“Camal Ltd” şirkətinə 4 min manat maliyyə sanksiyası tətbiq olundu
22.07.10
Məlumat verildiyi kimi, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə dondurma istehsal edən “Camal Ltd” şirkəti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə “Camal Ltd” şirkətinə 4 min manat maliyyə sanksiyası tətbiq edilmiş, üzərində saxlama müddəti normativ sənədlərdə nəzərdə tutulmuş müddətlərdən artıq göstərilmiş 193 ədəd dondurma etiketi və 431 kq bükülməmateriallarının qanunamüvafiq qaydada məhv edilməsi barədə qərar qəbul olunmuşdur.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.














