.91. Nazirliyin strukturuna daxil olan qurumlar tərəfindən onların səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadəsi üzərində nəzarətin həyata keçirilməsini təmin etmək;

3.1.92. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;

3.1.93. müvafiq sahədə kadr hazırlığını təmin etmək;

3.1.94. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

3.1.95. Nazirliyin fəaliyyət istiqamətləri və vəzifələri dairəsində elmi tədqiqatların aparılmasını təşkil etmək;

3.1.96. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.97.qanunvericiliyə müvafiq olaraq digər vəzifələri həyata keçirmək.

IV.Nazirliyin hüquqları

4. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1. öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, digər bazar subyektlərinə və onların vəzifəli şəxslərinə, o cümlədən qanun pozuntularının dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan qərarlar qəbul etmək;

4.2. Nazirliyin fəaliyyət dairəsinə daxil olan məsələlər üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada zəruri məlumatlar (sənədlər) və arayışlar sorğu etmək və almaq;

4.3. Nazirliyin fəaliyyət istiqamətlərinə daxil olan məsələlər üzrə layihələr hazırlamaq, ekspertizalar keçirmək, rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.4. tabeliyində olan qurumlar tərəfindən onların fəaliyyəti üzrə ayrılmış məqsədli büdcə vəsaitinin istifadəsinə nəzarəti həyata keçirmək və lazım olan tədbirlər görmək;

4.5. qanunvericiliyə və bu Əsasnaməyə müvafiq olaraq səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün xarici və yerli ekspertləri və məsləhətçiləri (mütəxəssisləri), məsləhətçi şirkətləri, elmi təşkilatları cəlb etmək, onlarla müqavilələr bağlamaq;

4.6. fəaliyyət sahəsində mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

4.7. qanunvericiliyə və bu Əsasnaməyə müvafiq olaraq Nazirliyin fəaliyyət istiqamətləri, vəzifə və səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada fəaliyyət dairəsinə aid olan bütün sahələr üzrə normativ hüquqi aktlar hazırlamaq və qəbul (təsdiq) etmək, onların icrasını təşkil etmək və yerinə yetirilməsinə nəzarət etmək;

4.8. xarici iqtisadi və ticarət əlaqələrini həyata keçirmək və bununla əlaqədar lazım olan tədbirlər görmək;

4.9. səlahiyyətləri daxilində investisiya fəaliyyətinin, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi ilə bağlı tədbirlər həyata keçirmək;

4.10. rəqabətin inkişafı və təşviqi, haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində nəzarətin həyata keçirməsi ilə bağlı zəruri olan tədbirlər görmək;

4.11. istehlakçıların hüquqlarının qorunmasını və ticarət qaydalarına nəzarətin həyata keçirilməsi ilə bağlı zəruri olan tədbirlər həyata keçirmək;

4.12. daxili ticarət, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması ilə bağlı zəruri olan tədbirlər görmək;

4.13. öz adından məhkəmələrdə (arbitrajlarda) çıxış etmək;

4.14. beynəlxalq əməkdaşlığı həyata keçirmək, xarici ölkələrin dövlət orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, birbaşa danışıqlar aparmaq və danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin (sazişlərin, kontraktların) layihələrini hazırlamaq və hazırlanmasında iştirak etmək, müəyyən edilmiş qaydada onları imzalamaq;

4.15. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin (sazişlərin, konvensiyaların) icrasına səlahiyyətləri daxilində nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün səlahiyyətləri daxilində lazım olan tədbirləri görmək;

4.16. öz səlahiyyətlərinin icrası ilə bağlı müəyyən olunmuş qaydada tabeliyində olan qurumlar yaratmaq, onları yenidən təşkil etmək və ləğv etmək;

4.17. qanunvericiliyə uyğun olaraq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və xüsusi icazə vermək, onları ləğv etmək, yaxud fəaliyyətini dayandırmaq, mənşə sertifikatı (şəhadətnaməsi) və keyfiyyət sertifikatları, hüquqmüəyyənedici sənədlər vemək;

4.18. yeyinti məhsullarının ticarəti, tədarükü, saxlanması, idxalı, ixracı və daşınması zamanı onların keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirmək, Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizalar keçirmək, müəssisələrə təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizaların nəticələrini təsdiq edən sənədləri vermək, həmin məhsulların keyfiyyətinə nəzarət sistemini tətbiq etmək, istehsal və emal müəssisələrinin reyestrini aparmaq və Avropa İttifaqının göstərilən sahələrdə tələblərinin icrasını təmin etmək;

4.19. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.20. Nazirliyin strukturuna daxil olan bütün qurumlara səlahiyyətləri daxilində əmr və göstərişlər vermək, onların icrasına nəzarət etmək, qanunvericiliyə zidd qəbul edilmiş qərarların icrasını dayandırmaq və ya ləğv etmək;

4.21. məşvərət, məsləhət və digər orqanlar, o cümlədən idarələrarası orqanlar yaratmaq;

4.22. fəaliyyət istiqamətlərinə, vəzifələrinə və səlahiyyətlərinə aid olan məsələlər üzrə dövlət nəzarətini həyata keçirmək;

4.23. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti dövlət orqanlarına təkliflər vermək, o cümlədən iqtisadi, sosial, dövlət idarəetməsi, maliyyə, sığorta, büdcə, vergi, pul-kredit və valyuta, qiymət-tarif, bank fəaliyyəti, qiymətli kağızlar bazarı, dövlət satınalmaları, ekologiya və ekoloji təhlükəsizlik və digər sahələr üzrə məsələlərin (o cümlədən layihələrin) hazırlanmasında və dövlət tənzimlənməsində iştirak etmək, təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, müvafiq normativ hüquqi aktların ekspertizasını keçirmək;

