Axtarış

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

«Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Nazirlər Kabineti Qərar №154.16 avqust 2005-ci il

«Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 969 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

 

_____________________________________________________________________

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 16 avqust tarixli, 154 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi

Qaydaları

 

I. Ümumi müddəalar

 

1. Bu Qaydalar «Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 969 nömrəli Fərmanına və digər qüvvədə olan qanunvericilik aktlarına əsasən hazırlanmışdır və yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir.

 

II. Dövlət nəzarətinin məqsədi

 

2. Dövlət nəzarətinin məqsədi istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükə törədə biləcək yeyinti məhsullarının istehsalının, idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır.

 

3. Yeyinti məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, alış-satış və idxal-ixrac əməliyyatları yeyinti məhsulları sahəsində fəaliyyət hesab edilir.

 

4. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət nəzarəti orqanları (öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi) yeyinti məhsulları sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən məhsulların keyfiyyət və təhlükəsizliyinə dair tələblərə, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloci, sanitariya, baytarlıq sanitariya və fitosanitar standartlara, norma, qayda və tələblərinə (bundan sonra — standartlara və tələblərə) riayət edilməsinə nəzarəti həyata keçirirlər.

 

Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində digər orqanların iştirakına yol verilmir.

 

5. Yeyinti mahsullarının istehsalı, ticarəti, tədarükü, saxlanması, respublika ərazisində istehlak üçün idxalı (sərbəst dövriyyə üçün buraxılış), ixracı və daşınması zamanı məhsulun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün standartlara və aşağıdakı tələblərə riayət edilməsinə nəzarət edilir:

 

5.1. yeyinti məhsullarının insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühitin təhlükəsizliyinin qorunmasını təmin edəcək tələblərə:

 

-       yeyinti məhsullarının standart və tələblərə uyğunluğunun müəyyən edilməsi, müvafiq formada sənədləşdirilmiş ekspertiza, müayinə və sınaq nəticələrinə əsaslanır. Yeyinti məhsullarının tərkibi kimyəvi, bioloci, toksikoloci və radioloci göstəricilərinə görə dövlət nəzarəti aparan səlahiyyətli şəxs tərəfindən təsərrüfat subyektinin nümayəndələrinin iştirakı ilə seçilmiş nümunələrin ekspertizası (sınaqları, müayinəsi) akkreditasiya olunmuş müvafiq laboratoriyalarda (mərkəzlərdə) təsərrüfat subyektinin vəsaiti hesabına aparılır. Ekspertizanın (müayinə və sınaqların) nəticələri nümunələrin seçildiyi məhsulun partiyasına şamil edilir və ekspertizanı (müayinə və sınağı) aparmış məsul şəxslərin imzaları ilə müvafiq sənədlərlə rəsmiləşdirilir;

 

5.2. yeyinti məhsullarının qablaşdırılmasına, etiketləşdirilməsinə, daşınmasına və saxlanmasına olan normativ sənədlərin tələblərinə:

 

-    istehsal edilən, habelə ixrac edilən yeyinti məhsullarının üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır;

 

-    Azərbaycan Respublikasında istehlak üçün idxal (sərbəst dövriyyə üçün buraxılış) edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır;

 

-    yeyinti məhsullarının etiketinin üzərində məhsulun adı, həcmi, növü və tərkibi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı, əmtəə nişanı və normativ sənədlərdə tələb olunan digər məlumatlar olmalıdır;

 

-    yeyinti məhsullarının qablaşdırılmasında və bükülməsində istifadə olunan köməkçi materialların istifadəsinə yalnız uyğunluq və gigiyenik sertifikatı olduqda icazə verilir;

 

-    yeyinti məhsullarının saxlanması və daşınması zamanı normativ sənədlərin tələblərinin pozulması nəticəsində baş verə biləcək hər hansı bir tərkib dəyişmələrinə və çirklənmələrə yol verilməməlidir.

 

5.3. müvafiq norma və qaydalara istinad edilməklə təhlükəsizlik texnikası və əmək gigiyenası tələblərinə;

 

5.4. ölçmələrin vəhdətini və dəqiqliyini təmin edən metroloci qayda və normaların tələblərinə;

 

5.5. səlahiyyətli orqan tərəfindən verilmiş və ya tanınmış qüvvədə olan sertifikat və şəhadətnamələrin mövcudluğuna;

 

5.6. uyğunluq nişanının, «müalicəvi», «pəhriz», «ekoloci təmiz» adlarının qanunvericiliyə uyğun tətbiqinə;

 

5.7. sertifikat və şəhadətnamə verilmiş məhsulun normativ sənədlərinə və ya istehsalın texnoloci proseslərinə edilmiş dəyişikliklər barədə sertifikat və şəhadətnamə verən səlahiyyətli orqana vaxtlı-vaxtında məlumatın verilməsinə;

 

5.8. yeyinti məhsullarını istehsal edən obyektlərdə istehsalçının zəruri olan normativ sənədlərlə təminatına:

 

-   müvafiq səlahiyyətli dövlət orqanında qeydiyyatdan keçməmiş normativ sənədlə yeyinti məhsulunun istehsalına icazə verilmir;

 

-    beynəlxalq, regional və xarici ölkələrin milli standartları əsasında yeyinti məhsullarının istehsalına, məhsulun keyfiyyətinə olan tələblərə cavab verdikdə və standartlaşdırma və sertifikatlaşdırma sahəsində milli orqanda (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi) qeydiyyatdan keçirildikdən sonra icazə verilir;

 

5.9. istehsal edilən məhsulların sınaqlarının dövri olaraq müvafiq səlahiyyətli orqan tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda (mərkəzlərdə) aparılmasına;

 

5.10. yeyinti məhsullarını istehsal edən obyektlərdə istehsal texnologiyası prosesləri sahəsində ixtisaslı mütəxəssislərin olmasına.

 

6. Azərbaycan Respublikasında istehlak üçün idxal (sərbəst dövriyyə üçün buraxılış) edilmiş məhsulların standartlara və tələblərə uyğunluğu araşdırılarkən, aşağıdakılar tələb edilir:

 

-    istehsalçı ölkənin müvafiq orqanları tərəfindən verilmiş məhsulun mənşəyini, keyfiyyətini və təhlükəsizliyini xarakterizə edən sertifikatların rəsmi tərcüməsi və məhsulun respublikaya daxil edilməsi üçün kontraktın (müqavilənin) surəti;

 

-   Azərbaycan Respublikasında istehlak üçün idxal (sərbəst dövriyyə üçün buraxılış) olunmuş və ixrac edilən yeyinti məhsullarının keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmaması barədə əlamətlər müəyyən edildikdə, məhsullardan seçilmiş nümunələrin sınaqları (müayinəsi) aparılır;

 

-  istehsalçı ölkənin müvafiq orqanları tərəfindən yeyinti məhsullarına verilmiş uyğunluq sertifikatı dövlətlərarası müqavilələrə uyğun olaraq tanınmadan keçməli, belə müqavilələr olmadığı təqdirdə, məhsulların Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərə uyğunluğunu təsdiq edən sertifikat alınmalıdır.

 

III. Dövlət nəzarətinin aparılması qaydaları

 

7. Dövlət nəzarətinin təşkili və keçirilmə formaları «Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununa və qüvvədə olan qanunvericilik aktlarına uyğun həyata keçirilir.

 

8. Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini öz səlahiyyətləri çərçivəsində, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyinin müfəttiş və mütəxəssisləri həyata keçirirlər.

 

Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti həmin məhsulların Azərbaycan Respublikasında istehlak üçün idxalı (sərbəst dövriyyə üçün buraxılış), istehsalı, ticarəti, tədarükü, saxlanması, ixracı və daşınması mərhələlərində keçirilir.

 

9. Dövlət nəzarət orqanları tərəfindən hər il aparılması planlaşdırılan yoxlamalar yeyinti məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində «Sahibkarlıq inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanının 6-cı bəndinə uyğun aparılır. Yoxlamalar istehlakçıların müraciət və şikayətləri əsasında və yoxlamanın nəticəsi üzrə hüquqi və fiziki şəxslər barəsində görülən tədbirlərin icrasını yoxlamaq məqsədi ilə təkrar aparıla bilər. Yoxlamalar əsasən seçmə üsulu ilə həyata keçirilir.

 

10. Dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətli şəxsi aşağıdakı hüquqlara malikdir:

 

-       zəruri hallarda təsərrüfat subyektlərinin rəhbərliyini məlumatlandırmaqla istehsal, saxlanma və satış sahələrinə sərbəst daxil olmaq;

 

-       onlardan zəruri məlumat və sənədləri almaq;

 

-       təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən əvəzsiz istifadə etmək;

 

-       normativ sənədlərə müvafiq olaraq məhsulun standartlara və tələblərə uyğunluğunu təyin etmək məqsədi ilə sınaq nümunələri seçib götürmək;

 

-       normativ sənədlərin və qanunvericilik aktlarının tələblərinin pozulduğu aşkar edildikdə, iradnamə və tələbnamələr vermək, inzibati sanksiyalar tətbiq edilməsi üçün sertifikat və şəhadətnamələrin ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün vəsatət qaldırmaq.

 

Təsərrüfat subyektlərinin rəhbərləri dövlət nəzarətini həyata keçirmək üçün şərait yaratmalıdırlar.

