İnsan həyatı və sağlamlığı üçün təhlükəli olan yağlar məhv edilmişdir
03.02.10
Məlumat verildiyi kimi, kağız qutulara qablaşdırılmış 200 qramlıq “Naş moloçnik” əmtəə nişanlı kərə və şokoladlı yağların mikrobioloji göstəricilərinin normalara uyğun olmaması ilə əlaqədar satışı dayandırılmış və bu malların dövriyyədən çıxarılması ilə bağlı “Naş moloçnik” yağlarının topdansatışı ilə məşğul olan “Avrora” firmasına icrası məcburi göstəriş verilmişdi.
Araşdırmalara başlanılan zaman “Avrora” firmasının anbarında “Naş moloçnik” əmtəə nişanlı 696,6 kq kərə yağı aşkar edilərək satışı qadağan edilmişdir. Bundan başqa, indiyədək 1557 kq “Naş moloçnik” əmtəə nişanlı kərə yağı və 158 kq şokoladlı yağ ticarət şəbəkələrindən çıxarılaraq “Avrora” firmasının anbarına qaytarılmışdır.
Firmanın anbarındakı insan həyatı və sağlamlığı üçün təhlükəli 696,6 kq kərə yağı və ticarət şəbəkəsindən anbara qaytarılmış 158 kq şokoladlı yağ məhv edilmişdir.
Ticarət şəbəkəsindən çıxarılaraq firmanın anbarına qaytarılmış 1557 “Naş moloçnik” əmtəə nişanlı kərə yağı ilə bağlı araşdırmalar isə davam etdirilir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha istehlakçıları insan həyatı və sağlamlığı üçün təhlükəli olan 200 qramlıq kağız qutulara qablaşdırılmış “Naş moloçnik” əmtəə nişanlı kərə yağını almamağa çağırır.