4.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq və vəzifələri dairəsində müvafiq icra hakimiyyəti orqanlarının, dövlət və ya nizamnamə kapitalında dövlətin payı olan müəssisə və təşkilatlarının bütün növ kredit, qrant, maliyyə (texniki) yardımı müqavilələrin (sazişlərin, kontraktların) bağlanmasına, onların investisiya layihələrinə dair təkliflərinə baxmaq, aidiyyəti üzrə dövlət ekspertizasını keçirmək, müvafiq müqavilələrin (sazişlərin, kontraktların), investisiya layihələrinin zəruriliyini əsaslandıran və onların maliyyə-iqtisadi nəticələrini qiymətləndirən sənədləri almaq;

4.25. dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada keçirilən yoxlamalarda iştirak etmək;

4.26. fəaliyyət dairəsinə aid edilən məsələlər üzrə konqres, müşavirə, sərgi və digər tədbirlər keçirmək;

4.27. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Nazirliyin fəaliyyətinin təşkili

5.1. Nazirliyin mərkəzi aparatı və Nazirliyin tabeliyində olan Antiinhisar Dövlət Xidməti, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti, Sahibkarlığa Kömək Milli Fondu, regional bölmələri və digər qurumları Nazirliyin vahid sistemini təşkil edir.

5.2. Nazirlik öz fəaliyyətini bilavasitə və onun tabeliyində olan bu Əsasnamənin 5.1-ci bəndində göstərilən qurumlar vasitəsilə həyata keçirir. Nazirlik Azərbaycan Respublikasının xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərində fəaliyyət göstərən iqtisadi-ticarət nümayəndələrinin işinə rəhbərliyi, onların kadr və maliyyə təminatını həyata keçirir.

5.3. Nazirliyin strukturu və işçilərinin ümumi say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.4. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən, Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan nazir rəhbərlik edir.

5.5. İqtisadi inkişaf nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad olunan üç müavini vardır.

5.6. Nazir müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.7. Nazirliyin yanında yaradılmış və onun tabeliyində olan dövlət xidmətləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar və öz səlahiyyətləri daxilində müstəqil sərəncam vermək hüququna malikdirlər.

5.8. İqtisadi inkişaf naziri aşağıdakı səlahiyyətlərə malikdir:

5.8.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.8.2. əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin mərkəzi aparatının və tabeliyində olan dövlət xidmətlərinin, Fondun və digər qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

5.8.3. Nazirliyin tabeliyində olan dövlət xidmətlərinin və Fondun büdcə vəsaitinə tələbatına dair təkliflər hazırlayır və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edir;

5.8.4. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Nazirliyin mərkəzi aparatının, onun bölmələrinin və tabeliyində olan qurumların əsasnamə və nizamnamələrini təsdiq edir;

5.8.5. Nazirliyin mərkəzi aparatının işçilərini, tabeliyində (yanında) olan qurumların rəhbərlərini, müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndələrini vəzifəyə təyin edir və vəzifədən azad edir. Nazirliyin bütün struktur bölmələrində çalışan işçilər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.8.6. Nazirliyin mərkəzi aparatının, tabeliyində (yanında) olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, habelə normativ hüquqi aktları imzalayır (təsdiq edir), onların icrasını təşkil edir və yoxlayır;

5.8.7. Nazirliyin mərkəzi aparatının və tabeliyində olan qurumların funksional təyinatını və işçilərin say həddi daxilində say tərkibini müəyyən edir, zərurət olduqda onlarda dəyişikliklər aparır;

5.8.8. xarici dövlətlərlə, beynəlxalq maliyyə (maliyyə-kredit), iqtisadi (ticarət) və digər təşkilatları ilə, xarici hüquqi və fiziki şəxslərlə münasibətləri və əməkdaşlığı təşkil edir və həyata keçirir, müvafiq dövlətlərlə (onların dövlət orqanları və digər qurumları), beynəlxalq təşkilatlarla, şəxslərlə birbaşa danışıqlar aparır, habelə beynəlxalq, dövlətlərarası və hökumətlərarası danışıqlarda iştirak edir, müqavilələri (sazişləri, kontraktları) müəyyən edilmiş qaydada imzalayır, həmin təşkilatların, şəxslərin və dövlətlərin (onların dövlət orqanlarının və digər qurumlarının) keçirdiyi tədbirlərdə və onlarla münasibətlərdə Azərbaycan Respublikasını təmsil edir;

5.8.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlardan istifadə edir və funksiyaları həyata keçirir.

5.9. Nazirlikdə nazirdən (kollegiya sədri), vəzifəsinə görə kollegiyanın tərkibinə daxil olan nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının müvafiq orqanının rəhbərindən, Nazirliyin mərkəzi aparatının və tabeliyində (yanında) olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır.

5.10. Nazirliyin kollegiya üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.11. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

5.12. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

5.13. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, nazirin əmrləri ilə həyata keçirilir.

5.14. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Nazirliyin rəhbəri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.15. Zəruri hallarda Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkilatların nümayəndələri, mütəxəssislər dəvət edilə bilərlər.

5.16. Naxçıvan Muxtar Respublikasının müvafiq iqtisadi orqanı Nazirliyin sisteminə daxildir.

5.17. Müəyyən edilmiş əmək haqqı və işçilərin say həddi daxilində Nazirliyin Azərbaycan Respublikasının regionlarında ona birbaşa tabe olan regional orqanları bilavasitə Nazirlik tərəfindən yaradılır və ləğv edilir, onların rəhbərləri Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri tərəfindən birbaşa vəzifəyə təyin edilir və vəzifədən azad edilir.

 

Xəbərdarlıq , yeni pəncərədə açılır ! Çap

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner