“Azərbaycan Respublikasının ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatı və Azərbaycan mənşəli balıq məhsullarının sertifikatlaşdırılmasının hüquqi və texniki təkmilləşdirilməsinə dəstək” tvininq layihəsinin təqdimatı
Ölkəmizin dünya iqtisadi sisteminə, o cümlədən Avropa məkanına inteqrasiyanın sürətləndirilməsi, Avropa İttifaqı ölkələri ilə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan Hökumətinin qarşısında duran vacib vəzifələrdəndir. Sevindirici haldır ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Avropa İttifaqının müvafiq strukturları ilə sıx əməkdaşlıq edir və layiqincə təmsil olunur. Eyni zamanda ölkəmizlə Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artan dinamika ilə inkişaf edir.
Azərbaycan ilə Avropa İttifaqı arasında 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalandıqdan sonra Avropa İttifaqı tərəfindən ölkəmizdə TACİS Proqramı çərçivəsində müxtəlif istiqamətlərdə, o cümlədən enerji layihələrinin, nəqliyyat, ərzaq təhlükəsizliyi, infrastruktur islahatlarının dəstəklənməsi, qaçqın və məcburi köçkünlərə ərzaq yardımının edilməsi, müharibə nəticəsində ziyan çəkmiş bəzi ərazilərin bərpa olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər sahələrdə birgə layihələr həyata keçirilmiş, texniki və maliyyə yardımı göstərilmişdir. Avropa İttifaqının ölkəmizə dəstəyi bu gün də davam edir və ümüdvarıq ki, əlaqələrimiz qarşılıqlı inam və hörmət prinsiplərinə əsaslanaraq bundan sonra da uğurla davam edəcəkdir.
Məlumdur ki, Avropa Komissiyasının 2004-cü il 18 iyun tarixli Qərarı ilə ölkəmiz Avropa Qonşuluq Siyasətinə (ASQ) qəbul edildikdən sonra TACİS Proqramı AQS Fəaliyyət Planı ilə əvəz edilmişdir. Fəaliyyət Planı Azərbaycan və Aİ arasındakı əməkdaşlığın strateji hədəflərini əhatə edən siyasi bir sənəddir ki, birgə razılaşdırılmış prioritetlər əsasında beş illik müddəti əhatə edən əməkdaşlıq ölkəmizin Avropa strukturlarına inteqrasiya prosesində həlledici rol oynayacaqdır. Təbii olaraq bu prosesdə Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsi sahəsində iddialılığı uğurlu nəticələrin əldə edilməsində vacib məqamlardandır.
Bu çərçivədə Avropa Komissiyası tərəfindən ölkəmizdə ilk dəfə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətində “Azərbaycan Respublikasının Ərzaq Keyfiyyəti və Təhlükəsizliyinin Təminatı və Azərbaycan Mənşəli Balıq Məhsullarının Sertifikatlaşdırılmasının Hüquqi və Texniki Təkmilləşdirilməsinə Dəstək” adlı Tvininq layihəsinin həyata keçirilməsinə start verilib. Layihənin həyata keçirilməsi ölkəmizin Avropa iqtisadi məkanına daha sıx inteqrasiya prosesində ilk və uğurlu addımlardan biri olacaqdır.
7 oktyabr 2008-ci il tarixində “Hyatt Regensy” mehmanxanasında İqtisadi İnkişaf Nazirliyinin və Avropa İttifaqının təşkilatçılığı ilə “Azərbaycan Respublikasının ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatı və Azərbaycan mənşəli balıq məhsullarının sertifikatlaşdırılmasının hüquqi və texniki təkmilləşdirilməsinə dəstək” tvininq layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin, eləcə də sahibkarlıq subyektlərinin nümayəndələri iştirak etmişdir.
Konfransda, İqtisadi İnkişaf Nazirinin müavini Niyazi Səfərov əsası Ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatların ölkəmizin dünya təsərrüfat sisteminə, o cümlədən Avropa iqtisadi məkanına inteqrasiyasında mühüm rol oynadığını vurğulamışdır. Qeyd edilmişdir ki, hazırda AQS çərçivəsində Avropa İttifaqı tərəfindən ölkəmizdə bir çox istiqamətlərdə layihələr həyata keçirilir. Belə layihələrdən biri də ölkəmizdə ilk dəfə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətində həyata keçirilən “Azərbaycan Respublikasının ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatı və Azərbaycan mənşəli balıq məhsullarının sertifikatlaşdırılmasının hüquqi və texniki təkmilləşdirilməsinə dəstək” tvininq layihəsidir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 1 mln. avro olan layihənin icra müddəti iki ildir. Layihənin icraçısı Hollandiya-Latviya konsorsiumudur.
Nazir müavini layihənin balıq və digər dəniz məhsullarının Avropa və beynəlxalq bazarlara ixracının tənzimlənməsi sahəsində səlahiyyətli orqanın institusional təşkilatlanmasının sürətləndirilməsi, inspeksiya fəaliyyəti üzrə təcrübəli və peşəkar mütəxəssislərin hazırlanması, laboratoriya xidmətinin beynəlxalq standartların tələblərinə uyğun qurulması, məhsulların keyfiyyətinə və təhlükəsizliyinə daha effektiv nəzarətin həyata keçirilməsi sahəsində əhəmiyyətli olacağını qeyd etmişdir. Bu sahədə əldə ediləcək təcrübə həmçinin, digər yeyinti məhsullarının Avropa bazarlarına ixracında istifadə oluna bilər. Bundan başqa, layihənin uğurla icrası balıq və digər dəniz məhsullarının Avropa İttifaqı ölkələrinə və beynəlxalq bazarlara ixrac potensialının genişləndirilməsinə, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 may tarixli “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə balıq və digər dəniz məhsullarının ixracının tənzimlənməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin icrası məqsədilə ötən müddət ərzində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, balıqçılıq müəssisələrində ekspertizalar həyata keçirilmiş, çatışmazlıqların aradan qaldırılması istiqamətində lazimi təşkilati və metodiki köməkliklər göstərilmiş, müəssisələrdə beynəlxalq qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin tətbiqi üzrə işlər aparılmış, bu sahədə çalışanlar üçün təlim kursları keçirilmişdir.
Hazırda bu istiqamətdə region ölkələrində analoqu olmayan müasir tipli Mərkəzi Qida Sınaq Laboratoriyasının yaradılması ilə bağlı işlər görülür. Artıq dövlət büdcəsindən bu məqsədlə maliyyə vəsaiti ayrılmış, laboratoriyanın layihə-smeta sənədləri hazırlanmış, müasir cihaz və avadanlıqlar alınmışdır. 2010-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan laboratoriyanın açılması ölkəmizdə yeyinti məhsullarının keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli olacaqdır.
Kofransda çıxış edən dövlət orqanlarının, Hollandiyanın Ərzaq və İstehlak Mallarının Təhlükəsizliyi üzrə Səlahiyyətli Orqanın, Latviyanın Ərzaq və Baytarlıq Xidmətinin, Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin rəhbərləri və s. layihənin icra mexanizmi, eləcə də onun əhəmiyyəti, iqtisadi nəticələri barədə fikir mübadiləsi aparmışlar.