 

11. Dövlət nəzarətinin nəticələri akt ilə (arayış və ya inzibati protokolla) rəsmiləşdirilir. Aktda müvafiq dövlət nəzarəti orqanı əməkdaşının soyadı, adı, atasının adı göstərilir və bu barədə nəzarət kitabçasında qeyd olunur. Araşdırma aktının bir nüsxəsi təsərrüfat subyektinin rəhbərinə təqdim edilir. Təsərrüfat subyektinin rəhbərinin aktı imzalayarkən, öz rəyini əlavə etmək hüququ var. Aktda aşağıdakı məlumatlar verilir:

 

-    hüquqi və fiziki şəxslər haqqında məlumatlar (müəssisənin ünvanı, müəssisə rəhbərinin soyadı, adı və atasının adı), nəzarəti aparan səlahiyyətli şəxslər haqqında məlumatlar (vəzifəsi, soyadı, adı, atasının adı);

 

-   nəzarətin aparılmasının səbəbləri və müddəti;

 

-  araşdırma haqqında məlumatlar, sınaq üçün götürülən nümunələr və məhsulun partiyası haqqında məlumatlar və sınaq protokolu;

 

-   araşdırmanın nəticələri.

 

Dövlət nəzarət aktı, arayış və inzibati protokol, qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq iradnamələr, tələbnamələr və göstərişlər inzibati qərarların qəbul edilməsi üçün əsas olan hüquqi sənəddir.

 

IV. Tətbiq olunan hüquqi tədbirlər

 

12. Aşkar olunmuş pozuntuların təyin olunmuş müddətdə aradan qaldırılması məqsədi ilə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs təsərrüfat subyektinin rəhbərinə xəbərdarlıq və ya iradnamə, standartlara və tələblərə uyğun olmayan məhsul partiyasının istifadasinin və realizə edilməsinin qadağan olunması və dövriyyədən (satışdan) çıxarılması barədə isə göstəriş, inzibati qərar və ya tələbnamə vermək hüququna malikdir.

 

13. Yoxlamanın nəticələri üzrə verilən iradnamələrin, tələbnamələrin, qərar və göstərişlərin icrası hüquqi və fiziki şəxslər üçün məcburidir.

 

14. Aşağıdakı hallarda yeyinti məhsullarının Azərbaycan Respublikasında istehlak üçün idxalının (sərbəst dövriyyə üçün buraxılış), istehsalının, ixracının və satışının qadağan edilməsi barədə göstəriş və tələbnamə verilir:

 

14.1. yoxlanılan məhsullar standartlara və tələblərə uyğun gəlmədikdə və ya məhsulun müvafiq keyfiyyətdə sabit istehsalına şərait olmadıqda;

 

14.2. normativ sənədsiz, yaxud qüvvədə olma müddəti bitmiş normativ sənədlə və ya müəyyən olunmuş qaydada tanınmamış sənədlə məhsul hazırlandıqda;

 

14.3. yeyinti məhsulları gizlədildikdə;

 

14.4. istehsalçı (idxalçı, ixracatçı, satıcı) tərəfindən məhsulların sertifikatlaşdırma qaydaları pozulduqda, «müalicəvi», «pəhriz», «ekoloci təmiz» adlarından, AZS Milli Uyğunluq Nişanından qeyri-qanuni istifadə edildikdə;

 

14.5. saxta və başqasının əmtəə nişanı ilə icazəsiz məhsullar istehsal və realizə edildikdə;

 

14.6. buraxılması və ya satılması qadağan olunmuş mallar satıldıqda;

 

14.7. məhsulların saxlanması və ya satışı zamanı mal qonşuluğu qaydaları pozulduqda;

 

14.8. sertifikat və şəhadətnamə alınmadan yeyinti məhsulları istehsal olunduqda və satıldıqda;

 

14.9. yeyinti məhsullarının ticarət qaydaları pozulduqda;

 

14.10. qeyri-qanuni şəraitdə istehsal edilmiş yeyinti məhsulları satıldıqda.

 

15. Sertifikat və şəhadətnamə almış yeyinti məhsullarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkar edildikdə sertifikat və şəhadətnamələrin fəaliyyəti dayandırılır.

 

16. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarəti aparılarkən, inzibati sanksiyaların tətbiq edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

 

17. Yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün sifarişçi və icraçılar bağladıqları müqavilələrə, habelə büdcədən maliyyələşən təşkilatlar yeyinti məhsullarının satınalınması üzrə keçirilən tenderin şərtlər toplusuna məhsulların standartlara və tələblərə uyğunluğunu təsdiq edən sertifikat və şəhadətnamələrin olması barədə müvafiq şərtlər daxil etməlidirlər.

 

18. Yeyinti məhsulları sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən bu Qaydalara uyğun verilmiş qərar və tələbləri icra etmədikdə, mövcud qanunvericiliyə müvafiq məsuliyyət daşıyırlar.

 

Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri hərəkətlərinə və qəbul etdikləri qərarlara görə mövcud qanunvericiliyə müvafiq məsuliyyət daşıyırlar.

 

Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət edilə bilər.

 

 

 

Xəbərdarlıq , yeni pəncərədə açılır ! Çap

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner