Search

Banner
Banner
Banner
Banner
Banner
Banner

ANTİİNHİSAR SİYASƏTİ VƏ İSTEHLAKÇILARIN HÜQUQLARININ MÜDAFİƏSİ DÖVLƏT XİDMƏTİ HAQQINDA

Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin bazasında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılmışdır.

Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 203 nömrəli fərmanı ilə təsdiq edilmişdir.

Dövlət Xidməti inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınmasını, məhdudlaşdırılmasını və aradan qaldırılmasını, əmtəə və xidmət (o cümlədən maliyyə xidmətləri) bazarlarında rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunmasını, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən, antiinhisar (rəqabət), reklam, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, istehlak bazarında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin əmr və sərəncamlarını və Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2009-cu il tarixli fərmanı ilə təsdiq olunmuş Əsasnaməsini rəhbər tutur.

Xidmətin fəaliyyətinin istiqamətləri aşağıdakılardır:

- inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, rəqabətin inkişafı və təşviqi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi sahələrində dövlət siyasətinin hazırlanması ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə təkliflər verir və bu sahədə müəyyən olunmuş siyasətin səlahiyyətləri daxilində həyata keçirilməsini təmin edir;

- antiinhisar (rəqabət), reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində mövcud norma və qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirir;

- inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin və istehlakçıların hüquqlarının və qanuni maraqlarının pozulması hallarının qarşısının alınması və aradan qaldırılması sahələrində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

- yeyinti məhsullarının Avropa İttifaqı ölkələrinə ixracının tənzimlənməsi sahəsində zəruri tədbirlərin görülməsini təmin edir;

- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Xidmət təsdiq olunmuş Əsasnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı əsas vəzifələri yerinə yetirir:

- mülkiyyət formasından asılı olmayaraq əmtəələrin istehsalı, satışı (əldə edilməsi), işlərin görülməsi və xidmətlərin (o cümlədən, maliyyə xidmətləri) göstərilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər və ya onların birlikləri (bundan sonra – təsərrüfat subyektləri), dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirir, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına, təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlayır və həyata keçirir;

- antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması, bazar subyektləri tərəfindən tətbiq olunan haqsız rəqabət hallarının aşkarlanması, onların aradan qaldırılması, bazarda ilkin (qeyri-inhisar) vəziyyətin bərpa edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür;

- hökmran mövqedən sui-istifadə edən, inhisarçılıq fəaliyyəti göstərən, öz hərəkətləri ilə rəqabəti məhdudlaşdıran və istehlakçıların mənafelərini pozan təsərrüfat subyektləri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görür;

-qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyə-sənaye qruplarının fəaliyyətinə nəzarət edir, onların fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması, qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür;

- qanunvericiliyə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir, onlar tərəfindən istehlakçıların mənafeyinə və rəqabətə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınması və aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

- süni şəkildə qiymətlərlə manipulyasiya edilməsinə, qiymət ayrı-seçkiliyinə və qiymətlərin dempinqinə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

- istehlakçıların hüquqlarını müdafiə etmək, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində mövcud norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirir, bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür, zəruri hallarda aşkar edilmiş nöqsan və qüsurların aradan qaldırılması ilə əlaqədar aidiyyəti dövlət orqanlarına təqdimatlar verir;

- standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən, insanların həyatı və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, mənşəyi məlum olmayan, saxlanma və yararlılıq müddəti ötmüş malların (işlərin, xidmətlərin) satışının (icrasının) qarşısını almaq üçün və belə malların (işlərin, xidmətlərin) satışı (icrası) ilə məşğul olan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

- istehlakçıların hüquqlarının müdafiəsi və haqsız rəqabətin qarşısının alınması məqsədilə saxtalaşdırmaya qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

- istehlakçıların çəkidə (ölçüdə), qiymətdə, hesabda aldadılmasına, mallar (işlər və xidmətlər) barədə istehlakçılara tam və düzgün məlumatların (keyfiyyəti, kəmiyyəti və s.) verilməməsinə, satış (icra) və mallara (işlərə və xidmətlərə) müvafiq zəmanətlərin verilməsi zamanı istehlakçılarla müqavilə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulmasına qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

- qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) satışı (icrası) zamanı qiymət intizamına öz səlahiyyətləri daxilində nəzarət edir;

- istehlakçıların hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

- tabeliyindəki hüquqi şəxs olan qurumları vasitəsilə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirir, onların nəticələrini təsdiq edən sənədlər (mənşə sertifikatı) verir;

- Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizalar keçirmək, müəssisələrə təsdiqedici kod nömrələri və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlər verir (o cümlədən keyfiyyət sertifikatı), həmin məhsulların keyfiyyətinə nəzarət sistemini tətbiq etmək, istehsal və emal müəssisələrinin reyestrini aparmaq və Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını həyata keçirir;

- malların (işlərin, xidmətlərin) keyfiyyəti və təhlükəsizliyi sahəsində tələblərin (standartların, təhlükəsizlik normalarının, keyfiyyətə nəzarət sistemlərinin, malların qablaşdırılması qaydalarının, yeyinti məhsullarının daşınması və saxlanması qaydalarının, ekoloji, baytarlıq, sanitar və fitosanitar normaların, malların, işlərin və xidmətlərin göstərilən normalara uyğunluğunun təmin edilməsi metodlarının) tətbiqi məqsədilə müvafiq orqanlarla qarşılıqlı fəaliyyət göstərir;

- qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

- qanunvericiliklə müəyyən olunmuş qaydada antiinhisar (rəqabət) siyasəti, istehlakçıların hüquqlarının müdafiəsi və reklam fəaliyyətinin tənzimlənməsi sahəsində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

- antiinhisar (rəqabət), reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət norma və qaydalarına riayət edilməsinə, istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti məqsədilə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və digər nəzarət tədbirləri keçirmək, aşkar olunmuş qanun pozuntuları ilə bağlı aktlar tərtib etmək, pozuntuların aradan qaldırılmasını tələb etmək, qərarlar qəbul etmək, icrası məcburi olan göstərişlər və rəsmi xəbərdarlıqlar vermək;

- antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxmaq, pozuntuların dayandırılması və (və ya) onların nəticələrinin aradan qaldırılması, maliyyə sanksiyalarının tətbiq olunması və antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş digər məsuliyyət tədbirlərinin tətbiqi haqqında qərarlar qəbul etmək və icrası məcburi olan göstərişlər vermək;

- antiinhisar (rəqabət), reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə onların məcburi icrası, tətbiq olunmuş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması məqsədilə məhkəməyə müraciət etmək;

- təbii inhisar və ya dövlət inhisarı subyekti qanunvericiliklə müəyyən edilmiş müstəqil tənzimləmə rejiminə tabe olmadıqda, rəqabətin pozulması hallarının qarşısını almaq və aradan qaldırmaq məqsədilə qiymət, istehsalın həcmi və xidmət şərtləri ilə əlaqədar həmin subyektlərə icrası məcburi olan göstərişlər (qərarlar) vermək və bununla bağlı antiinhisar qanunvericiliyində nəzərdə tutulan məsuliyyət tədbirləri həyata keçirmək;

- antiinhisar (rəqabət) və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar təsərrüfat subyektlərinə verilmiş xüsusi razılıq (lisenziya) ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün onu vermiş icra hakimiyyəti orqanlarına təqdimatlar vermək;

- maliyyə-sənaye qruplarından, təbii inhisar subyektlərindən, inhisarçı müəssisələrdən qanunvericiliklə müəyyən edilmiş qaydada onların fəaliyyəti haqqında hesabatlar, zəruri olan digər sənədlər və məlumatlar, o cümlədən təbii inhisar subyektlərinin investisiya layihələrini almaq;

- antiinhisar (rəqabət) və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə dövlət nəzarətini həyata keçirmək məqsədilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərin satış, xidmət, saxlama və digər sahələrinə, o cümlədən antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə istehsal sahələrinə qanunvericiliyə uyğun olaraq sərbəst daxil olmaq, zəruri məlumat və sənədləri almaq, satılan və ya satılması nəzərdə tutulan istehlak mallarının müayinəsini, zəruri hallarda alışını həyata keçirmək;

- müvafiq sənədləşdirmə aparmaqla mallardan sınaq nümunələri götürmək, keyfiyyətinin və təhlükəsizliyinin normativ sənədlərin tələblərinə uyğunluğunu qiymətləndirmək, müvafiq tələblərə cavab verməyən mallar barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək, aşkar edilmiş nöqsan və qüsurların aradan qaldırılması ilə bağlı zəruri hallarda müvafiq dövlət orqanlarına təqdimatlar vermək;

- mallarda (işlərdə, xidmətlərdə) normativ sənədlərin və qanunvericilik aktlarının tələblərinin pozulduğu aşkar edildikdə, pozuntulara yol vermiş şəxslərə iradnamə və tələbnamələr vermək, zəruri hallarda onlara verilmiş sertifikat və şəhadətnamələrə yenidən baxılması üçün müvafiq dövlət orqanlarına təqdimatlar vermək;

- yararlılıq müddəti ötmüş, satışı qadağan olunmuş, saxtalaşdırılmış, mənşəyi məlum olmayan, istifadəyə yararsız, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli malların (işlərin, xidmətlərin), əmtəə partiyalarının satışının (icrasının) dayandırılması, dövriyyədən (satışdan) çıxarılması, o cümlədən antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə əməl olunması və haqsız rəqabət hallarının qarşısının alınması üçün belə malların (işlərin, xidmətlərin) istehsalının dayandırılması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada qərarlar qəbul etmək;

- taxılçılıq fəaliyyəti subyektləri tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq, bu məqsədlə monitorinq, araşdırma və ekspertizalar keçirmək, bu işlərin nəticələri üzrə qanunvericiliyə uyğun qərarlar qəbul etmək, icrası məcburi olan göstərişlər vermək və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görmək;

- istifadəyə yararsız malların götürülməsi, zərərsizləşdirilməsi, təkrar emalı və ya məhv edilməsi barədə mövcud qanunvericiliyə uyğun olaraq qərar qəbul etmək və həmin qərarların icrasına nəzarət etmək;

- qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Dövlət Xidməti müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

Dövlət Xidmətinin saxlanması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə qadağan edilməmiş digər mənbələr hesabına maliyyələşdirilir.

Dövlət Xidmətinin strukturuna aşağıdakı şöbələr daxildir:

- Rəqabətin qorunması və reklam qanunvericiliyinə nəzarət şöbəsi

- Təbii inhisarlar və dövlət inhisarına aid xidmətlərin tənzimlənməsi şöbəsi

- İstehlak bazarına nəzarət şöbəsi

- İstehlakçı hüquqları şöbəsi

- Monitorinq və analitik təhlil şöbəsi

- Hüquq şöbəsi

- Ümumi şöbə

- Maliyyə və təminat şöbəsi

Əmtəə bazarında antiinhisar qanunvericiliyinə nəzarət və Maliyyə xidmətləri bazarında antiinhisar qanunvericiliyinə nəzarət sektorlarını özündə birləşdirən Rəqabətin qorunması və reklam qanunvericiliyinə nəzarət şöbəsi “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Reklam haqqında” Qanunlarının icrasına dövlət nəzarəti ilə bağlı Nazirliyin və Xidmətin səlahiyyətlərinə aid funksiyaların icrasını həyata keçirir, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə tədbirlər hazırlayır və onun həyata keçirilməsində iştirak edir.

Təbii inhisarlar və  Dövlət inhisarında olan xidmətlər sektorlarını  özündə birləşdirən Təbii inhisarlar və dövlət inhisarına aid xidmətlərin tənzimlənməsi şöbəsi təbii inhisar subyektləri tərəfindən antiinhisar (təbii inhisar) qanunvericiliyinin pozulması hallarına qrşı mübarizə aparmaq,  təbii inhisar subyektləri tərəfindən antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət edir.

İstehlak bazarına nəzarət şöbəsi istehlak bazarında, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində (obyektlərdə) mövcud norma və qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirir, istehlak bazarını keyfiyyətsiz və təhlükəli mallardan qoruyur, bu sahədə müəyyən edilmiş operativ tədbirləri görür.

İstehlakçıların maarifləndirilməsi və İstehlakçıların hüquqlarının qorunması sektorlarını  özündə birləşdirən İstehlakçı hüquqları şöbəsi istehlakçı hüquqlarının pozulmasının qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür, istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə istehlak bazarında, o cümlədən ticarət, məişət, ictimai iaşə və digər növ xidmət sahələrində qanunvericiliklə müəyyən edilmiş nəzarət tədbirlərini həyata keçirir.

Monitorinq və Analitik təhlil sektorlarını  özündə birləşdirən Monitorinq və analitik təhlil şöbəsi istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə istehlak bazarında, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət, sahələrində monitorinqləri həyata keçirir, istehlakçıların aldadılmasının, haqsız reklamların qarşısını almaq və onların maarifləndirilməsi istiqamətində zəruri tədbirlər görür, Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı ayrı-ayrı məsələlər üzrə araşdırmalar, ümumiləşdirmələr, təhlillər  aparır  və təkliflər  verir.

Strukturuna Məhkəmələrlə iş və Hüquqi təminat sektorları daxil olan Hüquq şöbəsi Dövlət Xidmətinin fəaliyyətinin mövcud qanunvericiliyə uyğunluğunu təmin edir, Xidmətin cavabdeh qismində cəlb edildiyi işlər üzrə məhkəmə orqanlarında təmsil edilməsini və qanuni hüquqlarının müdafiəsini təmin edir.

Strukturuna Kadrlarla iş və Dəftərxana və sənədlərin icrasına nəzarət sektorları daxil olan Ümumi şöbə Dövlət Xidmətində kadr işlərini aparır və kargüzarlığı  təşkil edir, icra və əmək intizamına riayət edilməsini həyata keçirir.

Maliyyə və təminat şöbəsi Dövlət Xidmətinin mühasibat uçotu və maliyyə hesabatını aparır, struktur bölmələrin maddi-texniki təminatını, vəsait və avadanlıqların istifadəsini, qorunub saxlanmasını, inzibati binaların mühafizəsi sahəsində tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin edir.

Dövlət Xidməti Bakı şəhərində yerləşir və respublika üzrə aşağıdakı 9 regional bölməsi vardır:

- Abşeron regional bölməsi;

- Gəncə-Qazax regional bölməsi;

- Şəki-Zaqatala regional bölməsi;

- Lənkəran regional bölməsi;

- Quba-Xaçmaz regional bölməsi;

- Aran regional bölməsi;

- Yuxarı Qarabağ regional bölməsi;

- Dağlıq Şirvan regional bölməsi;

- Kəlbəcər-Laçın regional bölməsi.

Bundan əlavə Dövlət Xidmətinin nəzdində İstehlak Mallarının Ekspertizası Bürosu fəaliyyət göstərir. Büronun yaradılmasında məqsəd istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək üçün istehsal və ixrac olunan, eləcə də daxili bazarda satılan malların keyfiyyətini və təhlükəsizliyini təmin etmək, milli istehsalçıların beynəlxalq bazarlara, o cümlədən Avropa İttifaqı ölkələrinə sərbəst çıxışına əlverişli şərait yaratmaq, öz bizneslərini inkişaf etdirmək üçün biznes strukturlarına laboratoriya, marketinq tədqiqatları, təlimləndirmə, kansultasiya xidmətləri göstərmək və s. istiqamətlərdə dəstək verməkdən ibarətdir. Büro eyni zamanda, istehlak mallarının keyfiyyəti və təhlükəsizliyinin, mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılması, onların nəticələrini təsdiq edən sənədlərin verilməsi, Avropa İttifaqına ixrac olunan yeyinti məhsullarının sertifikatlaşdırılması, istehsal və emal müəssisələrində beynəlxalq qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin (HACCP, İSO 22000 və s.) tətbiqi istiqamətində fəaliyyət göstərir.

Attention: open in a new window. Print

Banner
Banner
Banner
Banner
Banner
Banner