Axtarış

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

Azərbaycan Respublikası Nazirlər Kabineti Yoxlama və nəzarət funksiyalarını həyata keçirən bəzi dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında Partnyorluq Sazişinin nümunəvi formasının təsdiq edilməsi barədə Qərar № 181, 19 noyabr 2002-ci il

«Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanının 10-cu bəndinin səkkizinci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Vergilər Nazirliyi ilə razılaşdırılmış «Yoxlama və nəzarət funksiyalarını həyata keçirən bəzi dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında Partnyorluq Sazişinin nümunəvi forması» təsdiq edilsin (əlavə olunur).

2. Yoxlama və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanlarına tapşırılsın ki, təsdiq edilmiş nümunəvi formaya uyğun olaraq sahibkarlıq subyektləri ilə Partnyorluq Sazişlərinin bağlanması praktikasına keçidi təmin etsinlər və bu sahədə görülmüş işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 683)


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 19 noyabr tarixli
181 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Yoxlama və nəzarət funksiyalarını həyata keçirən bəzi dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında

Partnyorluq Sazişinin nümunəvi forması

Bu Partnyorluq Sazişinin nümunəvi forması (bundan sonra—saziş) «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanının 10-cu bəndinin səkkizinci abzasının icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır.

Tərəflər:

1. _________________________________________________________________________

Yoxlama və nəzarət funksiyasını həyata keçirən dövlət orqanı

2. _________________________________________________________________________

Sahibkarlıq subyekti (sahibkarların ictimai birliyi)

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq;

ölkədə sahibkarlığın inkişafının zəruriliyini dərk edərək;

sahibkarlarla dövlət tənzimləmə və nəzarət orqanları arasında əməkdaşlıq və anlaşma münasibətlərinin qurulmasını vacib sayaraq;

məsləhətləşmələr və danışıqlar zamanı əldə edilmiş razılaşmalara riayət olunmasını öhdəlik kimi qəbul edərək;

razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən bu Partnyorluq Sazişini bağlamışlar.

1. Əməkdaşlıq istiqamətləri

Tərəflər göstərilən məqsədlərin reallaşdırılması üçün aşağıdakı istiqamətlərdə bərabərhüquqlu əməkdaşlığa dair razılığa gəlmişlər:

1.1. Aşağıdakı sahələrdə qarşılıqlı işgüzar informasiya mübadiləsini həyata keçirmək:

    • sahibkarlıq fəaliyyəti sahəsində (aidiyyəti sahə üzrə) qanunvericilikdə baş verən dəyişikliklərin sahibkarlara çatdırılması;

    • sahibkarlıq subyektinin fəaliyyəti ilə bağlı zəruri informasiyalarla digər tərəfin məlumatlandırılması;

1.2. sahibkarlıq subyektində aparılan yoxlamalar zamanı aşkara çıxarılan çatışmazlıqların aradan qaldırılması istiqamətində birgə səylərin göstərilməsi;

1.3. sahibkarlıq subyektlərinin öz fəaliyyətlərini mövcud qanunvericilik çərçivəsində həyata keçirmələrinə metodiki kömək göstərilməsi;

1.4. sahibkarlıq fəaliyyətinə mane olan hallar barədə dövlət orqanlarının məlumatlandırılması və onların aradan qaldırılması istiqamətində bu orqanlarla əməkdaşlıq edilməsi;

1.5. qanunvericilik aktlarında və digər normativ-hüquqi sənədlərdə, həmçinin, dövlət nəzarət və yoxlama funksiyalarını həyata keçirən aidiyyəti orqanların təlimatlarında sahibkarlığın inkişafına mane olan müvafiq müddəaların dəyişdirilməsi ilə bağlı sahibkarlar və ya onların ictimai birlikləri tərəfindən müvafiq təkliflərin verilməsi və həmin təkliflərin aidiyyəti orqanlar tərəfindən ümumiləşdirilərək nəzərə alınması;

1.6. sahibkarlıq subyektinin fəaliyyətinə qeyri-qanuni müdaxilə edilməməsi;

1.7. sahibkar tərəfindən onun fəaliyyətini tənzimləyən mövcud normativ-hüquqi aktlara əməl edilməsi.

2. Əməkdaşlıq formaları

Göstərilən istiqamətlərdə əməkdaşlıq aşağıdakı formalarda həyata keçirilir:

2.1. sahibkarlıq fəaliyyəti sahəsində qarşılıqlı informasiya mübadiləsi aparmaq və məsləhətləşmələr keçirmək;

2.2. sahibkarlığın inkişafı, tənzimlənməsi və ona nəzarətin həyata keçirilməsinə dair metodiki vəsaitlər nəşr etmək.

3. Əlavə müddəalar

3.1. Bu saziş imzalandığı gündən qüvvəyə minir.

3.2. Sazişin müddətini onu imzalayan tərəflər müəyyən edir və sazişdə göstərirlər.

3.3. Tərəflərdən birinin sazişdə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmədiyi və ya tərəflərdən birinin fəaliyyəti rəsmi olaraq dayandırıldığı halda digərinə məlumat verməklə saziş qüvvəsini müəyyən edilmiş müddətdən əvvəl itirmiş hesab olunur.

3.4. Bu sazişə qarşılıqlı razılaşma əsasında əlavələr edilə bilər.

3.5. Sazişə edilmiş əlavələr protokolla rəsmiləşdirilir.

Yoxlama və nəzarət funksiyasını
həyata keçirən dövlət orqanı

Sahibkarlıq subyekti
(sahibkarların ictimai birliyi)


Xəbərdarlıq , yeni pəncərədə açılır ! Çap

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner