26th February 2018 Monday 05:40:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları”na əsasən mənşəyini və qiymətini təsdiq edən qaimə və digər müşayiətedici sənədləri olmayan, yaralılıq müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən malların qəbulu, saxlanması və satışı qadağandır.

Lakin təssüflər olsun aparılan müşahidələr və istehlakçılardan daxil olan müraciətlərin təhlili göstəri ki, bəzi hallarda sahibkarlıq subyektləri bu tələblərə əməl etmir, onlara yaradılan şəraitdən sui istifadə edərək ticarət obyektinə yuxarıda qeyd olunan tələblərə cavab verməyən malların qəbulunu həyata keçirir və bununla da istehlakçıların hüquqları pozulur. Birmənalı şəkildə qəbul edilməlidir ki, mövcud qanunvericiliyin tələblərini pozmaq yolverilməzdir. Ona görə də bir daha malların qəbulu ilə bağlı qanunvericiliyin tələblərini pərakəndə  ticarətlə məşğul olan sahibkarlarlıq subyektlərinin nəzərinə çatdırırıq və onları buna əməl etməyə çağırırıq.

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər malların qəbulunu müvafiq sənədlərə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirməlidir. Sahibkarlıq subyktləri malların obyektə qəbulu zamanı təchizatçının (malgöndərənin) rekvizitləri, daxil olmuş malın miqdarı, qiyməti və ümumi məbləği əks etdirilmiş müvafiq təsdiqedici sənədlərin olmasına diqqət etməlidir. Həmçinin ticarət obyektinin sahibi tez xarab olan ərzaq malları üzrə müşayiətedici sənədlərdə mal və ya məhsulun istehsal edildiyi saat və tarix, ən son istehlak tarixi və saatı, saxlanma şərtlərinin mütləq göstərilməsinə, malların keyfiyyəti, markalanması, saxlanma rejimi və formasının normativ-texniki sənədlərin, standartlar və təchizat müqavilələri ilə müəyyən edilmiş tələblərə cavab verməsinə əməl etməyə borcludur.

Malların mənşəyini və qiymətini təsdiq edən qaimə, uyğunluq sertifikatı (məcburi sertifikatlaşdırılmalı mallar üçün) olmadıqda, həmçinin pirat və ya kontrafakt malların ticarət şəbəkələrinə daxil edilməsi, saxlanılması və satışı qanunvericiliklə qadağandır.

Pərakəndə  ticarətlə məşğul olan sahibkarlıq subyektləri bilməlidir ki, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satılması istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. İstehlakçıların hüquqlarının və qüvvədə olan ticarət qaydalarının pozulması isə mülki, əmlak, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və Mülki Məcəllədə hüquqi məsuliyyət tədbirləri (sanksiyalar) nəzərdə tutulmuşdur.

Bu cərimələrə məruz qalmamaq üçün təchizatçıdan mal qəbul edərkən malın etiketində məhsulun adı, növü və tərkibi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və s. məlumatların olmasına diqqət yetirməyi unutmayın. Etiketində yuxarıda qeyd olunan məlumatlardan hər hansı biri olmayan malları qəbul etməyin.

Bilin ki, bütün bu tələblər istehlakçıların hüquqlarının daha da etibarlı şəkildə müdafiəsinin gücləndirilməsinə və istehlak bazarının tənzimlənməsinə xidmət edir. Bu məqsədə çatmaq üçün müvafiq dövlət qurumları tərəfindənzəruri nəzarət tədbirləri davam etdiriləcək və istehlakçıların mənafeləri qornacaqdır.

CURRENCY CONVERTER