İSTEHLAK BAZARINDA HƏYATA KEÇİRİLƏN NƏZARƏT TƏDBİRLƏRİNİN TƏTBİQİ QAYDALARI
-
1. Ümumi müddəalar
Bu Qaydalar “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti haqqında Əsasnamə”yə,
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 1995-ci il 19 sentyabr tarixli Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən istehlak bazarında həyata keçirilən nəzarət tədbirlərinin tətbiqi məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – hüquqi və fiziki şəxslər) ticarət (topdansatış, pərakəndəsatış və ictimai iaşə), məişət və digər növ xidmət obyektlərində (bundan sonra – obyektlər) alqı-satqı, iş görülməsi (xidmət göstərilməsi) istehlakçıların hüquqlarını müdafiə etmək, istehlak bazarında, obyektlərdə mövcud norma və qaydalara, malların (xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirmək məqsədilə araşdırmaların, monitorinq və yoxlamaların, ekspertizaların aparılmasını və bu sahədə qanunvericilikdə müəyyən edilmiş tədbirlərin görülməsini müəyyənləşdirir.
-
2. Obyektlərdə araşdırmaların, monitorinq və yoxlamaların, ekspertizaların aparılması qaydaları
2.1. Obyektlərdə aparılan araşdırmalar, monitorinq və yoxlamalar, ekspertizalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və qüvvədə olan qanunvericilik aktlarına uyğun həyata keçirilir.
2.2. Araşdırmalar, monitorinq və yoxlamalar, ekpertiza tədbirləri Dövlət Xidmətinin rəisi tərəfindən verilən sərəncam (əlavə 1) əsasında ən azı 2 (iki) nəfərdən ibarət qrup tərəfindən Azərbaycan Respublikasında istehlak üçün idxalı (sərbəst dövriyyə üçün buraxılış), ticarəti, tədarükü, saxlanması, ixracı və daşınması mərhələlərində həyata keçirilir. Dövlət Xidmətinin əməkdaşları obyektlərə araşdırmalar, monitorinq və yoxlamalar, ekspertizalar aparmaq məqsədilə daxil olarkən sərəncamı, xidməti vəsiqəni və digər təsdiqedici sənədləri təqdim etməlidirlər.
2.3. Dövlət Xidmətinin araşdırma, monitorinq və yoxlamalar, ekspertiza tədbirlərini həyata keçirən səlahiyyətli şəxsi aşağıdakı hüquqlara malikdir:
- zəruri hallarda təsərrüfat subyektlərinin rəhbərlərini məlumatlandırmaqla, saxlanma və satış sahələrinə sərbəst daxil olmaq;
- onlardan zəruri məlumat və sənədləri almaq;
- təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi texniki vasitələrindən əvəzsiz istifadə etmək;
- istehlakçıların aldadılmasının qarşısının alınması, müvafiq norma və qaydalara riayət edilməsini təmin etmək üçün istehlak mallarının nəzarəti alışını həyata keçirmək;
- normativ sənədlərə müvafiq olaraq məhsulun, malların standartlara və tələblərə uyğunluğunu təyin etmək məqsədi ilə sınaq nümunələrini seçib götürmək;
- normativ sənədlərin və qanunvericilik aktlarının tələblərinin pozulduğu aşkar edildikdə, iradnamə və tələbnamələr vermək, inzibati sanksiyalar tətbiq edilməsi üçün sertifikat və şəhadətnamələrin ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün vəsatət qaldırmaq;
- qanunvericilikdə nəzərdə tutulmuş hallarda, o cümlədən standartlara və tələblərə uyğun olmayan əmtəə partiyalarını istifadəsinin, realizə edilməsinin qadağan olunması və dövriyyədən (satışdan) çıxarılması barədə göstərişlər vermək;
- Obyektlərdə müəyyən olunmuş qaydalar pozulduğu hallarda pozuntular ardan qaldırılanadək müvafiq tələblərə cavab verməyən istehlak mallarının (xidmətlərin) satışının (istehsalının) və icrasının dayandırılması, lisenziyaların dayandırılması və ya ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək.
Araşdırmalar, monitorinq və yoxlamalar, ekspertiza tədbirlərinin nəticələrinə dair 2 (iki) nüsxədə akt (əlavə 2) tərtib olunur. Akt aydın və oxunaqlı şəkildə tərib olunmalı, üzərində silintilərə və düzəlişlərə yol verilməməlidir. Akt Dövlət Xidmətinin əməkdaşları və obyektin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır, 1 (bir) nüsxəsi Dövlət Xidmətində qalır, digər nüsxəsi isə obyektə təqdim olunur. Pozuntulara yol vermiş şəxs yazılı izahat verməli, bu izahat isə yoxlama aktına əlavə edilməlidir. Aktı imzalamaqdan, onun nüsxəsini almaqdan, yaxud yazılı izahat verməkdən imtina edildikdə, akta bu barədə qeyd edilir.
2.4. Aktda qeyd olunan qüsurlar, nöqsanlar və çatışmazlıqlar əsasında obyektə tətbiq olunacaq xəbərdarlıq və cərimə barədə inzibati xəta haqqında protokol ( əlavə 3) tərtib olunur. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibai xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır və obyektin səlahiyyətli nümayəndəsinə təqdim olunur. Barəsində inzibai xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Barəsində inzibai xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.
2.5. Zəruri hallarda mallardan qanunvericiliyə uyğun olaraq nümunələr götürülür və laboratoriya şəraitində keyfiyyəti və təhlükəsizliyi qiymətləndirlir. Nümunələr götürülərkən 2 (iki) nüsxədə nümunə götürmə aktı (əlavə 4) tərtib olunur, hər iki tərəf imzalayır, bir nüsxəsi Dövlət Xidmətndə saxlanılır, digər nüsxəsi isə obyektin səlahiyyətli nümayəndəsinə təqdim olunur.
2.6. Araşdırmalar, monitorinq və yoxlamalar, ekspertizalar nəticəsində tərtib olunan inzibati xəta haqqında protokol bir günədək müddətdə işin materialları ilə birlikdə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsə təqdim edilir. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində inzibati xətalar törətmiş şəxslər haqqında tərtib edilmiş Protokola və iş üzrə toplanmış digər sənədlərə əsasən səlahiyyətli vəzifəli şəxs inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:
- işin baxılması onun səlahiyyətinə aiddirmi;
- işin vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu;
- inzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;
- işin icraatini redd edən hallar mövcuddurmu;
- mahiyyəti üzrə işə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı;
- iş üzrə vəsatətlər və etirazlar vardırmı.
2.7. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad (əlavə 5) qəbul edilir.
2.8. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində inzibati xətalar törətmiş şəxslər haqqında tərtib edilmiş protokola və iş üzrə toplanmış digər sənədlərə əsasən səlahiyyətli vəzifəli şəxs qərar (əlavə 6) qəbul edir.
2.9. Səlahiyyətli vəzifəli şəxs işə baxmaq üçün qeyd olunan faktlar üzrə sənədlərlə tanış olmaq üçün onları tələb etmək, o cümlədən obyektin vəzifəli şəxslərindən izahatlar almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququna malikdir.
İşə baxılarkən zəruri hallarda səlahiyyətli vəzifəli şəxs xüsusi biliklər tələb olunan məsələlərin araşdırılması üçün ekspert və mütəxəssisləri də cəlb edə bilər. Ekspert və mütəxəssislər rəy vermək üçün işin materialları ilə tanış olmaq hüququna malikdirlər.
2.10. Dövlət Xidməti tərəfindən aparılan araşdırmaların, monitorinq və yoxlamaların, ekspertizaların nəticələri, qəbul olunan qərarlar barədə, eləcə də vəzifəli şəxslərin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq şikayət verə bilər.
2.11. Obyektdə qanunvericiliyin tələblərinə cavab verməyən malların, məhsulların, əşyaların, şeylərin satışı halları aşkar edildikdə bu barədə Dövlət Xidmətinin əməkdaşları tərəfindən protokol (əlavə 7) tərtb edilir və mallar, məhsullar, əşyalar, şeylər, şeylər qanunvericiliyin tələblərinə uyğun olaraq götürülür. Protokol onu tərtib etmiş Dövlət Xidmətinin əməkdaşları, obyektin səlahiyyətli nümayəndəsi və hal şahidləri tərəfindən imzalanır. Obyektin səlahiyyətli nümayəndəsi protokolu imzalamaqdan imtina edərsə, bu barədə protokolda müvafiq qeydlər aparılır.
2.12. Götürülən mallar, məhsullar, əşyalar, şeylər Dövlət Xidməti tərəfindən müəyyən olunan yerlərdə saxlanılır. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi, eləcə də pozuntuya yol vermiş şəxsin məsuliyyət məsələlərinə mövcud qanunvericiliyə əsasən baxılır.
2.13. Dövlət Xidmətinin qanunvericiliklə müəyyən edilmiş qaydada təyinatı üzrə istifadə edilən plombirləri olur. Dövlət Xidmətinin əməkdaşları plombirlərdən aşağıdakı hallarda istifadə edə bilərlər:
2.13.1. Obyektdə satışa təqdim olunan malların keyfiyyətindən şübhələndiyi təqdirdə onların keyfiyyətini və təhlükəsizliyini laboratoriya şəraitində qiymətləndirmək üçün nümunələr götürüldükdə, həmçinin keyfiyyətsiz və təhlükəli mallar (məhsullar) dövriyyədən götürülərək zərərsizləşdirmək və ya məhv edilmək məqsədilə müvəqqəti saxlandığı anbar məntəqələrini, qoruyucu kameraları plomblamaq üçün;
2.13.2. Qanunvericiliklə müəyyən edilmiş digər zəruri hallarda.
2.14. Plombirlərdən düzgün istifadə olunmasına Dövlət Xidmətinin əməkdaşları şəxsən məsuliyyət daşıyırlar və plombirlər onlarda saxlanılır. Plombirin başqa şəxsə verilməsi və başqa şəxs tərəfindən istifadə olunması qadağandır.
2.15. Dövlət Xidmətinin müvafiq qurumu ləğv edildikdə və ya əməkdaşı tutduğu vəzifəsindən azad edildikdə və digər hallarda plombirdən istifadə hüququ ondan geri alınır.














